Ekspert “Ortaq türk tarixi”nə qarşı çıxdı: Tədris edilməsin!

8-04-2018, 20:43           

Artıq bir neçə gündür ki, orta məktəblərdə yeni fənn - "Ortaq türk tarixi" dərsinin tədrisi məsələsi gündəmdədir və növbəti tədris ilindən bunun fakultətiv fənn kimi keçrilməsi nəzərdə tutulur.

Həmin kitabın ortaq türk tarixində türk xalqlarının qədim, orta əsr dövr tarixinə bütün türk dünyası üçün qəbul edilən bir baxış konsepsiyasında yazılacağı deyilir. Kitab tarixin XV əsrə qədərki dövrünü əhatə edəcək.

Məsələ ilə bağlı Kult.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamaları, sağlam əlaqələr qurması üçün vacib amildir:

"Amma hesab edirəm ki, bu dərsliyin yazılması, istifadəyə verilməsi bir sıra ciddi problemlər yarada bilər. Hər şeydən əvvəl türk xalqlarının tarixi və qarşılıqlı münasibətləri heç də həmişə hamar, ütülü olmayıb, enişli-yoxuşlu proseslər baş verib. Tarixin XX əsrə qədər olan dövrlərində türk dövlətləri bir-biriləri ilə müharibələr aparıblar”.

Ekspert qeyd edib ki, bu faktların yenidən işıqlandırılması türk dövlətləri arasında yaranmış xoş münasibətə xələl gətirə bilər:

"Müstəqillik bərpa edildikdən sonra türk dünyası tarixi istər orta, istərsə də ali məktəblərdə keçirilir. Orta məktəblərdə istifadə olunan tarix dərsliklərində geniş şəkildə türk dünyasının bütün dövlətləri ayrıca olaraq tədris olunur. Ali məktəblərdə bu istiqamətdə kafedralar da yaradılıb. Hətta universitetlərdə ayrıca dissertasiyalar yazılır. Azərbaycan türk dünyasının tərkib hissəsi kimi digər türk dövlətlərinə geniş şəkildə yer və önəm verir. Amma digər türkdilli dövlətlərdə, elə Türkiyə Cümhuriyyətinin özündə bu məsələ hələ yox dərəcəsindədir. Biz onlar haqqında - tarixləri, ədəbiyyatları, mədəniyyətləri barəsində kifayət qədər dərsliklərimizdə, tədris proqramımızda yer ayırsaq da, onlarda bu tədris yoxdur. Heç bir türk ölkəsinin tarix dərsliyində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında geniş məlumat əks olunmayıb. Bizim dərsliklər isə kifayət qədər informasiya yükünə malikdir".

Ekspert vurğulayıb ki, ölkəmiz tolerant bir ölkə kimi bütün dinlərlə, millətlərə bərabər imkanlar yaradır:

"Düzdür, bir kökdən, bir dilə mənsub olan xalqların etnik, mədəniyyət, tarix birliyindən eyni dərəcədə xəbərdar olmasına, digər tərəfdən keçmiş tarixin elə bir şəkildə təqdimatına ehtiyac var ki, bu xalqlar bir-birinə daha yaxın olsun, eyni ortaq mədəniyyətin sahibləri olduqlarını bilsinlər. Lakin burda başqa bir problem də ortaya çıxır. Belə ki, türk dünyası irili-xırdalı 120-yə yaxın dövləti əhatə edir. Bunların ortaq dərsliyi necə, hansı həcmdə ola bilər? Çünki həcm etibarilə o qədər materialı yerləşdirmək mümkün olmayacaq. Ona görə də kitabda əsas faktlar kölgədə qala bilər, ziddiyətli məqamlar verilə bilər.

Böyük türk dövlətləri var. Ona görə də bu, əsaslı yox, sadəcə, məlumatverici dərslik ola bilər ki, onsuz da bizim dərsliklərdə kifayət qədər məlumatlar verilir. Düşünmək olar ki, belə bir dərslik türk xalqlarının bir-birinə nə qədər yaxın olduqlarını, ortaq dəyərlərinin olmasını anladacaqdır. Amma faydasından daha çox ziyanı ola bilər".

Qeyd edək ki, Türkiyədə “Ortaq türk tarixi”nin tədrisi ilə bağlı pilot layihənin artıq fəaliyyətə başladığı haqda məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.