"ÇELSI" – "QARABAĞ" OYUNUNA ƏN UCUZ BILET NƏ QƏDƏRDİR?

28-08-2017, 10:04           
"ÇELSI" – "QARABAĞ" OYUNUNA ƏN UCUZ BILET NƏ QƏDƏRDİR?
Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan “Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.
teref.az qol.az-a istinadən xəbər verir ki, İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla “Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi “Atletiko” və “Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq “Qarabağ”a rəqib olub…

– Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?

– Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.

Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. “Qarabağ” bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.

– Bəs, bir jurnalist kimi “Qarabağ”ın uzun illər yaşadığınız Londonun “Çelsi” klubu ilə rəqib olmasını necə qarşıladız?

– Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən “Qarabağ”a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl “Qarabağ”ı burada “Tottenhem”lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.

– İngilis mediasının “Qarabağ”a münasibəti necə oldu?

– İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun “Çelsi” futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.

– Bəs, yazılarda Qarabağın Azərbaycana məxsus ilə nəsə olmur?

– O qədər də yox. Sadəcə olaraq yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir

– İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?

– Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq…

– “Stemford Bridj”dəki ab-havanı necə təsvir edərsiniz?

– “Çelsi” Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan “Çelsi” hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, “Çelsi” azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, “Semfrd Bridc”dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.