BAXCP sədri: “Ya Rusiya ilə anlaşmalıyıq, ya da...”

27-06-2017, 11:08           

"Azərbaycanın hazırda Qarabağ problemini həll etmək üçün iki yolu var. Birincisi, Rusiya ilə anlaşmaq variantı, ikincisi isə total müharibəyə başlamaq yoludur. Moskva ilə anlaşa bilsək, böyük hərbi aksiyaya ehtiyac qalmayacaq. Çünki Yerevan bilsə ki, Rusiya onu müdafiə eləmir, kiçik bir həmlədən sonra geri çəkiləcək. Heç ola bilsin, bu variantda kiçik toqquşmaya da ehtiyac qalmasın".

Teleqraf.com xəbər verir ki, bunu "Strateq"ə müsahibəsində BAXCP sədri Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan ikinci – savaş yolunu seçəcəksə, bu halda heç nəyə baxılmamalıdır: "Azərbaycan artıq özünə güclü ordu formalaşdıra bilib. Biz bu orduyla da ölüm-dirim savaşına girməliyik. Ermənistan anlamalıdır ki, nəinki Xankəndində, Yerevanda belə, daş-daş üstə qalmayacaq. Düzdür, itkilərimiz də olacaq, ancaq torpaqlarımızı azad etmək üçün böyük itkilərə də hazırlıqlı olmalıyıq. Ermənistanın müttəfiqlərini, xüsusən də Rusiyanı inandırmalıyıq ki, bu, söz oyunu deyil. Bizim öz mövqeyimizi açıq şəkildə ortaya qoymağımız, Rusiyanın müxtəlif siyasi dairələri ilə açıq formada danışmağımız Putinə təsirin bir formasıdır. Rusiyanın subyektləri ilə işləyərik. Azərbaycanda bu istiqmətdə iş gedir. Rusiyadakı müsəlman-türk respublikaları ilə çox ciddi şəkildə iş aparılmalıdır. Bu işin miqyası genişləndirilməlidir. Ona nail olmaq gərəkdir ki, Rusiya Ermənistandan qopsun, onun yanında durub Azərbaycana qarşı cəbhə açmasın. Bunun üçün də əvvəlcə Azərbaycan Rusiya siyasi isteblişmentinə açıq bəyanat verib, deməlidir ki, biz Moskvanın Azərbaycanda maraqlarını təmin etmək üçün hansı addımları ata bilərik. Məsələn, KTMT-yə, Avrasiya İttifaqına üzv ola bilərik, Azərbaycan özünün neft-qaz siyasətini Rusiya ilə uzlaşdira bilər. Azərbaycan Rusiyadan yan keçərək Avropaya gedən əsas enerji dəhlizlərindən biridir. Biz bundan da yararlana bilərik. Tutaq ki, Rusiya ilə razılaşıb, onsuz da bizim haqq işimizdə birmənalı dəstək verməyən Avropya “Əlvida!” deyə, əsas hərbi-siyasi müttəfiqimiz kimi Rusiyanı seçə bilərik… Təəssüf ki, biz bunu da hələ açıq deyə bilmirik. Cəmisi, bircə dəfə XİN rəhbəri Elmar Məmmədyarov açıq mətnlə deyib ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutsa, biz Avrasiya İttifaqında iştirakımızı müzakirə edə bilərik. Diplomatik dildə bu, “mümkündür” deməkdir…"

BAXCP sədri bildirib ki, Rusiyanı durdura biləcək tək qüvvə ABŞ-dır: "Ancaq ABŞ-ın yeni prezidenti Trampın aydın xarici siyasət təsəvvürləri yoxdur. Onun Rusiyaya daxili simpatiyası da göz önündədir və özünü də Rusiya ilə əlaqələrdə ittiham edirlər. Tramp sadəcə qorxusundan Rusiya əleyhinə sanksiyalara qarşı çıxa bilmir. Belə bir vəziyyətdə Qərbin bu bölgədə fundamental nəsə edəcəyini gözləmək yanlış olar. Avropa ölkələri ABŞ-ın dəstəyini alıb nəsə addımlar ata bilərdilər, onlar da heç nə etmirlər. Bölgə, faktiki, Rusiyanın təsir zonasına buraxılıb.

Rusiyanın daxilində dəyşiklərə gəlincə, mən bu barədə bir neçə dəfə NATO Parlament Assosiasiyasının iclaslarında, o cümlədən Tiflisdəki son toplantısında da dedim ki, əgər istəyirsinzə Rusiyanın qonşuları rahat nəfəs alsınlar, Avropa Rusiya qorxusu altında yaşamasın, siz hərbi büdcəni artırmaqdan daha çox diqqəti və maliyyəni Rusiyanın daxilinə yönəldin. Bilirsiniz ki, son vaxtlar ABŞ digər NATO üzvlərindən hərbi xərclərini ÜDM-in 2 faizi həddinə çatdırmağı tələb edir. Bu o deməkdir ki, NATO-nun xərcləri əlavə 370 milyard dollar həcmində artacaq. Mən də onu qabartdım ki, bu vəsaitin çox az bir hissəsi – 2-3 milyardı Rusiyada demokratik qüvvələrin dəstəklənməsinə xərclənsə, Rusiyada milli respublikalarla bağlı xüsusi proqramların qəbul edilib həyata keçirilməsinə sərf edilsə, daha yaxşı nəticələr əladə etmək olar. Çünki nüvə silahına malik nəhəng bir dövlətin hərbi təcridi daha böyük təhlükə və riskin artması deməkdir. Rusiyanın demokratikləşməsinə verilən dəstək isə həm rus xalqının, həm qonşularının, həm də elə Avropanın rahat nəfəs almasına gətirib çıxaracaq.

Düzdür, Rusiyanın güclü siyasi elitası var, ancaq o potensial hələ bütün Rusiyada demokratikləşməni təmin edəcək həddə deyil. İndi rus insanı daha çox “Böyük və güclü Rusiya” şovinizminin təsiri altındadır. Sadə rus avropalılar kimi, qanunların hökm sürdüyü, mədəni və rifah içərisində yaşamaq imkanı verən həyatdan yox, “Vodka”dan “vurub”, soyutma kartofdan dişləmək və “Krım artıq bizimdir” şüarını sələndirməkdən daha çox həzz alır, hərbi qüdrətləri ilə öyünməyi sevir, bunda rahatlıq tapır…

Rusiyanın böyük potensialı var. 1917-ci ildə rus xalqının etdiyi inqilab bugünkü milli respublikaları formalaşdırdı, böyük bir imperiya dağıldı. Şübhəsiz, böyük mütəfəkkirlər yetişdirən bu zəngin və qüdrətli xalq, gec-tez, demokratik cəmiyyət də quracaq. Sadəcə zaman lazımdır…"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.