“İnsanlar cinlərlə evlənərək çoxalıb” – Vasim Məmmədəliyev – Müsahibə

30-08-2017, 07:35           

“AZƏRBAYCANIN DİNİ DÖVLƏT OLMASINI İSTƏMƏRƏM”
Şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin Aznews.az-a müsahibəsi:
– Vasim müəllim, Ziya Bünyadov və siz Quranı tərcümə etmisiniz. Mətbuatda tərcüməni tez-tez tənqid edirlər. Deyirlər, xeyli nöqsanlar var. Adamlar çaş-baş qalır. Elələri də var ki, tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul edir.
– Mən Quranın tərcüməsi haqqında ön söz yazmışam. İddia etmirəm ki, tərcümə tam şəkildə nöqsansızdır. Məni öldürməyəcəksiniz ki…
– Yenidən tərcüməyə ehtiyac varmı?
– Yenidən tərcümə yox, amma düzəlişlərə ehtiyac var. Quran Allahu-təalanın ərəb dilində yaratdığı möcüzədir, Allahın ən gözəl kəlamıdır, adi əsər deyil. Quran sən tərəfdən, mən tərəfdən düzəldilməyib. Heç peyğəmbər tərəfindən də yazılmayıb. Sadəcə, Allahu-təala vəhy yolu ilə peyğəmbərə nəyi bildiribsə, həmin şeylər Quranda öz əksini tapıb. Elə adamlar olub ki, dini qəbul etmək istəməyiblər. Ancaq onlar Quran ayələri nazil olanda peyğəmbərin yanında olublar və qəbul ediblər. Şairlər vardı ki, Qurandan sonra şeirlərini oxumağa utanırdılar.
– Quranda belə bir yer var. Məsələn, Məsəd surəsində deyir ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Qiyamət günü ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşlər görəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin. Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır.
– Bəli, var.
– Tutalım, mənim övladım bu surəni oxuyur. Soruşmaz ki, ata, Əbu Ləhəb kimdir? Niyə onun haqqında belə surə gəlib? Niyə orada belə şeylər yazılıb? Amma VII əsr insanı bilirdi ki, Əbu Ləhəb kimdir və peyğəmbərə hansı zülmləri verib. Bəs günümüzün insanlarına bunu necə bilsinlər?
– Quranda şərhlər var. Tərcümənin özündə mötərizələrdə izahlar var, kitabın arxasında qeydlər var…
– Vallah, mən Quranı bir neçə dəfə oxumuşam, amma aydın olmayıb ki, Əbu Ləhəb kimdir… Siz deyin, o, kimdir?
– Əbu Ləhəb peyğəmbərin əmisidir. Peyğəmbərin ən doğma əmisi Əbu Talibdir. Yəni Əbu Taliblə Abdullah atadan da birdilər, anadan da. Qalan qardaşlar ögeydir, atadan birdilər, anadan ayrı.
– Bəs niyə Əbu Ləhəbə Quranda qarğış olunur?
– Çünki o, peyğəmbəri təhqir edirdi…
– Necə təhqir?
– Peyğəmbər namaz qılanda onun arxasına cürbəcür şeylər qoyurdu. Dəvənin içalatını qoyurdular, qarnını qoyurdular. Dəvənin filan-filan yerlərini kəsib peyğəmbərin arxasına qoyurdular. Qəsdən peyğəmbərə sataşırdılar.
– Niyə sataşırdılar, nə istəyirdilər?
– Peyğəmbər dini əvvəllər öz qohumları arasında təbliğ edirdi. O, Həzrəti Əliyə deyib ki, bir ziyafət düzəlt, qohumlarımı çağıracağam. Quranda da belə bir ayə gəlib ki, sən birinci ən yaxın qohumlarını xəbərdar et, onlara öyrət, sonra başqasına giriş. Ziyafətdə yaxşı çörək yeyəndən sonra peyğəmbər qalxıb deyib ki, mən yeni dinlə gəlmişəm… Bunu eşidən kimi Əbu Ləhəb qalxıb ayağa ki, buna görə bizi yeməyə çağırmısan? Nə din, nə filan. Bizim babalarımızın dini var. Hətta peyğəmbərə deyib ki, sənə ar olsun. Bu dinə ar olsun, bu din məhv olsun… Peyğəmbər bundan sonra deyib ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da…
– Doğrudan, qurudu onun əlləri?
– Hə…
– Əl necə quruyur ki?
– Əbu Ləhəb tualetdə oturduğu yerdə əlləri quruyub, eləcə qalıb yerdə. Sən Allahın dininə qarşı gedəndə, ağzına gələni deyəndə Allah da səni bu günə qoyacaq, bilmirdinmi? Əmisinin əlləri Peyğəmbərın öz duası ilə qurudu.
– Vasim müəllim, XXI əsrdə yaşayırıq. Hər gün dünya yenilənir, inkişaf edir, bir addım da qabağa atır. Sizin fikrinizcə, dünyanın sürətlə dəyişdiyi belə bir vaxtda İslam dininin qayda-qanunları ilə insanın rahat yaşaması mümkündürmü?
– Əlbəttə, mümkündür… İslam nə deyir ki? Deyir, namuslu ol, şərəfli ol, düzgün ol, öz əməyinlə dolan, başqasının qazancına göz dikmə, oğruluq etmə, əyrilik etmə, cəmiyyətə xeyirli bir insan ol…
– Axı islam daş-qalaq da deyir…
– Bir dəqiqə… İslam deyir, cəmiyyətdə qoyulmuş müəyyən qayda-qanunlarla yaşa, Allaha inan, bütlərə inanma… Bütlər kimdir, cansız bir varlıqdır. İnsan bütdən min dəfə, qat-qat yüksəkdə dayanır. Çünki Allahu-təala insana ağıl verib, şüur verib, nitq verib, düşünmək verib. Allahın ən kamil əsəri insandır.
– Bəs mələklər?
– Yeri gələndə insan mələkdən də üstündür.
– Nə üçün?
– Çünki mələkdə nəfs yoxdu. Mələk ancaq Allaha ibadət üçün yaradılıb. Ancaq Allah adama həm nəfs verib, həm də ruh verib. Xoş o insanın halına ki, nəfsi onun ruhuna qələbə çala bilmir. Əksinə, ruh nəfs üzərində qələbə çalıb onu özünə tabe edir.
– Niyə daş-qalaqdan danışmırsınız? Bir dinin adı əmin-amanlıq deməkdirsə, insanı öldür sözünü necə deyir?
– Müəyyən cinayət işləri görəndə onun cəzası da olmalıdır. Bu da cəzanın bir növüdür. Əvvəl zina məsələsində daş-qalaq yox idi, qırmanc vardı. Sonra peğəmbərin hədisi ilə daş-qalaq gəldi. Məsələn, biri oğurluq edib, onun əli kəsilməlidir də… İkinci dəfə oğurluq edəndə o biri əlini kəsirlər, özü də bir az yuxarıdan. Bu cəza növləri ərəblərdə əvvəldən də olub. Oğurluq edən, camaata mane olan, yol kəsən cəzalanmalıdır. Göz çıxaranın gözü çıxmalıdır, əl kəsənin əli kəsilməlidir. Bunlar olmalıdır. Olmasa cəmiyyəti idarə eləmək olmaz ki… Özü də bu qanunlar Quranda hökm kimi qoyulub.
– Azərbaycanın dini dövlət olmağını istərdinizmi?
– Yox, istəməzdim.
– Niyə?
– Azərbaycanı elə bu cür istəyərdim. Dünyəvi dövlət olsun, din də dövlətdən ayrı olsun. Azərbaycan sivil bir dövlətdir. Özünün konstitusiyası, qayda-qanunu var. Amma dini prinsipləri də həmişə uca tutur. Dünyəvi dövləti gətirib birdən-birə dini dövlət etmək nə dərəcədə məqsədəuyğundur? Dövlətimiz çox yaxşı dövlətdir.
– Sizcə, Quranı, İslamı müasirləşdirib bu günlə uyğunlaşdırmaq olarmı?
– Biz Quranı müasirləşdirə bilmərik, biz tətbiqi-nöqteyi nəzərdən nəsə edə bilərik. Quran Allah kəlamıdır. İslam səmavi dinlərin sonuncusudur. Biz onu nə dəyişə bilərik, nə əlavə edə bilərik, nə də ordan bir şey götürə bilərik… Quran peyğəmbərin sağlığında ağac qabıqlarına, dəriyə, sümüyə yazılıb. Allahu-təala nə lazımdırsa Quranda deyib, onu dəyişdirmək olmaz.
– Əvvəl qiblə Qüds olub…
– Bəli, elədir.
– Bəs sonra niyə Kəbə oldu?
– Çünki yəhudilər peyğəmbərə söz atırdılar ki, bu necə dindir ki, özünün qibləsi yoxdur. Deyirdilər, İslam yoxdur, bu, əslində, bizim dinimizdir, necə ki, qiblələri də bizim qiblədir. Peyğəmbər həmişə dua edirdi ki, ay Allah, mənə qiblə ver, öz qibləm olsun. Peyğəmbərin duası qəbul olundu, zöhr namazı vaxtı, elə namazın yarısında qiblə dəyişdi.
– Bəs yeni yaranan bir dinin niyə əvvəldən öz qibləsi olmasın ki? İslam dini yəhudilərin qibləsini necə qəbul edirdi?
– Yox, bu, heç də o demək deyil ki, İslam yəhudlilik dinidir. Allahu-təala məsləhət bildi ki, əvvəl Qüds, sonra Kəbə olsun. Həmişə peyğəmbər deyirdi ki, mənə babam İbrahimin qibləsini ver. Allah axırda peyğəmbərin sözünü eşitdi. Kəbə dünya üzərində ilk ibadədgahdır. Onu Həzrəti Adəm tikib. Sonra onu Nuh peyğəmbər bərpa edib. Hətta deyirlər, Kəbənin bir misli də göydə var. Yəni yerdə nə cür varsa eləcə də göydə var.
– Göydə Kəbə nəyə lazımdır ki?
– Allahın əmri ilə mələklər də orada ibadət edirlər.
– Sizcə, o dünya, ölümdən sonrakı həyat, cənnət-cəhənnəm yalnız insanlara aiddir, yoxsa digər canlılar da öləndən sonra o dünyaya düşür? Məsələn, toyda başı kəsilən dana da, qurbanlıq qoyun da, ovçu gülləsinə tuş gələn ceyran da cənnətə, yaxud cəhənnəmə gedir?
– Vallah, bu barədə düşünməyin elə bir əhəmiyyəti yoxdur. Çünki heyvanda ağıl-şüur yoxdur. Cənnət-cəhənnəm əsasən insanlar üçündür.
– Quranda konkret bu məsələ ilə bağlı nəsə varmı?
– Yox, mənə rast gəlməyib. İnsanlar əməllərinə görə cənnətə gedir. Heyvan şüursuz şeydir. Amma Allah insana ağıl verib, ona görə də insandan ağıl tələb edir. Əməllərinə görə onu ya cənnətlik edir, ya da cəhənnəmlik.
– Axı alimlər kəşf ediblər ki, heyvanların da şüuru mövcuddur. Hətta bəzi din alimləri də təsdiq edir ki, heyvanlarda da bizim təsəvvür etmədiyimiz məsuliyyət hissi var.
– Doğrudur. Amma heyvan heyvandır. Heyvan üçün müəyyən bir şeyi keçərlər, amma insan üçün keçməzlər. Çünki Allaha insana şüur, ağıl, zəka verib.
– Vasim müəllim, “qılınc müsəlmanı” ifadəsi nə deməkdir?
– Bu, boş sözdür. Məşhur şərqşünas Olyar var, o da deyir, bu ifadə mənasız şeydir. İslamda heç vaxt zor olmayıb. Təklif olub ki, gəl bu dinə. Gəlmirsən, onda cizyə, yəni dövlət səni, sənin azadlığını, canını, mal-dövlətini, şəxsiyyətini qoruduğuna görə can vergisi ver. O adamlar ki, nə vergi verib, nə İslamı qəbul edib, əksinə islama qarşı mübarizəyə başlayıblar, bəli, onlara qarşı böyük bir ordu vuruşub. Bu da təbiidir, başqa necə olmalıdır ki?
– Bəziləri yazır ki, VII əsrdə qılıncla insanları kütləvi şəkildə sünnət edirdilər… Ona görə qılınc müsəlman deyirlər.
– Ola bilər, deyirlər. Amma bu ifadəni İslamı nüfuzdan salmaq üçün istifadə edirlər. Yaxşı söz deyil.
– Qamət Süleymanov müsahibəsində atesitləri heyvanlarla müqayisə edib. Bu barədə siz nə düşünürsünüz?
– Bunu deyənlər Allahı yuxarı görənlər, əziz tutanlardır. Yəni atesitlər nə qədər şüursuzdur ki, dünyanı, kainatı idarə edən vahid bir qüvvənin olduğuna inanmırlar. Ola bilər atesitlərlə heyvanlarla məcazi mənada müqayisə olunub. Ancaq atesitlər də insandır. Atesit Allahı qəbul etmir, etməsin, vaxtı gələndə Allah onun cəzasını verəcək.

– Ümumiyyətlə, dinsiz yaşamaq olmazmı?
– Ateizim özü də bir dindir. Dinsizlik özü də dindir.
– Siz özünüz inanırsınız ki, Allah atesitlərin cəzasını verəcək?
– Vallah, mən Allahın yerinə hakimlik eləyə bilmərəm. Bəlkə Allah onları bağışlayacaq. Mən Sovet dövründə adamlar tanıyırdım ki, gündüzlər atezimindən mühazirə oxuyurdu, axşamlar da Allaha yalvarırdı ki, keç günahımdan. Beləsini yəqin Allah bağışlayar. Eləsi də var özü inanmır, başqalarını da inanmamağa məcbur edir, artıq onların işi Allaha qalıb.
– Məsələn, Nitşe, Freyd, Kant atesit olub. İndi onlar cəhənnəmdədir?
– Nitşe də, Freyd də, Kant da böyük adamlardır. Mən onların işinə qarışa bilmərəm. Onlar nəhəng şəxsiyyətlərdir, atesit olublar, öz işləridir. Hər halda onlar yəqin ki, belə şeyləri bizdən yaxşı biliblər. Qiyamət vaxtı Allah özü biləcək onları nə etsin. Amma mömin adamın cənnəti var, lap ibadəti az olub, amma imanlı adamı Allah öz dərgahına yaxınlaşdırır, öz mərhəmətini ondan əsirgəmir.
– Vasim müəllim, Quranda yazılıb ki, Allahdan qorx… Mən niyə Allahdan qorxum?
– Bəli, insanlarda Allah qorxusu olmalıdır. Biz hansısa bir işi görəndə birinci gözümüzün qabağına polis gəlir, yoxsa Allah gəlir? Fikirləşirik ki, görəsən, bu iş Allaha xoş gedər, yoxsa getməz? Quranda öldür sözü yoxdu. Birinci var ki, insanlar başa sal.
– Başa düşməyəni isə ölüdürmək lazımdır, eləmi?
– Yox, niyə öldürmək? Ona yaxşı öyüd-nəsihət vermək var.
– Öyüd-nəsihətdən də bir şey götürmədisə, öldürmək, hə?
– Sən niyə bayaqdan daş-qalaqdan yapışmısan? O, binamus işlər görənlər üçündür.
– Binamus işlər görənlər ölməlidir?
– İslam dininin yaxşı cəhətləri var. Bir daş-qalaq məsələsinə görə bu dini heç etmək olmaz ki… Fransada baltayla baş kəsirlər. Adam öldürmək orada da var. Elektrik cərəyanına verirlər, zəhər verirlər. O qədər ölüm növləri var ki… Guya insanlar Allahın bütün dediklərini edirlər? Allahın dediklərinə əməl etsəydilər, nə öldürülən olardı, nə asılan, nə də daş-qalaq olunan… Sən kimisə öldürmüsənsə aparıb sənə beş il iş verəcəklər. Sən də yatıb çıxacaqsan, vəssalam? Öldürmüsənsə gərək öləsən. Quranda da hökm var ki, nə etmisənsə onun qarşılığını almalısan.
– Niyə dünyada inkişaf etmiş bir İslam ölkəsi yoxdu?
– Niyə yoxdur ki…
– Məsələn…
– Azərbaycan.
– Axı Azərbaycan İslam ölkəsi deyil.
– Nə olsun, dinimiz ki İslamdır.
– Din deyir ki, qadınlar qara çarşaba bürünsün…
– Quranda var ki, qadının sifəti görünə bilər, bir də əlləri biləkdən aşağı görünə bilər. Qadının boynu, boğazı, böbəyinə qədər açıq olmaz. Bəzi alimlər deyir ki, ayağın üstü də görünməlidir. Qadının üzü və əli görünməlidir ki, tanıyasan. Bəlkə elə gələn bacındır?
– Hicab olmasa nə olar?
– Vallah, dinin hökmüdür, camaat da örtür. Mənə deyərələr ki, sən kimsən dinin adından danışırsan? Hicab dində var. Peyğəmbər o vaxt birinci öz arvadına deyib ki, qadınlar örtülsün.
– Niyə örtülsün? Əsas məqsəd nə olub?
– Cariyələr açıq-saçıq gəzəndə kişilər onlara staşırdılar. Peyğəmbər dedi ki, arvadın cariyədən fərqlənməsi üçün hicab olmalıdır. Amma cariyələrin çoxu elə o vaxtdan açıq gəzirdilər, kişilər də sataşırdı… Qadının ecazkarlığını, gözəlliyini qorumaq üçün hicab bir vasitədir.
– Dünyada ilk insan Adəm və Həvva olub. Bunların izdivacından iki uşaq yaranıb, qız və oğlan. Dörd nəfər oldular. Bəs sonra insanlar necə çoxaldı? Ata öz qızı ilə, ana da oğlu ilə?
– Bu məsələ haqqında müxtəlif rəvayətlər var. Birinci budur ki, Həvva doğanda iki-iki doğurmuş, bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş.
– Axı elm deyir, belə bir şey mümkün deyil…
– Deyirlər, o dövrün şəriətilə mümkünmüş. Bəziləri də deyir ki, insanlarla cinlərin qarışığından yaranıblar. Yəni insan cinlərlə evləniblər. Beləcə bəşəriyyət çoxalıb.
– İnsanla cin necə evlənə bilər ki?
– Axı cinlər istədikləri qiyafəyə girə bilirlər.
– Vasim müəllim, siz həmişə Allahdan, dindən, Qurandan, sufizimdən, ilahi eşqdən, Füzulidən danışırsınız… Amma həm də Vüqar Əhmədin yaradıcılığını tərifləyirsiniz. Bunu necə anlayaq? Adam həm ondan, həm bundan necə danışa bilir?
– Mən Füzulilə Vüqar Əhmədi müqayisə edirəm? Ümumiyyətlə, Füzuli ilə müqayisə olunası adam var? Vüqar bütövlükdə pis şair deyil, özü üçün yazır. Gəncdir, öz üzərində işləyir. Nəğməkar şairdir, onun şeirlərinə nə qədər mahnılar bəstələnib.
– Sizcə, heç kimin könlünü qırmamaq, xətrinə dəyməmək üçün pisə də yaxşı demək, yaxşıya da yaxşı demək necə bir əməldir?
– Ümumiyyətlə, mən insanları incitməyi sevmirəm. Mən ona nəsə dedim, ya demədim, bəs öz ağlına nə gəlib? Gedib özü fikirləşsin ki, o, nəyə layiqdir, nəyə layiq deyil.
Kəramət BÖYÜKÇÖL














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.