"Erməni Edik dedi ki, binoklla bizim posta bax, gör..." - keçmiş döyüşçünün acı xatirələri (VİDEO)

22-07-2017, 01:03           
"Erməni Edik dedi ki, binoklla bizim posta bax, gör..." - keçmiş döyüşçünün acı xatirələri (VİDEO)
Günümüzdə müəllimlərə fərqli yanaşmalar var, amma mənə görə müəllimlik ən müqəddəs peşədir. Bəlkə də buna səbəb gözümü müəllim ocağında dünyaya açmağımdı. Dünyanı idarə edənlərdən tutmuş, bizi ölümdən xilas edən həkimlər daxil bütün təbəqələrdəki peşələrin sahiblərini formalaşdırıb həyata qazandıran məhz elə müəllimlərdi.

O müəllimlərdən biri də Birinci Qarabağ savaşının qazisi, müharibədə yüzlərlə əsir düşmüş insanın xilaskarı Vaqif Əlisoydur. İnsalar var ki, onlar sadəcə vətəninə bir peşə, sənətlə xidmət edir, amma Vaqif bəy yaşadığı 62 illik həyatında vətəninə, millətinə bir çox sahədə xidmət göstərib. Bu gün Vaqif müəllimin istər tələbələri, istərsə də savaş zamanı yenidən həyata qaytardığı insanlar var! Bir insan nə qədər şanslı olmalıdır ki, həm müəllim, həm də vətən qazisi olsun. Məncə, Vaqif müəllim dünyanın ən xoşbəxt insanlarından biridir.

Qəhrəmanımız haqda qısa bir arayış

Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda dünyaya göz açıb. Ailə vəziyyəti ilə əlaqədar Cəbrayıl rayonuna köç edərək burda yaşamağa davam ediblər. Qubadlıda anadan olsa da, atasının doğulduğu Cəbrayıl rayonunda boya-başa çatıb. Üç övladı var. Qazilik adına hökumətdən aylıq 50 manat pensiya alır.

Vaqif bəy söhbətimizə oxucularımızı salamlamaqla başladı. “Vallah, özüm haqda nə deyim heç bilmirəm”, - dedi. Sanki heç arxasında keçdiyi bu boyda qəhrəmanlıq dolu vətən yolu yoxuydu. Hətta bir an düşündüm ki, deyəsən söhbətimiz elə bununla da yekunlaşacaq. Bu boyda təvazökarlıq az qala məni əliboş qaytaracaqdı geri, sözü itirdiyi torpaqdan saldım, nisgil damarına toxundum və bu böyük adamın necə bir anda uşaqlaşdığını, o illərə geri döndüyünü gördüm.
“25 ildir doğulduğu torpağın həsrətin çəkən, ürəyi bu ağırlığa tab gətirməyən Azərbaycan vətəndaşıyam”, - dedi, deyəsən məni də, özünü də unutdu. Söz-söz böyüdü, orta məktəbə getdi, ali məktəbə daxil oldu, oxudu, bitirdi, müəllim oldu, sonra bir gün dözmədi, savaşa yollandı. Getdiyi bütün yollarla məni də apardı. İstərsəniz, siz də qoşulun bizə...

62 ilin hesabatı

- 62 illik həyatımı şərəfimlə yaşamağa çalışmışam. Allahına qədər vətənimi, millətimi sevirəm. Türkəm, türklüyümlə qürur duyuram. Hələ gənc yaşlarımdan vətənimin üstündəki qara buludları görürdüm və bir gün kimlərinsə bu torpaqlara şərik çıxacağını hiss edirdim. Sonra ali məktəbi – Azərbaycan Pedaqoji İnstitutunu bitirib, 1976-cı ilin sentyabrında Kəlbəcər rayonunun Qaraxançallı kəndində ilk müəllimlik fəaliyyətimə başlamışam. 1979-cu ilə qədər təyinatla orda işləmişəm. 1979-1989-cu illərdə Cəbrayıl rayonunun Hovuslu kənd orta məktəbində müəllim , 1989-1993-cü ilə qədər Cəbrayıl Maarif Şöbəsində öz ixtisasım üzrə metodist kimi fəaliyyət göstərmişəm.
Cəbrayıl işğal olunandan bu günə qədər vaxtı ilə bizim alaya himayədarlıq edən Suraxanı rayonu, Vaqif Mirzəliyev adına 281 saylı tam orta məktəbdə işləyirəm. Onu da qeyd edim ki, gənclik vaxtlarımdan sovet qurluşuna qarşı mübarizə aparmışam.

Zindanlardan keçə-keçə

Azadlığımız uğurunda başıma nələr gəlməyib ki? Bütün zindanlardan keçmişəm. 20 Yanvar qırğınından sonra Rusiya, Gürcüstan türmələrində zülmlər yaşamışam. Tələb nəydi: Qarabağdan danışma, vətən, azadlıq, demokratiya kəlməsini tələffüz etmə. Ancaq təbii ki, heç bir işgəncə, zindan qorxutmayıb məni. İgid bir dəfə, qorxaq isə hər gün min yol ölür, bunu hər kəs birdəfəlik bilsin. Vətəni üçün hansı formada olur-olsun mübarizə aparmaq, Allah qatında da savabdır. Mən dünənimlə, bugünümlə, sabahımla qürur duyuram. Məmləkətim üçün əlimdən gələni etmişəm. Etmişəm ki, ailəm nəvə-nəticəm, bütün şəcərəm mən dünyadan gedəndə belə adımla, əməllərimlə fəxr etsinlər. Bizlər sadəcə torpaqlarımızı müdafiə etmişik. Kimsənin torpağına girməmiş, kimsəyə işgəncə verməmişik.

Döyüş xatirləri

1992-ci il mart ayının 15-i idi. Bizim Quşçular postundakı döyüşçülər mənimlə əlaqə saxlayaraq təcili posta gəlməyimi xahiş etdilər. Onu da deyim ki, biz öz gücümüzlə Hadrutun 15 kəndini ermənilərdən çətin də olsa, azad etmişdik və həmin kəndlər bizim nəzarətimizdə idi. Kəşfiyyat məlumatları var idi ki, Xocalıdan olan qızların, gəlinlərin və girovların bir qismi Hadrut rayonuna gətirilib. Bir neçə gün bu məlumat alındıqdan sonra ermənilər hər gün həmin qızları və bir əsiri Armud postuna çıxarıb bizim əsgərlərə göstərir, əsəbləri ilə oynayırdılar. Bəzən də qızları efirə çıxarır, onlarla etdikləri zülmləri efirə verirdilər. Dəfələrlə o girovlarla danışmışdım. Mənə nələr deyirdilər, bunu bütün Cəbrayıl bilir, çünki postlardakı ratsiyalar kənd təsərrüfatı üçün idi və danışığı hamı eşidirdi.

Erməni Ediklə danışıq

Dərhal Quşçulara getdim. Uşaqlar dedilər ki, Hadrutdan Edik səninlə danışmaq istəyir. Efirə çıxıb danışdıq. Bildirdi ki, 10 dəqiqə sonra Armud postuna binoklla bax. Təxmini bildim ki, nə demək istəyir. Bütün əsgərlərim məsələnin fərqində olduqları üçün məhv olmuşdular! Hətta hirsindən ağlayanlar da vardı. Başqa əlac da yox idi.

Kaş gözlərim kor olaydı...

Binoklu göturüb 10 dəqiqə sonra Armud postuna baxdım. Kaş gözlərim kor olaydı, o mənzərəni görməyəydim. Əsirlərimizə verilən işgəncələri bizə açıq şəkildə göstərirdilər...

Qırmızı haşiyə

(Burda bir haşiyə çıxım, sonra sözümə davam edərəm. Xocalının qisasını Azərbaycanda ilk dəfə Cəbrayıl alayı, Gəncə reyd dəstəsi (bu gün erməni girovluğunda olan Dilqəm Əsgərov da orda qulluq edirdi) İmişli “Küdrü qartalları”nın uşaqları Hadrutun Sur kəndini ələ keçirməklə artıqlaması ilə aldılar).

Göz işgəncəsi davam edir

Hə, ermənilər girovlardan başqa bir cavan əsgərimizi də posta gətirdilər. Əvvəl köynəyini qaldırdılar. Sinəsinə basılmış xaçşəkilli dağı görəndə dəhşətə gəldim. Sonra oğlanı diz çökdürdülər. Bıçağı boğazına dirədilər. Edik mənə dedi ki, səninlə komandirimiz Arutunyan danışacaq. Əsəblərimi cilovlayıb onu dinlədim. Mənə dedi ki: “Hər şeyi gördün. Bu əsgər Ağdərədə əsir götürülüb. Aprelin 24-də gözünün qabağında başını kəsib sənə göndərəcəyəm”.
Rabitə kəsildi. Bilmirdim nə edim. Əllərim əsirdi. Birdən Əli adlı əsgər üzünü postdakı əsgərlərə tutub qışqıra-qışqıra dedi: “Aramızda kişi yoxdumu, axı niyə susuruq? Hər gün bunu bizə göstərirlər. Nə qədər dözmək olar? Allah bizə niyə ölüm vermir! Sizi bilmirəm, o əsirlərin intiqamı alınmayınca, hərbi intizami pozsam da, bunu başımda gəzdirməyəcəyəm, - deyib, başındakı əsgər papağını yerə çırpdı. Bir neçə gün sonra Sur kəndinə birinci girən də o oldu və... şəhid oldu. Əsgərlərimin üzünə baxa bilmirdim.

72 nəfərin alayı

Döyüş yoldaşlarımın əksəriyyətini 1988-dən, hek və qoşalülə ilə torpaq qoruduğumuz vaxtdan tanıyırdım. Bizim alay 72 nəfərin iştirakı ilə yaradılmışdı, çoxu da hərəkatçı idi. Bu gün də onları hörmətlə xatırlayır, qarşılarında baş əyirəm...

Xüsusi əməliyyat qrupu

Nə isə, əsgərlərə bir söz demədən postdan düşdüm. Boş oturmaq olmazdı. Polis rəisi Vaqif Məhərrəmov və alay komandiri Yusif Vəliyevlə görüşməyi qərara aldım. Alay komandiri ilə görüşdən sonra xüsusi əməliyyat qrupu yaradıldı. Qrupa könüllü və ən tərcübəli kəşfiyyatçılar daxil edildi. Qrup düşmənin arxasına keçməklə ən qısa zamanda erməni tərəfdən girov götürməli idi.

Bir neçə gündən sonra bu qrup Hadrutun Xozapert kəndindən erməni kolxoz sədrinin 2 nəfər ən yaxın qohumunu girov götürərək geri qayıtdı. Bundan sonra həmin hərbi əsir və girov qızlar azad edildi. Həmin əsirin adı Məmmədov Mail Məmmədəli oğlu idi. O, bu gün də yaşayır.

Sağ qalmış şəhid...

15 avqust 1992-ci ildə Şişqaya əməliyyatından sonra 20 nəfər əsgərimizin nəşi ermənilərin nəzarət etdiyi ərazidə qalmışdı. Həmin əməliyyatda bizim alay, polislərimizdən başqa polkovnik Teymurovun komandir olduğu Gəncə reyd dəstəsi və İmişlidən Tariyel Şirinovun komandir olduğu könüllülər, eləcə də Saatlı batalyonunun döyüşçüləri iştirak edirdi. Həmin döyüşdə 32 nəfər şəhid olmuşdu. Onlardan 20 nəfərinin meyiti düşmənin nəzarət etdiyi ərazidə qalmışdı. Hər yerdən valideynlər tökülüşüb gəlmişdi. Hamının tələbi bu idi ki, meyitlər düşmən əlində qalmamalıdır. Hamı "Vətən yolunda şəhid olublar. Amma meyitlər alınsın ki, yaxınlarının gözü yolda qalmasın", - deyirdi. Bu cür əməliyyatların keçirilməsi ölümə bərabər idi. Amma əlimizdən gələni etməli idik ki, valideynlər narahat olmasın. Dərhal erməni tərəfi ilə əlaqə yaratdım. Razılaşma əldə olundu ki, həmin ərazidə meyitlərin götürülməsində hər iki tərəfdən mülki şəxslər iştirak etsin. Meyitlərin götürülməsi zamanı gözlənilməz hadisə baş verdi. Bizimkilər ehtiyat kanala çıxaraq bildirdilər ki, şəhid bildiyimiz əsgərlərdən biri ağır yaralıdır və üzümlükdə çox məharətlə moskirovka edərək düşməndən gizlənə bilib. Silahı da yanında olub. Ona yaxınlaşanda atəş açmaq istəyib, ancaq uşaqları tanıyıb, atəş açmayıb. Ermənilər bizimkilərdən 15-20 metr aralıda olduqlarından bunu görə bilməmişdilər. Dərhal erməni tərəfdən danışıqlara rəhbərlik edən Ediklə (onunla danışıqlarımı açıq mətnlə bütün cəbrayıllılar eşidib dəfələrlə) danışdım və bildirdim ki, danışığa əməl etmirsiniz. Sizinkilər silahlıdır, bizimkilər silahsız. Ona görə həmin silahlılar oradan uzaqlaşsınlar ki, bizimkilər meyitləri rahat götürə bilsinlər. Siz ermənilərə etibar etmək olmaz. Razılaşdılar. Bir azdan bizimkilər xəbər verdi ki, bütün meyitlər və sağ qalan əsgərimizi götürüb qayıdırlar. Şəhid bildiyimiz əsgər isə Bakının Nizami rayonundan hərbi xidmətə çağırılmış Məhəmməd adlı oğlan idi. Hamı sevinirdi. İndi bu xəbəri oğlunun meyitini gözləyən ata-anaya kim və necə desin? Rəis Vaqif Məhərrəmovdan xahiş etdim ki, sən xəbər ver. İmtina etdi, “ürəyim dözməz”, - dedi. Ata-ananı və onlarla meyit dalınca gələnləri yanımıza çağırdım. Yüzlərcə əsgər və şəhid valideyninin qarşısında göz yaşları içində oğlanlarının sağ olmasını xəbər verdim. Hər iki valdeyn özündən getdi. Onları ayıltdılar. Mən isə xoşbəxt idim...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.