Facebook azərbaycanlı Qarabağ əlilinin profilini ermənilərə görə bağladı - "Ermənilərin trol mərkəzi sosial şəbəkələrdə çox fəaldır"
17-04-2018, 16:42

Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyevin “Facebook” hesabı artıq 7 gündür ki, bloklanmışdı. Səbəb isə ermənilərin şikayətləri olub.
Bu barədə Modern.az saytı ilə həmsöhbət olan Xaqani Rzaquliyev bildirib ki, bu məsələdə bəlkə də “Ginnesin Rekordlar Kitabı”na düşə bilər:
“Ayda azından 3-4 dəfə 3 günlük “Facebook” hesabımı bağlayırdılar. Lakin bu dəfə 7 günlük oldu. Səbəb əslində profil deyil, “Fedai.az” saytıdır. Erməni hakerlər bir dəfə o saytı dağıtdılar. Bu dəfə saytı qoruduğumuza görə, mənim və bütün əməkdaşların profillərini eyni gündə şikayət etdilər və “Facebook” rəhbəri Mark Zukerberq da elə bil himə bənddi - bizim profilləri bloklayır”.
Müsahibimiz deyib ki, erməni şikayətçiləri türkiyəli dostlarının köməyi ilə tapıb:
“Onların birmənalı olaraq hamısı ermənilərdir. Yəni bunu havadan söyləmirik. Şikayətlər eyni vaxtda Türkiyə, Rusiya, Ermənistan , ABŞ, Fransa və s. yerlərdə erməni şəbəkəsindən bir cümlə ilə edilir. Cümlə budur: “Շատ Վարակված Կայք Ջնջեք, Խնդրում Եմ, Այս Կայքը, Facebook-Ից Մեր Ազգի, Մենք Դնում”.
Tərcüməsi: “Bu virusa yoluxmuş bir saytdır və bizim millətimizi təhqir edir”.
Şikayətlərin 11-i isə Bakıdan getmişdi. Buna görə də profilim 7 günlük bağlanmışdı. “Facebook” səbəb kimi Qriboyedovun erməni həyasızlığı barədə Mazroviçə yazdığı məktubu göstərdi”.
X. Rzaquliyev qeyd edib ki, “Facebook” informasiya müharibəsi çərçivəsində jurnalistikadan xəbərsiz saytlarımıza istənilən informasiyanı ötürüb yaya bilir:
“Ermənilərin trol mərkəzi sosial şəbəkələrdə çox fəaldır. Onlar əsasən də millətçilik və türkçülük maskasına bürünüblər.
7 günlük cəza bitəndən sonra “Facebook” profilim açıldı. Amma mənim yazdığım şikayətə baxmadılar. Bizim bu məsələni məhkəməyə daşımaq fikrimiz var. Hələ ki variantları hesablayıb, detalları dəqiqləşdiririk. “Facebook”la olan razılaşmada hansısa dahinin yazılmış əsərlərini yaymaq qadağan edilməyib. Amma buna baxmayaraq, ermənilər haqqında hətta öz dedikləri sözləri yazanda və ya paylaşanda səni blok edirlər”.