“Quldurluq edir, sonra da Həccə adam göndərir ki, savab qazansın” - YAP-çı deputat kimləri topa tutdu?

4-10-2016, 13:41           
“Quldurluq edir, sonra da Həccə adam göndərir ki, savab qazansın” - YAP-çı deputat kimləri topa tutdu?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik

- Siyavuş müəllim, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini televiziya açılmasının vacib olduğunu bildirdi. Siz bu barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, Azərbaycanda zamanla məsələlər qaldırılıb ki, müxtəlif sahələr üzrə, məsələn, parlament televiziyası, dini televiziya açılsın və s.
Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir. Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var.
Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır.
Bundan başqa da hansısa verilişlərə bu və ya digər məslə ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur.
Amma mütəmadi olaraq Qurani Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər.
Düşünürəm ki, hər bir yerli telekanal gün ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir. Bu baxımdan ayrıca dini telekanalın da açılmasınada ehtiyac qalmır.

- O zaman deyirsiniz ki, ölkədə ayrıca dini televiziyanın açılmasına sosial sifariş də yoxdur?

-Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər.
Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni bir dini televiziya yaratmaq üçün əhalidən də sosial sifarişi gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur.

- Vaxtilə polis rəisi işləyərək rüşvət almış şəxslərin, korrupsiya əməllərində birbaşa iştirak etmiş bəzi məmurların Həcc ziyarətinə getməsinin şahidi oluruq. Sizcə, onlar Həccə getməklə günahlardan təmizlənə bilirlər?

-Tövbə qapıları hər zaman açıqdır. Allah bağışlayandır. Allahın əsas istəklərindən biri insanların öz günahlarını başa düşmələridir. İnsanlar əgər günahlarını və pis əməllərini başa düşüb tövbə edərək düzgün yola qayıdırsa, Allah da onu bağışlayır.
Peyğəmbərimiz özü dəfələrlə Bədr, Rəməl, Uhud döyüşlərində ona qarşı vuruşan insanları bağışladı.
Hesab edirəm ki, insanlar müəyyən yaşa çatandan sonra Allahı və peyğəmbəri dərk edərək, onun Qurani Kərimini və sünnətini qəbul etdikdən sonra haqq yoluna gəlirlər.
Bəzən belə hallar da var ki, kimsə milyonlar, milyardlar oğurlayır, sonra da 5 nəfəri Həccə göndərir ki, savab qazansın. Bu, heç bir halda savab iş hesab oluna bilməz.
İstənilən halda Həcc ziyarətinə oğrunun və quldurun pulu ilə getmək düzgün deyil.

-Türkiyənin Diyanət İşləri Başkanlığı əhaliyə belə bir çağırış edib ki, hər bir adam Həcc ziyarətinə mümkün qədər 1 dəfə getsin. Azərbaycanda elə adamlar var ki, Həcc ziyarətinə 10-15 dəfə gedib, yenə də bu haqda düşünür.
Azərbaycanda da Həccə 1 dəfə getməklə bağlı məsələ qaldırıla bilərmi?

-Həcc ziyarətinə neçə dəfə gedib-gəlmək insanın arzudur və ona heç kim qadağa qoya bilməz. Əgər insanın maddi imkanı varsa və bunu halal zəhmətlə əldə edibsə, Həccə lap 10 dəfə də gedə bilər.
Buna heç kəs və heç bir formada qadağa qoya bilməz. Bu gün Səudiyyə Ərəbistanında elə insanlar var ki, hər il Həcc ziyarətini həyata keçirirlər. Ancaq növbəlilik olsun və hamı ziyarətə gedib-gəlsin deyə,bir insanın 1 dəfə ziyarətə getdikdən sonra bir az ara verməsi daha yaxşı olar.
Çünki ziyarətə gedənlərin hamısını birdən yerləşdirmək çətin olur. Həm də hər il ölkəyə Həcc ziyarəti ilə bağlı müəyyən kvota verilir. Bu baxımdan ziyarətə 1 dəfə gedən insanın müəyyən müddət buna ara verməsi daha məsləhətli olar. Amma ümumilikdə islamda, Qurani Kərimdə, şəriətdə bir adamın 1 dəfədən artıq Həcc ziyarətinə getməməsi ilə bağlı hansısa qadağa yoxdur.
Halal zəhmətlə qazanılmış pul hesabına adam neçə dəfə istəsə, Həccə gedə bilər.

Səudiyyə Ərəbistanı kralı hər il cənab prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilirr.
Zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il Həccə göndərsə, savaba girmiş olar. Amma oğurluq, quldurluq edib Həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.