"Məmurlar medianın tənqidinə “it hürər, karvan keçər” prinsipi ilə baxırlar" - Məşhur yazıçıdan açıqlamalar

26-06-2017, 21:20           

"Biz hakimiyyətdə Əbülfəz Elçibəy kimi təmiz bir insanı gördük. Amma hakimiyyəti uzunömürlü olmadı. Çünki hakimiyyətdə zor da olmalıdır... Dərəcəsində... O zorun dərəcəsini bilmək üçün siyasi məktəb keçməlidir. Biz bu məktəbi keçməmişik. Hələ Azərbaycan xalqını "dövlət xalqı” saymaq olmaz”.

Mia.az bildirir ki, bu sözləri Moskvada yaşayan tanınmış Azərbaycan yazıçısı Çingiz Hüseynov "Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib: "Bizim dövlətimiz var. Yəni, forması var. Bəs, məzmunu, içərisi? Hələ yetişməmişik, dövləti idarəetmə yollarını bilmirik. Çünki müstəqilliyimiz nisbi olub. Xanlıqlar dönəmində də, sonra da. Yarısı İrandan asılı, yarısı Rusiyadan asılı, Osmanlıdan... Biz hakim millət olmamışıq”.

Məşhur yazıçının sözlərinə görə, Sovetlər dönəmində bir az təcrübə toplansa da o zaman müstəqil olmamışıq: "Respublika dövlətçiliyin bir formasıdır. Amma biz müstəqil deyildik, axı. O respublikanın təcrübəsi müstəqillik təcrübəsi sayılmır. Buna baxmayaraq, heç olmasa, respublikanın bir formasını yaşadıq, taleyimizlə bağlı qərarverən olmasaq da, yavaş-yavaş o institutları yaratdıq. Nazirliklərdən Elmlər Akademiyasına qədər bir çox struktur formalaşdırdıq”.

Ç. Hüseynov ən böyük problem kimi yerliçiliyin adını çəkib: "Ən böyük problemimiz yerliçilikdir. Yerilçilik bizim ən böyük bədbəxtliyimızdir. Bu, bizi 100 il geri atıb. Rusiyada da var yerliçilik problemi – prezident Putin yüksək dövlət və hökumət vəzifələrinə öz yerlilərini – Sankt-Peterburqdan olanları təyin edir”.

O, rüşvət və yerliçilik mərəzinin SSRİ –nin mirası kimi qiymətləndirməyin tərəfdarı olmadğını bildirib:

"Bizim də dünya "rüşvət mədəniyyəti”nə töhfələrmiz var. Bütün dünyada rüşvət var və inkişaf edir. İnsan təbiətinə xas bir məsələdir... Ancaq onun da dərəcəsi var. "Dərəcə” deyəndə məhkəməni nəzərdə tuturam. Onsuz da rüşvətin qarşısını tamamilə almaq mümkün deyil. Ancaq harada azad məhkəmə var, orada ədalət qorunur, bu mənfiliyin qarşısı nisbətən alınır. İsraildə ən yüksək dövlət adamları, prezident, baş nazir, nazirlər məhkəməyə verilir. Orada əsas şərtlərdən biri də mətbuatla hesablaşmaqdır. Azad mətbuat çox vacib faktordur. Media azad olmadan korrupsiya ilə ciddi mübarizə aparmaq olmaz. Baxın, Tramp medianı küncə sıxışdırdı, buna görə nə qədər ziyan çəkdi. Təzyiq başlayan gündən jurnalistlər onun haqqında nə faktlar tapıb yazdılar. Yenə də yazacaqlar...”

Ç. Hüseynovun fikrincə, azad məhkəmə olan ölkədə medianın qarşısını almaq mümkün deyil. Sərt tənqid, mühakimə ehtimalı məmurları çəkindirir: "Heyf, Azərbaycanda tənqidçi media yox dərəcəsindədir... Məhkəmələr azad olmadığı üçün məmurlar medianın tənqidinə "it hürər, karvan keçər” prinsipi ilə baxırlar. İndi lap çətinləşib... Azərbaycanda hər kəsdə qəribə şəkildə tənqidə dözümsüzlük yaranıb. Heç kim tənqid eşitmək istəmir. Hərdən deyirəm, heç olmasa təlxəklər olaydı, onlar nəyisə deyəydilər... Tənqid eləmək də istəmirəm, çünki millətimiz gözəl millətdir. Torpağımız, təbiətimiz gözəldir. Hakimiyyətdəkilər bizdəndir, biz də onlardan, onlar Aydan gəlməyiblər. Bəlkə də yaşadıqlarımız millətimizin taleyində bir sınaq dönəmidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.