“Artur Rasi-zadəni işinə görə deyil, yaşına görə tənqid etmək mənasız işdir” - Nazirlər Kabinetinin sözçüsü
13-03-2017, 15:30
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Report"a müsahibəsinin davamı (ilk hissə martın 11-də yayımlanıb):
- Yazarlar çox olduğu kimi, media aləmində jurnalistlər də çoxdur. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbərini tanımayan jurnalistlərin sayı çoxdurmu? Hansısa jurnalistin Sizi tanımamasının günahını kimdə görürsünüz?
- Hesab edirəm ki, söhbət peşəkar mətbuat işçisindən gedirsə, o, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbərini tanıyır. Kim mətbuatda təsadüfi və müvəqqətidirsə, məqsədi ciddi informasiya ilə işləmək yox, reketçilikdirsə, bu artıq onun öz problemidir, mən onun Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbərini tanıyıb-tanımamasından elə də narahat deyiləm.
- Mətbuat xidmətinin rəhbəri kimi sizin Nazirlər Kabinetində əsas fəaliyyətiniz nədən ibarətdir?
- Dövlət qurumunun mətbuat xidməti dövlət qurumu ilə ictimaiyyət arasında və mətbu orqanlar arasında körpü funksiyasını daşıyır. Rəhbərlik üçün gündəlik mətbuatda çıxan mühüm informasiyalarla bağlı məlumatlar hazırlayıb veririk. Gündə ən azı 20-25 qəzetə baxıram, qeydlər aparıram. Eynilə də Nazirlər Kabinetinin qərar və sərəncamlarının ictimaiyyətə çatdırılması bizim xidmət vasitəsilə həyata keçirilir. Bundan başqa, daxili prosedur üzrə müvafiq tapşırıqlar olur. Müəyyən mətnlərin, məlumatların, arayışların hazırlanması və s. Çoxlu şifahi və yazılı müraciətlər, məktublar olur ki, bunların da cavablandırılması zəruridir. Bəzən Nazirlər Kabinetinə bəzi redaksiyalardan guya oxucu şikayəti adı altında ərizə-müraciətlər daxil olur və həmin sahədə görülən tədbir barəsində məlumat verilməsi istənilir. Uzunmüddətli təcrübəm həmin “zəhmətkeş məktubunun” redaksiyanın elə özü tərəfindən yazıldığını müəyyənləşdirməyə imkan verir. Həmin mətbu orqanın adını çəksəm, inanın heç mətbuat işçiləri tanımaz. O ki, ola guya hansısa uzaq dağ kəndində əhali toplaşıb həmin redaksiyaya şikayət məktubu yaza, ondan kömək istəyə. Ancaq dövlət qulluğunun spesifikası belədir ki, hər bir məktuba reaksiya verilməlidir... Bəzən də elə güman edirlər ki, dövlət idarələrinin Mətbuat xidmətləri yalnız mətbuata xidmət etmək üçündür. Amma Mətbuat xidməti həmin quruma müvafiq xidmət göstərmək üçündür. Kurasiya etibarilə Mətbuat xidməti bilavasitə çalışdığı qurumun rəhbərinə tabedir. Ümumən dövlətin informasiya siyasəticiddi tənzimləmətələb edir. Biz də bilavasitə Baş nazirə tabe qurum olmaqla yanaşı, Baş nazirin digər müavinlərinin də tapşırıqlarını icra edirik. Odur ki, çox və müxtəlif tədbirlər olur. Onların informasiya təminatı, mətbutın dəvət olunması, press-relizlərə nəzarət və s. bizim xəttimizlə həyata keçirilir. Yəni iş həcmimiz kifayət qədərdir. Günün necə başlayıb necə bitdiyini hiss etmirik. Və beləcə ömür gedir, gün gedir...
- Qəzetlərin xülasəsini Nazirlər Kabinetinin birinci şəxsinə kim təqdim edir? Siz Artur müəllimlə birbaşa ünsiyyətdə olursunuzmu?
- Əlbəttə ki, oluram. Hər gün olmasa da, bizim işə aid olanda Artur müəllimlə bilavasitə əlaqədə işləyirik, tədbirlərdə, qəbullarda bir yerdə oluruq. Qəzetlərin xülasəsini isə mən də təqdim edə bilərəm, köməkçi də, hansısa materialı poçta da qoya bilərik və s. Bunlar prinsipial olmayan idarədaxili işlərdir, müxtəlif prosedur qaydaları var. Əsas odur ki, Aparatda iş ahəngi ritmik davam etsin və elə də olur.
- Mətbuatda Artur müəllimlə, Nazirlər Kabineti ilə bağlı xeyli tənqidlər olur. Digər qurumlar tənqidi yazılara dərhal reaksiya verirlər. Hətta bəzən məlumatın saytdan çıxarılmasında israr edirlər. Amma Nazirlər Kabineti bu addımı atmır. Sanki Artur müəllim tənqidə kifayət qədər dözümlü insandır...
- Bizdə də bununla bağlı müxtəlif situasiyalar ola bilər... Artur Rasi-zadə obyektiv tənqidə kifayət qədər dözümlü şəxsdir. Onun mətbuatda fəaliyyətini daha çox yaş məsələsinə görə tənqid edirlər... "Vətən səsi" qəzetinin Baş redaktoru olduğum vaxtı xatırlayıram. Müxalif mövqedə idik. 1991-ci ildə Müstəqillik aktı qəbul edilsə də, hələ sovet hakimiyyətinin ab-havası yuxarılarda qalırdı. O vaxtı Moskvanın bir ideyasını Azərbaycanda da yaymağa başladılar. Rəsmi mətbuat yaş senzi məsələsini şişirdirdi. Məqsəd qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevin iştirakının qarşısını almaq idi. M.Qorbaçov öz məqsədləri üçün 65 yaş senzini qoymuşdu və ondan götürüb burada təkrar edirdilər. O vaxt mən "Ağıl hardadır?" adlı bir yazı yazdım. Yazdım ki, atalarımız ağılın yaşda deyil, başda olduğunu deyirlər. Amma bizim yuxarıda oturanlar deyir ki, yox, ağıl başda deyil, yaşdadır. İndi, ay camaat, siz deyin, ağıl hardadır?!...
Baxın, eynən indi də qəzetdə yazırlar ki, Artur müəllimin yaşı artıq bu qədərdir və s. Artur müəllimin işinin keyfiyyətinə qiymət vermək lazımdır. O, çox cavan adamdan yüksək intellektli, sağlam şüurlu, ali əqli keyfiyyətlərə malik ziyalı insandır. Həqiqətən də onun işində, fəaliyyətində, qərarlarında, göstərişlərində bir səhv tutan varsa, qeyd etsin, Artur müəllim buna normal yanaşacaq. Ancaq hər dəfə Artur müəllim haqqında tənqidi yazılanlara baxanda görürsən ki, qərəzlə yazılıb, çünki içində fakt yoxdur, mülahizə var. Biz bəzən reaksiya veririk, bəzən də ona görə reaksiya vermirik ki, bunun haradan gəldiyi, niyə yazıldığı, kimin yazdığı, yaxud yazdırdığı məlum olur. Amma elə yazılar olur ki, Artur müəllim dərhal reaksiya verir. Məsələn, olub ki, çox mötəbər mətbu orqanda istər bizə aid, istərsə də ümumiyyətlə qəzetçilik baxımından, stilistika, terminologiya baxımından səhvlər olub. Artur müəllim səhər-səhər qəzetlərə baxanda onu tutub. Mənə tapşırıb ki, bunun səhv olduğunu redaksiyanın nəzərinə çatdırım. Deyib ki, dövlətçilk baxımından bunu belə vermək olmaz və s. Mən də bunu çatdırmışam və həmin redaksiya A.Rasi-zadəyə öz təşəkkürünü bildirib...Amma Baş naziri işinə görə deyil, yaşına görə tənqid etmək mənasız işdir. Baxın, A.Rasi-zadə 1996-cı ildən Baş nazir işləyir. Həmin ildən bu yana müxtəlif qəzetlər dəfələrlə yazıblar ki, A.Rasi-zadə istefa verir, artıq onu işdən çıxaracaqlar və s. 20 ildən çoxdur ki, bunu yazırlar. Təbii ki, dünyada heç kim vəzifəni tutub durmur. Nə vaxtsa Artur Rasi-zadə də çıxacaq. Baxarsınız, həmin qəzet o zaman yazacaq ki, gördünüz, mən demişdim ki, çıxaracaqlar... Ancaq Artur Rasi-zadənin işinə vaxtilə ulu öndər Heydər Əliyev, indi isə onun layiqli davamçısı İlham Əliyevyüksək qiymət verir. Konstitutsiyaya görə, Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, o, Prezidentin tapşırıqlarını icra edir. Əgər o tapşırıqlar keyfiyyətlə icra olunmasa, düşünürsünüz ki, Heydər Əliyev və ya İlham Əliyev sadəcə Artur Rasi-zadə ilə işləməyə üstünlük verərdilər? Əlbəttə, yox. Şübhəsiz ki, Artur Rasi-zadənin işinin keyfiyyəti yüksək səviyyədədir. Hər bir nazirlik fəaliyyətində Nazirlər Kabineti, bilavasitə Baş nazirlə razılaşdırma aparır. Və bütün bu idarəçilik də cənab Prezidentin nəzarəti altında gedir. Dövlət quruculuğunda subardinasiya qaydalarına ciddi əməl olunduğuna görə Azərbaycan dövləti dayanıqlıdır və inkişaf edir. Yadınıza salın, 1991-93-cü illərdə hər nazirlik bir avaz çalırdı, hər nazir bir başbilənlik edirdi, hərəsi bir göstəriş verirdi. Prezident də bilmirdi ki, kimi yığışdırsın. Elə şəraitdə dövlət dayanıqlı olmaz və dağılar. İndi isə elə situasiyalar yoxdur. İndi aşağıdan yuxarıya bütün subardinasiya və ierarxiya qaydalarına əməl olunur. Bu təkcə bizdə deyil, bütün ciddi dövlətlərdə belədir. Dövlət bu cür yaşayır, inkişaf edir.
- Bəzən Artur müəllimin səhhətində problemlərin olduğu da yazılır...
- Vaxtilə mtbuata demişdim ki, hansı jurnalisti Baş nazirin səhhəti maraqlandırırsa, səhər saat 08:30-da Nazirlər Kabinetinin qarşısına gəlsin. Bu saatlarda Artur Rasi-zadənin karteji artıq Nazirlər Kabinetinə daxil olur və o axşam saat ən azı 19:00-a qədər fasiləsiz iş yerində olur. A.Rasi-zadə heç vaxt məzuniyyətini tamamilə istifadə etməyib. İldə bir dəfə məzuniyyətinin ancaq iki həftəsindən istifadə edir. İki həftə çox sakit bir guşədə, təbiətin qoynunda dincəlir və sonra yenə iş başına qayıdır. Səhhəti ilə bağlı ciddi bir problem yoxdur. Sağlam, gümrah bir insandır. Hər zaman da idmanla məşğul olur.
- Bəzən də Artur Rasi-zadənin Azərbaycan dilində təmiz danışa bilməməsini də irad tuturlar...
- Rus dilində təhsil alan adamların hamısının danışığında müəyyən “aksent” ola bilər. Amma onun Azərbaycanca oxumasında heç bir problem yoxdur. Nazirlər Kabinetinin bütün sənədləri, sərəncamlar Rasi-zadənin imzası ilə gedir. Artur Rasi-zadə elə şəxsiyyətdir ki, heç zaman inanmadığı, oxumadığı yazıya qol çəkməz. O bütün qərarları oxuyur, sonra imza atır. Məsələn, bəzən mətndə elə ifadələri, hətta dil səhvləri tutur ki, məətəl qalırsan. Bayaq dedim, hətta ən mötəbər qəzetdə ifadə səhvləri tutub mənə deyib ki, redaksiyaya bunun düz variantını demək lazımdır. O, Azərbaycan dilini təmiz bilir. Şifahi nitqində olan müəyyən deyim tərzi isə sovet dövrü təhsilindən qalma məqamlardır. Bunu şişirtməyə nə ehtiyac? Yaxşı bir Türk deyimi var: “Ayinəsi işdir kişinin, lafa baxılmaz.”
- Artur müəllimin soyadını həm Rasi-zadə, həm də Rasizadə kimi yazırlar. Hansı düzgündür?
- Artur müəllimin sənədində Rasi-zadə kimi gedib. Bunun nə cür yazılması ilə bağlı hərə bir söz deyir. Artur müəllimlə bu barədə söhbət olub və o deyib ki, vaxtilə mənim sənədimdə rəsmən belə yazılıbsa, qoy bu cür də getsin. Nazirlər Kabinetinin qərarlarında sənəddə olduğu kimi gedir.
- Baş nazirin ətafına, işçilərə münasibəti necədir?
- Artur müəllim çox prinsipial, obyektiv və humanist ziyalıdır. Dövlət mənafeyini ciddi şəkildə qoruyan bir rəhbərdir. İdarədə, kollektivdə müxtəlif vəziyyətlər olur. Əməkdaşların bir-birinə rəftarı və s. bağlı. Müxtəlif yerlərdə işləmişəm, belə şeyləri çox görmüşəm. Bəzən eşidirdik ki, idarədə kim qaçıb rəhbərə birinci şikayət edirdisə, onun sözü keçirdi, o biri haqlı olsa da qalırdı pis vəziyyətdə. Hətta bir lətifə də var. Sovet vaxtı birini partiyaya keçirirlərmiş. Hər şey yaxşı getdiyi vaxtda birdən bir nəfər deyir ki, mən bundan bir şey eşitmişəm. Bilmirəm ya bu kimisə vurmuşdu, ya da bunu döymüşdülər. O dəqiqə namizədin işini kənara qoyurlar... Amma fərqə baxın, adam döymək hara, döyülmək hara?
İdarə rəhbəri kimi Rasi-zadədə çox müdrik, təcrübəli insandır. Tutaq ki, hətta kimsə ona birinci şikayətə qaçsa da, o dərhal reaksiya verməz. Məsələni mütləq obyektiv olaraq tam araşdırar, məsələnin məğzini öyrənib sonra rəyini bildirər.
- Nazirlər Kabinetinin qərarları əvvəl "Azərbaycan" qəzetində çap olunurdu, indi "Xalq qəzeti"ndə çıxır. Bunun səbəbi nədir
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda həmin dəyişikliklər edilib.
- Nazirlər müəyyən vaxtlarda jurnalistlər qarşısına çıxırlar, açıqlamalar verirlər. Amma bu mənada Artur müəllimi biz uzun illərdir görmürük?
- Efirdə görünməyin intensivliyi dövlət qulluqçusunun iş keyfiyyətinə dəlalət etmir. Artur məllimin iş qrafiki çox sıx olur. İntervyü verməyə imkanı olmur. Təssəvvür edin ölkədə olan bütün rəsmi qurumlar müxtəlif məsələlərlə bağlı işləri həll etmək üçün Nazirlər Kabinetinə müraciət edirlər. Ola bilər ki, Artur müəllim xarakter etibarilə də təvazökardır, reklamı o qədər sevmir. Həm də o hesab edir ki, əgər biz Prezidentin yuxarı icra orqanı kimi onun tapşırıqlarının icrası ilə məşğuluqsa, özümüzü təbliğ etməyə nə eytiyac? Biz ancaq işimizi görməli və ölkə başçısının etimadını doğrultmalıyıq. Təki iqtisadiyyatımız inkişaf etsin. Ordu quruculuğunda uğurlarımız olsun. Əhalinin sosial vəziyyəti düzəlsin...
Yeri gəlmişkən, milli ordunun qurulması ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir. Əvvəllər pərakəndə halda olan ordu indi kifayət qədər nizamlı və güclüdür. Ulu öndər atəşkəs rejimindən məharətlə istifadə etdi və peşəkar ordumuzu qurdu, inkişaf etdirdi. Bu gün biz ermənidən hər baxımdan qat-qat üstünük. Erməni sadəcə arxasında dayanan adamlara yalvarır ki, azərbaycanlıları qoymayın bizi məhv etməyə. Heydər Əliyevdən sonra İlham Əliyev ordu quruculuğunun gücləndirilməsi istiqamətində işləri uğurla davam etdirir. Ölkə başçısının ordu quruculuğu sahəsində tapşırıqlarını bilavasitə nəzarətində saxlayan onun Aparatı, Nazirlər Kabineti, o cümlədən Baş nazirdir. Ordunun təchizatı və digər məsələlərlə bağlı vəziyyətin hansı səviyyədə olmasına ciddi nəzarətuzun illərdir həyata keçirilir. Nəticədə ulu öndərin qurduğu Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ötən ilin aprel ayında düşmənin başına od yağdırdığını hamı gördü. Həmin silahlar Azərbaycana göydən düşməmişdi. Ordunun hazırlanması özbaşına baş vermir. Bunlar ciddi dövlət işləridir ki, onunla cənab Prezident və onun komandası ardıcıl məşğul olur.
Azərbaycanda dövlət quruculuğunda, hökumətin inkişafında, problemlərimizin həllində Artur Rasi-zadənin dövlət xadimi kimi böyük xidmətləri var. Azərbaycan hökümətinin mənafeyi, ölkənin inkişafı, torpaqlarımızın işğalı,Dağlıq Qarabağ probleminin həlli ilə bağlı böyük dövlətlərin nümayəndələri ilə çox ciddi danışıqlarının, görüşlərinin şahidi olmuşam. Xüsusilə, Dağlıq Qarabağ məsələsində mövqeyi çox sərt və kəskindir. Bir addım belə güzəşt söhbətini müzakirə mövzusu etməz. Dost olan, olmayan ölkələrin müxtəlif təklifləri olub. Amma Rasi-zadə heç birində güzəştə getməyib. Mövqeyini birmənalı deyib: ermənilər bütün ərazimizdən çıxmalıdır! Bəzən Artur müəllimə deyirəm ki, bəlkə qəbullardakı danışıqlarınızı bir qədər ətraflı yazaq. O heç vaxt icazə vermir, qısa informasiya ilə kifayətlənir. Deyir, yazmaq istəyirsənsə, gələcəkdə yazarsan – inşallah, böyük Qələbədən sonra.
- Qayıdaq yenə də yaradıcı fəaliyyətinizə... Uzun müddət televiziyada çalışan insan kimi bu gün TV-lərin vəziyyəti sizi qane edirmi?
- Əvvəlcə qeyd edim ki, efirə xalqı təmsil etmək imkanlarına malik insanlar çıxmalıdır. Çünki dost da baxır, düşmən də. Mən vaxtilə televiziyada işləyəndə efirə çıxartdığımız adamın zahiri görnüşündən tutmuş intellekt səviyyəsinə, nitq qabiliyyətinə, danışıq tərzinə qədər hər şeyi nəzərə almağa çalışırdım. O zaman “Gənclik” redaksiyasında Baş redaktor idim. Düşmənlərimiz bizi ikinci dərəcəli, bazar adamları kimi qələmə verirdilər o vaxtlar. Mənim də istəyim o idi ki, Azərbaycanın ən istedadlı gənclərini efirə çıxardım ki, xalqımın potensialı görünsün, görünsün ki, onun istedadı, intellekti, zövqü, səliqəsi heç kimdən əskik deyil. Düzdür bu çətin idi, asan başa gəlmirdi, amma axı efir xalqın simasıdır. Efirdə olan çıxışçı özündən çox xalqı təmsil edir!.. İndi efir çoxdur və indi efirə üzü tüklü, “kirli traş” deyilən tərzdə adamlar da çıxır. Mən bunu qəbul etmirəm. O gün hansısa efirdə gördüm ki,başında beysbol şapkası olan bir incəsənət adamı efirə çıxıb. Bu sadəcə mədəniyyətsilikdir. Çünki etiketə görə hər hansı məkana, otağa daxil olanda mütləq papağıbaşdan çıxartmalısan. Əlbəttə, əgər mənfi tipin bədii obrazını yaratmırsansa... Amma adam studiyada efirə şapka ilə çıxır və şəstlə kamera qarşısında poz verir. Əgər etiket qaydasını o özü bilmirsə, ona gərək rejissor,redaktor desin. Çünki tamaşaçı efirə baxanda dərhal kamera arxasında olan əməkdaşların, efirdə görünməyən yaradıcı personalın da zövqünü görür. Kimsə küçədən gəlib efirə daxil olmur ki! Efirə çıxana qədər redaktorların, rejissorların, operatorların, rəssamların, prodüserlərin nəzarətindən keçir. Hansısa bir layiq olmayan adam efirə çıxıbsa, deməli o mərhələlərdəki məsul yaradıcıların zövqü kifayət etməyib ki, onu bura qədər buraxıblar.
- Yəqin ki, Azərbaycanın gözəl guşələrini, eləcə də dünyanın bir çox ölkələrini gəzmisiniz. Bəs, xəyalınızın məkanı haralar olur?
- Paralel olaraq xəyalımda iki füsunkar guşə canlanır: doğulduğum səfalı Şuşa şəhəri və idillik mənzərəli, gözəl bir yer olan Fransa ilə İsveçrə arasındakı İvor (İvoire) qəsəbəsi. Onlardan birini mədəni insanlar abadlaşdırıb, təbiətə gözəllik veriblər, amma o birini vəhşi ermənilər dağıdıb, xaraba qoyub, təbiəti belə özləri kimi eybəcərləşdiriblər. Budur ən çox xoşladığım, xəyalımın gəzdiyi yerlər. Hər ikisi təbiətin biz insanlara bəxş etdiyi nadir məkandır. Şuşamız havası, suyu İvordan da abad, gözəl istirahət məskəni ola bilərdi. Amma onu həmişə özünə “mədəni xalq” deyən ermənilər barbar kimi dağıtdılar.
- Asudə vaxtınızı, necə keçirirsiniz. Məsələn, qarşıdan Novruz bayramı ilə əlaqədar tətil günləri gəlir. Planlarınız varmı?
- Planlarım yaradıcılıqla bağlıdır. Bir ssenari üzərində işləyirəm. Yəqin ki bayram günlərində imkan tapıb onu davam etdirəcəyəm.