Keçmişdə buraxdığın səhvləri 70-də anlamağa başlayırsan -Firudin Cəlilovla MÜSAHİBƏ
8-05-2017, 09:24
Redaksiyamızın bugünkü müsahibi türk dünyasında tanınmış şəxsiyyət, Ön Asiya türkçülüyünün yaradıcısı, türkoloq, filologioya elmləri doktoru, professor, əvvəllər Baş nazirin müavini işləmiş, Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilovdur.
-Türkçülük ideologiyası nələrdir və türkçülük faktorunun hazırda türk dövlətləri ilə bağlı oynadığı rol nədən ibarətdir?
-Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 300 milyona yaxın türk var və onların əksəriyəti müsəlmandır, az bir hissəsi də yəhudi, xristian, buddist, lamaist və başqa dinlərə tapınır. Qədim türklər Tanrıçılıq dinində olmuşlar, ancaq sonrakı dönəmlərdə tarixi şəraitdən asılı olaraq, adı çəkilən dinləri qəbul etmişlər. Türklər yazılmamış qanun - Törə ilə yaşamışlar və bugün də türk törəsi müəyən ölçüdə davam edir. Tarixdə türklər yeganə millətdir ki, 150-dən artıq dövlət qurub. Bax, ancaq kiçik bir qismin sadaladığım bu məsələləri və türklərin dilini, tarixini, mifologiyasını, folklorunu öyrənənlərə klassik anlamda türkoloq deyilir, bizim dildə bu peşə sahibləri türkçü adlanır. Bir də var, türkçülük. Bu da, sadaladığım məsələlərin təbliğ olunmasıdır. Türkçülük başqa xalqların milli gələnəklərinə hörmətlə yanaşır və şovinizmdən uzaq milli-siyasi fəlsəfədir.
Dövlətin güclü olması xalqını güclü edər
-Müsahibələrinizin birində vurğulamısız ki, bir quşun qoşa qanadı kimi azərbaycançılıq və türkçülük bir-birini tamamlamalıdır. Azərbaycanda türkçülüyün siyasi qanadı yox vəziyyətindədir- demisiz. Sizcə niyə tamamlamır ki azərbaycançılıq və türkçülük bir-birini. Mane olanlar kimdir.
- Bunların biri dövlət, o biri də milli siyasətdir. Qoşa yürüyəndə dövlət də, xalq da irəli gedir, biri geri qalanda o biri də axsayır. Türk törəsində xalq, dövlət və vətən bir sözlə - El adlanırdı, hər üçü birlikdə, hətta ordu da bu birliklə iç-içə idi. Bu sosial-siyasi durum türk millətini minillər boyu ayaqda saxlayan faktor idi. Bu mənada, bu gün dövlətin güclü olması xalqını güclü edər, xalqın güclü olması da dövləti güclü edər.
-Bildiyiniz kimi millət vəkili Arif Rəhimzadə qalmaqallı müsahibəsinin birində "azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır... Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər" kimi fikirlər səsləndirməsi narazılıqla qarşılandı, siz bu barədə nə deyə bilərsiz, Milli məclisin deputat kürsüsündə əyləşən birinin bu cür ifadə işlətməsi doğrudurmu?
-Doğru deyil. Ancaq bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin hamısı türk deyil, burada öz adı olan başqa xalqlar da var.
-Deputat olduğunuz müddətdə hansı mühüm məsələni qabartmısız?
-Hamısı yadımda deyil, ancaq latın qrafisına keçiş, himnimizin bərpası və sair dövlət atributları, ilk təhsil qanunu sədri olduğum komissiyada hazırlanıb, parlamentdə qəbul olunmuşdur.
-Pensiya yaşının 65-ə çatdırılmasına münasibətiniz necədir. Sizcə yaşın artırılmasına ciddi ehtiyacmı vardı?
-Bunu izah edə bilmərəm, çünki maliyə məsələrini bilmirəm.
-Keçək təhsilə. Təhsilli gənclərin əksəriyyəti iş tapa bilmədiyini deyir, sizcə iş yeri yoxdur, yoxsa kadrlar özünü doğrultmur?
- Bu ciddi məsələdir və gerçək təhlilə ehtiyac var, ciddi müzakirə olunmalıdır.
- Təhsilimizdə Akademik göstəricilər nə vəziyyətdədir? Çoxları səviyyənin enməsindən şikayət edir.
- Təəssüf ki belədir. Bu sahədə gərəkli islahat aparılmalıdır.
-Öz ölkəsində xarici dil bilmədiyinə görə işə götürülməyən gənclər nə etməlidir?
-Bunun qısa yolu xarici dili öyrənməkdir. İndiki gənclər bu sahədə çox irəli gedib uğurlar qazanmışlar. Adicə kompüteri işlətmək üçün də xarici dili bilmək lazımdır.
-Bu günlərdə 70 yaşınızı qeyd etdiniz. Maraqlıdır ki, 70 yaş Firudin Cəlilov üçün nə deməkdir? 70 yaş Ömrün hansı hissəsidir?
- Keçmişdə buraxdığın səhvləri 70-də anlamağa başlayırsan.
-Bu günə qədər dostlarla, ailə ilə birgə dəbdəbəli doğum günü keçirmisinizmi?
-Heç vaxt doğum günü keçirməmişəm, 60-65 yubileyi də olmayıb.
-Dəbdəbəli toy, ad günü, yubiley keçirənlərə münasibətiniz necədir.
-Axı, bunun əndazəsi, ölçü-biçimi olmalıdır.
-Müxtəlif vəzifələrdə çalışmısız, ən yadda qalan hadisə hansı olub, hansı peşə sizə daha yaxın olub?
-Müəllimlik.
-Azərbaycan jurnalistikası sizi qane edirmi. Saytımız vasitəsilə gənclərimizə nə məsləhət vermək istərdiz?
- Həyatı şərəflə yaşamaq üçün onu anlamaq, anlaya bilmək üçün onu öyrənmək, öyrənə bilmək üçün də çoxlu oxumaq gərəkir. Azərbaycan jurnalistikası yüz illik uzun yol keçib, böyük gələnəyi var, bu gün müstəqillik çağında yeni mərhələni yaşayır, axsamalar olsa da, uğurlar da var və get-gedə durulaşacaq.
Məsləhət verməyi xoşlamıram, ancaq gənclərə sözüm budur: Tanrının verdiyi ömrü şərəflə yaşamaq üçün vətənini, xalqını, dövlətini sevmək, elçi olmaq gərəkir.
-Dəyərli zamanınızı ayırdığınız və suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm
Vüsalə Qələndərli / Asiya.info