QHT sədri Mətanət Əskər qızı ilə müsahibə:"Məlum olduğu kimi ölkədə sosial-iqtisadi böhran var."

18-07-2017, 23:46           
QHT sədri Mətanət Əskər qızı ilə müsahibə:"Məlum olduğu kimi ölkədə sosial-iqtisadi böhran var."
teref.az Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əskər qızı ilə müsahibəni təqdim edir:
Məlum olduğu kimi ölkədə sosial-iqtisadi böhran var. Bu çətin vəziyyətdə korrupsioner və rüşvətxor məmurların payı nə qədərdir?
Ölkənin bu vəziyyətə düşməsinin birbaşa günahkarı onlardı. Son illər qəbul olunan qərarlara baxın, hansı xeyrimizədi? Cənab İlham Əliyevin masasının üstünə qoyulan qovluqlar və təkliflər nə qədər bu günün Azərbaycanının reallığını əks etdirir? Vəziyyəti olduğu kimi qiymətləndirmək lazımdı.Bizim nicatımız bu olacaq ,hadisələri və vəziyyəti doğru qiymətləndirmək ... Reallıqla hərəkət etməyəcəyiksə bu bizim sonumuz olacaq. Bu günlərdə gördüz, Tarif Şurasının benzinin artması ilə bağlı verdiyi qərara görə cənab İlham Əliyevə müraciət etdim. Bu yazını saytlar verdi, facedəki səhifəmdə paylaşdım.İki saat içində minlərlə insan paylaşdı, bəyəndi, rəy bildirdi. Demək insanlar rahat deyillər, güzəranlarının ağırlığı var. İnsafı olan məmurlar heç olmasa bu günümüzü düşünsünlər. Şərhlərin bəzilərində yazdıqlarıma görə narahat olanlar da oldu. Yazdılar ki, sizi cəmiyyətdən silə bilərlər, ehtiyatlı olun.Sizcə vətəndaşın belə düşünməsində məmurların payı yoxdu? Axı hamı görür ki, vəzifədə oturanlar özlərini toxunulmaz hesab edirlər. Səsi çıxanı necə zərərsizləşdirirlər. Bəzən kəskin yazılara görə qulağıma pıçıldayırlar ki, ehtiyatlı ol. Amma mən Dövlətimə çox güvənirəm, deyilənlər yalnız bizim var olmağımız üçündü!

Hansı məmur və dövlət adamları layiq olmadıqları yerdədir?
Sizcə??? Baxın, elə bil ölkədə 40-50 nəfər yaşayır və bunların ətrafı. Ölkə, deyirik neft ölkəsidi. Onda niyə mən qışın soyuğunda qaza,işığa qənaət etməliyəm və donmalıyam? Qiymətlər durmadan artır, hələ artırmaqla yanaşı limit də qoyurlar.Niyə? Niyə başqa ölkələri qızdırırıq özümüz donuruq. Əvvəlcə öz xeyrimiz, sonra başqasına uzadacağımız əl olmamalıdı. Sizcə hansı məmurun qəbuluna asanlıqla düşmək olur? Heç idarə, müəssisə və nazirliklərdə işçilər tabe olduqları rəhbərlərin qəbuluna düşə bilmirlər. Cəhd edin görün, sıradan bir vətəndaş olaraq aylarla oralara ayaq döymədən qəbula düşə bilirsiz? Onda biləcəksiz ki, hansı məmur layiq olmadığı yerdədir.

Nə düşünürsünüz, vəziyyətdən çıxa biləcəyikmi?
Vəziyyətdən çıxmaq üçün hər kəs, yəni bu məmurlara aiddi, xalqın yanında olmalıdı. Cənab İlham Əliyev dediyi kimi, xalqın xidmətçisi olmalıdılar.Amma biz bunun əksini görürük, xalq məmurların xidmətçisinə çevrilib. Vəziyyətdən çıxmaq üçün tapışırıq, tanışlıq məsələləri ortadan götürülməlidi. Layiq olanlar vəzifələr tutmalıdı. Məmurlar var latın əlifbasını oxuyub yaza bilmir. Heç olmasa bəzi məmurlar indi cibini düşünməkdənsə ölkənin gələcəyini fikirləşməlidi. Onda bəli, vəziyyətdən çıxa bilərik. Amma çıxmaq istəyirikmi? Bu gün bir nömrəli məsələ QARABAĞ olmalıdı.Hər şey buna işləməlidi. Vətəndaşın qarnı tox olmalıdı. Ki, Vətəni düşünə bilsin. Ac insan ancaq özünü , ailəsini düşünər.Kimsə bunun əksini deyəcəksə razılaşmayacam.Vətəndaş görürsə ki, vətən üçün ölməyə getməyə hazırdı, amma bunu görmürlər, qiymətləndirmirlər inanın, o bir gün artıq başqa yol tutacaq. Özünü düşünəcək.Dediyim kimi, Azərbaycan hamımızındı. Onu sevmək hamımızın görəvi olduğu kimi, varından, imkanlarından da faydalanmaq hamının olmalıdı.

QHT sektorunun əsas problemləri nə ilə əlaqədardır?
Açığını deyim, bəzi QHT rəhbərlərinin tənbəlliyi ilə əlaqələndirirəm. İşləmək , ortaya iş qoymaq istəməyən QHT-lərimiz var. Baxın, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihələr barədə mətbuata çox açıq informasiyalar verir. Layihəsini düzgün icra edə bilməyən QHT-lər artıq kənarda qalırlar. Elə belələridi ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına kimlərinsə əli ilə hücumlar edirlər.Əslində mən bunu şantaj da adlandırıram. Amma artıq bunlar keçmir.Bilirsiz ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qaynar xətt yaradıb. Bütün informasiyalar da bir başa cənab Azay Quliyevə verilir. Problem varsa həll olunur. Qalır nə, işləmək. Bunun üçün axı yenə deyirəm şəraitlər yaradılır.

QHT-lərə Dəstək Şurası təşkilatlara yardım ayırarkən obyektivliyi qoruyurmu?
Məni tanıyanlar yəqin bilir ki, yalan danışmağı xoşlamıram. Elə məsələlər var ki, mən orada qüsur olarsa, öz doğmama da bağışlamaram. Amma mənim deyəcəklərimin obyektivliyinə inanın.O məsələ bilirsiz ki, çox çətin prosesdi.Neçə əldən keçir. Seçim olur. Layihəsi keçməyən dostlarımızda başlayırlar səs-küy salmağa. Obyektivlikdə şübhə varsa bu məsələnin 1-2%-i ola bilər. Məsələlərə nə qədər həssas yanaşılsa da biz insan övladıyıq.Səhv də ola bilər. Amma bilirsiz ki, appelyasiya komissiyası da var. Kim narazı qalırsa orada problem çözülür.

Sizcə, QHT-lərə xaricdən dəstəyin qarşısına qoyulmuş qadağa götürülməlidirmi, yoxsa dövlət lazım olan qədər dəstək ola bilir?
Mən xarici donorlarla işləmirəm.Və ora belə marağın olmasını da yəqin anlamaram. Amma bircə onu bilirəm ki, o nazirlik və təşkilatlar ki, var layihə elan edirlər,onlar QHT-lər üçün şərait yaratsalar hamı bu layihələrdən yararlana, xaricdən gələn qrantlara meyl göstərilməz. Gəlin görək indi bizdə vəziyyət necədi? Hər adamda qeyd etdiyim təşkilatlardan qrant ala bilirmi? Bunun üçün özlərinin xüsusi adamları var. Hər il yalnız eyni şəxslər layihə ala bilir. Xaricdən alınan qrantlara gəldikdə isə inanmıram ki, o vəsaiti verən donor səndən öz maraqları üçün istifadə etməsin. Ona görə də məncə dövlətimiz müəyyən məsələlərdə düz edir məhdudiyyət qoyur.

Mətanət xanım, uzun illərdir QHT sektorundasınız. Bəzən maddi qarşılıq gözləməmədən hərbçilərin, şəhid, qaçqın ailələrinə yardım əli uzatmısınız. Qiymət verilirmi bu fəaliyyətinizə?
Qiymət verilsə idi, Mətanət Əsgərqızı da ən azından hansısa vəzifələrə, adlara, titullara layiq görülərdi, xarici səfərlərə göndərilərdi, 5 evi olanlar kimi mənzillər yiyəsi olardı. Bayaq qeyd etdiyim kimi ölkədə 40-50 nəfər var.Hər yerdə onlardı. Nəhayət yorulmadılarmı? Bir başqalarına da növbə çatsın.Tutaq ki, Prezident təqaüdü, ev,müxtəlif orden və medallar alsınlar.Özümü misal çəkdim.Amma ölkəmizdə kifayət qədər vətənpərvər insanlarımız var. Onlar kənarda qalıblar. Niyə? Çünki onlar doğrudan da bu vətəni çox sevirlər,fədailərdilər. Onlar həqiqəti danışırlar, doğru yol göstərirlər.Danışan insanlar da qəbul olunmurlar. Ancaq nəhayət o siyahıları tərtib edənlər, adları cənab Prezidentə təqdim edənlər anlasınlar ki, biz yalnız səhvimizi deməklə, görməklə yolumuzu aydınlada bilərik. Ölkəmizi ən öncül ölkələr sırasına çıxara bilərik.Bilirsiz ki, uzun illərdi mən erməni məsələsi ilə məşğulam. Bu məsələ ilə bağlı onlarla filmlər, məqalələr, verilişlər hazırlamışam. Əslində düşmənimizi bir daha xalqımıza, gəncimizə tanıdıram. Hərdən mənə elə gəlir ki, bax buna görə mən gərəkli və layiq olduğum qiyməti almadım. Çəkinmirəm və uca səslə deyirəm, erməniyə qarşı mübarizə aparanlar içimizdə olan vətən xainlərinin hədəfindədilər. Mayın 26-da 28 may Respublika Günü ilə bağlı böyük tədbir keçirildi. O tədbirdə doğrudanda vətəninə, ölkəsinə bağlı çox insanları gördüm və sevindim ki, qiymətləndirilirlər, belə bir mötəbər tədbirə dəvət alıblar. Amma elə insanları da gördüm ki, ölkədə hansı hadisə baş verirsə bu adamlar səssiz qalmağı, münasibət bildirməyi özlərinə borc bilmirlər. İnanın sabah Azərbaycana qarşı hansı təhlükə olarsa onlar 5-ci kalon qolunu oynayacaqlar. Onda sual edirəm, bunları biz görürüksə, o adları siyahılara salanlar niyə görmürlər. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi illərdi kifayət qədər işlər görüb və bundan sonrada görəcək. Amma niyə biz həmin tədbirlərə dəvət almırıq.Mövqeyimiz varmı deyə??? Yalançı vətənpərvərlər kimi saxtakarlıq etmirikmi deyə? Amma mən belə məsələlərə görədə küsən adam deyiləm. Bunlar həm də bir qismət məsələsidi. Yəqin bir gün biz də layiq olan qiyməti alarıq. səmimiliyimə inanın, ataların misalı var e, yorğan davası etmirik. Sadəcə deyirik ki, işlər yoluna düşsün.
Bilirsiz ki, yenicə "Vətənpərvərliyin təbliğində aprel döyüşləri" adlı bir layihəni başa çatdırdıq. Özüdə böyük uğurla. Yəqin mətbuatdan izlədiz, sizdə bəzi tədbirlərimizi işıqlandırdız.Mən fürsətdən istifadə edərək bizə dəstək olan və Milli Mətbuatımızın 142 illiyi münasibəti ilə həmkarım olan bütün jurnalistləri təbrik edirəm. O gün olsun QƏLƏBƏ xəbərini millətimizə çatdıraq!

QHT-lərin cəmiyyətə təsirini və porseslərə təsirini qənaətbəxş hesab etmək olarmı?
Yox, qənaətbəxş deyil. Dostlarım məndən inciməsinlər. Çünki bir çox QHT-lər yalnız layihədən layihəyə ortada olurlar. Yada kiminsə tədbirinə gedib şəkil çəkdirməklə məşğuldular. İş görmək, hansısa problemləri həll etmək meylləri çox azdı. Belə QHT cəmiyyətə hansı təsir göstərə bilər. QHT-lər davamlı işləməlidilər.Yəni qrant aldığı layihəni davam etdirməlidi.Onda həm cəmiyyətə, həm də proseslərə təsirləri olacaq. Bir misal çəkim, biz 2016 -ci ildə "Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması" layihəsini icra etdik.Həmin layihə icra olunarkən aprel döyüşləri baş verdi. Bu il isə "Vətənpərvərliyin təbliğində aprel döyüşləri" layihəsini icra edirik. Hadisələrdən sonra şəhid ailələri, əlillərlə bağlı bir çox problemlər qalxmışdı. Bu qırxa qədər problemin həllində həmin insanlara dəstək olmuşuq. Bundan sonrada şəhid ailələri, əlillərlə bağlı hansı problem olacaqsa biz onların yanında olacağıq. Bu insanlar bizə üz tuturlarsa deməli, biz cəmiyyətə təsir edə bilmişik. Proseslərə təsir edə bilməsək, onda o qaldırılan məsələləri də həll edə bilmərik. Əslində bizim uğurumuz dövlətimizin həmin insanlara qayğısı və diqqətidi.

QHT Evinin qurulması təklif olunur, buna nə ehtiyac var?
QHT evinin olması çox vacib məsələlərdən biridi. Bu məsələ çoxdan həll olunmalı idi. Bu əslində həqiqətən işləmək istəyən bir çox QHT-lərə stimul verərdi. Bir vacib məsələni qeyd etmək istəyirəm. Bir çox nazirlik, idarə və təşkilatlar ləğv olunur. Vacib deyil ki, bina tikilə. Məncə həmin binaları da QHT-lərə vermək olar. Bununlada məsələ qismən həllini tapar.Amma haradan? O binalar boşalan kimi Əmlak Komitəsi hərrac adıyla özəlləşdirir.Yəqin siz də bu proseslərin şahidisiz.

Sizcə, Şahbaz Quliyev və Dilqəm Əsgərovu niyə azad edə bilmədik? Ümid varmı, biz bu məsələni hansı formada həll edə bilərik?
Bizim bədbəxtçiliyimiz ondadı ki, hər işi kampaniya çərçivəsində görürük. Ardıcıl heç bir iş görülmür. Hədəfə çatmaq üçün işimizi düz qurmuruq . Allah onların qapısını açsın. Mən Şahbaz Quliyevin anası ilə görüşmüşəm. Çox çətin bir görüş idi. Hər kəs özünü onların doğmalarının yerinə qoyaraq işini qurmalıdı.Elə sizin vasitənizlə hərbi sahədən yazan hər kəsdən xahiş edərdim ki, çox diqqətli olsunlar. Dilqəm də Şahbaz da girovdular. Əsir deyillər. Onlara əsir deyərək vəziyyətlərini daha da ağırlaşdırırlar. İnanıram ki, dövlətimiz onların da evlərinə dönməsinə kömək olacaq.

Gələcək fəaliyyət planınız nədən ibarətdir?
İki yeni layihə üzərində işləyirik. İnanıram ki, bu işin də öhdəsindən gələcəyik! Bundan sonra isə fəaliyyətimizi elə quracağıq ki, bizi görməzə gələnlər nəhayət
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin ictimai gücünü görsünlər! Vətənimizə , dövlətimizə sadiqik, hər zaman da belə olacaq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.