“OMON”un sabiq komandiri sükutu pozdu-şok açıqlamalar
2-11-2016, 11:49
12 il 7 ay gizlənən “OMON” komandirinin təslim olmasının müdhiş sirri; Akif Çovdarov MTN təcridxanasında nə üçün Nizami Şahmuradovla görüşüb?
Noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində həbsdəki ömürlük “OMON”çu məhbuslar-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun şikayəti üzrə məhkəmə prosesi olacaq. 21 ildir həbsdə olan üç ömürlük məhbusun bu dəfə azadlığa buraxılacaqlarına ümidlər çoxdur. Respublika “OMON”un əfsanəvi komandiri Nizami Şahmuradovla bu və ya digər məsələlərlə bağlı söhbət etdik.
- Nizami bəy, artıq “OMON” hadisələrinin 22 ilinin tamam olmasına az qaldı. Bu illərin böyük qismini gizlənməklə, 4 ilini isə həbsxanada keçirdiniz. İndi həyatınız necə keçir?
- Əfvlə 2011-ci ildə azadlığa çıxdım. Hazırda nə işim, nə veteran sənədim, nə də pensiyam var. Hamısından məhrum olunmuş adamam. Üzümə durdular ki, müharibədə iştirak etməmisən. Amma bununla belə, əsas problemimiz həbsxanada qalanlarımızdır. 1995-ci ildən sonra həbsxanada olanlardan azadlığa çıxanlar da, orada rəhmətə gedənlər də, eləcə də azad olunduqdan sonra ölkəni tərk edənlər də oldu. Bizim uşaqların çoxu 18 yaşında əsgərliyə gedərkən “OMON”a qoşulanlar idi. Onların çoxunun sənədləri belə yox idi. Müharibədə iştirak edəndən sonra onların bir hissəsi mart hadisələrində həbs olundular. Çoxları sağlamlıqlarını itirdi. Əksər “OMON”-çular hazırda işsizdirlər. Bizim içərimizdən informasiya toplayıb özümüzə qarşı da istifadə etdilər. Guya “OMON”çuların vəziyyəti yaxşıdır.
Respublika “OMON”un komandiri olaraq, vaxtilə tabeliyimdə olan şəxslərdən veteranlıqla bağlı 40 manat yardım alanlar var. Amma mən ondan da məhrum olunmuşam. Mənə deyirlər ki, arxiv sənədlərində sizin döyüşdə iştirakınız barədə sənəd yoxdur. Halbuki 2013-cü ildə müraciətim əsasında arxiv sənədlərində döyüşlərdə olmağım göstərildi. Bu problemləri daim qaldırmışıq, amma kölgədə qalıb. Bu problem bizi o qədər də sıxmır, əsas bizi sıxan həbsxanada 3 döyüşkən, igid “OMON”çunun qalmasıdır. Onların əfv olunması ilə bağlı dəfələrlə müraciətlərimiz olub. İndi yenidən ölkə başçısına müraciət etmək istəyirik. Bu şəxslərin səhhətləri ağırdır. Vaxtilə müharibədə yaralanmış adamlardır. Artıq döyüş qabiliyyətlərini də itiriblər. Azadlığa çıxan “OMON”çulardan cinayət törədən yoxdur. Həbsdən çıxanların çoxu ya ölkədədir, ya da xaricdədir. Ölkədə olanlar ailə üzvlərinin, yaxınlarının köməyi ilə dolanırlar.
Ailəmdə yalnız oğlum işləyir, həyat yoldaşım I qrup əlildir. Hamımız oğlumuzun 300 manat maaşı ilə dolanırıq. Heç yerdə işləməyimizə imkan verilmir. Dövlət işini başa düşdük, özəl şirkətlər belə iş vermir. Üç məhbusumuzun azadlığını Avropa Şurası da tələb edib. Elçin Əmiraslanov “OMON”a gəlməmişdən əvvəl də Qazaxda ad çıxarmış şəxslərdən olub. Elçinin orada göstərdiyi şücaətləri zamanında rus mətbuatı yazıb. Onun ətrafına xeyli insan yığılmışdı.
Biz onları “OMON”a dəvət edib, Qazaxda şəxsi heyət yaratdıq. Əksər bölgələrdə şəxsi heyətimiz var idi. Elçin Əmiraslanov o zaman nəinki Qazaxda döyüşdü, sonra Gədəbəyin Başkəndinin alınmasında iştirak etdi, kəndin boşaldılmasında böyük rolu oldu. Dövlət səviyyəsində ona verilən elə tapşırıqlar var ki, hələ də dövlət sirri olduğu üçün biz onu açıqlaya bilmirik. Elçin ermənilərə elə dağ çəkib ki, uzun illər bunun altını çəkiblər. Digər bölgələrdə də gedən döyüşlərdə iştirak edib. Bir gündə iki yüksəklik götürən oğlandır. Gecə yatmayıb ermənilərin səngərinin arxasına keçəsən, onları səngərdən çıxarıb qova-qova ikinci səngəri də boşaldasan. Bunlar ağlasığmayan qəhrəmanlıqdır.
O cür insanın həbsxanada çürüməsi, sadəcə, düşməni sevindirir. Biz bir neçə adamıq ki, adımız ermənilərin qara siyahısında olub, öldürülməmiz üçün rəhmətlik Rövşən Cavadov da daxil olmaqla, pul mükafatı qoyulub. İstəmirik ki, ermənilər sevinsinlər ki, bunlarda belə şəxslər həbsxanadadır, yaxud da onların türmədə ölmələrini istəmirik. Onsuz da səhhətləri baxımından vəziyyətləri ağırdır.
Azadlığa çıxsalar, nə edəcəklər? Amma onlar elə insanlardır ki, son nəfəslərinə qədər yenə bu torpaqlar uğrunda canlarını verməyə hazırdırlar. Elçinin başının yarısı plastmasdır. Amma o, həmin vəziyyətdə döyüşürdü. Onun haqqında “Elçinin şücaəti” adlı dastan da var. Əfv sərəncamı verilsə, heç olmasa bu üç məhbusumuz azad olunar. Biz zamanında indi bizdə olan çox yerləri ermənilərdən almışıq, hətta ermənilərdən aldığımız, amma hazırda ermənilərdə olan ərazilər də var. Salatın Əsgərovanın kəndini azad etmişik, onu öldürənləri biz əsir götürmüşük. Bizim adımız çəkiləndə ermənilər qorxudan nə edəcəklərini bilmirdilər. Bizim o vaxt döyüşlərdə sağ-solumuzdan ordunu çıxarırdılar, amma bizə yaxınlaşmırdılar. Bilirdilər ki, “OMON”çular çıxmayacaqlar. Əvvəllər ordu yox idi, hər şey bizim adımıza idi.
“Oğlumuzun 300 manatlıq maaşı ilə dolanırıq”
- Daha çox əfvdən danışdınız. Amma noyabrın 4-də önəmli məhkəmə var...
- Biz həbsxanadan çıxanda necə sevinclə qarşılanmışıq, onların da bu sevinci yaşamalarını arzu edirəm. Amma ömürlüyün adı ağırdır. Bu adla oradan çıxmağın sevinci başqa olur. Biz də ümid var idi ki, nə zamansa çıxacağıq. Amma onlarda bu ümidi sındırıblar. Ayın 4-dəki məhkəmədə hakim Əflatun Qasımovun bir Azərbaycan vətəndaşı kimi ermənilərin acığına bu igid oğlanlar barəsində müsbət qərar çıxaracağına haradasa ümidim var. O cür oğlanların həbsxanada qalmağı ölkəmiz üçün yaxşı hadisə deyil. Olan olub, keçən keçib...
- Üç ömürlük “OMON”çudan daha çox söz açdınız. Bu şəxsləri sonuncu dəfə nə vaxt görmüsünüz?
- Sonuncu görüşümüz 1995-ci ilin mart hadisələrində oldu. Mən, Rövşən Cavadov, Fətulla Hüseynov və başqa heyət nazirin göstərişi ilə vertolyotla Tovuza uçmuşuq. Sonuncunu dəfə onları o vaxt gördüm. Martın 13-də orada olduq. Həmin gün axşam geri qayıtdım və bazamıza gəldim. Hər kəs narahat idi. Rabitə əlaqəmiz kəsilmişdi. Martın 16-sı gecəsi prezidentlə görüşdüm. 17-si gecəsi bu hadisə baş verəndə məni camaat oradan çıxardı. Əksər uşaqlarımızı həbs etmişdilər. Bazada 17-18 nəfər qalmışdıq. Camaat bazaya hücum çəkib, bizi oradan çıxardılar. Ondan sonra 12 il 7 ay Bakı şəhərində qaçaq oldum. 2007-ci il oktyabrın 22-də anam rəhmətə getdi. Həmin gün anamı torpağa tapşırıb MTN-ə təslim oldum. Özüm zəng etdim, sonra həbs olundum. MTN rəhbərliyi şokda idi. Məndən soruşurdular ki, hansı ölkədə gizlənmişdin? Bakı deyəndə hamısı təəccüblənirdi ki, 12 il 7 ay paytaxtda necə gizlənmək olar. Həbs olunandan sonra 11 ay MTN təcridxanasında qaldım. Məhkəmədə 7 il cəza verdilər, müddətin uzanmasına görə. 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdim. 4 il 2 ay qalandan sonra əfv olundum. Avropa Şurasının siyahısında mənim də adım var idi. Azadlığa çıxandan sonra işlə, veteran sənədimlə bağlı etdiyim müraciətlər nəticə verməyib. 900 nəfər şəxsi heyətimdə olan şəxslərdən əksəriyyəti veteran pulu alır, amma onların komandiri yox....
- Həmin illəri necə xatırlayırsınız?
- Mart hadisələri olanda heç bir bölgədən Bakıya qüvvə çağırmadıq. Sadəcə, qəflətən “OMON” ləğv olunanda şoka düşdük. Heç ağlımıza gəlməzdi ki, belə hadisələr baş verər. Martın 14-də şəxsi heyəti yığıb, sonradan evlərinə buraxmışam. Həmin gün axşam “OMON”un ləğv edilməsi barədə sərəncam verildi. “OMON”çuların təzədən bazaya yığılmalarının səbəbi bu idi. Başqa heç bir səbəb yox idi. Ora gələnlər öz işlərinə görə gəlmişdilər. Hər kəs vəziyyətlərinin necə olacağını soruşurdu. Amma mən Qazaxda olanda şəxsi heyət silahlanmış vəziyyətdə idi. Bilmirdilər ki, nələr baş verəcək. Qazaxdan gələndən sonra axşam saat 6-da onların hamısını evə buraxmışam. Yemək üçün bazadan bayıra çıxanda eşitdim ki, “OMON” ləğv olundu.
- 11 ay MTN-də saxlandığınız zaman hazırda məhkəməsi gedən Akif Çovdarov və əsas gündəmdə olan keçmiş nazir Eldar Mahmudovun zamanına düşür. Olmaya sizi orada Akif Çovdarov dindirib...
- Çovdarovla görüşümüz olub. Gizlənməyim barədə, eləcə də Mahir Cavadov haqqında məndən sorğu-sual olundu. Baxmayaraq ki, mənim istintaqımı prokurorluq aparırdı. Amma onlara qədər ilk olaraq, Akif Çovdarov mənimlə görüşdü. Həmin sualları verib, harada gizləndiyimi soruşub, mən də cavablarımı vermişəm. Necə dolandığım barədə də soruşdu. Eldar Mahmudovla heç vaxt üz-üzə gəlməmişəm. Təcridxanadan məni yalnız vəkillər otağına çıxarırdılar. Ya vəkillərlə, ya da müstəntiqlərlə görüşmüşəm. 11 ay orada qaldığımın əzablarını sonradan çəkdim. Su içmək üçün belə qapı döyürsən. Ərzaqları həftədə bir dəfə verirdilər. Soyuducu belə yox idi. MTN-dən çıxanda 20 kilo arıqlamışdım. MTN-ə girəndə sağlam girdim, çıxanda xəstə çıxdım. Bir müddət olar əməliyyat olundum. İşləməyən, ailəsi kasıb olan birisi üçün əməliyyat asan deyil. Ətrafda olan “OMON”çu dostlarımız 10-20 manatdan başlayaraq pul yığdılar və müəyyən məbləğdə vəsait topladılar. Onlar olmasaydı, demək olar ki, həyatda yox idim. Əməliyyat baha olduğundan ən ucuzunu etdirdim. Əfv olunub azad olunursan ki, bir işlə məşğul olasan, imkan vermirlər. Mənə elə iş təklif edirlər ki, sadəcə, nifrət doğurur. Diplomu olan, komandir işləmiş şəxsə bənnalıq təklif edirlər.
- 12 il 9 ay gizlənmək çətin deyildimi?
“Salatın Əsgərovanın kəndini azad etmişik, onu öldürənləri biz əsir götürmüşük”
- Çox çətin idi. Ailəndən uzaq düşürsən. 1995-ci ildə oğlumun 6 yaşı var idi. Amma indi 27 yaşı var. MTN-ə sovqat gətirəndə 19 yaşı var idi. Çox ağır günlər olub. Mənəvi ağırlıq daha çox idi. Torpaq uğrunda döyüşənlər nəyə görə həbs, yaxud qaçaq olmalıdır? Ailələrimizdən illərlə uzaq qaldıq. O ailələrdən ki, vaxtilə onları evdə qoyub müharibəyə getmişik. Allah saxladı, salamat qaldıq, amma yenə də ailəmizdən uzaq qalırıq. Bizə deyirlər ki, buna görə vuruşmusunuz, sonda vətən xaini adını almaq üçün. Bu hadisələri bir daha xatırlamaq artıq mənasızdır. Amalımız üç ömürlük məhbusumuzu azadlığa çıxarmaqdır. Çünki onların yeri həbsxana deyil. Şəxsi heyətimi tanıyan komandir kimi deyirəm ki, Elçin, Arif, Səfa azadlığa çıxsalar və müharibə başlasa, bunlar yenə də əllərində silah ermənilərin üstünə gedəcəklər. Bu insanlar ad qoyublar. O cür igidlər döyüşdə ölməlidirlər, həbsxanada yox. Erməni başı kəsməkdə ad çıxaranlar da onlar idi. Azərbaycanda, açığı, düşmənlə üz-üzə gələcək bu səviyyədə ikinci qüvvə görmürəm. Sonuncu əməliyyatlarda düşmən meyitlərini göstərdilər. Biz o saydan qat-qat artıq erməni məhv etmişik. İndi döyüş yerləri gedən çox əraziləri zamanında biz almışdıq. Bizim kimi qüvvəni sındırmaq yox, gücləndirmək və döyüşə cəlb etmək lazım idi.
- Onların ailələrinə baş çəkirsiniz?
“Çovdarovla görüşümüz olub. Gizlənməyim barədə, eləcə də Mahir Cavadov haqqında məndən sorğu-sual olundu”
- Xeyr. Getməsək də, görüşlər olur. Çox utancverici vəziyyət yaranıb. O ailələrə baş çəkmək üçün gərək nəsə əlində götürüb gedəsən. Yaxud məhbuslarımızın yanına nəsə göndərməliyik. Bizdə isə o cür imkan yoxdur.
- İkinci Qarabağ savaşı olarsa, “OMON” tipli yeni qüvvə yaratmaq mümkündürmü?
- Müharibə başlasa, biz o torpaqlar uğrunda hər an canımızı verməyə hazır olacağıq. Bir arzum var ki, müharibə olana qədər bizi o vəziyyətə gətirsinlər ki, döyüşməyə halımız olsun. “OMON” adında qüvvə bir daha Azərbaycanda yaradılmayacaq. Buna tam əminəm. Yaşımızın çoxluğuna baxmayaraq, hazırda yenə də döyüşəcək qüvvələrimiz var. Mənim 10 Milli Qəhrəmanım, iki nəfər “Azərbaycan bayrağı” ordenli, üç nəfər isə “Qırmızı ulduz”lu döyüşçüm olub.