Ona dəfələrlə kömək edən müəlliminə minnətdarlıq etməyən aktyor

19-04-2018, 10:45           
Ona dəfələrlə kömək edən müəlliminə minnətdarlıq etməyən aktyor
Bu günün filmlərində, seriallarında yeni nəsil aktyorları, simaları görürük. Təbii ki, film sahəsində yeni simaların peyda olması sevindirici haldır. Tamşaçıların diqqətini cəlb edən yeni simalardan biri də hazırda "Xəzər” televiziyasında yayımlanan "Lal yuxu” serialının mənfi qəhrəmanı Türkay Cəfərlidir. Türkay buna qədər çoxseriyalı "Qarabağnamə”, "Qaranlıqlar içində açan çiçək”, "Səndən sonra”, "İki ömür” kimi seriallarda müxtəlif obrazlar canlandırıb. "Xənnas”, "ÇekPot” filmlərinin baş qəhrəmanıdır.

- Türkay Cəfərlini bir aktyor olaraq daha yaxından tanımaq istərdik.
- Məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) beynəlxalq mədəni əlaqələr ixtisasına qəbul oldum. Açığı, özümü bu sahədə görə bilmirdim. Növbəti il yenidən sənədlərimi hazırladım və bu dəfə çex dili fakültəsinə daxil oldum. Özümü orda da görmədim. Fikrimi qətiləşdirib, ADMİU-nun kino və teatr aktyorluğu ixtisasını seçdim. Kurs rəhbərimiz mərhum sənətkarımız Yaşar Nuri rəhmətə getdikdən sonra məcburi olaraq bizi estrada aktyorluğu qrupuna keçirdilər. Universitetimizin müəllimi Firəngiz Mütəllimova məni görəndən sonra "bu tələbə mənim olmalıdır” demişdi. Ərizə yazdılar və mən yenidən teatr aktyorluğuna qayıtdım.

- İlk uğurunuz haradan başladı?
- Tələbəliyimin ikinci ayında bir oğlan mənə yaxınlaşıb dedi ki, səni bir dayı çağırır. Həmin dayı da əməkdar artistimiz Vidadi Həsənov idi (gülürük). O, mənə məndən xəbərsiz çox kömək edib. Düzdür, bu günə qədər ona bir dəfə də olsun minnətdarlıq etməmişəm.

- Vidadi Həsənov sizi nə üçün çağırmışdı?
- Mənə sual verdi ki, aktyor olmaq istəyirsənmi? Mən də razılığımı bildirdim, sanki ondan sonra bu sferada həyatımın yaşıl işığı yandı. Yuğ teatrında məşqlər etməyə başladıq. Bir tamaşa hazırladıq və Gürcüstana teatr festivalına getdik. Daha sonra Qazaxıstanda teatr festivalında çıxış etdik. Oradan Qran-pri ilə geri döndük. Tələbəlik illərimin birinci və ikinci kursu çox rəngarəng keçdi.



- Universitet sizə nə qazandırdı?
- İnsan həyatda hər şeyi özü qazanır, hörməti də, nifrəti də. Vidadi müəllimin mənə verdiyi göstərişlər təbii ki, həyatımda danılmazdır. Bizim dövrün tələbələri daha çox əyləncəyə həvəs göstərirdi. Aidiyyəti olmayan insanların gəlib istedadlı tələbələrin yerini tutması məni həmişə özümdən çıxarırdı. Bizim nəsildən olan çox az tələbə indi bu sənəti davam etdirir. Universitetin mənə yaxşı dostlarla bərabər, eyni zamanda yaxşı müəllimlər də qazandırdı. Firəngiz Mütəllimova kimi.

- Bu gün Firəngiz xanım sizi görəndə reaksiyası necə olur?
- Onu görən kimi qucaqlayıb öpürəm. Firəngiz xanım deyir ki, sən mənim ən sevimli tələbəmsən. Ortada səmimiyyət var. Mən hər işin çətinindən yapışırdım və bu da onun diqqətindən yayınmırdı. Firəngiz xanım mənə etibar edirdi.



- Müəllimlərdən söz düşmüşkən, "Lal yuxu” serialında müəlliminiz Vidadi Həsənovla indi tərəf müqabilisiniz...
- O, həmişə tələbələrinə deyirdi ki, çalışın həyatda əvvəlcə kişi olun, sonra yaxşı ailə başçısı, daha sonra aktyor olmasanız da olar. Bu sözün çox böyük anlamı var. Bu söz mənim qulağımda sırğa oldu. Onun hesabına mən festivallara getdim. Bir tələbə üçün çox böyük stimul oldu bu. Müəllimimin etdiklərinin müqabilində heç vaxt ona minnətdarlıq etmədim. Bu gün çevrəmizdə yaltaq insanlar kifayət qədərdir. Əgər mən gedib müəllimimə "çox sağ ol” desəm, elə biləcəklər ki, başqa səfərlər və qapılar üçün özümə yol açıram. Mən öz daxilimdə ona hər zaman minnətdar olacağam. Bəlkə də o, buna görə məndən inciyir. Hesab edirəm ki, bu sözü deyən insan məndən heç zaman inciməz. Serialda da onunla rastlaşırıq. Neçə ildən sonra sənə istiqamət verən, sənə səndən xəbərsiz yol açan bu insanla bir serialda oynamaq mənim üçün böyük bir üstünlükdür.



- Bu serialda mənfi obraz canlandırmağınızla tamaşaçıların nifrətini də qazandınız.
- Ayxan mənfi obrazdır və mənim ən çox sevdiyim personajlardan biridir. Hətta obrazın həqiqiliyinə inanıb, yolda görərkən belə məni söyənlər də var. Tamaşaçılar hansısa obrazdan qopandan sonra çətin onu sevsinlər. Deməkdən ki, rolu gözəl canlandırırsan, əksinə, deyirlər ki, Allah sənin belini qırsın, niyə o qızın başına oyun açırsan (gülürük). Müsbət obrazla sevilməyə nə var ki? Mənfi obrazı bir aktyor olaraq da canlandırmağın çətin tərəfləri var. Yeri gələndə, çox əsəbi olmalısan. O pik nöqtədə əsəbi özündə boğub sakit emosiya göstərməlisən.

- Yeni filmlərdə daha çox yeni nəslin aktyorlarını görürük. Özünüzdən əvvəlki nəsildə özünüzə qarşı paxıllıq və qıcıq hiss edibsiniz?
- Açığı, bunu görməmişəm. Bizə qədərki dövrdə serial və filmlər çox az çəkilirdi. 2010-cu ildən etibarən yeni seriallar çəkilməyə başladı. Bizdən sonra gələn nəslin çoxunda eyniləşmə gedir. Yaradıcı insan, aktyor cəmiyyət üçün nümunə olmalıdır. İndiki tələbələrin çoxu iş görmək üçün yox, əyləncəli həyata atılmaq və nəinki aktyor olmaq, özlərini qızlara göstərmək naminə bu sənəti seçirlər.



- Sizcə buna səbəb nədir?
- Nə qədər ki, bəzi dırnaqarası "vinerlər” özünə aktyor deyir... Bizim ən bədbəxt tərəfimiz odur ki, cəmiyyət onlara aldanır. Düzdür, tükü tükdən seçənlər var və həmişə də olacaq. İndiki aktyorları "İnstagram”da izləmə sayına görə tanıyırlar. Peşəkar olub-olmamağında asılı olmayaraq, əgər sənin "İnstagram”da 100 mindən çox izləyicin varsa, demək, sən məşhursan və hansısa məkanın açılışı üçün ödənişli əsaslarla dəvət olunursan.

- Türkay bəy, tələbəlik illərinizdə tamaşalarda rol alıbsınız. Bəs indi nə üçün teatrlarda yoxsunuz?
- Tələbəlik illərimdə dayanmadan tamaşalarda oynayırdım. Hərbi xidmətdən döndükdən sonra mənə teatrda çalışmaq üçün çox söz verdilər, ancaq sözlərinin üstündə durmadılar. Mənə söz verən insanlardan bir dəfə məsələnin nə yerdə olduğu ilə bağlı soruşaram, ikinci dəfə qürurumu sındırıb o insana müraciət etmərəm. Kim rejissorlara "sən mənim ustadımsan, qardaşım, dostum, ürəyimsən” deyirsə, teatrda və seriallarda onlar rol alır. Mən elə biri olmaq istəmirəm. Vicdanın təmiz olsun ki, kimsə "mənim hesabıma qabağa gedibsən” deməsin. Teatrdan təklif alsam, can-başla getməyə hazıram. O teatrın səhnəsində əriyənə qədər çalışıram. Ancaq hansısa rejissora yaxınlaşıb, "mənim üçün şedevrsiniz” demərəm.



- "Xənnas” filmindəki obrazınızla tamaşaçıları təəccübləndirdiniz. Sizi dindar bir obrazda görmək qəribə idi.
- Bu filmin belə mükəmməl olacağını gözləmirdim. Hər dəfə baxanda bir çox məqamlara görə, özümdən asılı olmayaraq təəccüblənirəm. Kinodan anlayışı olan insanlar tərəfindən müsbət rəy alırıqsa, kinodan anlayışı olmayan insanların bununla bağlı rəyləri maraqlı deyil. "Xənnas” Azərbaycanda ilk mistik treyler olduğu üçün ağır yüklü idi. Onu da qeyd edim ki, filmin rejissoru Elvin Abdullayev Azərbaycanda ən yaxşı gənc, istedadlı rejissorlardan biridir.

- Filmin sonunda dua vasitəsilə şeytanı və pis qüvvələri kənarlaşdırmaq kulminasiya nöqtəsi idi...
- Mənə o duaları Elvin öyrətdi. Mən muğamı bitirmişəm. O boğazlar məndə var idi. Dayanmadan məşq etdik və alındı.



- Daha çox hansı muğamı sevirsiniz?
- Əsasən "Seygah” muğam dəsgahını ifa edirəm.

- Niyə sosial şəbəkədə bunu paylaşmırsınız?
- Hər yerindən duran oxuyur deyə, mən də oxusam, ddodaq büzəcəklər. Kütləyə izah edə bilmərəm ki, sırf özüm üçün oxuyuram.

- Kompleksləriniz var?
- Əsla. Bilirəm ki, o kütlə bunu ayırd edə bilməyəcək. Bəlkə də bir gün ifa edərəm.



- Sosial şəbəkələrdə qızlar tərəfindən sevgi etirafları alırsınızmı?
- Olur. Onu deyim ki, çox qarğış yiyəsiyəm (gülürük). Mən hər kəsə ümid verə bilmərəm. Sevgidən uzaq insanam. Hazırda həyatımda özəl biri yoxdur. İndi ailəm və işimlə məşğulam. Sevgi elə bir mövzudur ki, o, səni gözləmir, anidən gəlir.

- Necə bir xanım arzulayırsınız?
- Əslində arzulamıram. Çünki insanın arzusunda olduğu insan gəlib çıxmır. İndiki xanımlar çox standartdır. Hamısı bir-birinə oxşayır.

- Sizi dünyaca məşhur "Taxt oyunları” serialının əsas obrazlarından biri Dinausa çox bənzədirlər.
- Əsas şansımız onun kimi olsun. Məni daha çox türk aktyoru Murad Yıldırıma oxşadırlar. Deyirlər ki, onunla bir almanın iki yarısısınız. Deyirəm ki, əsas odur ki, almanın o biri tərəfi çürük olmasın. Mən özüm baxmışam, həqiqətən Dinausa bənzəyirəm.



- İndi kinoteatrlarımızı komediya filmləri zəbt edib, sizi isə o komediyalarda görmürük.
- Komediyanın mənası düşündürücü tənqid deməkdir. Komediya mütləq şəkildə söyüşdən ibarət olmalı deyil. Danılmaz faktdır ki, bu gün çəkilən komediya filmlərinin 90 faizi söyüşdən ibarətdir. Ciddi komediya olsa, sevə-sevə oynayaram. Amma yenə də hər şeyin başında pul durur. Bəzən bizi türklərlə müqayisə edirlər. Onlarda kamera aktyora işləyir, aktyor kameraya işləmir. Bizdə çox güclü aktyorlar var ki, türklərə dərs keçər. Türk aktyorlarının çoxu modellikdən aktyorluğa gəliblər. Ancaq bizim aktyorlar bu işin kökünü bilirlər. Öz yaşıdım olan türk aktyorlarına baxıram ki, işdən başqa qayğıları yoxdur. Onlarda şirkət aktyordan istədiyini almaq üçün müəyyən mərhələlərdə kurslara göndərir. Bir serialda məni baş rola çağırdılar. Dedilər ki, sizə bir həftə vaxt veririk. Bu bir həftəyə kinq-boksun elementlərini öyrən. Bir həftəyə bu elementləri mənimsəmək olmaz axı. Bir dəfə mənə dedilər ki, at sürə, qılınc oynada bilirsən? Dedim bacarıram. Bəs motosiklet? Dedim onu bacarmıram. "Onda sizi baş rola çəkə bilmərik” dedilər. Sizin vəzifəniz nədir? Siz nə vaxt öyrətdiniz, biz öyrənmədik? Rejissorlarımız dəqiq qərar vermirlər. Əgər sən bu rolda məni görürsənsə, məni bu obraz üçün hazırlamalısan. Rejissorları da qınamıram. Çünki hər işin arxasında pul dayanır.

- Necə bir obrazı canlandırmaq istəyərdiniz?
- Mənim ən böyük arzum Azərbaycanın hansısa tarixi şəxsiyyətini canlandırmaqdır. Tarixi personajlara marağım çox böyükdür. Bir də psixi personajları oynamağı çox sevərəm. Hesab edirəm ki, aktyorun gözəlliyi onun monitordakı eybəcərliyidir. Bu gün bizdə bu sahədə böyük bir problem var. Aktrisalar kiçik bir süjetə çəkildikdən sonra da, kadra dəfələrlə baxıb, gözlərinin, qaşlarının gözəl düşməsinə baxırlar. Aktrisanın eybəcərliyi kütlə tərəfindən daha çox sevilir, nəinki onun standart göz-qaşı. Çox istəyərəm ki, döyüş filmlərində çəkilim. Düzdür, bu yaxınlarda Qarabağ haqqında çəkilən bir filmdə rol aldım. Ancaq bu film ürəyimcə olmadı.
KASPİ.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.