"Barəmizdə səsləndirdiyi yalanlara görə bizdən üzr istəsin" - Baş redaktor
17-03-2017, 09:12
Hüquqşunas Aslan İsmayılov Azadlıq.info saytına verdiyi videomüsahibədə Azinforum.az və Azpolitika.info saytlarını onu təhqir etməkdə və təxribata çəkmək istəməkdə günahlandırıb. Qeyd edək ki, Aslan İsmayılov bu qalmaqlada tərəflərin biri olan “Emre Piliç” şirkətininə hüquqi xidmət göstərən nümayəndə rolunu oynayır. Yəni faktiki olaraq, öz peşəsinə aid olan işlə məşğuldur və bunun müqabilində pul qazanır. Buna etirazımız yoxdu, ola da bilməz. Belə olan təqdirdə, qanunları gözəl bilməyə məhkum olan bir hüquqşunas niyə başqalarının peşə fəaliyyətinə müdaxilə edir? Daha doğrusu, bizə necə informasiya siyasəti aparmağı diqtə etmək istəyir.
Qeyd edim ki, biz sayt olaraq bu qalmaqalla bağlı yayılan informasiya siyasətimizdə balansı qorumaqla, hər iki tərəfin fikirlərinə yer vermişik. Aslan İsmayılov saytımızda müvafiq axatrış versə bunun bir daha şahidi ola bilər. Təəssüflər olsun ki, belə obyektiv mövqeyimiz Aslan İsmayılovu qane etmədiyi üçün, bundan əvvəl də barəmizdə həqiqətə uyğun olmayan ifadələr səsləndirib. Maraqlıdır, demokratiyadan dəm vuran Aslan İsmayılov “Emre Piliç” şirkətinin sahibi Ömür Oralla Bakıda keçirdiyi mətbuat konfransına bu gün narızılıq ifadə etdiyi saytları niyə dəvət etməyib? Deməli, Aslan İsmayılov bu pulqazanma əməliyyatında alternativ mövqe, obyektiv araşdırma görmək istəmir. Buna baxmayaraq, biz sayt olaraq onun və hüquqlarını qoruduğu türk iş adamının konfransda səsləndirdiyi fikirlərə yer verdik. Görürsünüz, bizimlə Aslan İsmayılov arasında nə qədər fərq var? Bunun üçün sözdə deyil, əməldə demokrat olmalısan!
Qeyd edim ki, Aslan İsmayılovun bahalı otellərdən birində keçirdiyi konfransının ardınca, Mürvət Həsənli özünə məxsus məkanda mətbuat konfransı keçirdi. Dəvət olunduğumuz üçün iştirak etdik. Jurnalistin işi mətbuat konfransında səsləndirilən fikirləri yazmaq olduğu üçün, Aslan İsmayılovdan xüsusi icazə almadan bunu etdik. Aslan İsmayılovun özünün də ifadə etdiyi kimi, həmin mətbuat konfransı çoxlu sayda KİV-də işıqlandırılıb. Onlardan biri də biz olmuşuq. Onda isə Aslan İsmayılov niyə cəmi iki saytın adını onu provakasiyaya çəkməkdə günahlandırır? Cavab bizə aydındır. Çünki obyektiv informasiyanın verilməsi onun oyunlarını pozmuş olur. Aslan İsmayılovun nəzərinə bir faktı da çatdırmaq istəyirəm. Birdəfəlik qulağına sırğa etsin, Mürvət Həsənli adlı iş adamı ilə mənim aramda olan münasibətlər elə də isti deyil ki, bu qalmaqalda məxsusi olaraq “Xəmsə” sahibinin tərəfini saxlayım. İnanmırsa, bunu dostluq etdiyi özünə yaxın olan bəzi jurnalistlərdən soruşsun. Mütləq ona ətraflı məlumat verərlər.
Aslan İsmayılov deyir ki, biz onun ən həsas yerinin şərəf və ləyaqət olduğunu bildiyimiz üçün, məhz bu məsələdə üstünə gedirik. Çox maraqlı yanaşmadı. Hörmətli hüquqşunas bilməlidir ki, şərəf və ləyaqət yalnız onun üçün deyil, həmin məhfumun qədrini bilən hər bir adam üçün müqəddəsdir. Onu qorumaq üçün isə başqalarını təhqir etməməli, adamlara böhtan atmamalısan. Fikirləşməlisən ki, adekvat cavab ala bilərsən. Bunları bildiyimiz üçün biz heç vaxt kiminsə şərəf və ləyaqətini təhqi etmirik. Eyni zamanda, bunu peşə fəaliyyətimizə yaraşdırmırıq. Ancaq gəlin Aslan İsmayılovun oxucu sayı yüz minlərlə göstərilən səhifəsində yazdıqlarına diqqət edək. Öz prokuror şəkilinin altına nəinki insanları təhqir edir, hətta onları küçə söyüşlərilə söyür.
Aslan İsmayılovdan xahişimiz budur ki, kiminsə şərəf və ləyaqətini təhqir etmək səviyyəsinə enmiş adamlar olmadığımız üçün, ünvanımıza qətiyyən şər atmasın. Öz yazdıqları statusları müəllifi olduğumuz məqalələrlə tutuşdursun və sonra barəmizdə səsləndirdiyi yalanlara görə bizdən üzr istəsin. Anlayıram ki, bunu yalnız böyük adamlar edə bilər. Çünki səhfini etiraf etmək qəbahət deyil. Ancaq yenə də, mən onu yazdığı yazılarda, səsləndirdiyi fikirlərdə sadaladığım ləyaqət prinsipinə əməl etməyə çağırıram.
Məhəmmədəli Qəribli
Azinforum.az