Yeganə: "Hacı seyfdən pul çıxarıb verdi ki, get, maşını dəyiş"

10-04-2018, 10:20           

teref.az müğənni Yeganə Mürsəlovanın ölkə.az-a müsahibəsini təqdim edir.

- Yeganə xanım, ənənəvi sualımı vermək istəyirəm. Yaradıcılığınızdakı yeniliklərdən danışaq.

- İllər öncə oxuduğum "Taleyim" mahnısını yeni formada aranjeman etdirmişəm. Düzdür, bu mahnı remiks formada oxunub. Ancaq mahnının bəstəkarı Natiq Şuşalı bir həftə öncə vəfat etdi. Bu ifamı onun xatirəsinə ithaf edirəm. Mahnının yazılmasından təxminən iyirmi il ötsə də, bu gün də sevilir. Ondan sonra təsniflər, muğam, bəstəkar mahnıları oxudum. İndi də bu mahnıyla tanınıram.

- Yenidən təsniflərə, muğamlara müraciət etmək fikriniz varmı?

- Bəli, fikrim var. Hər dəfə çalışıram ki, gənc bəstəkarlara da müraciət edim. Çalışıram ki, bütün janrlara müraciət edim.

- Gənc bəstəkarlardan mahnı oxumağınız onlara dəstək xarakteri daşıyır, yoxsa peşəkar bəstəkarlara qonorar ödəyib mahnı almaq istəmirsiniz?

- Peşəkar bəstəkarlara da, gənclərə də eyni məbləği ödəyirəm.

- Məsələn, Tunar Rəhmanoğludan oxuduğunuz mahnıya görə pul ödəmisiniz?

- Əlbəttə, ödəmişəm. Qonorarsız iş olar? Hərdən məndən soruşurlar ki, Türkiyədə buraxdığın alboma nə qədər pul xərclədin? Bu sualdan iyrənirəm. Heç soruşan yoxdur ki, buradakı mahnılara, kliplərə, albomlara nə qədər pul xərcləmisən? Guya burada havayı verirlər ki? Gənc bəstəkar da ailəsini dolandırmalıdır, onun da işi budur. Əgər toydan pul qazanıramsa, bəstəkara da qonorar ödəməliyəm.

- Əgər yenə də toylardan qazanacaqdınızsa, Türkiyədə çəkdirdiyiniz kliplərə nə ehtiyac var idi? Axı sizi bu gün oxuduğunuz "Tapşin" mahnısına görə yox, "Taleyim"ə, yaxud aşıq mahnısına görə məclislərə dəvət edirlər...

- Mən ora fərqi görmək üçün pul xərcləməyə getməmişdim. Azərbaycanda Tahir Əkbər, Hikmət Mirməmmədli, Faiq Sücəddinov, Nailə Mirməmmədli, Gövhər Həsənzadə, Xanım İsmayılqızı kimi bütün tanınmış bəstəkarlarla işlədim. Hətta Humayun, Dilkeş təsniflərini lentə aldırdım. Allah ustadım Ağaxan Abdullayevə rəhmət eləsin. O, əvəzolunmaz sənətkar olmaqla yanaşı, böyük ustaddır və elə ustad bir daha doğulmayacaq. Ağaxan müəllim Alim Qasımovun da ustadıdır. Yadınızdadırsa, həmin ərəfədə əksər sənətçilər qonşu ölkələrə, xüsusən Gürcüstana, Rusiyaya üz tuturdu. Dedim ki, Gürcüstana, Rusiyaya gedincə, Türkiyəyə gedim.

- Həm də orada ailə həyatı qurdunuz...

- Türkiyədə işləyəndən iki il sonra ailə həyatı qurdum. Bəzən bu barədə xoşagəlməz şeylər yazırlar. Nə həyat yoldaşım icazə verir, nə də özüm münasibət bildirmək istəyirəm. Deyirlər ki, Yeganə ora ərə getməyə getmişdi. Yeganə Türkiyədə o boyda işlər gördü və iki il sonra ailə qurdu.

- Bildiyimə görə Azərbaycanın tanınmış sənətçilərindən biri sizə evlilik təklifi etmişdi...

- Elə şey olmayıb.

- Bəzi sənətçilər deyirlər ki, övladımın sənətçiylə ailə qurmasını istəmərəm. Sizcə, doğru yanaşmadır?

- O sözləri eşidəndə əsəb keçirirəm. Oğlum Ömər evlənmək yaşına çatanda bir müğənni, yaxud rəqqasə, aktrisayla evlənmək istəsə, mən ona zidd gedəcəm? Əsla. Yoldaşım mənimlə evlənəndə qayınanam deyərdi ki, bunu alma da.

- Yəni belə bir şərt olmayıb...

- Bəli, olmayıb. Hamı bilir ki, qaynanam mömin xanım olduğuna görə musiqi dinləmir. Görsə ki, efirdəyəm, keçib mətbəxdə işini görəcək, yaxud kitab oxuyacaq. Qaynanam Türkiyənin Niğde, qaynatamgil Qaradəniz bölgəsindəndirlər. Laz deyillər, qaradənizlidirlər. Bəzən yoldaşımdan soruşurlar ki. Fatih, sən haralısan? Deyir ki, Ağsudanam. Deyirlər ki, qadınköylü oldun? (gülür) Qaradənizli olmaq hətta oğlum Ömərdə də özünü göstərir. Bu yaxınlarda bir xınayaxdıda olduq. Ortalıqda qadınlarla oynayırıq. Gəlib mənə gözünü ağardır ki, get otur. Rəfiqələrim deyir ki, Fatih sənə belə demirdi, Ömərin yeddi yaşı var, indidən qadağalar qoyur. Deyirəm ki, bu, Qaradəniz qanı daşıyır e, gen özünü göstərməlidir. Fatih şirvan ləhcəsini də bilir. Harasa gedəndə ətrafımızdakılar Türkiyə türkcəsində danışanda, yoldaşım deyir ki, qardaş, özünü niyə öldürürsən, Azərbaycan dilində danış, mən səni başa düşürəm. Yeni ailə quranda rus dilini bilmirdi. Bakıdan zəng gələndə rusca danışırdım. Deyirdi ki, rusca danışma, səni kəsərəm, başa düşmürəm (gülür). Artıq rus dilində özü də başa düşür.

- Həyat yoldaşınız hazırda Bakıdadır?

- Hazırda İstanbuldadır. Bu yaxınlarda İstanbulda Şişli Bələdiyyəsinə müdir keçdi.

- Söhbətimizin əvvəlində bildirdiniz ki, "Taleyim"i iyirmi il öncə oxumusunuz...

- Bəli, o mahnını oxuyanda 17 yaşım var idi. 1981-ci ildənəm və heç zaman yaşımı gizlətməmişəm. Bəzən məclislərdə saçı ağarmış cütlüklər yaxınlaşıb deyirlər ki, biz sənin mahnılarınla bir-birimizi sevirdik, biz sənə qulaq asanda balaca uşaq idik. Axırda məclislərin birində ürəyim dözmədi. Dedim ki, ay qardaş, sənə qurban olum, mən Sara Qədimova, Tükəzban İsmayılova deyiləm. Neçə yaşım var ki, mənə qulaq asanda balaca uşaq olmusan. İlk mahnım "Yaşamaq istəmirəm" çıxanda 16-17 yaşım vardı. Kanalların birində AzTV-də çəkilmiş lent yazımı efirə verdilər. Baxıram ki, illər nə tez keçir.

- 2000-ci illərdə albomu ən çox satılan sənətçilərdən idiniz. Maraqlıdır, o zaman albomlarınızdan qonorar əldə edirdiniz?

- "Yaşamaq istəmirəm" mahnım çıxan günün səhəri idi. "Səbuhi" studiyasının rəhbəri Hacı deyib ki, bu qız kimdirsə, təcili tapın. Məni tapdılar, Hacıyla söhbətləşdik və razılıq əldə olundu. Hətta bir dəfə studiyaya "Nissan Maxima" ilə getmişdim. Dedi ki, maşını niyə dəyişmirsən? Dedim ki, pul verin, dəyişim də. Seyfdən pul çıxarıb verdi ki, get maşını dəyiş. Çünki həmin illərdə ən çox tələb olunan 3-4 müğənni var idi. Rəhmətlik Şəfa, Vüsal Əliyev və mən ən çox albomu satılan sənətçilər idik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.