“Özünü göstərəndən sonra bizdən üçqat maaş istədi” – Fariz Nəcəfov
14-07-2017, 09:42
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qəbələ” – “Yagelloniya” matçı 1:1 hesabı ilə başa çatıb.
“Qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov qarşılaşmadan sonra Yenicag.az saytının əməkdaşının da suallarını cavablandırıb.
– Oyundan razı qaldınızmı? Nəticəni necə dəyərləndirirsiniz?
– Gözlənilməz oldu. Rəqibə sərf edən nəticədir. Əvvəlcədən də bilirdik ki, komandamız hazır deyil. Yeni oyunçularımız olduğu üçün tam hazırlaşa bilmədik. Hələlik rəqibə sərf edir, ancaq hər şey cavab oyunundan sonra bilinəcək.
– Yeni transferlərin çıxışından razı qaldınız?
– Tam olmasa da, demək olar ki. Hələ hazır deyillər.
– Hər il komanda yenilənir və tamam fərqli oyunçular alınır. Olmazmı ki, vahid sistem və onurğa komanda qurulsun, yeni gələnlər də əlavə edilsin?
– Bizim fərqimiz var. “Qarabağ” şəhərdədi, onlarda uyğunlaşma rahat gedir. Biz isə əyalət komandasıyıq. Gəlirlər və bir ildən artıq qala bilmirlər. Həm də onların sistemi fərqlidi. Bizdə büdcə də çox deyil. Məsələn Kvekveskiri özünü göstərəndən sonra üçqat maaş istədi, biz də onu saxlaya bilmədik. Ona görə də bizim üçün çətindi futbolçunu saxlamaq. Heç bir oyunçunu səbəbsiz yollamamışıq. Biz də istəyərik ki, komandamız daim stabil heyətlə çıxış etsin.
– Cavab oyununda “Qəbələ”yə nə kömək edə bilər?
– Biz həmişə nəyə gücümüz çatırsa, onun maksimumunu eləməyə çalışırıq. Bu komandanı keçəcək gücdəyik. Ümid edirəm, nail olacağıq.
– Cavab matçı üçün 4 gün öncədən getməyi planlaşdırırsınız?
– Bəli. Çünki çarter ilə getməyə büdcəmiz çatmır. İki gün əvvəl də gedəndə komanda yorğun olur. Ona görə reyslər elədi ki, məcbur 4 gün əvvəl çıxmalıyıq.
– Əgər mərhələni keçə bilməsəniz, bu qədər də legioner almısınız və onları çempionatda da oynatmaq mümkün olmayacaq…
– Komandanı ancaq Avroliqa üçün qurmamışıq. Daimi heyət yaratmağa çalışırıq.
– Klub rəhbərliyi burda idi, onların fikri necə oldu?
– Danışmaq imkanım olmadı. Hər halda onlar da mənim kimi düşünürlər ki, daha artığını gözləyirdik, ancaq alınmadı.
– “Qəbələ” nə vaxta qədər ev oyunlarını Bakıda keçirəcək?
– O vaxta kimi ki, büdcə normallaşacaq və klub öz stadionunu tikib bitirəcək.
– Avroliqadakı uğurlu çıxış həm də büdcəni zənginləşdirir. Mümkün uğursuzluq komandanın taleyinə təsir edə bilərmi?
– Xeyr. Komanda hansısa turnir üçün qurulmayıb. Uğursuzluq olsa da, işimizə davam edəcəyik.