İsfəndiyar Vahabzadə: “...15 aydır işsizəm, bu yandan da deyirlər Bəxtiyar Vahabzadənin oğlu yağ-bal içində üzür”

7-04-2018, 09:25           
İsfəndiyar Vahabzadə: “...15 aydır işsizəm, bu yandan da deyirlər Bəxtiyar Vahabzadənin oğlu yağ-bal içində üzür”
“Hərbi zavodun açılışında Şahı 18 dəqiqə tərcümə elədim”

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu ilə kim həmsöhbət olmaq istəməz ki? Bu mənada Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə redaksiyamıza telefon açıb “Sizin qəzetə danışmaq istəyirəm” deyəndə bunu sürpriz zəng olaraq qəbul etdik. Çöl-bayıra çıxmaqla o qədər də arası olmayan İsfəndiyar müəllimlə elə şəhərin mərkəzindəki mənzilində görüşdük. Əslində atası haqqında yazılara cavab vermək üçün bizləri arayan bu zəngin, kəşməkəşli həyat yolu keçmiş həmsöhbətimizlə bundan sonra elə onun keçdiyi yoldan, hazırkı durumundan, ata-anası ilə bağlı xatirələrindən, işsizliyindən danışdıq.

(əvvəli ötən sayımızda)

- İsfəndiyar müəllim, mən belə düşünürəm ki, Bəxtiyar Vahabzadə Azərbaycanın milli dəyərimizə çevrildiyi üçün onunla neqativ fikirlərə cavabı Vahabzadə ailəsinin üzvləri, İsfəndiyar müəllim, yaxud Azər müəllim verməməlidir, burada cəmiyyətin mövqeyi olmalıdır. Çünki Bəxtiyar Vahabzadə bir ailəyə sığan adam deyil, razılaşırsınız?

- Mən cəmiyyətdən heç nə gözləmirəm (gülür). Üst-üstə 25 ildən artıq xarici ölkələrdə olmuşam. Amma həmişə ürəyim Azərbaycanla döyünüb. Mənimçün bir nömrəli kumir Anardır. Mən Anarın yaradıcılığı haqqında Belarus və Moldova universitetlərində mühazirələr də oxumuşam. Amma gündəmə gəlməkdən ötrü ağızlarına gələni yazırlarsa, bununla barışmaq olmaz.

- Dediyiniz kimi, artıq 15 aydır işsizsiniz. Elə isə nə işlə məşğul olursunuz?

- Qabaqlar hamı bədii ədəbiyyat oxuyurdu, sonra tarixi ədəbiyyat oxundu, sonra sənədli. Mənim zəngin kitabxanam var, ancaq siyasət aləmində ad çıxaran şəxsiyyətləri oxuyuram. Sosial şəbəkələrə demək olar ki, baxmıram. Çünki mənasız şeyləri yazan da çox olur. Demək olar ki, bütün günü kitab oxumaqla, idmanla məşğul oluram. Uzun müddət idmanla məşğul olmuşam.

- Hansı növü ilə?

- Qaydasız döyüşlə. Bu gün də məşğulam.



- Neçə yaşınız var?

- Neçə verərsiniz?

- 63.

- (Gülür) Bilirsiniz də. Amma həmişə formada olmağa çalışmışam. Maşın sürmürəm. Ümumiyyətlə, maşınım yoxdur, piyada gəzirəm. Həm də hər şey yaxındadır. Amma bütün günümü kitabla keçirirəm.

- Yaxşı da qələminiz var. Hazırda nə yazırsınız?

- Hərdən “525-də” çap olunuram, yəqin oradan oxumusunuz...Desəm, sizə qəribə gələr. O vaxt Əfqanıstandan qayıdandan sonra Bakı Şəhər Partiya Komitəsində işlədim, İcraiyyə Komitəsində sədr oldum. Sonra elə oldu ki, Xarici İşlər Nazirliyinə keçdim. Hələ sovet dövründə. Mən XİN-ə gələndə orda cəmi 9 nəfər işləyirdi. Bir-iki ay işlədikdən sonra Türkiyəyə, diplomatik təhsil almağa getdim. Çalışıram kölgə kimi görünüm, çox nəzərə çarpmayım.

- Təqaüd yaşı çatmayan təcrübəli diplomatın, hətta bu yaşında qaydasız döyüşlə də məşğul olan bir şəxsin ikinci ildir işsiz-gücsüz qalması - özü də yaxşı diplomata ehtiyac olduğu bir zamanda - təəccüblü deyilmi?

- Təəccüblüdür. Özü də çox. Bunu siz çox gözəl dediniz.

- Bəxtiyar Vahabzadənin oğlu olmağın da üstünlüyü var...

- Çox gözəl dediniz. Siz təsəvvür edin, idarəçilik, dövlətçilik çox ağır sahədir. Xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz. Mən İrana gedəndə Şah dövrü idi. Bizim zavodun açılışında Şahı 18 dəqiqə tərcümə elədim. 25 yaşım var idi. Sonra inqilab baş verdi...

Əfqanıstanda da çox çətin dövrdə işlədim, 1980-85-ci illərdə. Bütün bu təcrübələri toplayandan sonra mən gəldim Şəhər Partiya Komitəsində çalışdım, Ali Partiya Məktəbini, indiki İdarəetmə Akademiyasını bitirdim, özü də qırmızı diplomla. Türkiyədə təhsil alıb qayıdanda mən artıq diplomatiyanın cikini-bikini bilirdim. Özü də diplomatiya böyük sahədir. Sonra belə oldu ki, mən tam təsadüfən Mədəniyyət Nazirliyində Polad Bülbüloğlunun müavini işlədim. O zaman ulu öndərimiz dedi ki, İran, Əfqanıstan, Türkiyəni bilən bir mütəxəssis lazımdır. Vəfa Quluzadə dedi ki, Bəxtiyarın oğlu. Ulu öndər deyib ki, “dərhal gətirin”. Mən gəldim. Göndərdilər, getdim, Pakistanda fövqəladə və səlahiyyətli səfir işlədim. Sonra elə oldu ki, vaxtım bitdi, məni göndərdilər İsveçrəyə. İsveçrədən qayıdandan sonra burada, Diaspora Komitəsində sədr müavini işlədim. Artıq diaspor işini bilirdim. Daha sonra Moldovaya getdim, orada isə 6 il işlədim. Eyni gündə sərəncamla geri çağırıldım və elə həmin gün Belorusa səfir göndərildim. Belorusda həm səfir işlədim, həm də Azərbaycanın MDB-dəki səlahiyyətli nümayəndəsi oldum. Təsəvvür edirsinizmi mənim tərcümeyi-halım nə qədər mozaikalı gedir?

“Bunu Azərbaycanda bir, ya da iki adam bilir”
- Həqiqətən də maraqlıdır. Tam fərqli ölkələr, fərqli mühitlərdir.

- Təcrübə nəzərə alınıb da.

- Bütün bunların sonunda işsizlik.

- Bəli, işsizlik.

- Qayıdandan sonra nazir Elmar Məmmədyarovla görüşmüsünüzmü?

- Yox. Axı mən XİN-dən yox, Diaspora Komitəsinin sədr müavinliyindən getmişəm. Yəni bir növ Məmmədyarova tabeçiliyim yoxdur. Cənab prezident məni təyin edir, sərəncamla da geri çağırır. Diaspora Komitəsində sədr müavini olanda da, təyinat alanda da, geri çağırılanda da bu, sərəncamla olub.

- İşsiz qaldığınız bu dövrdə dövlətdən hər hansı təminatınız olmayıbmı?

- Xeyr. Hələ təqaüd yaşım çatmır. Təsəvvür edin ki, elmlər doktoru, professor, İran inqilabının, Əfqanıstan müharibəsinin iştirakçısı, 4 ölkədə səfir, Səbayel rayon İcraiyyə Komitəsində sədr - o vaxt “26-lar” idi - iki nazirlikdə müavin, sonra da gəl, otur işsiz...

- Yəni Əfqanıstan müharibəsinin iştirakçısı kimi də təqaüd almırsınız?

- Xeyr. Bu yandan da deyirlər Bəxtiyar Vahabzadənin oğlu yağ-bal içində üzür.

- Azər Vahabzadə təqaüddədir, eləmi?

- Bəli. O, məndən 3 yaş kiçikdir. Amma prokurorluq sistemində təqaüdə bir az tez çıxırlar.

- Bayaq nə yazdığınızı soruşmuşdum...

- Mən 3 kitab, üstəlik, 4 elmi monoqrafiyanın müəllifiyəm. Əfqanıstandan qayıdandan sonra demək olar ki, bütün gecələri işləyirəm. Süleyman Rüstəmdən yazmışam. O da çox qəribə oldu. Material gətirmişdim və üzərində işləyirdim. Mənim mövzumun adı “Cənubi Azərbaycanda inqilabi azadlıq hərəkatının bədii nəsrdə inikası” idi. Dedilər ad yaxşı səslənmir. Dəyişdim, elədim “Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu”. Bu mövzunu müdafiə elədim. Elmi rəhbərim də rəhmətlik Yaşar Qarayev idi. Əfqanıstana gedəndən sonra isə oraya apardığım materialları işləyirdim: “Məhəmməd Hadi və 20-ci əsr Azərbaycan romantizmi”. Bu, çox ağır mövzudur. Mənim elmi məsləhətçim rəhmətlik Məmmədcəfər Cəfərov olub. Müdafiə elədim. Sonra harda işləmişəmsə, gedib dərs deyirdim. Namizədliyə görə 255 saat, doktorluğa görə 500 saat dərs deməlisən. Bütün günü çalışırdım, gecələr mühazirələrimi hazırlayırdım. Kitablarım var, bitirmişəm də, saxlamışam da. Atamla bağlı olan “Səfirin gündəliyi” adlı silsilə yazılar çıxdı. Atam rəhmətə gedəndən sonra silsilə yazılar yazdım. İndi bütün bunları saxlamışam, bir yazı üzərində işləyirəm: “İrandan başlanan yol”.

- Yəqin həyat yolunuzdan bəhs olunur...

- Demək, 21 yaşında İrana getmişəm. 1976-cı ildə İran şahının qılıncının dalı-qabağı kəsən vaxtlar idi. Bütün bu inqilabı, Şahın qaçmasına qədər, baş nazir Doktor Şapur Bəxtiyarın taxta oturması və qaçmasına qədər, sonra Xomeyninin gəlməsinə, bizi qovmasına qədər hamısı orda əks olunacaq. Bunlar mənim gözümün qabağında baş verib... Demək olar ki, bunları Azərbaycanda bir, ya iki adam bilir, İran inqilabının canlı şahidi mənəm. Sonra artıq Moskvada da məni tanıyırdılar və Əfqanıstana çağırdılar. Əfqanıstana gedəndə ay yarım idi evli idim. Təsəvvür edin ki, o dövrdə Əfqanıstana gedən 100 nəfərdən 20-si sağ qayıtmırdı, o dövrdə mən orada oldum.

- İranda, hərbi zavodda işləmək təşəbbüsü kimdən gəlmişdi? “KQB”dən?

- Yox. Mən “KQB” məktəbini bitirməmişəm. 75-76-cı illərdə bizi Moskvaya çağırmışdılar. Mənim nitqim, yəni qüsursuz farsca, Tehran ləhcəsində danışmağım bunları cəlb elədi. Belə oldu ki, göndərdilər, getdim İranda işlədim. Orada tərcüməçi ehtiyacı var idi. Bizimlə gedənlər içərisində mülki də var idi, mənsə hərbiyə düşmüşdüm. Fars və rus dillərindən tərcümə edirdim. Azərbaycan dilində təhsil alan gərək rus dilini o səviyyədə bilsin ki, yuxarı dairələrdə tərcümə etmək iqtidarına malik olsun. Mən 1977-78-ci illərdə əvvəl Tehranda işlədim, sonra Əhvazda, daha sonra yenə Tehrana qayıtdım, ardınca da Məşhədə getdim. Bizim zavodun açılışına Rza Şah da gəlmişdi. Mən onu tərcümə elədim. Daha doğrusu, dəzgahları bir-bir göstərirdim. Hərbi təyinatlı bu zavodu ruslar qurmuşdular. 18 dəqiqə fasiləsiz danışdım. Mənim də sinəmdə yarlıq asılmışdı. Yazılmışdı: İsfəndiyar Vahabzadə. Şah baxdı, soruşdu ki, rus dilini harada öyrənmisən? Dedim bənde əhli-Şuravi həstəm. Yəni mən Sovet İttifaqından gəlmişəm. Bir də baxdı ki, familiyam fars familiyası, adım da fars adı. “Xob” dedi.



- Şahın devrilməsini necə xatırlayırsınız?

- Şah 1979-cu il yanvarın 16-sında televiziyada çıxış etdi. Orda bir söz dedi ki, “İran mərizəst, Şahənşah həm mərizəst”. Yəni “İran xəstədir, Şah da xəstədir”. Dedi mən gedirəm müalicəyə. O vaxt Fərid Seyfülmilkov adlı jurnalist var idi. Mənə dedi gəlirəm, çıx evin qabağına. Görüşdük, dedi ki, sabah Şah gedir, hərbçiləri də aeroporta buraxırlar, kömək elə, onun şəklini çəkim. Elə oldu ki, biz çətinliklə içəri girə bildik. Çox yaxınlaşmağa qoymurdular. 50-60 metr kənarda dayanmışdıq. Bir gənc əsgər qaçaraq gəldi, özünü atdı Şahın ayaqlarına ki, “Şahənşah, bizi qoyub hara gedirsən?” O, bunu qaldırdı, dedi gedib yenə qayıdasıyam.

- Yəni artıq Rza Məhəmməd Şah Pəhləvi İranı tərk edir?

- Bəli, artıq Şah qaçır. Hamısı gedirlər. Həmçinin bütün sovet, Amerika mütəxəssisləri qaçırdı. Bircə biz, hərbi zavoddakı 61 nəfər qalmışıq. İçərilərində ən cavanı da mənəm, 26 yaşım var idi. Can şirin şeydir, hamı başının hayındadır. Taleyimiz necə olacaq, heç kim bir söz demir...

- Bakı ilə, Bəxtiyar müəllimlə əlaqə yarada bilirdinizmi?

- Bəxtiyar müəllim hər iki aydan, ay yarımdan bir zəng edirdi. İndiki kimi rahat deyildi axı. Sifariş verirdilər. Atam zəng etdi, calaşdırdılar. Dedim, ay ata, ola bilsin gəmi ilə bir həftəyə gəldim. Bütün şəhər od tutub yanırdı. Telefonda qırıq-qırıq səslər gəldi, danışmağa da imkan vermirdilər. Lakin elə oldu ki, gələ bilmədim. Biz 61 nəfər Tehranda qaldığımız yerdən başqa yerə köçdük. Mən də uzun saqqal saxlamışam, başımı da dibindən qırxdırmışdım ki, tanınmayım. Növbəti dəfə atam zəng edir, deyirlər belə bir adam yoxdur burada. Gündə də bir xəbər gəlir ki, biri öldü, biri qaçdı... Mən də xəbərsiz-ətərsiz İranı tərk elədim. Günün birində, 3-4 aydan sonra İrandan qovulduq Moskvaya, atama da zəng eləmədim. Təsəvvür edin, İrandan çıxmağa iki gün qalmış məlum oldu ki, həmin 61 nəfərin hamısı gözəl, ləhcəsiz farsca bilirmiş. Amma bilindirməyiblər. Mən də onlara tərcüməçilik edirəmmiş (gülür). Adam iki şeydə çaşır. “Mənim saatım evdə qalıb, indi saat neçədir?” O halda adam istər-istəməz qol saatına baxır. Bir də havanı soruşanda ixtiyarsız havaya baxırsan. Hə, onu da deyim. Mənə dedilər ki, sabah yox, birigün sən də gedirsən Ənzəliyə, oradan gedəcəksən evə. Onda limanın adı Pəhləvi idi. Elə oldu ki, hamını göndərdilər, mən qaldım. Soruşdular Vahabzadə kimdir? Dedim mən. Dedilər sən gedə bilməzsən Ənzəliyə. Səbəbi məlumdur. Azərbaycanlıyam və Azərbaycana gedə bilmərəm.

- Nəhayət, gəldiniz Bakıya. İlk dəfə kiminlə görüşdünüz?

(davamı gələn sayımızda)

Elşad PAŞASOY,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.