“Mənim namusuma toxunulub, başımı qaldıra bilmirəm” - Flora Kərimova ağladı
10-05-2017, 23:47
Xəbər verdiyimiz kimi, Şuşanın işğalının 25-ci ildönümü ərəfəsində işğalçı rejim qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürür. Artıq “mədəniyyət nazirliyi” və digər bir neçə qurum Şuşaya köçürülüb. Bu günlərdə “parlamentin” də köçürülməsi planlaşdırılır.
Azərbaycanın Xalq artisti, Şuşa həsrəti ilə qovrulan əvəzsiz sənətkar Flora Kərimova Moderator.az-a açıqlamasında yayılmış xəbərlərlə bağlı danışıb.
Flora Kərimova bildirib ki, düşmənə sözlə yox, müharibə ilə cavab vermək lazımdır:
“Bu kimi xəbərlər mənə heç təsir eləmir, çünki indi hər xalq öz taleyini yaşayır. Əgər biz dinmiriksə, addım atmırıqsa, onlar kimi üzə durub sözümüzü deyə bilmiriksə, mənim ağzımı açmağa ixtiyarım yoxdur. Mən aciz deyiləm, çox şey deyə bilərəm, amma kimdir mənim sözümə baxan? Mənim gülləmə inanarlar, gülləmdən qorxarlar, sözümdən yox. Mənim döyüş zərbəmdən, döyüş ruhumdan, ölməməzliyimdən qorxarlar. 76 yaşım var, mən gedirəm, arxamca da çox adam apara bilərəm, ancaq indi aciz bir bədbəxt kimi təssüratımı bölüşmərəm. Mən düşmənə canımla cavab verərəm. İndiyə qədər səhhətimlə cavab vermişəm, bundan sonra ömrümlə, canımla cavab verərəm. Baxmayaraq ki, 2 övladım, iki nəvəm var. Sürünə-sürünə gedərəm, heç olmazsa bir nəfərin olsa belə canını almağa gücüm çatar. Mən zəvzəmək, donquldanmaq istəmirəm, mən mübarizə aparmaq istəyirəm, döyüşmək istəyirəm. Bu yaşımda, 4 insultla döyüşmək istəyirəm”.
Xalq artisti göz yaşlarına boğularaq bir də bu məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:
“Bir də heç kim bu məsələ ilə bağlı məndən danışmağımı istəməsin. Sizə olan hörmətimə görə bu sualı cavablandırdım, ancaq bir də bu məsələ ilə bağlı heç kimə cavab verməyəcəm. Buna görə heç kim bir də mənə zəng etməsin. Mən utanıram, utanıram, yerə girirəm. Onsuz da xəcalətimdən başım yerdən bir qarış da qalxmır. Bu mənim namusumdur, mənim namusuma toxunulub, namusum ləkələnib və mən bunu hər bir Azərbaycanlının adından deyirəm. Mən erməniyə deyə bilmərəm “qələt edirsən”. İxtiyarım yoxdur, çünki qələt eləyənə qarşı mən çiynimdə avtomat getməliyəm, ölümə getməliyəm. Çox əziyyət çəkirəm, çox...”