Çexiyada öldürülən azərbaycanlı biznesmenin müavini “Yeni Müsavat”a danışdı
5-07-2017, 09:52
Mübariz Süleymanov: “Onun kimsə ilə problemi olmayıb...”
Bizneslə məşğul olduğu Çexiya paytaxtı Praqada iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru Rəşad Qafarovun müavini Mübariz Süleymanov “Yeni Müsavat”a danışıb.
M.Süleymanovun sözlərindən belə aydın olub ki, R.Qafarov “TERN Transport & Trading CZ” şirkəti ilə yanaşı “TERN Transport & Trading AZ” şirkətinin də sahibi olub. Birinci şirkət əsasən Avropa ərazisində beynəlxalq yükdaşımaları, ikincisi isə Azərbaycan yerli və beynəlxalq yükdaşımaları həyata keçirməkdədir.
M.Süleymanov deyib ki, bildikləri qədər Rəşad Qafarovun düşməni olmayıb: “O, kimsəyə pislik edən insan deyildi. Bildiyimiz odur ki, onu bıçaqla vurublar, o qədər də ətraflı xəbərimiz yoxdur. Rəşad 10 ilə yaxındır ki, Çexiyada yaşayırdı. 2 övladı, həyat yoldaşı da orada onunla yaşayırdılar. Övladları orada təhsil alır. Orada bizim heç vaxt problemimiz olmayıb. Bunu dəqiqliyi ilə bilirəm ki, şirkətin orada problemi yox idi. Şirkətimiz beynəlxalq yük daşımaları ilə məşğul idi. Orada hər cür yük daşınırdı. İngiltərədən Çexiyaya, Çexiyadan İtaliyaya, Azərbaycana və digər ölkələrə yüklər daşınırdı”.
“Rəşad Qafarovu biznes münasibətləri zəminində sifarişlə öldürə bilərdilər” sualına müavini belə cavab verib: “Bizim Avropada böyük bir şirkətimiz yoxdur ki, kimsə də bizi özünə rəqib bilsin. Məsələn, beynəlxalq yük daşımaları şirkəti ”İkra" var, bizim şirkət onun kimi bir şirkət deyil ki... Cəmi 8-12 maşınımız var. Yəni orada çox böyük şirkətlər var. Bizim şirkət onların yanında çox balacadır. Buna görə də Rəşadın rəqiblər tərəfindən öldürülməsinə inanmıram. Çünki bizi özünə rəqib bilən yox idi".
“Qətl şəxsi münasibətlər zəmində baş verə bilərdimi” sualına isə M.Süleymanov belə bir cavab verib: “Rəşad ibadət əhli idi, gözəl insan idi. Onun ölümü hamımızı sarsıdıb. Onun kimsə ilə problemi olmayıb. Yaxşı ailəsi, övladları vardı.”.
M.Süleymanov R.Qafarovun beynəlxalq yükdaşımalar və logistika biznesində Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevlə ortaq olması haqda münasibətlər haqda bunları deyib: “Rəşad həmin şirkəti sıfırdan özü yaratmışdı. Kimsə ilə şərikliyi yox idi. Şirkəti özü yaradıb, özü də idarə edirdi. Heç bir problem də yox idi. Bu iş dəhşətdir ki, başımıza gəlib”.
“Onun Azərbaycanda kimlərləsə problemləri vardımı sualına M.Süleymanovun cavabı belədir: ”Bu “zakaz” ölümdür deyə bilmirəm. Ona 5 bıçaq vurulub. Hazırda istintaq bu məsələni araşdırır ki, ona həmin xəsarətləri maşında yanında əyləşən şəxs yetirib, yoxsa hadisə maşından kənarda olub. Mən özlüyümdə belə düşünürəm ki, bıçaqlanma maşından kənarda olub. Sonra Rəşad maşına minib ki, özünü xəstəxanaya çatdırsın, çatdıra bilməyib. Hadisə Argentinskaya deyilən bir küçə var, ona yaxın yerdə olub. Belə düşünürəm ki, nə olubsa küçə mübahisəsi zəminində olub. Bildiyim budur. Oraların küçələri Bakıdakı kimi deyil. Hər addımbaşı hər küçədə kameralar yoxdur. Avropa şəhərlərində kameralar ancaq yolayrıclarında, dördyollarda, bəzi yerlərdədir. Bu da işin üstünün tezliklə açılmasını əngəlləyir. Çexiya polisi bu iş üzərində işləyir. Yüksək səviyyədə tapşırıq var. Gözləyirik ki, orada nə baş verdiyi aydınlaşsın, görək bu nə məsəldir".
M.Süleymanov deyir ki, Çexiyadakı şirkətlərinin illik gəliri çox da böyük olmayıb: “8-12 maşından ayda 15-20 min avro gəlir olurdu. Bizim şirkət elə də böyük şirkət deyildi. Bizim Azərbaycandakı şirkətimiz də ”Tern Transport & Trading Az" da öz işini normal şəkildə görürdü. Yerli və beynəlxalq daşımalar edirdi. Rəşad Qafarovun 40 yaşı vardı. Onun kimsə ilə problemi yox idi. İşə prokurorluq orqanlarında başlamışdı. Sonradan da “Panalpina” şirkətinə keçmişdi, orada işləmişdi. Sonra da öz işini qurmuşdu. Onun adamlarla münasibətləri normal idi. Mən Rəşadla əlaqəsi olan kimi tanıyıramsa hamısının onunla çox yaxşı münasibətləri var. Çünki özü hər kəslə normal münasibət saxlayan insan idi".
M.Süleymanov deyib ki, R.Qafarovun cənazəsi 8-i və ya 10 iyulda Azərbaycana gətiriləcək: “Anası Bilgəh qəbiristanlığında dəfn olunub. Onu da orada dəfn edəcəklər”.
Biznesmen Rəşad Qafarov öldürülməzdən bir neçə saat əvvəl həyat yoldaşına deyib ki, işlə bağlı görüşə gedir. Bu barədə Çexiya mənbələri biznesmenin arvadına istinadən xəbər verir. Arvadı bildirir ki, Rəşad Qafarov hadisədən bir neçə saat əvvəl onu görüşə çağıran şəxslə danışıb, bu zaman onun danışığında hər hansı həyəcan, narahatlıq müşahidə olunmayıb. Hazırda Çexiya polisi biznesmenlə danışan həmin şəxsin kimliyini dəqiqləşdirir.
Rəşad Qafarov ölümündən 2 gün əvvəl özünün “facebook” hesabında xoşbəxt təbəssümlə gülümsəyərkən çəkilmiş fotolarını paylaşıb. Virtualaz.org xəbər verir ki, Qafarovun “facebook” dostları fotonun altına öz şərhlərini yazaraq ona xoş arzularını ifadə ediblər. Biznesmen iyunun 29-da ona yazılan mesajlardan birinə cavab verib. Bu, yerli vaxtla 1. 23-də yazılan cavabdır. Qalan mesajlar isə cavabsız qalıb, belə ehtimal etmək olar ki, Qafarov iyunun 29-da gecə oğurlanıb və meyiti maşınında ertəsi gün tapılıb.
Belə məlum olur ki, biznesmenin qətli barədə onun tanışları və dostları elə həmin gün xəbər tutub. Çünki həmin fotonun altından iki gün sonra, iyunun 30-da biznesmenin dostları onun ölümündən sarsıldıqlarını ifadə edən postlar yazıblar.
Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalpina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır. “TERN Transport & Trading” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.
Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir. Azərbaycanın Çexiyadakı konsulluğundan deyiblər ki, onlara polisindən şifahi məlumat daxil olub. “Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə” tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.