İsfəndiyar Vahabzadə: “Əfqanıstanda əsir götürdüyümüz adam illər sonra Bakıda qarşıma çıxdı”

10-04-2018, 09:46           
İsfəndiyar Vahabzadə: “Əfqanıstanda əsir götürdüyümüz adam illər sonra Bakıda qarşıma çıxdı”
“Qardaşım Azərin harada prokuror işləməyindən xəbərim olmayıb”


Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin “Yeni Müsavat”a verdiyi geniş müsahibənin üçüncü hissəsini təqdim edirik. Həmsöhbətimiz budəfəki bölümdə olduqca ilginc, “film kimi” xatirələrini bölüşüb.



(əvvəli ötən saylarımızda)
- İsfəndiyar müəllim, belə demək olarmı ki, qardaşınız Azər Vahabzadə sizə nisbətən daha şanslı olub?

- Sizə bir söz deyim, mənim həyatım hamar olmayıb, heç nə mənə sinidə gəlməyib. Hətta yükdaşıyan da işləmişəm. Atamdan bir qara qəpik pul almamışam. Həm də dediyim kimi, mən bir az qapalı adamam. Azəri axırıncı dəfə anamın 40-da, ondan əvvəl hüzüründə gördüm. Bundan da qabaq bir il idi görmürdüm.

- Niyə?

- Mən adətən telefonları söndürürəm. Bütün günü yazı-pozu ilə məşğul oluram. Azər qardaşımdır, amma mənim də təbiətim belədir...

- Rəhmətlik ananızın da 40-ı yeni çıxıb.

- Bəli, aprelin 1-də. Ümumiyyətlə, mən içimə qapanmış adamam. Düzdür, dərhal təmasa girirəm, danışıram, söhbətciləm. Amma bəzən də ünsiyyətdən qaçıram. İndi o cavanlar yazır e... Mən onlar yaşda olanda İranda inqilab, Əfqanıstanda müharibə görüb gəlmişdim, sonra gənc yaşlarımda elmlər namizədi, elmlər doktoru adını almışdım. Həmişə də çalışmışam ki, nəzərə çarpmayım. Mən heç vaxt onlar kimi (atasının əleyhinə yazı yazanları nəzərdə tutur-red.) cükküldəmirdim.

- Gəldiyim qənaət budur ki, həyatınız qəribəliklərlə doludur. Belə qəribəliklərin başqaları da var?

- Bilirsiniz, dünya çox kiçikdir. Mən Pakistanda olanda yaşadığım evi bir nəfər rəngləyirdi, gördüm bu, Əfqanıstanda mənim qonşum olub. İsveçrədə olanda isə gördüm ki, vaxtilə bizimlə işləyən Süleymani adlı birisi. Əslən iranlı idi. Görüşdük, danışdıq. Azərbaycanda ikinci mənim kimisi yoxdur ki, 4 ölkədə səfir işləsin. Üst-üstə də 7 ölkədə çalışmışam. Yəni dünyanı gəzə-gəzə yox, görə-görə gəlirəm. Belarusda olanda çox qəribə hadisə oldu. Dükanın qabağında dayanmışam, bayraqlı maşındır. Siqaret çəkirdim, gördüm bir yükdaşıyan gedə-gedə mənə baxır. Yükünü qoydu, yaxınlaşdı. Özü də mənə Vahabzadə yox, “Vaqabadze” deyirdilər, gürcü familiyası ilə. “Starşiy leytenant Vaqabadze?” Əvvəl tanımadım. Qayıtdı ki, “Ya Syoma”. Tanıdım. Mən baş leytenant olanda bu da baş çavuş idi. Görüşdük. Dedim, ilahi-pərvərdigarə, sən fikir ver, haradan-haraya? Əfqanıstanda bir yerdə döyüşmüşük, indi Belarusda görüşürük... Bir hadisə də olub. Əfqanıstanda Rəsul adında biri var idi. Əhməd Şah Məsudun dəstəsində vuruşurdu. Onu zülümlə əsir tutmuşduq. Tərcüməçi də mən idim. Çox qəribə bir hadisə oldu. 15 gündür zindanda yatır, günlərin bir günü gördük çərçivəni aralayıb, qaçıb, dəmirlərin arasında da bir ovuc əti qalıb. Sürünə-sürünə çıxıb aradan. Rus əsgərləri həmişə içirdilər axı... Bu da istifadə edib. Həmin hadisənin üstündən 18 il ötmüşdü... “Nizami” kinoteatrının yanından gəlirdim. Baxdım ki, bir nəfər... “Rəsul?!” Bir anlıq özünü itirdi, qayıtdı ki, “tərcüman-sahib?” Yəni tərcüməçi ağa? Dedim, hə. “Rəsul, sən hara, bura hara?” Danışdı. Əfqanlar gəlmişdilər axı Qarabağda döyüşməyə, o da qoşulub, gəlib. Daha soruşmadım ki, sən necə oldu o vaxt qaçdın. Soruşdum çoxdan buradasan? Dedi, 2-3 aydır. Yaxşı, sağ ol. Daha qarşılaşmadıq. Deməli, 1980-85-ci illərdə Əfqanıstanda əsir götürdüyümüz adam üstündən illər keçəndən sonra Bakıda qarşıma çıxdı. Bir vaxtlar mən ona qarşı döyüşürdüm, zaman keçdi, o gəlib burda bizim tərəfimizdən ermənilərə qarşı döyüşdü.

“Atamı rentgen edən qızın ürəyi xarab olub ki, ”bunun ürəyi yoxdur", deyib, ay qızım, mənim ürəyim sağdadır"
- Əslində bir filmin süjet xətti ola bilərdi. Buna bənzər bir filmə baxmışam, amma orada tərcüməçi əsirlərə verilən işgəncə prosesində iştirak edirdi...

- “Polkovnik Matveykin”də mən bunu yazmışam. Çox qəribədir, vaxtilə gördüklərim zaman keçir, yenə qarşıma çıxır.

- Diplomatlardan kimlərlə ünsiyyətiniz olur?

- Dünya ölkələrindəki çox diplomatlarla əlaqəm var. Hərdən görürsən ad günlərində zəng edirlər. Amma təmasa çox üstünlük vermirəm. Mən avqustun 4-ü anadan olmuşam. Ayın 2-dən 10-na qədər telefonu ayırıram (gülür). Onun da səbəbi var. Atam avqustun 16-da, mən 4-də anadan olmuşam. Ona həmişə deyirdim ki, mən səndən 12 gün böyüyəm. İndi görürəm ki, məni təbrik edirlər, atamı yox... Atamın qardaşı İsfəndiyar da avqustun 4-də anadan olub, mənimlə eyni gündə. Atam həmişə deyirdi ki, sən mənim həm də qardaşımsan. Ona görə istəmirəm ki, məni təbrik eləsinlər. Atamın “416-cı Taqanroq” diviziyası haqqında poeması var. Orada yazır ki, “İsfəndiyar, sənə verdim qardaşımın adını mən,

Sən mənimçün qardaşımın əvəzisən..."

Amma açıq deyim, heç vaxt ona qardaş əvəzi ola bilmədim. Yanında ola bilmədim... Hansı ki, məni Bakı ilə ən çox atam bağlayırdı. Nə isə...

- Heç Şəkiyə gedirsiniz?

- Yox. 2005-ci ildən bu yana getməmişəm.

- Ata yurdu üçün darıxmırsınız?

- Yox.

- Amma rəhmətlik Bəxtiyar müəllim Şəkiyə bağlı insan idi.

- Hə. May ayından gedərdi, sentyabradək. Mən isə Şəkiyə gedəndə iki gündən artıq qala bilmirdim. Havası mənə düşmür, allergiya oluram. Heç atamın buradakı evinə də getmirəm, yoxluğu ilə barışmaq istəmirəm. Dediyim kimi, məni bura çəkən atam idi.

- Bəs ananız?

- Atam rəhmətə gedəndən 5-6 il sonra anam Şəkiyə getdi, orada yaşadı. Anam Şəkiyə bağlı insan idi. Şəkidə ikimərtəbəli çox gözəl evimiz var. Bu gün-sabah atamın ata evində ev muzeyi açılmalıdır. Dediyim kimi, mən atama çox bağlı olmuşam, ona ilahi qüvvə kimi baxmışam. Bu, ata-oğul münasibəti olmayıb, mən ona baxıb səcdə eləmişəm. Pakistanda olanda məndə ağır xəstəlik tapmışdılar, dedilər xərçəngdir. Gülürdüm, inanmırdım ki, yox e, atam qoymaz məndə xərçəng xəstəliyi olsun. Sonradan yanlış diaqnoz qoyulduğu təsdiqləndi. Vaqif Səmədoğlunun bir şeiri var e...



“Atamı səslədim dara düşəndə, Gördüm ki, arada qəbir dayanıb..."

Ancaq mən atamın sözükeçərliyindən heç vaxt istifadə eləməmişəm. Özü də necə atanı, bir zənglə dağı dağ üstə aşıran bir adamı. Mən heç vaxt onun köməyindən istifadə etməmişəm. Əfqanıstana gedəndə dedim, ata, bəs, Əfqanıstana çağırırlar. Ay yarım idi evlənmişdim. Qayıtdı ki, ay oğul, mən neyləyə bilərəm, hamı necə, sən də elə. Çoxları qaldı, mən getdim. Getdim, ağır vəziyyətdə qayıtdım. Sonra dedim, ay ata, mənim namizədliyimə badalaq vururlar. Dedi, ay oğul, hamının atası Bəxtiyar deyil ki, bacarığın varsa, müdafiə elə. Amma doktorluğumda dedim, ata, vəziyyət bir az çətindir. O zaman Dövlət Kitab Komitəsi var idi. Orada atamın kitabları nəşr olunurdu. Doktorluq müdafiəsi üçün kitab çıxartmaq lazım idi. Dedim, ata, mən baxmışam, sənin iki kitabın çıxmalıdır, olar sən danışasan, bir kitabının yerini mənə verəsən? Qayıtdı ki, ay oğul, necə məsləhətdir, özün elə, mənə arxayın olma! Dedim aydındır. Məhərrəm Qasımlını tanıyırsınız da?

“Bir dəfə müxbir üzvlüyü məsələsini dedim, qayıtdı ki, mən sənə kömək edən deyiləm”
- Aşıqlar Birliyinin sədri?

- Bəli. O da şahiddir. Mənim müdafiəm vaxtı atam gəlməmişdi. Soruşdu ki, bəs atan gəlməyəcək? Dedim, yox. Dedi sənin üstünə düşəcəklər. Bildirdim ki, nə olar, öhdəsindən gələrəm. Üç dəfə müdafiə eləmişəm, bir dəfə Akademiyada, iki dəfə də Ali Attestasiya Komissiyasında. Təsəvvür edirsiniz? Bir dəfə də müxbir üzvlüyü məsələsini dedim, qayıtdı ki, mən sənə kömək edən deyiləm. Yenə deyirəm, heç vaxt atamın gücünə arxayın olmamışam. İmkan da olmayıb. Təsəvvür edin, mənim nə bağım, nə maşınım, nə su “budka”sı səviyyəsində obyektim, nə qarajım var.

- Bu evi nə vaxt almısınız?

- Əfqanıstandan gələndə mənə ev vermişdilər, Hökumət Evi ilə üzbəüz. Mən o evi satdım, pulu da xaricdə banka qoydum. Həm də mən sovetlər dövrünü çıxmaq şərtilə, 17 il səfir işləmişəm. Onun puluna aldım bu evi.

- Sizdə Şəki ləhcəsi də hiss olunmur...

- Məndə heç Bakı ləhcəsi hiss olunmur, o ki qaldı Şəki (gülürük).

- İsfəndiyar müəllim, mən hələ uşaq ikən eşitmişdim ki, Bəxtiyar müəllimin ürəyi sağdadır. Bu, bir əfsanəydi, yoxsa həqiqət?


- Yox, əfsanə deyildi, həqiqət idi. Nəinki ürəyi, bütün bədən əzaları tərsinə idi. Sağdakılar solda, soldakılar sağda. Bir dəfə də rəhmətlik Heydər Əliyev rəhmətlik atamı Türkiyəyə müalicəyə göndərmişdi. Bunu salıblar rentgenə. Atamı rentgen edən qızın ürəyi xarab olub ki, “bunun ürəyi yoxdur”, deyib, ay qızım, mənim ürəyim sağdadır (gülür). Amma solaxay deyildi də. Bəlkə vaxtilə anası sol əlini bağlamışdı ki, sağla yazsın.

- Ürəyi ilə bağlı başqa bir problemi yox idi ki?

- Yox, qətiyyən. Sizə gülməli bir şeyi də deyim. Mən sağla solumu dəyişik salıram. Sağ əlimdə xal var, əlimə baxıram (gülür). Bu, bizdə nəsillikcə gəlir.

- Hərbidə problem yaradırdı sizə?

- Çox olub.

- (Pianoya işarə ilə) Musiqi ilə aranız necədir?

- Musiqiyə getmişəm, amma pianoya yox, tara. Lakin indi ifa edə bilmirəm. Atam elə bilirdi ki, mən qeyri-adi adam olacağam. Məktəbli olduğum zaman bütün dünya ədəbiyyatını vermişdi ki, mən oxuyum - Şekspirdən tutmuş, Cek Londona qədər. Azərbaycan dilində təhsil alan adam üçün rusca bir az çətin idi. Evdə də bir kəlmə qoymurdu rusca danışmağa. Universitet illərində isə bütün müasir ədəbiyyatı verdi oxumağa. Orta məktəbdə oxuyanda da qoymuşdu musiqiyə ki, mən bu istiqamətdə inkişaf edim. O da ancaq məndən yapışmışdı, nə Azərdən, nə də Gülzardan. Gülzar bacımdır, riyaziyyatçıdır.

- O, harada işləyir?

- Deyəsən, Riyaziyyat İnstitutunda.

- Deyəsən?

- Vallah heç Azərin harada prokuror işləməyindən xəbərim olmayıb.

- Ananızı sonuncu dəfə nə vaxt görmüşdünüz?

- Gələndən-gələnə görüşürdük. Qəribə gəlməsin. Mən darıxmağa öyrənmişəm. Təsəvvür edin ki, 21 yaşımda qapıdan çıxdım. O yaşda adam uşaqdır da. Əvvəlcə darıxırdıım, ağlayırdım, məktublar alanda sevinirdim. Sonra get-gedə öyrəşdim. 3 il yarımlıq belə həyatdan sonra yadırğamağa başladım.

- Hətta ana ilə də yad oldunuz?

- Mən diplomatam, soyuq olmalıyam. Sizinlə indi hər barədə açıq səmimi danışıram. Amma adətən, hisslərimi içimdə boğub cilovlamağı bacarıram. Anamla zəngləşirdik. Məsələn, mənim qızım 8 ilə qədər İsveçrə, Fransada olub. Mən təbiətcə quru adam deyiləm. Amma az danışanam, həm də soyuqqanlı. “Hə, nə var-nə yox, necəsən” vəssalam. Bu hissi tək atama qarşı bildirmirdim, onunla təmasda tam açılışırdım. Görürsünüz, heç evdə şəklini də qoymamışam, dünənlə yaşamıram. Azərin də evində var, Gülzarın da. Təsəvvür edin, atam zəng edirdi mənə ki, ay oğul, gəl də, gözləyirəm səni. Qışda deyirdim yayda gələrəm, yay olurdu, “qışda gələrəm”, hər dəfə beləcə yubadırdım. Gələndə də birinci atamla görüşürdüm. Mənim nəzərimdə atamın necə var idisə, elə də qalmasını istəyirdim. Amma yaşlanmışdı. İstəmirdim onu belə yaşlı görüm. İstəmirdim...

- Artıq 9 ildir dünyadan köçüb. O günü necə xatırlayırsınız?

(davamı növbəti sayımızda)

Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.