“Jurnalistlərə problem yaradılmır” - Mətbuat Şurası sədrinin müavini

11-04-2018, 12:28           
“Jurnalistlərə problem yaradılmır” - Mətbuat Şurası sədrinin müavini
Bu gün səhər saat 8.00-dan Azərbaycanda prezident seçkilərində səsverməyə start verilib. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb.

Sosial şəbəkələrdə bəzi seçki dairələrində jurnalistlərin fəaliyyətinə mane olunduğu barədə xəbərlər yayılıb.

Bununla bağlı Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli Modern.az saytına açıqlama verib:

“Səsvermə prosesi başlayandan 5 məntəqədə olmuşam. İndi də Səbail rayon seçki dairəsindən çıxdım və heç bir problem müşahidə olunmur. Məntəqələrə gedib izahat verirsən və şərait yaradılır. İndiyə kimi olduğum məntəqələrdə hələ ki narazılıq olmayıb. Hazırda Suraxanı rayonuna gedirəm. İlkin müşahidələr seçki aktivliyinin hiss olunduğunu göstərir. Məntəqələrin hər birində də kifayət qədər müşahidəçilər var”.

M.Ələsgərli qeyd edib ki, hazırda Mətbuat Şurasının üzvləri müxtəlif dairələrdə müşahidə aparır:

“Gedişatlar barədə Mətbuat Şurasının üzvləri məlumat verəcək. Üzvlərimiz hazırda ayrı-ayrı ərazilərdə gəzir. Əgər jurnalistlərin hər hansı problemi yaranıbsa, o zaman qaynar xəttimizə zəng vursunlar, yəqin ki, araşdırılacaq”.

Qeyd edək ki, seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir. Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da başa çatacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.