Bu nisbət, bu ölçü Azərbaycan üçün keçərli deyil...
8-04-2018, 11:25
“Şeiri yazıb insanların arxasıyca düşmək yox, onları izləmək lazımdır”
Telqraf.com gənc şair Ruzbeh Məmmədlə müsahibəni təqdim edir:
- Müasir dövrümüzdə çoxlu şeirlər yazılır. Həmin şeirlərin bir çoxu klassik ənənələrdən uzaq yazılan şeirlərdir. Klassik və modern şeirlərin oxucularından söhbət açardınız.
- Bu gün şeir yazanlar çoxdur. İndi bütün yazılanları da şeir hesab etmək olarmı? Əlbəttə ki, yox! Müasir dövrdə şeir yazanların əksər hissəsi özü üçün yazıb, özü üçün oxuyanlardır. Onların yazdıqlarını heç vəchlə şeir kimi qəbul etmək olmaz. Ədəbiyyata yaxın adam kimi deyə bilərəm ki, dünyada ən az şairlərdir. Latın Amerikasından tutmuş, Fransa, Almaniya, Rusiya, bütün bu kimi ölkələrin ədəbiyyatı ilə tanış olanda görürsən ki, yazıçılar çoxluq təşkil edir, şairlər isə azdır. Bu nisbət, bu ölçü Azərbaycan üçün keçərli deyil. Çünki bizdə bunun əlksinədir. Şairlər nə qədər desən var. Yaxşı, yap is. Əsas odur yazırlar. Özü də hər nə gəldi. Sizin klassik ənənələr dediyinizdə yəqin ki, qoşma, gəraylı, təcnis nəzərdə tutursunuz. Ancaq birmənalı şəkildə şeiri çərçivəyə salmaq olmaz. Bu şeir başıbağlıdır, o biri yox. Bu millidir, o yox. Şeir azad fikrin təzahür formasıdır. Sözlə deyilə bilməyəcək, ifadə edilə bilməyəcək düşüncə şeirə çevriləndə daha mənalı, daha düzgün çatdırılır. Şeir həm də intim prosesidir. Onu yaşamasan o şeir hardasa soyuq və hissiyatsız olacaq. Dodaq ona toxunsa belə hiss etməyəcək. Bu gün isə hələ də cəmiyyətdə keçmişə bağlılıq adlandırdıqları düşüncə var. Hamı istəyir ki, şeirdə bir toy havası olsun. Şeirdə çalıb oynamaq olsun. Mən heç kimi qınamıram, sadəcə baxış acımız elə formalaşıb. Beş-on il öncə ümümiyyətlə bir az modern şeirlər tənqid olunurdu, hətta söz yığını, mifik düşüncə adlandırılırdı. İndi isə yavaş-yavaş bu xaos itib getməkdədir.
- Oxucuya şeiri sevdirən nədir?
- Oxucuya şeir sevdirmək... Heç bir insanın yaxasından tutub demək olmaz ki, sən şeiri sev və oxu. Hər vaxta şeirə maraq olub, olacaq da. Poetik, həssas insanlar şeiri onsuz da oxuyurlar. Bunu topluma çevirmək də lazım deyil. Buraxmaq lazımdır ki, insanlar özləri düşünsün. Şeiri yazıb insanların arxasıyca düşmək yox, onları izləmək lazımdır. Yaxşı yazılmış şeiri sevdirmək üçün ən yaxşı vasitə o şeirlə oxucunu baş-başa buraxmaq lazımdır.
- Maraqlıdır, günümüzün oxucusu hansı şeirlərə üstünlük verir və şairlər öz əsərlərini yaradarkən bu təlabatı nəzərə alırlar?
- Bəzən çox gözəl, içini parçalayacaq bir şeir yazıb sosial şəbəkədə paylaşırsan. Baxırsan ki, heç bir reaksiya yoxdur. Onu düşünüb adi bir restoranda tamadanı nəzərə alıb “çığır-bağırla” dolu bir şeir yazırsan. Bu isə daha çox insanları özünə çəkə bilir, reaksiya fərqli olur. Elə bunları nəzərə alanda deyə bilərəm ki, bu gün şeirə olan maraq çox da elə dəyişilməyib. Biz nə qədər yazırıqsa yazaq, elə bizim adları çəkilən, “günümüzdə o şairlərdən yoxdur, indikilər onlar kimi yaza bilmirlər”, - deyəcəklər. Hər bir şairin yeni ədəbiyyatdan xəbəri olmalıdır, ona uyğun da yazmalıdır. Yox, əgər mən elə dədə Ələsgəri oxuyub, onu yazacağamsa, bu, şeir olmayacaq. Ədəbiyyatla vaxt keçirməkdir bu. Biz keçmiş ədəbiyyatımızı oxumalıyıq, hətta sevməliyik. Ancaq onlar belə yazır, biz də onlar kimi yazaq kimi düşüncələr yanlışdır.
- Sizin bu yaxınlarda şeirlər kitabınız çap olundu. Kitabınızın ərsəyə gəlməsindən söhbət açardız.
- Ən sonuncu kitabım ”365 gün” 2014-cü ildə çap olunmuşdu. Aradan çox qısa bir vaxt keçməsinə baxmayaraq, topladığım şeirləri kitablaşdırmaq istədim. Şeir yazırdım, ona yenidən qayıdıb baxanda xoşuma gəlmirdi, silirdim. Beləliklə silib-silib heçə endirməkdən qorxub, qalanlarını özümdən uzaq tutdum, hətta oxumadım da. Bizim yaxın, əziz dostumuz “Parlaq imzalar nəşriyyatı”nın direktoru Nurman Tariqlə bu haqda söhbətləşdik. Ona vəziyyəti danışdım və bəlkə kitabı sizin nəşriyyatda çap edək dedim... Razılaşdı, ancaq bu nəşriyyatda hər şeirlərin çap olunmadığını, ona görə də şeirləri oxuyacaqlarını bildirdi. Mən də elə yığıb ona göndərdim. Çox sağ olsun nəşriyyatın direktoru Nurman qardaşımız, kitabın redaktoru şair Azər Elşadoğlu və yazıçı Amin Sükut oxuyub məni nəşriyyata dəvət etdilər. Kitabı “Parlaq imzalar” seriyasında çap edəcəklərini və bəzi düzəlişlərin olunacağını bildirdilər. Mən də razılaşdım və gözəl bir kitab ərsəyə gəldi. Əsas türk sözlərini, çox işlənmiş ifadələri kitabda gedən şeirlərdən azad elədik. Kitabda yazılan şeirlər haqqında mən fikir bildirə bilmərəm. Az vaxt da olsa təriflər alıram. Bu, təkcə mənim yox, həm də nəşriyyatın uğurudur. Əziyyəti olanlar sağ olsunlar.
- Hazırda gənclərimiz poeziyanın ən geniş həcmli sahəsi olan poemalar niyə yazmırlar? Axı poemalar cəmiyyətdə şairləri daha çox tanıdır, daha çox sevdirir.
- İnformasiya bolluğu, İKT-yə keçid kitaba olan marağı da azaldır. Bu mənim fikrim deyil ki... Görünən dağa bələdçi lazım deyil. Belə bir vaxtda uzun bir şeir yazıb maraq yaratmaq olmaz. Poema yazılar, bunu yazacaq qədər istedadlı şairlərimiz var. Ancaq bir düşünün, poema yazılıb ortaya qoyuldu lap, kim bəh-bəhlə oxuyacaq? Lap xərc qoyub kitab da çap etdirdi, kimsə maraq göstərəcək? Ona görə də şairlər poema yazmaqdan uzaq qaçırlar. Mənim bəlkə xəbərim yoxdur, ola bilsin hər şeyi gözə alıb yazanlar var. Son dövrün tanınmış imzalarından poema yazanlar mənim qarşıma çıxmayıb.
- Cəmiyyətdə hazırda “ədəbiyyat insanı” sözündən çox istifadə edirlər. Həqiqətən bu ifadə çox maraqlıdır. Bu gün siz “ədəbiyyat insanı” dedikdə kimləri nəzərdə tutursuz?
- Ədəbiyyat haqqında çox ifadələr işlədilib. Ancaq mənim daha çox xoşuma gələn Frans Kafkanın bu sətirləridir: “Ədəbiyyata aid olmayan hər şey məni iyrəndirir…” Ədəbiyyata olan sevgi, maraq içdən gəlməlidir. Mənimlə orta məktəbdə oxuyan sinif yoldaşlarım ədəbiyyat oxumurdular. Onların bir neçəsinin valideyni pul verəcəklərini deyib, şeir əzbərlətdirirdilər. Bu, uşaqlıq idi. Böyük adamlara “al bu pulu, Nazim Hikməti, Nerudanı, Əli Kərimi oxu” demək olmaz ki... Bu şeir, bu ədəbiyyat içdən gəlməlidi. Elə düşünün ki, siz bir yeməyi sevirsiniz və onu hər dəfəsində doya-doya ağız dadıyla yeyirsiniz. Əgər ədəbiyyata yaxınsınızsa, içinizdə sevginiz, həssaslığınız varsa, eləcə oxuyanda da, yazanda da, eyni hissləri yaşayacaqsınız. Ancaq həyat ədəbiyyatdan ibarət deyil. Belə olsaydı, həyat monoton olardı, bu isə işgəncəyə, insanların xudbinləşməsinə səbəb olardı. Ədəbiyyat iş deyil. Sadəcə həssaslıqdı, rahatlıqdı. İş öncəsi, iş sonrası bir əsər oxumaq bütün müalicələrdən, həblərdən üstündür. Mənim üçün ədəbiyyat insanı olmaq deyə bir anlayış yoxdur. Səhər durub işə yollanıb, yolda kitab oxumaq deyə bir vərdişim var. İşə çatanda mən özümü şair kimi yox, adi, sıradan işçi kimi aparıram. Məsələn, mənim işlədiyim müəssisədə uzun müddətdən sonra bildilər ki, şeir yazıram, kitablarım var. İndi mən ədəbiyyat adamıyam deyə hamıya “mən şairəm, ədəbiyyatı sevirəm” deməyə nə ehtiyac? Bu ədəbiyyat deyilən bir şey insanın içində səssiz bir yerdə olmalıdır. Qışqır-bağıra saldın ki, eqoistlik yaradacaq. Ancaq hardasa eşidib biləndə ki, mən şairəm, orada hörmət görmüşəm. Yəqin ədəbiyyat adamı olmaq bu deməkdir. Bilirəm çox xudbin səsləndi.