İsfəndiyar Vahabzadə: “Telefonlarımı təqribən 11-12 adam bilir”

11-04-2018, 09:59           
İsfəndiyar Vahabzadə: “Telefonlarımı təqribən 11-12 adam bilir”
“Bilirəm ki, iqtidar YAP-dır, amma müxalifət partiyalarını tanımıram”

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin “Yeni Müsavat”a verdiyi geniş müsahibənin sonuncu bölümünü təqdim edirik.

(Əvvəli ötən saylarımızda)
- Bəxtiyar müəllim artıq 9 ildir dünyadan köçüb. O günü necə xatırlayırsınız?

- Fevral ayının 12-siydi. Kişinyovda səfirlikdəki otağımda oturmuşdum. Həmin gün zəng etmişdi, danışdıq. 13-ündə isə mən zəng etdim atama. Məndə də, atamda da evdə dördrəqəmli telefon var idi. Gördüm telefon məşğuldur. Atam da hövsələsiz adam idi. Təkrar zəng elədim, çıxdım eyvana, siqaret çəkib qayıtdım, yenə yığdım, danışmaq mümkün olmadı. Amma elə bil ki, kimsə məni kürəyimdən vurmuşdu. Qar da yağırdı. Çıxdım katibəyə dedim ki, telefonu evə keçir, mən gedirəm. Evə gəldim, yoldaşıma dedim, çıxaq, bir az hərlənək. Dedi, vallah elə bil əl-ayağım bağlanıb, çıxa bilmirəm. Artıq mən nədənsə evdən qaçmaq istəyirdim. Məsələn, mən bu telefondan başqasını istifadə etmirəm (əlindəki köhnə model telefonu göstərir-E.P.) Mobil telefonu da heç vaxt özümlə götürmürəm. Elə bil evdən qaçmaq istəyirdim ki, nə isə xəbər olsa, bilməyim. Bu vaxt oğlum zəng etdi ki, bəs, belə, baba... Dərhal zəng etdim, təyyarəni saxlatdırdılar, mən gəldim. Təyyarədə birdən ağlıma gəldi ki, bəlkə atam özü qəsdən, mən gəlim deyə belə edir. Nə isə beynimdə bir işartı yarandı. Özü də birbaşa reys yox idi. İstanbulda düşdüm, leysan yağış da yağırdı. Aeroportda oturmuşdum. Birdən televiziyada xəbər verdilər ki, Azərbaycanın ünlü yazarı Bəxtiyar Vahabzadə rəhmətə gedib. Onda bildim ki, qurtardı hər şey...

Bayaq yadlaşma dediniz. Bu, 25 il az vaxt deyil, əsrin dörddə biridir. Mən xalam qızı ilə atamın hüzründə tanış olmuşam. Baxıram, deyir tanımırsan, mənəm, xalan qızı. Mən bacımın toyunda ola bilməmişəm, onda İranda idim. Qardaşımın toyunda həmçinin. Sizə elə gəlməsin arada soyuqluq var. Yox. O zaman Moskvadaydım.

- Qohum-qardaşda sizi nə qədər adam tanıyır?

- Təsəvvür edin, mən bu gün başımı qoyub ölsəm, dörd nəfər gəlib mafaya qoyub aparasıdır. Heç kim məni tanımır. Özüm həmişə çalışıram kölgədə qalım. Sizə qəribə gəlir?

“Yazılarımı əllə, əski əlifbada yazıram, sonra kimisə çağırıram, diktə edirəm, kompüterdə yığır”
- Düzü, ilk dəfədir sizin kimisinə rast gəlirəm. Cəmiyyətdən və çevrədən təcrid olunan birisi ilə...

- Oğlum beynəlxalq hüququ, qızım avropaşünaslığı bitirib. Amma heç birini diplomatiya sahəsinə getməyə qoymamışam. Çünki diplomatlar hamıdan uzaqlaşırlar, heç kimi tanımırlar. Siz xaricdə bir həftə olanda darıxmağa başlayırsınız, eləmi? Sözsüz, gedən kimi zəng edirsiniz, axtarırsınız. Amma mənim küçədə gəzib-dolaşmaqla aram yoxdur.

- Həyat yoldaşınız necə, bu mühitə uyğunlaşıb?

- Əvvəlcə çox çətin idi, tab gətirmirdi, sonra öyrəşdi. Mənimlə birgə xaricə gedirdi, 3 aydan sonra qayıdırdı, 6 ay Bakıda olurdu. Sonra yenidən gəlirdi yanıma. Mən harada işləmişəmsə, səhər saat 9-un yarısı işdə olmuşam, axşam 10-11-ədək. Onda da gəlib oturmuşam otağımda, çox nadir hallarda bayıra çıxmışam. Həyat yoldaşım isə Bakıya, ya Almaniyaya, Fransaya, qızının yanına gedirdi.


Mən Bakıya gəlirdim, 4-5 gün qalırdım. Ancaq mənə elə gəlirdi ki, işdən uzaqlaşanda zəlzələ olub, nə isə partlayıb, tez gedib özümü səfirliyə çatdırmalıyam. Deyirdim mənsiz heç nəyə imza qoymayın, heç nə etməyin, qayıdıram. Bir yazını on dəfə yoxlayırdım.

- İsfəndiyar müəllim, bəlkə də yenidən hansısa ölkəyə təyin olunmamağınız sizə nəfəs dərmək, dincəlmək şansı verib...

- Sizi inandırım, mən işimdən zövq alırdım. Öyrəşmişəm artıq xarici həyata. Çoxları deyir mən Bakısız qala bilmirəm. Mən isə Bakıda bir neçə gün qalıram, kifayət edir. Bir dəfə belə bir söhbət oldu, deməyəcəm kimdir. Yüksək rütbəli biri gəlmişdi. Dedi ki, mən anamsız qala bilmərəm. Dedim ki, o anadan, atadan mənim də var. Mən necə dözürəm?

- İsfəndiyar müəllim, Azərbaycanın ictimai-siyasi həyatı ilə maraqlanırsınızmı? Hansı partiyalar var, bilirsinizmi?

- Mən bir partiyanın üzvü olmuşam. Bir dəfə Heydər Əliyeviçin qəbulunda oldum. Deyəsən, nazir müavini təyin edilirdim. Söhbət oldu, dedim Heydər Əliyeviç, mən 16 il Kommunist Partiyasının üzvü olmuşam, ondan sonra heç bir partiyanın üzvü olmamışam. Dedi, hamımız o partiyanın üzvü olmuşuq. Amma indi mən iki partiya tanıyıram: iqtidar və müxalifət. Di gəl, iqtidar və müxalifətin hansı partiyaları var, heç adlarını bilmirəm. Bunu bilirəm ki, iqtidar YAP-dır, amma müxalifət partiyalarını tanımıram. Ola bilər siyasi görüşlər üst-üstə düşməsin. Bu, o demək deyil ki, mənim düşmənimdir. Amma o bunu, bu onu söyür. Söyməyi qəbul edə bilmirəm. Söyüşün bir cavabı var: yumruq. Amma söyüşlə bir-birinə bədiyyə demək, bunu mən heç bir çərçivəyə sığışdıra bilmirəm. Özü də nalayiq söyüşlərlə söyürlər. Dediyim kimi, kişi kişi ilə mübahisə edə bilər, amma gərək söyüş olmasın.

- (Növbəti siqaretini yandırır) Çox siqaret çəkənsiniz, deyəsən...

- Hə. Atam da siqaret çəkən idi, 16 yaşından çəkirdi. Mən içki içmirəm. Hətta bir yazımda yazmışdım ki, əlli qram dilimə dəyən kimi, Allaha inanmağa başlayıram. Allah mənim qulağıma o qədər xoş sözlər pıçıldayır ki, inanıram. Amma əlli qramdan sonra ayılıram... Sonuncu dəfə, deyəsən, Yeni ildə içmişəm. Lakin uzağı yüz qram. Xaricdə tez-tez görüşlər olurdu. Deyirdim birdən içərəm, ağzımdan səhv buraxaram, ona görə gərək özümü qoruyum. Məsələn, furşetə dəvət olunmuşam, bilirəm ki, orada istər-istəməz bir az içməliyəm. Onda bir az ərinmiş şit yağ içirdim, sonra gedirdim. Ondan sonra istəyir lap bir litr iç, təsir eləmir (gülür).

- Fəxri Xiyabana, Bəxtiyar müəllimin ziyarətinə tez-tezmi gedirsiniz?



- Gedirəm. Taksi sifariş edirəm, oturub gedirəm. Gedib atamla bir az söhbət edirəm, qayıdıb gəlirəm... Daha şəhəri gəzməklə aram yoxdur. Bu, sufizm deyil. Yəqin sizə çox qəribə gəlir...

- Yox, daha qəribə gəlmir.

- Bax, bayaqdan söhbət edirik, nə mobil telefona zəng gəlib, nə evdəki telefonlara. Ev nömrələri də işləyir. Mənim telefonlarımı təqribən 11-12 adam bilir. Deyə bilərəm də mənə neçə nəfər zəng edir (telefonun yaddaş kartına baxır-E.P.) Baxın, qardaşım, bacım, baldızım, baldızımın qızı, yoldaşım, ev telefonu, Mamed, Nurəddin, Tahir, Taleh, bitdi.

- Demək, mən də sizin nömrələri bilən 13, ya 14-cü oldum, eləmi?

- (Gülürük). Hə, bir də Rəşad Məcidlə zəngləşirik, hərdən görüşürük. Yazılarımı “525-də” çap edir.

- Yazılarınızı harada yazırsınız?

- Sizə maraqlı bir söz deyim. Mən yazılarımı əllə, əski əlifbada yazıram. Sonra kimisə çağırıram, diktə edirəm, kompüterdə yığır. Amma oturub kompüterdə yazmaq... Əvvəla, latını yaxşı bilmirəm, kirillə yazıram. Amma mənim bütün yazılarım əski əlifba ilə olub. Ərəb əlifbasına əlim daha çox yatır. Ona görə də üç səhifəlik yazını 20 günə yazıram. Özüm yazıram, sonra bir qız var, onu çağırıram, diktə edirəm, o, kompüterə köçürür.

- Belarusda da əski əlifba ilə yazırdınız?

- Bəli, əski əlifba ilə, Azərbaycan dilində yazırdım. Sonra attaşeyə deyirdim, o, kompüterə çevirirdi. Çünki əlim ərəb əlifbasına öyrəşib. Pakistanda da ərəb əlifbasıdır. İsveçrədə gördüm artıq mümkün deyil. Bütün çıxışları ərəb əlifbası ilə yazırdım, sonra çevirtdirirdim. Ya da əski əlifba ilə yazırdım, rusca çıxış edirdim. Sizə deyim ki, ən asan əlifbadır, 12 saata öyrənmək olar. Bunun özünün də qanunauyğunluqları var.

- Vəzifəsindən imtina edib müxalifətə keçən diplomatları tanıyırsınızmı?

- Arif Məmmədovu? Mən ona cəmi bir dəfə zəng eləmişəm. O, Strasburqda işləyirdi, mənsə Moldovada. Dedim ki, Arif müəllim, mənim qızım ora təhsil almağa gəlir, ev tutub, amma hələ yanımdadır. Ev sahibi isə kirayə pulunun 50 faizini qabaqcadan istəyir. Sizinlə həmkarıq, xahiş edirəm, siz həmin ödənişi eləyin, qızım sabah çıxır, gətirib sizə çatdırar. “Bilirsiniz...” deyən kimi, dedim “aydındır, hər şeyi bildim, qurtardı, artıq söhbətə ehtiyac yoxdur”. Dedim, “otboy” verdim. Orada yaşayan bir azərbaycanlı var idi, zəng etdim, qayıtdı ki, “o nə sözdür, sən kimə zəng edibsən, bu saat”. Ödədi, sonra da qızım onun pulunu çatdırdı. Arif Məmmədovla bir dəfə, həmin telefon danışığımız olub, o da 15 il qabaq. Amma indi nə işlə məşğuldur, maraqlanmıram...

- Bundan sonra hansı ölkədə diplomat kimi çalışmaq istəyirsiniz?

- Harada olursa-olsun. Əsl diplomat üçün fərqi yoxdur. Amma Əfqanıstanı istəyərəm.

- Yenə Əfqanıstan? (Yarızarafat) Rəsulu görmək istəyirsiniz?

- (Gülür). Yox. Yəqin Rəsul indiyə qalmaz. Diplomatların çoxu Avropa ölkəsini axtarır. Amma mən düşünürəm ki, diplomat kimi harada xeyir verə bilərəm. Hətta İcraiyyə Komitəsinin sədri olanda məktub yazmışdım ki, “Abşeron” mehmanxanasının adını dəyişib “Aşqabad” qoyaq, “Neftçilər” prospektini “Türküstan” prospekti edək, kiçik mağazaların adını dəyişib “Buxara”, “Daşkənd”, “Xarəzm” edək. Çünki Türkmənistan bizə çox vacib ölkələrdəndir. Bizi Türkmənistanla ayıran bir Xəzər dənizidir. Xəzərin o tərəfində onlardır, bu tərəfində biz. Diplomatlar Fransa, İngiltərə, Almaniya, İtaliya, Amerika, Avstriyanı axtarır. Mənsə bu ölkələri axtarmamışam. Pakistanda işləyəndə İsveçrəyə göndərdilər, gedib orada işlədim. Amma orada rusca çıxışlar edirdim ki, ola bilsin ingiliscə səhvə yol verə bilərəm.


- Neçə dil bilirsiniz?

- Rus, fars, dəri, ərəbcə də fikrimi çatdırıram. İngilis dilini də məişət səviyyəsində bilirəm. Poliqlot olmaq o qədər də çətin deyil.

- Amma dili işlətməyəndə unudulur. Sizdə də belədir?

- Yox. Mən oxuyuram ki, yaddan çıxmasın. Qızımsa ingilis, alman, fransız, rus və Azərbaycan dillərində rəvan danışır. Burada, Standartlaşma Komitəsində işləyəndə bu dillərdə yazırdı. Soruşurdum ki, Lalə, sən dilləri qarışdırmırsan? Çünki uzun müddət İsveçrədə oxuyub. Sonra İngiltərədə Kembrici bitirdi. Təsəvvür edin ki, İsveçrənin Lyomon, İngiltərənin Kembric və Fransanın Şuman universitetlərində oxudu. Atam da o zaman prezident təqaüdü alırdı, elə onun puluna oxuyurdu. Çünki səfirə nə maaş verirlər? Atamın hesabına təhsil alırdı, hər ay nəvəsinə pul göndərirdi. Ancaq qızım bura gələndən sonra 480 manat maaş alırdı. Mən vaxtilə yük də daşımışam. Bir dostum var idi, Əfqanıstanda bir yerdə hərbi xidmətdə olmuşduq. O, Moskvadan yük vururdu, soyuducu, televizor, videomaqnitafon. Dostum göndərirdi vağzala. Mən burada yük qatarının qabağına çıxıb götürürdüm. Ancaq Əfqanıstanda olanlar o malları ala bilərdilər, qıt mallar idi. İndiyədək yadımdadır, soyuducunun birini sovet pulu ilə 8-10 manata daşıyırdım. Amma bunu atama demirdim ki, bəs, belə-belə... Çünki mən o vaxt Ali Partiya Məktəbində oxuyanda cəmi 92 manat təqaüd alırdım. İki uşaq idi, yoldaşım da işləmirdi. İki otaqlı evdə qalırdım. Bu çətinlikləri görmüşəm. O evi də mənə Əfqanıstanda olduğuma görə vermişdilər, həm də ən çətin bölgəsində. Ona görə də danışanlar əvvəlcə bütün bunları bilsinlər, sonra danışsınlar! Mən səsimi çıxartmıram, danışmıram, amma belə də olmaz! Gərək biləsən ki, kim haqqında nə danışırsan, bu adam kimdir, nəçidir?

Bilirsiniz də, Nəsib bəy Usubbəyov baş nazir olanda tez-tez atasından pul istəyirdi ki, “ay ata, mənə pul ver!” Atası bir gün deyir ki, ay oğul, özün qurduğun hökumətdir, sən yenə məndən pul istəyirsən, bəsdir də... Bir maraqlı faktı da deyim. Əlimərdan bəy Topçubaşov Millətlər Cəmiyyətində işləyib. Bilirsinizmi ondan sonra orada ikinci kim işləyib? Bayaq dediyim Sima Almaniyadakı səfirlikdə, Hüseynağa Sadıqovun yanında müşavir işləyirdi, müşavir işləyə-işləyə də Cenevrəyə, BMT-nin Avropa bölməsinə təhkim olunmuşdu. Topçubaşovdan sonra orda ikinci mən işləmişəm. Artıq Millətlər Cəmiyyəti deyildi, çünki hələ 1946-da ləğv olunmuşdu. Əvəzində yaradılan BMT-nin Avropa bölməsi isə İsveçrədə yerləşir.

Orda Azərbaycanın ikinci səlahiyyətli səfir-nümayəndəsi mən olmuşam. Onu da deyim ki, fövqəladə və səlahiyyətli səfir rütbəsini 1996-cı ildə almışam, 22 ildir. Bunu da heç yerdə şüar kimi demirəm, Topçubaşov hara, mən hara. Topçubaşovun işlədiyi otağa gedib baxdım, daha doğrusu, artıq oranı dəhliz eləyiblər. Onunla üzbəüz Çxeidze otururdu, Gürcüstan nümayəndəsi. Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması ilə bağlı ABŞ prezidenti Vilsona müraciət edir, Vilson razılıq verir. De-fakto qəbul olunur, de-yure yox. O zaman Şeyxülislamovu göndərirlər ki, gəlsin Baharlı ilə bərabər işləsinlər, tarixi yazsınlar, gətirsin. Çünki Qərbdə dedilər Azərbaycanı tanımırıq, bunun nə tarixini, nə iqtisadiyyatını bilmirik. Baharlı yazmağa başlayır və mayın 12-də yazını bitirir. Ancaq artıq aprelin 28-də Azərbaycan işğal olunmuşdu. O halda Topçubaşov əsəbi şəkildə kabinetin qapısını bağlayır, açarı da Cenevrə gölünə atır və Fransaya köçür. Amma Çxeidze özünü öldürür. Mən baxdım, dedim ki, ay Allah, Topçubaşovdan sonra bu işi apara biləcəyəmmi? Amma bacardığım qədər öhdəsindən gəldim...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.