Tanınmış həkim: “Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə” - MÜSAHİBƏ
19-04-2018, 13:16
Vasif İsmayıl: “Kimisə sataraq professor olublar”
“Dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır”
Tanınmış androloq-uroloq Vasif İsmayıl Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.
- Vasif müəllim, öncə Azərbaycan səhiyyəsinin durumundan söz açmaqla müsahibəyə giriş edək. Ölkədə tibbi sahənin vəziyyəti normaldırmı?
- Əgər inkişafına nəzər yetirsək, “bəli” deyə bilərik. Tibb normal inkişaf edir, dinamik və canlıdır. Azərbaycanda bir çox ictimai və qeyri-ictimai sahələr çox ciddi böhran içərisindədir. Məsələn, jurnalistikada, kütləvi informasiya vasitələrində praktiki olaraq ciddi deqradasiya gedib. Biz KİV-lərdə böyük sektorların itkisini yaşamışıq. Ancaq təbabət canlıdır və çox təravətli görünür. Lakin etiraf edək ki, tibbimiz mədəni ölkələrin tibbi səviyyəsində deyil.
- Jurnalistləri dindirsək, onlar da tibb sahəsini pisləyəcəklər, həkimlər də həmişə jurnalistikadan gileylənirlər. Maraqlı tendensiyadır. Tibbdə xoşagəlməyən şeylər azdırmı?
- Tibbdə xoşagəlməyən şeylər əlbəttə ki, çoxdur. 70 il bu ölkə yalanla idarə olunandan sonra, neçə il də bu işin içində rüşvəti saxlayaraq yaxşı bir hadisəmi gözləyirdiniz? Amma gəlin bir şeyi nəzərə alaq. Mən jurnalistikanı nümunə kimi verdim. Təkcə jurnalistika deyil, digər sahələrdə də, böyük sektorlarda da problem var. Azərbaycan jurnalistikası bu gün bizim qonşu Telli xalanın xəbərçiliyindən fərqlənmir. Mətbuat “filankəs dedi ki, məsələ belədir” deyə tezislərlə çıxış edir. Halbuki, məsələnin araşdırması var. Azərbaycanda araşdırmaçı jurnalistlər qəpik-quruşa tabe tutulur. Onlar evlərində və ya öz sosial sahələrində sıxışdırılmış balaca siçanlar kimi saxlanılır. Belə olan halda jurnalistikamız haqqında müsbət fikir səsləndirə bilmərəm. Mən oxuduğum yazıların içərisindəki ciddiyyətə baxıram. Bu gün fikrimcə, Azərbaycan jurnalistikası Telli xalanın xəbərçiliyi səviyyəsindədir. Telli xalanın xəbərçiliyi isə mənə maraqlı deyil.
- Vasif müəllim, mətbuatımızda kifayət qədər ciddi, sanballı məqalələr, analitik yazılar da dərc edilir. Yəqin vaxtınızın azlığından belə yazılara baxa bilmədiyinizə görə jurnalistikamız haqqında fikirləriniz mənfidir.
- Mən analitik yazı kimi sırınan yazıların çoxunu oxumuşam. Onlar analitika deyil, yalnız taftalogiyadan ibarətdir. Bir söhbətin məğzini tutmaq lazımdır. Əgər mən iki A4 səhifəsindəki yazının mənasını tuta bilmirəmsə, deməli, o, taftalogiyadır. Köhnə sovetdənqalma çoxlu söz, çoxlu işarə, məna isə sıfır. Yəni başa düşmək olmur ki, onu yazan jurnalist nə demək istəyir. Bu gün Azərbaycanda konkret söz deyən jurnalist çox azdır. Söz deyənlər də təəssüf ki, jurnalistikanın marginallarıdır. Amma təbabətdə yeni-yeni sahələr meydana gəldi. Tibbdə çox uğurlu işlər aparılır, inkişaf həqiqətən də var. Lakin Azərbaycan səhiyyəsi Azərbaycan xalqının tələblərinə cavab vermir.
- Sizə ciddi jurnalistika ilə bağlı nümunələr verə bilərik, sadəcə opponentlik etmək niyyətində deyilik. Biz sizin sosial şəbəkələrdə yazdıqlarınızı da izləyirik. Ümumiyyətlə, sizdə daha çox etiraz ruhu var. Bu, haradan qaynaqlanır? Həkim olandan sonra belə oldunuz, yoxsa uşaqlıqdan bu xarakterdəsiniz?
- Mən həkim olmağa xüsusi qərar vermişəm. Həkim olmazdan qabaq başqa sahələrdə də işləmişəm. Bir ara siyasətşünas, musiqişünas olmaq istəyirdim. Kompüter elmlərinə və riyaziyyata ciddi maraq göstərirdim. Tibbdə oxuyarkən belə, məni tanıyanların beynində bir sual var idi: “Görəsən Vasif doğurdan da həkim olacaq, yoxsa kibernetik?”. Mən isə həkimliyi şüurlu olaraq seçdim. Həkimlər daha azad adamlardır. O mənada azaddırlar ki, qazancları xalqdan gəlir. Həkimlər insanlarla təmaslarını daha yaxşı qursalar, özü üçün sakit, rahat yaşayacaq. İkinci bir tərəfdən həkimlər cəmiyyət içərisində daha çox söz demək, yazmaq haqqına sahibdirlər. Bunları düşünürək mən həkimliyi seçdim.
Siz dediyiniz xarakter isə məndə əvvəldən olub. İlk dəfə 5 yaşımda öz sevdiyim insanların yalan danışdığını görmüşdüm. Bundan çox məyus olmuşdum. 6 yaşımda məktəbə gedəndə gördüm ki, orada da yalan var. Üstəlik, məktəbdə ədalətsizlik də var idi. Cəmiyyətə baxdım, gördüm ki, cəmiyyətin özündə də nadanlıq, yalan – hər şey var. Əlbəttə ki, buna etiraz edirəm.
Ona görə qərar verdim ki, özümü vəziyyətdən bir şəkildə çıxarıb cəmiyyətə nisbətən yuxarıdan baxa bilim. Mən mələk və hədsiz dərəcədə ağıllı biri deyiləm. Azərbaycandan, sadə bir ailədən çıxmışam, kimdənsə artıq biri deyiləm. Sadəcə öz üzərimdə işləmə imkanım olub, həmişə bəşəri dəyərlərə yiyələnməyə çalışmışam. Həm də azərbaycanlıların bəşəri dəyər yarada bilməsi üçün çalışıram.
Azərbaycanlılar mənim gözümdə çox yaxşı insanlardır. Azərbaycanlılar dünyanın ən mədəni xalqlarından o qədər də fərqli deyillər. Niyə biz mədəni səviyyədə onlardan geri qalmırıq, amma həyat səviyyəsində çox geri qalırıq?!
Azərbaycanlıların həyat səviyyəsini düzəltmək lazımdır, etirazım da belə məqamlarla bağlıdır. Bunun üçün isə yalandan təriflər demək, taftalogiyadan ibarət yazılar yazmaq lazım deyil. İnsanlara qısa şəkildə sözlərin məğzini demək lazımdır. Bu gün biz cild-cild yazıların, kitabların dalınca qaçmamalıyıq. Azərbaycanlıların başa düşdüyü felyeton, qısa sözlər və konkretlikdir.
- Həkimlərin özü də bəzən taftalogiya danışır. Baxırsınız ki, kimsə professorluğa layiq deyil, amma professordur, halbuki, bir xəstəsini normal müalicə edə bilməyib. Onu nəzərdə tuturuq ki, siz tibbin inkişaf etdiyini desəniz də, sadaladığınız minuslar bu sahədə də az deyil.
- Əlbəttə ki, problemlər var. Yazılardakı boş-boş söhbətlər təbabətdə - xəstə müayinələrində, müalicəsində də olur. Sizin nəzərdə tutduğunuz o professorlar necə o səviyyəyə çatıb? O həkimlər professor olmaq üçün ya kimisə satmalı idilər, ya kiminsə qohumu olmalı idilər, ya da kimlərləsə çox yaxşı münasibətlər saxlamalı idilər. Elə bilirsiniz ki, Azərbaycanda oxuyan, professor olanların çoxu həqiqətən bu adı haqq edirlər? Xeyr. Azərbaycanda digər sahələrdə deqradasiya getdi, bu, təbabətə də təsir göstərdi.
- Bəs bayaq inkişafından danışırdınız, deqradasiya oldusa, necə irəli getdi?
- Maraqlı sualdır. Təbabət super bir sahə və həkimlər də çox ağıllı olduqları üçün jurnalistlərin qabağına çıxmadılar. Təbabət sadəcə pul gətirən sahədir, bunu anlamaq lazımdır. Jurnalistika da əslində pul gətirən sahədir. Sadəcə jurnalistika yazır, kütləvidir. Elə kütləvi olduğuna görə də jurnalistikanı boğdular. Azərbaycan jurnalistləri axmaq olduqları üçün jurnalistika bu səviyyəyə düşmədi. Jurnalistikanı süni olaraq bu vəziyyətə saldılar. Lakin təbabətə toxunmadılar. Çünki təbabət pul gətirir. Təbabətin qabağa getməsinin səbəbi iqtisadi faktorlardır.
- Karl Marks da deyirdi ki, kapital bazisdir, digərləri isə məsələn, din, siyasət, mədəniyyət üstqurum. Yəqin ki, siz də bu mənada iqtisadi faktorları qabardırsınız.
- Bu dünyada, cəmiyyətlərdə hər şey iqtisadidir. Harada canlı varsa, orada iqtisadiyyat var. Bizim bütün davranışlarımızda, seçdiyimiz bütün şeylərdə - hamısında iqtisadiyyat rol oynayır. Bu gün Azərbaycanda qurulan iqtisadi model təbabətin inkişafına gətirib çıxarır. Amma tibbin insanların tələbatlarına cavab verəcək səviyyəyə çıxmasına da imkan vermir.
- Vasif İsmayıl özü professor olmağı qarşısına məqsəd qoyubmu?
- Hazırda qarşıya elə məqsəd qoymamışam. Amma professor olmaq istəyərəm.Ancaq özümə söz vermişəm, professor olmaq üçün qeyri-qanuni yollardan istifadə etməyəcəyəm. Mənim bir dissertasiya işim var. 1600 xəstə üzərindən aparılıb. Mənə isə dedilər ki, 1600 xəstə üzərindən araşdırma aparma, bunu 200-300-ə endir. Mən niyə bunu 200-300-ə endirməliyəm?
- Doğurdan da, niyə?
- Elmi cameənin içərisində də qaydalar var. Yəni Azərbaycandan bu qədər xəstə ilə çıxmaq olmaz. Həqiqətən də Azərbaycanda mən işlədiyim mövzuda olan xəstələrin sayı azdır. Lakin bir şeyi unutmaq olmaz ki, mən bu araşdırmanı Türkiyədə yazmışam.
- Mövzu nə ilə bağlıdır?
- Qadınların sidik saxlamazlığı xəstəliyi ilə bağlıdır. Azərbaycanda Üzeyir Hacıbəyov çox ciddi adam olub, lakin ona professor adı sonradan verilib. Azərbaycanda bir çox insan, korifeylər həqiqətən də öz işləri ilə qabağa çıxıblar. Bu gün Avropada da, Azərbaycanda da eyni tendensiya gedir. Belə ki, müəyyən titulların öz dəyəri azalıb.
Avropada artıq alimlərin öz adlarının qarşısına “dosent”, “professor” sözlərini yazmaq qadağandır. Kim belə şey edərsə, çox ayıb sayılar.
- Bizdə isə bəzən birinin təqdimatına az qala yarım səhifə həsr olunur.
- Bəli, elədir. Avropada çox tanınmış bir həkim var. Onun adı elə beləcə təqdim olunur – doktor Maykl Marberger. Vəssalam. Halbuki, bu adam Avropada ən ciddi və savadlı uroloqlardan biridir. O adam ayağa qalxdığı zaman qarşısında 5 min uroloq yerində oturar. Ancaq bu adam sadəcə doktor Maykl Marberger kimi təqdim edilir.
- Danışdıqlarınızdan belə anladım ki, cəmiyyəti də təhlil edirsiniz. Azərbaycan cəmiyyətinin tibbi mədəniyyəti normaldırmı?
- Azərbaycan cəmiyyəti çox canlıdır. Cəmiyyətimiz hər il öz davranışını gedərək yaxşılaşdırır. Xüsusən də tibbi davranışını. Azərbaycan cəmiyyəti bu mənada, almandan, fransızdan, ingilisdən geri qalmır. Sadəcə olaraq bizim insanlara insan kimi davranmaq lazımdır. Onlara şərait yaratmaq, rəqabətli mühit vermək lazımdır. Mən 2003-cü ildə Bakıya qayıtdım. O zaman tibbi davranış və tibbi mədəniyyət çox pis səviyyədə idi. İndi isə əvvəlki ilə müqayisədə vəziyyət dəfələrlə düzəlib.
Biz bunu zorla etmədik. Biz həkimlər çıxıb danışdıq. Çox zaman da mənasız verilişlərdə danışdıq. Lakin mənasız verilişlərdə danışdığımız sözlər belə insanların qulaqlarına girdi. İnsanlar hər gün davranışlarını düzəldirlər. Mən Azərbaycan xalqı haqda çox yüksək fikirdəyəm. Düzdür, bəzən çox axmaqlıqlara da imza atırıq. Amma Azərbaycan xalqı aqressiv deyil. Azərbaycan xalqı humanist, yola gedən və rasional xalqdır. Bəzən azərbaycanlılar haqqında “onlar ticarəti çox sevir” deyirlər. Ticarəti, pulu sevməyin nəyi pisdir ki?! Pul sevmək həyata bağlılıqdır. Pulu sevmək düşüncəyə rasionallıq gətirir.
Biz bu insanlara xidmət edəcək səhiyyə xidmətləri gətirsək və bundan istifadə etməsələr, o zaman onları qınaya bilərik.
Halbuki belə deyil. Biz yaxşı səhiyyə xidməti gətirsək, insanlar rasional olduğu zaman bundan çox rahatlıqla istifadə edə biləcəklər. Bu yaxında tanınmış bir həkimlə söhbət edirdim. Ona sual verdim: “Tibbimizin indiki vəziyyəti haqqında nə düşünürsən?”. O belə cavab verdi: “Əvvəllər xəstələrin səhvi ucbatından problem yaşadığımızı çox xatırlayıram. Amma indi yaşadığımız problemlərin çoxu həkimlərin səhvidir. Biz özümüzü düzəltməliyik”. Məncə, çox doğru sözdür.
- Diaqnoz qoyulmasında səhviniz olub?
- Əlbəttə ki, olub. Mənə etiraz da ediblər, şikayətlər də olub. Bir dəfə mətbuatda yazmışdılar, ancaq o, haqsız etiraz idi. Lakin haqlı etirazlar da olub. Görülən işlərdə həmişə səhvlər olacaq. Hər hansı peşəkarın vəzifəsi öz işində səhvləri minimuma endirəcək modeli qurmaqdır.
İkincisi isə bu modeli qorumaqdır. Üçüncüsü, əks məlumat alınmasına şərait yaratmaq lazımdır. Bəzən mənim belə sistem qurduğumdan çox şikayət edirlər.
Bir xəstənin müalicə prosesi bir neçə həlqələrə bölünür. Bu həlqələrə ayrı-ayrı həkimlər məsuldur. Bir xəstə haqqında qərar verəndən sonra ikinci həkimin yanına göndərilir, üçüncü həkim onu əməliyyata hazırlayır. İnsanlar bəzən “doktor, bizi sizi bir dəfə gördük, bir də əməliyyatda görürük” deyirlər. Başa düşmək lazımdır, biz hamımız bir-birimizə nəzarət edirik. Başqa cür də mümkün deyil. Bu gün Vasif İsmayıl işində bacarıqlıdırsa, deməli o tək deyil. Deməli, o komanda ilə işləyir. Və bu komandada da hər kəs özünə hörmət edən həkimdir. Fərz edək ki, mən 10 səhv buraxıram, onun 2-si sırf mənlikdir. Bəs yerdə qalan 8-i?!
- Jurnalist gördüklərini deməlidir, kiməsə qərəzli yanaşmamalıdır. Şəxsən öz qohumlarımızdan professor yanına gedənlər olub, o həkim də ancaq öz dediyinin düz olduğunu deyib. Halbuki, heç diaqnozu da düzgün olmayıb. Müşahidərimiz belə deməyə əsas verir ki, həkimlərin çoxu kollegial şəkildə qərar qəbuletməyə qarşıdırlar. Tibbdə bu da başqa bir problemdir.
- Bu, insan xarakterindən irəli gələn problemdir. Biz öz qürurumuzu bir yerimizə soxub sakitcə oturmalıyıq. Peşəkarıqsa, peşəmiz bizim üstümüzdə olmalıdır. Əgər bir işi görürüksə, o işin haqqını verməliyik. Azərbaycanda mənfi olan cəhətlərdən biri də şöhrətpərəstlikdir. Biz özümüzü dartmağı çox sevirik. Biz şöhrətpərəstliyə qarşı çıxmalıyıq. Mənə şöhrəti bu sənət qazandırıbsa, bu sənət də şöhrətimi ayaqlar altına ala bilər. Bu qədər xəstəxana var, bu dəqiqə nə qədər insan tibb müəssisələrindən evinə çörək aparır. Bunların hamısı bir şeyin başında dolanır - bir xəstənin. Demək ki, bütün bu sistem, nazirlik, xəstəxanalar kimin haqqını qorumalıdır? Xəstənin haqqını qorumalıdırlar. Sən əgər onların haqqını qorumayacaqsansa, nə “mənəm-mənəm” deyirsən?! Xəstə sənlə razılaşmır, qoy razılaşmasın.
- Bayaq qadınların sidik saxlamazlığı mövzusunda dissertasiya yazdığınızı dediniz. Nədir bu xəstəliyi yaradan, onu necə aradan qaldırmaq olar?
- Qadınlarda sidik saxlanmazlığı çox yayğın məsələdir. Praktiki olaraq orta yaşlı qadınların üçdə ikisi sidiklərini müxtəlif şəkillərdə saxlaya bilmirlər. İnsanlar çox vaxt bu problemə görə həkimə getməyə utanırlar. Digər tərəfdən, insanlar təbabətə inanmırlar ki, bu problemi aradan qaldıra bilər.
Xəstəliyin altında yatan əsas səbəb qocalıq, həyat tərzi, hamiləlikdir. İnsan, xüsusilə qocaldıqca, hamilə qaldıqca, onlarda sidik saxlamaq problemləri ortaya çıxır. Bu problemlər də təbabətdə çox uğurla həll olunur. Bir hissəsi dərmanla, bir hissəsi də kiçik cərrahi əməliyyatla. Əminliklə deyə bilərəm ki, sidik saxlanmazlığı uğurla müalicə olunur.
- Gələk cinsi əlaqələr mövzusuna. Hədsiz şəkildə cinsi əlaqəyə meyllilik, masturbasiya insan orqanizmi üçün zərərlidir yoxsa xeyirli?
- Çox gözəl sualdır. Masturbasiyanın tibbi olaraq heç bir ziyanı yoxdur. Lakin masturbasiyanın psixoloji olaraq ziyanı var. Belə ki, bağlılıq və müəyyən aqressiya yarada bilər. Bu aqressiya da doyumsuzluqdan qaynaqlanır. Cinsi əlaqənin də insana heç bir ziyanı yoxdur, əksinə, 1000 cür faydası var. Çoxlu cinsi əlaqənin də ziyanı yoxdur, sadəcə bəzi psixoloji problemlər yarada bilər.
Hər şeyin aşırısına qaçmaq pisdir, amma ondan imtina da etmək lazım deyil. Masturbasiya da pis şey deyil. Amma gündə 5 dəfə masturbasiya edirsənsə, bu, artıq problemdir. Düzdür, bədənə zərərli deyil, prostatda xərçəng riskini aradan qaldırır. Eyni zamanda səndə ürək-damar problemini yaratmayacaq. Ancaq psixoloji olaraq beynini itirirsən və bu özünü masturbasiyada göstərir.
Sən qarşına çıxan hər qadınla cinsi əlaqə arzulayırsansa, bu, sənin cinsi əlaqə hissinin problemi deyil. Bu, öz beyninin problemidir.
- Xarici saytların birində oxumuşdum ki, evli kişilər də masturbasiya etməyə üstünlük verirlər. Bəs onları masturbasiya etməyə vadar edən nədir?
- Gəlin, bir lətifə danışım. Biri gedir tualetə, sağ əllə masturbasiya edir və bundan çox həzz alır. Sonra ertəsi gün sol əllə masturbasiya edir, bundan da böyük həzz alır. Lakin deyir ki, gedib gözəl bir xanımla münasibət yaşadı və bu sol əlin solğun bir təsviri təəssüratını bağışladı.
Cinsi əlaqə ətrafında biz çox mif, inanc yaratmışıq. Qadınlar haqqında da eyni mifləri yaratmışıq. Qadınlara çox müqəddəs biri kimi baxırıq. “Ay ana elə, ana belə, paklıq” və sair deyirik. O qədər əsatir yaratmışıq ki, insanları da bu modellərlə yetişdiririk. Sonra bu insanlar həyata atılırlar və görürlər ki, cinsi əlaqə yemək yemə kimi adi bir fəaliyyətdir. Böyük bayıra getmək necə bir ritualdırsa, cinsi əlaqə də zəruri ehtiyacdır, ritualdır.
Lakin görün bizdə nə deyirlər: “Ay kişi balasıdır bu, bəydir, igiddir”. Sonra o adam ailə quranda görür ki, qadınla cinsi əlaqə çox adi bir şeydir. İnsanlar qırıla-qırıla qalırlar. Lakin ehtiyacını da təmin etməlidir axı. Bunu da masturbasiyada tapır. Masturbasiyada ancaq öz xəyalınla birlikdə olursan və buna xüsusi bir məna yükləmək lazım deyil. Müəyyən məməlilər öz ifrazatlarına məna yükləməyi bacarırlar. Məsələn, adi it öz sidiyinə əlavə məna yükləyir. Öz sidiyi ilə ətrafı işarələyir. Meymunlar tüpürməyə xüsusi bir şey kimi baxırlar. Meymunlar tüpürməklə təhqir edirlər. Göz yaşı gözümüzü qorumaq üçün ifrazatdır. Bizdə isə buna romantika yükləyirlər.
Başa düşürəm ki, hər şeydə müəyyən modellər yaradılmalıdır. Lakin biz işin ağını çıxarmışıq. Bir insanın göz yaşı nə qədər müqəddəsdirsə, həmin insanın cinsi əlaqəsi də o qədər müqəddəsdir.
- Fərz edək ki, bir kişi evlidir, xanımı ilə də heç bir problemi yoxdur. Lakin başqa birini də arzulayır və onunla cinsi əlaqədə olur. Bizdə sadə dildə bu, xəyanət adı ilə assosiasiya olunur. Sualım belədir, bu, normaldırmı?
- Təbii cəhətdən normaldır, amma iqtisadi baxımdan yox. Söhbətimizin başında dedik ki, cəmiyyətin əsas motoru iqtisadiyyatdır. Gəlin öncə baxaq görək ki, insanlar niyə bir-birilə evlənir. İnsan, homosapiens atanın öz övladına qulluq edən heyvan növüdür.
Heyvanların hamısında isə erkək cins, ata öz övladına qulluq etmir. İnsanda isə fərqlidir. Bunun da həyatda müəyyən avantajları var. Bu gün bir qadın bir kişi ilə ailə həyatı qurur. Qadın deyir ki, mən uşaq doğub saxlayacam, sən də mənə kömək edəcəksən, yanımda olacaqsan. Kişi də razılaşır və deyir ki, bütün gücünü uşaqların böyüdülməsinə sərf edəcək.
Təbiətdə belədir ki, kişi bir dəfəyə 20 milyon sperma xaric edir. Bunu gün ərzində bir neçə dəfə təkrar edə bilər. Kişiyə təbii olaraq sərf edir ki, daha çox qadınla cinsi əlaqə olsun və toxumlarını yaysın, çünki çoxdur. Qadın isə ayda bir dənə yumurta verir. Qadına sərf edir ki, ən yaxşı kişini seçsin və ondan yumurtanı mayalandırsın. Məsələnin bioloji izahı budur. Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə. Qadın yumurtasını ən yaxşı gördüyü kişiyə verməlidir.
- Lakin qadınların içərisində də başqa kişilərə meyl edənlər və cinsi əlaqədə olanlar az deyil.
- Bunun da izahı var. Qadın bir şəkildə cəmiyyətin süzgəcidir. İqtisadi olaraq ortaya çıxacaq övlada kişi də, qadın da bütün gücünü verməlidir. Ona görə də, iqtisadi olaraq cəmiyyətdə buna pis baxırlar. Bioloji olaraq isə kişinin başqa qadınlarla münasibəti normaldır.
Bəs qadınlar niyə aldadırlar? Bunun izahı çox sadədir. Qadın bəzən müəyyən problemlərindən dolayı öz yumurtasını istədiyi kişiyə verə bilmir. Çünki onun istədiyi kişi iqtisadi olaraq ona avantaj vermir. Hər hansı başqa bir kişi gəlir və qadın onu istəyir. Bu zaman demək olar ki, qadın bioloji olaraq başqa kişilərə yönlənə bilər.
Hər hərəkətin altında bioloji səbəblər var. Lakin iqtisadi davranış modelləri də var. Bu gün bizdə ancaq adət-ənənədən, mentalitetdən danışırlar. Bunlarda da müqəddəs heç nə yoxdur.
Bundan 150-200 il öncə “ev qızı” deyilən anlayış var idi. Gedirdin kiminsə 7-8 yaşındakı qızını öz oğluna alırdın. O qızı evində böyüdürdün və müəyyən yaşa gələndən sonra oğlunla evləndirirdin. Əvvəllər bir ata öz qızına baxmaq istəmirdi. Çünki qız gedib kəl sürməyəcək, əkinlə məşğul olmayacaqdı. Ona görə də qızını birinə verirdi və bu da sərf edirdi. Beləliklə bir ailə kimi yaşayırdılar.
Bunun çox gözəl bir iqtisadi təməli var idi. Lakin bu o demək deyil ki, 21-ci əsrdə də bu modelə keçməliyik. Bu gün bir qıza bu şəkildə yanaşmamalıyıq.
Bəzən cəmiyyətdə, “namus, qeyrət, ay qızları 13 yaşında ərə verək” deyirlər. Bunlar axmaqlıqdır. Bu axmaqlıqlar tarix boyu olub. Hazırda cəmiyyətdə iqtisadi model çox güclüdür və ona qarşı getmək mümkün deyil.
- Bəzi cütlüklər də var ki, yataq həyatında bir-birini təmin edə bilmirlər. Kişi belə olan halda özünə başqa partnyor tapır, lakin qadınlarda bu, problem olur. Qadınlar var ki, cinsi əlaqədə təmin olunmasalar da, başqa kişi ilə də yatağa girməyi də seçmirlər. Bu da bəllidir ki, seksual çatışmazlıqlar problemlərə yol açır. Bu mənada həmin kateqoriyadan olan qadınların seksual çatışmazlığı onlara hansı xəstəlikləri qazandıra bilər?
- Sizinlə razıyam. Azərbaycan cəmiyyətində bizdə insana bir növ “işgəncə” var. Lakin, bu, Avropada da belədir. İş burasındadır ki, kişi bioloi və iqtisadi cəhətdən özünə həmişə qadın partnyor tapa bilir. Yetər ki, cibində pul olsun. Qadınlar isə müəyyən yaş və vəziyyətdən sonra özlərinə partnyor tapmaqda çətinlik çəkirlər, hətta pulları olsa belə. Bu problem Avropada daha qabarıqdır. Avropada yalnız qadınlar və yalnız kişilər çoxdur. Lakin o kişilər özlərinə partnyor tapmaqda daha bacarıqlıdırlar.
Qafqazda bu iş daha yaxşı həll olunub. Burada iqtisadi model və cəmiyyət səni məcbur edir ki, qadına bağlanasan. Əslində biz qadın-kişi bərabərliyini tam təmin etsək, ortaya o dərəcədə də yaxşı mənzərə çıxmayacaq.
Mən bu mənada Avropadakı mənzərəni bəyənmirəm. Bir şeylə də razıyam ki, cəmiyyət ədalətli davranmalıdır. Ədalətin axırında çıxan söz çox xoş səslənməyə bilər. Ancaq nəticədə bu, ədalətli ortaya çıxıb. Bu gün Azərbaycandakı görüntüyə baxan zaman görürəm ki, anaları tərəfindən evlənməyə məcbur edilən oğlanlar, qızlar var. Ailələrin bir-birlərinə qarşı oynadığı oyunları görürəm. Bunları görəndə adam iyrənir. Buna görə də Avropadakı görüntünü çox bəyənməsəm də, hesablayıb görürəm ki, ora daha yaxşıdır.
- Prostat xərçənginin yaranmasında seksual münasibətlərin təmin olunmamasının rolu nə qədərdir?
- Prostat xərçəngi əvvəl-axır bütün kişilərdə olacaq. Kişi həyatını axırda prostat xərçəngi olmaq üçün yaşayır. Kişi nə qədər çox cinsi əlaqədə olarsa, onda prostat xərçənginin yaranması ehtimalı az olacaq. Xüsusilə bu, 20-30 yaş arasına aiddir. 20-30 yaş arasında erkək fərd nə qədər çox cinsi əlaqədə olarsa, onda prostat xərçənginin əmələ gəlmə ehtimalı az olacaq.
- Araşdırma aparımısınızmı, Azərbaycada nə qədər prostat xərçəngindən əziyyət çəkən var?
- Xeyr. Mən özümü çox ağıllı həkim saya bilərəm, amma səhiyyə xidmətinin içərəsində qiymətim sıfırdır. Çünki statistika məsələsinə təsir edə bilmirəm. Bu gün Azərbaycan səhiyyəsi niyə zəifdir? Çünki ortaya inandırıcı statistik məlumatlar qoya bilmir.
- Cinsi istəyi yüksəltmək və həzzi artırmaq üçün pornoya baxanlar az deyil. Pornoya baxmaq zərərlidir yoxsa ziyanlı?
- Pornoya baxmaq heç bir problem yaratmır, psixoloji problem istisna olmaqla. Əgər pornonu izləyən insanın xarakterində müəyyən qüsurlar varsa, ondan ziyan görəcək. Məsələn, bu gün urologiya şöbələrinə insanlar gəlir və cinsi orqanının ölçüsündən narazılıq edirlər. Bu gün bundan ötrü nə qədər boşanma yaşanır. Çünki oğlandır, pornoyo baxır, oradakı nağılı öz həyatında görmək istəyir.
Əslində isə pornolardakı nağıldır, elə şeylər realda mümkün deyil. Pornoya ictimai fenomen kimi baxıram. Problem pornoda deyil, onu necə alqıladığımızdadır.
Tütünlə müqayisə edək. Nə qədər tütün istehsal edilir, amma bütü insanlar siqaret çəkmir ki! Narkotik də var, amma heç kim narkotik aludəçisi olmur ki!
Yəni hər bir cəmiyyətdə müəyyən qrup insan müəyyən fenomenə bağlanır. Bu mənada porno müəyyən sosial qruplara ziyan gətirir. Ancaq bu o demək deyil ki, bu, pornonun günahıdır.
- Azərbaycanda cinsi orqanının ölçüsünü dəyişmək istəyənlər çoxdur?
- Çox deməzdim, amma var.
- Bəs cinsi orqanı böyütmək zərərli deyilmi?
- Cinsi orqanın ölçüləri ilə ilə bağlı əməliyyatların bir hissəsi çox ziyanlıdır. Biz bunu praktikada da görmüşük. Hər şeyi açıq danışmaq olmur.
Sizə isə belə bir fenomen haqqında danışacağam. Cəzaçəkmə müəssisələrində kişilər “krutoy” görünmək üçün öz sünnətlərinə öz metodları ilə balaca əməliyyat edirlər. Əvvəlcə bir-iki il bunun çox gözəl nəticəsi olur. Bəs axırda nə olur? 2 ildən sonra penis çürüyərək qopur. Yəni, onu o boyda qalınlaşdırmaq üçün elə əziyyətə girməyə dəyərdimi? Xeyr.
- Azərbaycan həbsxanalarında da belə hal var?
- Bəli, Azərbaycan həbsxanalarında da cinsi orqanlarını böyüdən məhbuslar var. Lakin ən çox Rusiyadadır. Ədalətsiz sistemdir. Buna görə də məhbuslar primitiv üsullarla, instinktlərlə özlərini qaldırmağa çalışırlar. Sanki bunlara heyvan kimi davranırlar. Xeyr, onlar da insandır. Onlara insan kimi davranılsa, belə hadisələr də olmaz.
- Bəs cərrahi əməliyyatla olanlarda hansı problemlər yaranır?
- Penisi qalınlaşdırmaq üçün penisin dərisinin altına müəyyən maddələr yeridilir. Penisi uzun göstərmək üçün penisin kökündə müəyyən əməliyyatlar aparılır. Bu əməliyyatları mən də bacarıram, amma birini də etməmişəm.
Əməliyyatdan sonra penis daha uzun görünəcək, amma sərtləşdiyi zaman penisin sahibi öz cinsi orqanını bəyənməyəcək. Və əvvəl-axır onda psixoloji problemlər yaranacaq. Penis normalda sərtləşdiyi zaman üzüyuxarı olur, lakin əməliyyat olunmuş insanlarda penis sərtləşəndə üzüaşağı baxır. Bu, insanların heç xoşuna gəlmir. Hələ başqa məqamlar da var. Penis hissiyyatını da itirə bilir ki, bu da yaxşı bir şey deyil.
Bu təbiətin qanunları var. Məsələn, bilirik ki, su 100 dərəcədə qaynayır. Təbiətdə hər şeyin dağılımı isə Qaus əyrisi üzrədir. O bir çanaq kimidir. Həmişə Qaus əyrisinin ortasına doğru yönəlmək daha faydalıdır. Qaus əyrisinin uclarında olmaq yaxşı deyil.
İndi penisin bir az qısadır, olsun da! 12 santimetr deyil, 9 santimetrdir, dünya dağılmadı ki! Hə, o başqa məsələ ki, çox kiçikdir, onun üzərində işləmək olar. Burada müəyyən risklərə getməyə dəyər. Yox, əgər penisin Qaus əyrisində ortaya yaxındırsa, niyə özünü öldürürsən? Bir insan penisinin qısa və nazik olmasına görə başarısız olmur. O insanın beynində qurduğu model alınmadığına görə, özünü pis hiss edir.
- Səmimi deyin, cinsini dəyişmək üçün sizə müraciət edənlər olubmu?
- Xeyr. Amma bu sahədə çox böyük problem var. Bizdə cinsini dəyişmək istəyən və penisini uzatmaq istəyən insanları başa düşmürlər. Əgər bu psixoloji asılılıqdırsa, belələrinə kömək etmək lazımdır. Azərbaycanda isə belə insanlara kömək etmək imkanımız yoxdur. Amma xaricdə edirlər, elə İranın özündə də.
Elə insanlar geridönülməz şəkildə bunu istəyirlərsə, psixoloji olaraq depressiyada olurlarsa, onları başa düşmək lazımdır.
- Sizin ilk dəfə çıxışınıza “Təkamülə giriş” kitabının təqdimatında qulaq asmışdım. Prostat xərçənginin müalicəsində təkamül təliminin rolundan danışırdınız. Çox maraqlıdır, bu mexanizm necə qurulur?
- Darvin heç zaman “insan meymundan əmələ gəlib” deməyib. Darvin təkamülün qanunlarını ortaya qoyub və bunlar fundamental idi. İndiyə qədər aparılan bütün araşdırmalar təkamül təlimini təsdiq edib. Təkamül qaydası bizə həm dərman istifadəsində, həm də xəstəliklərin müalicəsində çox ciddi fayda verir.
Tibbdə prostat xərçəngini dərmanla müalicə etməyə çalışırlar. Belə bir qayda var: bu dərmanlar prostat xərçəngi populyasiyasının hamısını qıra bilmir. Böyük bir hissəsini öldürür, lakin kiçik bir hissəni məhv edə bilmir.
Biz bu dərmanların hamısını ora yeritsək, dərmanın öldürdüyü bütün hüceyrələri məhv edəcəyik. Yəni prostat xərçənginin 95 faizini ortadan qaldıracağıq. “Nə əla bir şeydir” deyəcəksiniz.
Düşünə bilərsiniz ki, yerdə qalan 5 faiz xəstəlik nə edə bilər ki? Xeyr, hörmətli insanlar, məsələ bu qədər də sadə deyil. Əgər biz bu dərmana bağlı xərçəng hüceyrələrini öldürüb, insan bədənində dərmana bağlı olmayan xərçəng hüceyrələrini saxlasaq, onlar boşalmış yerlərin hamısını sürətlə tutacaq. Və insanı daha tez öldürəcək. Təkamülün qaydalarına görə isə, biz dərmana həssas populyasiyaları axıra qədər öldürmürük. Biz bunu necə hesablayırıq? Yenə də təkamülün qaydalarına görə hesablayırıq, dərmanı müəyyən intervalla veririk. Biz buna kəsintili müalicə deyirik. Biz dərmanı veririk, dərmanların öldürə biləcəyi hüceyrələrin 70 faizini məhv edəndə artıq o dərmanı kəsirik. Bu səfər o dərmanın öldürə biləcəyi xərçəng hüceyrələri yenidən inkişaf etməyə başlayır. Nəticədə o biriləri ilə mübarizəyə başlayırlar. Bunlar təkamül qanunlarıdır, dəqiq riyazi hesablamalardır. Bu gün prostat xərçənginin dərmanla müalicəsində təkamül qaydaları və onun riyazi hesablamaları istifadə olunur.
Bu gün dərman istehsalında təkamülün qaydalarından istifadə olunur. Bu gün epidemologiya elmi təkamül üzərində qurulub. Bu gün insanlıq vəbadan, taundan ölmürsə, burada təkamülün rolu var.
- Baxın, bayaq jurnalistləri ittiham etdiniz, amma həkimlər də çıxıb televiziyada təkamülün adı gələn kimi ona etiraz edirlər. Sıravi biri desə, anlamaq olar, bəs həkimin təkamülü danması biabırçılıq deyilmi?
- İnsan övladı bir az tənbəldir. Mən özüm də mənə aktual olmayan mövzularla maraqlananda bəzən tənbəllik göstərirəm, hazır modellərdən istifadə edirəm.
İşin kökündə o dayanır ki, biz nə iləsə dərindən maraqlanmırıq. Sadəcə, cəmiyyətdə gəzən stereotipləri model olaraq götürürük.
Həkim durub “bizi Allah yaradıb” deyirsə, təkamül qaydalarının onun üçün sosial bir əhəmiyyəti yoxdur. Bu adam məsələnin içinə girmir. Belə həkimlərə müalicə ilə bağlı hazır sxemləri verirlər və resept yazır. Məsələnin məntiqinin içinə isə girmir. Buna görə də, belələri cəmiyyətdə dolaşan hazır stereotipləri özlərinə model olaraq götürürlər. Özünü peşəkar sayırsansa, gərək bu peşəyə hazır modellərlə deyil, araşdıraraq sahiblənəsən.
Həkimsənsə və həkimlik məsələsində hazır modellərdən istifadə edirsənsə, o zaman sən həkim deyilsən, həkim texnikisən. Yəni texniki olaraq həkimliklə məşğulsan.
- Az qala dini motivli tezisləri dərsliklərə salmaq cəhdləri olur. Şagirdlərimiz bununla hara gedəcək?
- Görün məsələni hansı səviyyəyə gətirib çıxardılar ki, biz elm ocaqları olan məktəblərdə dini inancları dərs olaraq keçirik. Sən buna dini inanc kimi baxırsansa, get dini kitab yaz, oxuyan da oxuyacaq. Sən bunu təhsilə daşımaqla çox böyük səhv edirsən. Bəzən deyirlər ki, dərsliklərdə Darvin təlimi ilə yanaşı, yaradılış nəzəriyyəsi də tədris olunmalıdır. Xeyr, elə deyil. Darvin nəzəriyyəsi elm ocağı olan məktəblərə girmək üçün elmin bütün sınaqlarından keçib. Bu təlim elm ocaqlarında tədris olunmaq haqqını qazanıb.
İnancla işi bir-birinə qarışdırmaq olmaz. İslamiyyətin kökü “insanı Allah yaradıb” demək deyil. Sən bir şeyi oxuyub necə başa düşmüsənsə, onu bizim beynimizə yeritməyə çalışma. Yəni ağıllı ol, oxuduğun şeyin mənasını başa düşməyə çalış. Sosial streotipləri kopyalaraq Allaha rüşvət vermək kimi, Allaha yaltaqlanmaqla sən yaxşı müsəlman olacağını zənn edirsənsə, kül sənin başına!
Məktəb elm ocağıdır. Məktəb elm ocağı deyilsə, mənim uşaqlarım orada olmayacaq. Elm özü-özünə şübhə edən, bir dənə sözünü neçə dəfə yoxlayan bir sahədir. Elm öz daxilində hər şeyini yoxlayır. Dində isə belə bir şey yoxdur. Dində belə bir şey qəbul olunub ki, “insanı Allah yaratmadı” desən dindən çıxmış sayılırsan. Bu fikrə belə sən etiraz edə bilmirsənsə, inancın yeri məktəb deyil.
Bəzən deyirlər ki, dini inanc insana əxlaq gətirir. Xeyr, mən əksini düşünürəm. Hətta mən düşünürəm ki, dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır. Dini inanc insan əxlaqsızlıqlarına müəyyən don geyindirməyə imkan yaradır. Deyək ki, biri uşaqbazdır. Amma gündə 5 dəfə namaz qılır ki, heç kim onun haqqında pis düşüncədə olmasın, hamı “Yox ee, nə danışırsan, o elə şey etməz” desin.
Mən demirəm ki, dindarlar əxlaqsızdırlar. Amma dini inanc əslində bir çox axmaq və əxlaqsız insanların öz axmaqlıqlarını və əxlaqsızlıqlarını ört-basdır etmək üçün gözəl metoddur.
Kim inanclıdırsa, dini qaydalarla yaşamaq istəyirsə, yaşasın. Amma mənə qarışmasın. Sən öz daxilində spirtə nəcis deyə bilərsən. Amma bunu mənim yanımda demə. Mənim yanımda desən mən də sənə başqa şeylər deyərəm.
Mən bu sözü deməyi çox sevirəm. İnsanın dini inancı altpaltarı kimidir. İnsanın alt paltarının olmağı çox yaxşı bir şeydir, amma camaata göstərmək yaxşı deyil.
- Belə bir sosial inanc var ki, qoz-fınqıd yemək insanın cinsi istəyini artırır. Bu düzdürmü?
- Bu, tam olaraq isbat olunmayıb. Bizdə belə bir tendensiya var ki, nəyin faydalı olduğunu deyiriksə, onu daha çox yeyirik. Məsələn, nar şirəsi xeyirlidir. Amma nar şirəsini gün ərzində bir stəkandan çox içsən, səndə şəkər, köklük yaranacaq. Yəni, faydasından çox zərəri olacaq.
Qoz-fındıq da deyilib ki, gün ərzində müəyyən miqdarda ye. O qədər ye, vəssalam da. Daha oturub yarım kilonu yemək lazım deyil.
- Azad seks ifadəsi artıq cəmiyyətin terminologiyasına daxil oldu. Ortada seks varsa, zatən o azaddır. Bəs azad seks deməklə nəyi nəzərdə tutur insanlar, görəsən bunu özləri bilirmi?
- Azad seksi, bizdə reaksiya kimi başa düşürlər. Ənənəvi olaraq arvadı evə bağlayıb, istədiyi vaxtda da cinsi əlaqə olmaq anlayışına adət-ənənə deyirlər. Görün nə etdilər, guya bunun qarşısına azad seks anlayışını çıxartdılar. Yəni arvad da, kişi də istədiyini edəcək. Bunlar reaksiyadır və Qaus əyrisinin uclarından dayanan mövqelərdir.
Mən arvadı evə mal kimi bağlamağı kişilikdən görmürəm. İstədiyim zaman onunla cinsi əlaqədə olmağı da düzgün hesab etmirəm. Cinsi əlaqədə qarşılıqlı istək olmalıdır.
Hətta biri ilə 1500 dəfə cinsi əlaqədə olmusansa, bu, 1501-ci dəfədə səninlə avtomotaik cinsi əlaqəyə girəcək anlamını vermir. Sən onun razılığını almalısan. Bunun özü azad seksdir. Azad seks hər bir insanın seksual azadlığıdır. Cinsi əlaqə azad iradə ilə ortaya qoyulduğu zaman azad seks olur. Yoxsa, biri qadına mal kimi baxır, digəri isə seksdə necə gəldi davranmağı nəzərdə tutur. Hər ikisi yanlışdır.