Yusif Bağırzadə: “Bu işlə Ruben adlı erməni milyarder məşğul olur...”

20-04-2018, 11:22           
Yusif Bağırzadə: “Bu işlə Ruben adlı erməni milyarder məşğul olur...”
Teleqraf.com-un suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirildi və İlham Əliyev böyük səs çoxluğu ilə yenidən qalib gəldi. Namizədlər arasında rəqabət şəraitini və bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz?

- Seçkidə seçici kimi iştirak eləmişəm. Seçki Məcəlləsinə uyğun olaraq, prezident seçkiləri noyabrda keçirilməli idi, bu və ya digər səbəbdən aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edildi. Seçkinin vaxtı önə çəkilsə də, hazırlıqla bağlı problemlər olmadı. Namizədlərin qeydə alınması və ya təbliğat-təşviqat prosesi zamanı ciddi problemlər müşahidə etmədim. Özüm vaxtilə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olmuşam, MSK seçkinin öhdəsindən uğurla gəldi. Seçkinin nəticələrinə gəlincə, əslində, hər şey bəlli idi. Çünki hakimiyyət əvvəlki illərdə götürdüyü öhdəliyin xeyli hissəsini yerinə yetirib. Neft-qaz ixracatının çoxşaxəli olması, TAP və TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi layihələrin reallaşması, “Əsrin müqaviləsi”nin ikinci fazasına keçid İlham Əliyevin uğurlarıdır. O, bunu bacarıb. Bu, reallıqdır. Ətrafımızda olan dövlətlərdən Türkiyə və Gürcüstanı kənara qoysaq, Rusiya, Türkmənistan, İran neft-qaz məhsulları ixrac edən dövlətlərdir, onlar alternativ kəmərlərin olmamasında maraqlıdırlar. Rusiya Türkmənistanı aldadaraq, qaz kəmərinin çəkilişinə imkan vermədi, Türkmənistanla Çin arasında olan müqavilənin pozulması ölkəni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycan isə sadaladığımız nəhəng layihələri həyata keçirdi. İnanmıram ki, başqası bunu edə bilərdi. İlham Əliyevin beynəlxalq münasibətlərə olan təsiri və praktikası imkan verdi ki, Rusiya, İran, Türkiyə və Gürcüstanla, eləcə də Türkmənistan, Qazaxıstan, Avropa, ABŞ-la münasibətlərin yaxşılaşdırsın. Bu gün Qarabağ münaqişəsi kimi problemimiz var ki, bu münaqişənin həll olunmamasında maraqlı olan siyasi gücləri həmişə nəzərə almalıyıq. ATƏT-in seçkiləri müşahidə edən nümayəndələrinin bəyanatına nəzər salsaq, görərik ki, bunun arxasında böyük qüvvə dayanır. Bu, ciddi məsələdir, proses təkrar davam edəcək və bunun arxasında erməni lobbisi durur. Ruben Vardanyan adlı erməni milyarder bu işlə ciddi surətdə məşğul olur. O, “Troyka Dialoq” adlı şirkətin sahibi idi, onu “Sberbank”a satıb “Avrora” adlı cəmiyyət yaratdı. Həmin cəmiyyət birinci, ikinci və üçüncü dövlətlərdə liderlər axtarışındadır, insan hüquq və azadlıqları ilə əlaqədar kim önə çıxırsa, onu qalib elan edib həmin şəxsə təqribən 2 milyon dollar civarında mükafat verir. “Avrora” cəmiyyəti mükafat alan şəxsin qarşısında həmin dövlətin parlamentində qondarma erməni soyqırımını qəbul etdirmək kimi öhdəlik qoyur. Bu istiqamətdə külli miqdarda pullar xərclənir. Rusiyalı müxbir Ruben Vardanyanla müsahibəsində Almaniya Bundestaqında qondarma soyqırımla bağlı qəbul edilən qanunun ona aidiyyətinin olub-olmadığını soruşdu. O isə təsdiqlədi ki, layihənin ideya müəllifi özüdür, Vardanyan bu istiqamətdə uzun illər iş görüldüyünü açıqladı. Bildirdi ki, proses davamlı olacaq, bundan sonra digər dövlətlərdə bu cür qanunların qəbul edilməsi üçün çalışılacaq. Bu şəxs erməni lobbisinin qabaqcıllarından biridir. Bizim üçün çox təhlükəli insandır. Açıq şəkildə dedi ki, qondarma soyqırımı ilə bağlı prosesin davamlı olmasına təminat verir. Ayrı-ayrı dövlətlərin bu cür qanun qəbul etməsi Dağlıq Qarabağ münaqişəsini kölgə altına salır və vaxt bizim ziyanımıza işləyir. Onda belə çıxır ki, soyqırıma məruz qalmış dövlət təcavüzkar ola bilməz. Yəni bizim torpaqların zəbt olunmasına haqq qazandırılır. ATƏT-in seçki bəyanatı da birbaşa Ruben Vardanyanın ideyasıdır.

- Məqsəd nədir?

- Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar ATƏT-in Minsk Qrupu platformasında aparılır. MSK-nın seçkilərin nəticəsini açıqlamasını gözləmədən ATƏT-in bu yanaşması qanuni çərçivəyə sığmır. MSK seçkinin nəticəsini ləğv də edə bilərdi. Ancaq ATƏT MSK-nın nəticəni elan etməsini gözləmədən bəyanat yaydı. Bu mənada bu bəyanatın heç bir hüquqi əsası yoxdur. ATƏT hüquqi baxımdan qiymət verməlidir, ancaq onların bəyanatı siyasi bəyanat idi. Düşünürəm ki, “Avrora” cəmiyyətinin bu addımı ciddi siqnal olmalı və nəinki biz, Türkiyə, o cümlədən türk dünyası bu cəmiyyətin fəaliyyətinin qarşısını almalıdır. Biz həmçinin Azərbaycanın mövqeyini müdafiə edən, haqq səsini beynəlxalq arenada səsləndirən əcnəbi politoloq və siyasətçilərin fəaliyyətini yüksək qiymətləndirib onlara dəstək olmalıyıq. Erməni diasporunun fəaliyyəti çox aktivdir. Azərbaycanın diaspor təşkilatları bir mərkəzdən idarə olunmalı, konkret fəaliyyət proqramı ilə addımlamalı, fəal hərəkətdə olmalıdır. I vitse-prezident Mehriban Əliyeva erməni lobbisinin beşiyi sayılan Fransada bu fəaliyyəti neytrallaşdıra bilib, Ermitaja Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. ABŞ-da olan lobbi çox güclüdür. Birləşmiş Ştatlar qondarma soyqırım barədə qərar qəbul etsə, bu, Qarabağ probleminə də birbaşa təsir göstərəcək. Düzdür, ABŞ pezidentliyinə namizədlərin çoxu seçkiöncəsi vəd verərək, qərar qəbul edəcəyini bildirir, amma ABŞ Türkiyə ilə strateji müttəfiqdir, NATO-da bir platfomada təmsil olunduqlarına görə bundan vaz keçirlər. Lakin belə bir qərarın qəbul ediləcəyi istisna deyil. O zaman Qarabağ probleminin həlli necə olacaq?

- Erməni lobbisinin ATƏT-lə işbirliyi hansı dövrü əhatə edir?

- Bir daha qeyd edirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir. Bu büro 2003-cü il, 2008-ci il və 2013-cü il Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanatlar yayıb. Hər dəfə deyilirdi ki, seçkilər demokratik şəraitdə keçirilib. İndi də YAP və İlham Əliyev hakimiyyətdədir, bəs nə dəyişib? Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan halda ATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yaymasının arxasında başqa şeylər dayanır. Əsas söz xalqındır. ATƏT-in müşahidə missiyasını dəvət etməmək də olardı. ABŞ ATƏT-in hesabına xeyli pul köçürsə də, seçki müşahidəsi üçün bu təşkilatı dəvət etmir. Mən Buşla Kerrinin seçki mübarizəsini izləmişəm, o vaxt da ATƏT dəvət olunmamışdı.

- Yeri gəlmişkən, özünüz namizədliyinizi niyə irəli sürmədiniz?

- Mən İlham Əliyevin alternativi ola bilmərəm. Gələcək üçün düşünmək olar. Gənc yaşından siyasətdəyəm. 1995-ci ildə I çağırış deputat seçilmişəm, hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini olmuşam. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ilk üzvlərindən idim. MDB Parlament Assambleyasında Azərbaycanı təmsil etmişəm. Sonrakı fəaliyyətim AMİP-in sədrliyi ilə bağlı olub. Həyatımın çox hissəsini siyasi fəaliyyətlə məşğul olmuşam.

- Bəs boykot taktikasının seçilməsinə münasibətiniz necədir?

- Seçkidə iştirak üçün güc olmadığından bu taktikanı seçdilər. Hansı sözlə, əməllə, platforma ilə xalqın qarşısına çıxacaqdılar? İlham Əliyevin alternativi yoxdur axı.

- Siz də müxalifətdə təmsil olunmusunuz, bu prosesin içində olan şəxs kimi müxalifətin durumunun bu cür olmasını nə ilə izah edərdiniz?



- Əlbəttə, hökumət də siyasi partiyalara dəstək verməlidir. Hansı dövlətdə müxalifət güclüdürsə, o dövlət inkişaf edir. Siyasi partiyalar niyə xarici siyasi qurumun təsiri altına düşməlidir? Seçicilər tərəfindən heç bir etimadı doğrultmayan, rəğbət qazanmayan, dəfələrlə uduzan adamlar keçmişdə qalmalı, yeni qüvvələr ortaya çıxmalıdır. Bunun üçün hakimiyyət şərait yaratmalıdır ki, gənclər irəli çıxsın. Yalnız yaxşı əməl və düşüncə, xalqa xeyir vermək ideyası ilə gündəmə gəlmək olar. Bunda hakimiyyətin özü də maraqlı olmalıdır.

- Siyasətdə 3 illik fasilədən sonra perspektivdə yeni partiya yaratmaq barədə düşünürsünüz?

- Bu gün müstəqiləm, bitərəfəm, heç bir siyasi partiyanı təmsil etmirəm. Sabah nə olacaq, deyə bilmərəm. Ola bilsin, yeni partiya yaratdım. Bu, proseslərdən asılı olacaq. Bu gün əsas məsələ Qarabağ problemidir. Konkret mövqe ortaya qoyulmalı, böyük dövlətlər neytrallaşdırılmalı və məsələ güc yolu ilə həll edilməlidir. Buna hüququmuz çatır. Ancaq düşünürəm ki, Rusiya buna razı olmaz.

- Keçmiş partiyadaşlarınızla münasibətləriniz necədir?

- Hamı ilə münasibətim yaxşıdır, gözəl insanlardır, onlara uğurlar arzulayıram.

- AMİP-i tərk edəndə bunu səhhətiniz və şəxsi işlərinizlə bağladılar. Partiyanı qəfil tərk etməyinizin əsl səbəb nə idi?

- Şəxsi işlərimlə əlaqədar partiyadan ayrıldım. Özümü bir ara siyasətdə görmək istəmədim. Kənardan müşahidə aparmaq niyyətində idim. Hadisələri kənardan daha yaxşı analiz etmək olur.

- Və 3 illik fasilə göstərdi ki, siyasətsiz mümkün deyil?

- Siyasət qanımızda var. Amma siyasətə qayıdıb-qayıtmamaq, yaxud partiya yaradıb-yaratmamaqla bağlı tam qərar verməmişəm. Bunu zaman göstərəcək.

- Hazırda nə işlə məşğul olursunuz?

- Orta Asiya, Avropa ölkələrində biznes fəaliyyəti ilə məşğulam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.