Tanınmış cərrahdan tibb sektorunu silkələyəcək açıqlamalar - eksklüziv (FOTOLAR)

20-04-2018, 11:56           
Tanınmış cərrahdan tibb sektorunu silkələyəcək açıqlamalar - eksklüziv (FOTOLAR)
Nizami Məmmədov: “Bəzən “həkimlər” danışanda biz ekranın bu tərəfində heyrətimizi ifadə eləməyə söz tapmırıq..”
Azərbaycanda ən çox gözlənilən islahatlardan biri tibbi sığortanın tətbiqidir. Pilot layihələrə başlansa da, hələlik genişmiqyaslı istifadə haqqında qərar yoxdur. Azərbaycanın tanınmış cərrahlarından Nizami Məmmədovla söhbətə elə bu mövzudan başladıq...

Öncə həmsöhbətimiz haqqında qısa arayış:1955-ci ildə Zəngəzur mahalının Qafan şəhərində doğulub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Rusiyanın Rostov şəhərində əmək fəaliyyətinə başlayıb. Rostovda çalışdığı dönəmdə ümumittifaq mediasında haqqında uğurlu cərrah kimi məqalələr yazılıb. Daha sonra Azərbaycana dəvət olunub. Tibb İnstitutunda öz ixtiraları əsasında namizədlik dissertasiyasını müdafiə edib. İxtiraları mədəaltı vəzinə (pankreasa) aiddir. Azərbaycanın tanınan cərrahlarındandır. Sovetlər Birliyinin dağılması ərəfəsində yüksələn milli azadlıq hərəkatının fəal iştirakçılarından olub.

- Doktor, tibbi sığortanın qısa zamanda tətbiqini real sayırsızmı? Sizcə, Azərbaycanın tibb sistemi buna hazırdırmı?

- İnzibati imkanlar hesabına istənilən layihəni həyata keçirmək mümkündür. Gürcüstan dövlətinin iqtisadi gücü Azərbaycanınkından çox aşağıdır, amma 10 ildir əhalinin 85 faizi sığortalanıb, normal tibb xidməti alır. Bizdə də bu, həm vətəndaşların, həm də həkimlərin arzusudur. Bilirsiniz, tibbi sığorta vətəndaşın dövlətə güvənini artırmaqla yanaşı tibb sistemində olan bəzi neqativləri də aradan qaldırar. Hər şey dövlətin sığortaya nə qədər vəsait ayıracağından asılıdır. Bu sistem vətəndaşın maaşının ümidinə qalsa, çətin olacaq. Çünki əmək haqları aşağıdır. Amma daha ciddi vəsait ayrılsa, qısa zamanda ölkə üzrə tibbi sığortanı normal şəkildə gerçəkləşdirmək olar. Azərbaycandan hər il yaxın-uzaq ölkələrə tibb xidməti almaq üçün 10 milyard manat vəsait çıxır. Coğrafiya genişdir – Amerikadan Avropaya, İrandan Gürcüstana qədər vətəndaşlarımız sağlamlıqlarının ardınca gedirlər. Bu o deməkdir ki, ildə yalnız səhiyyə sistemində 10 milyarddan çox vəsait itirilir. Ya biz çox varlıyıq, ya da pulun dəyər sistemi ilə sağlamlığın dəyər sistemi arasında fərqi anlamırıq. İdarəetmə sisteminə bəsit yanaşma prinsipi olanda ortaya arzuedilməz mənzərə çıxır. Azərbaycanın üzdə görünən sistemsizliyinin içində elə bir sistemlilik var ki, cəmiyyət onu Çevik idarəetməyə çevirməyə müvəffəq olsa, bilirsinizmi nə qədər dövlət vəsaitinə qənaət edilər və həmin vəsaitin vətəndaşların rifahına yönəldilməsindən necə uğurlu nəticələr əldə olunar?...

- Nizami bəy, Azərbaycanda pasientləri xaricə üz tutmağa məcbur edən həm də savadlı həkimlərin azlığıdır. Niyə bizdə tibb bu qədər gerilədi?

- Tibbi xidmət iki yerə bölünür – birinci, cəmiyyətin öz fərdlərinin sağlamlığına verdiyi qiymət, ikincisi də həkimlərin etdiyi kömək. Cəmiyyət öz fərdlərinə nə dərəcədə qiymət verirsə, həkimlər də o dərəcədə qiymət verəcək. Cəmiyyət öz vətəndaşlarını necə qrupa bölürsə, həkimlər də vətəndaşları elə böləcək. Həkim işləməklə, həkim olanlar arasında fərq var. Hər bir ölkədə həkim hazırlayan təhsil müəssisələri var. Buradakı keyfiyyət də cəmiyyətin ümumi keyfiyyətinə bağlı məsələdir. Cəmiyyət nə yaradırsa, xidmətində də o dayanır. Həkimlik çox müqəddəs sənətdir. Mənə görə həkimlik elmlə incəsənətin birləşməsidir, xüsusən də cərrahiyyə... Azərbaycanda hər sahədə bacarıqlı həkimlər var. Məni narahat edən Azərbaycan tibb elminin bugünkü durumudur. Dünya elmi irəliyə getdi, biz doğru istiqamət seçə bilmədik, ona görə də sürətlə gerilədik.


- Nə mane oldu, bizə?

- Bəzən tibb sistemində aşağı xidməti rüşvətlə əlaqələndirirlər. Rüşvət dünyanın bütün ölkələrində var – sadəcə hər cəmiyyət onu bir cür adlandırır. Rüşvət bu məsələdə bir elementdir, əsas səbəb deyil. Bir çox sahədə problemləri yaradan bizim elmə olan hörmətsizliyimizdir. Elm Allahın yoludur. İnsanlıq Allahın yoluna hörmətsizlik etməklə özünə çox böyük ziyan vurur. İtmiş beyinləri heç kim geri qaytara bilməyəcək. Son 20-30 ildə biz hansı beyinləri itirdik, bunun hesabını heç kim aparmır. Ağıl yeganə meyardır ki, hamı ondan razıdır. Son illərdəki beyin axınının acısını cəmiyyət hələ uzun illər yaşayacaq. Ailədə, çevrədə nə qədər gənc həkimlər var ki, Qərbdə uğurlu karyera qurublar. Onlar öz potensiallarını Azərbaycanda da xərcləyə bilərlər. Görünür çox sağlam olduğumuz üçün onların xidmətinə ehtiyacımız yoxdur... Mən bu gün Qazaxıstanın təhsil siyasətinə həsəd aparıram. Dövlət şərait yaradır, istedadlı gənclik xaricdə yüksək mütəxəssis kimi yetişir, dövlət ona hər cür təminat yaradır ki, milləti üçün çalışsın. Xaricdən mütəxəssis kimi qayıdan hər gənc qazax həkim yüksək əmək haqqı ilə işə götürülür. Nə gözəl nümunədir... Amma idarəetmə sisteminə bəsit yanaşma olanda ortaya təəssüfləndirici mənzərə çıxır.

- Ümidsizdimi vəziyyət?

İstək lazımdır. Bəzən ümidsiz yerdən elə uğurlu işlər çıxır ki... ASAN xidməti götürək. Hər kəs razıdır. Deməli, istək lazımıdır. Enerji layihələrini götürək. Görün, ölkə üçün necə böyük inkişaf potensialı yaradır. Düzgün istifadə olsa, Azərbaycanda həyat səviyyəsi indikindən qat-qat yüksək olar. Oradan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafı üçün münbit şərait yaradır. Bu yaxınlarda dağlıq bölgələrdən birindəki 5 ulduzlu hotelə yolum düşmüşdü. Xidmətin səviyyəsindən çox məmnun qaldım. Qapıdan girəndən dönüşə qədər hər addımda personalın diqqətli, nəzakətli davranışları ilə əhatə olunduq. O qədər sevindirici idi ki... Demək, bizim potensialımız var, sadəcə o şəraiti yaratmaq lazımdır. Biz cəmiyyət olaraq ləbbeyk deyənlərdən qurtulmalıyıq. Çünki bu gün yuxarıdakılara məddahlıq edənlər sabah durum dəyişsə, onları ilk satanlardan olacaqlar. Rüşvətə yuvarlanan insanlara meydan verilməməlidir. Bir dəfə oğurlayıbsa, demək, həmişə oğurlayacaq. Yalnız sadəlövh insanlar belələrinin islah olunacağına inanar. Heç kim deyə bilməz ki, yazığın ehtiyacı olub, milyonları ona görə oğurlayıb. Ehtiyacı vardı, 5 manat oğurlayaydı, milyonların niyə axırına çıxırdı? Heç nədə birinci axırıncı olmur, birinci hər zaman başlanğıcdır. Pisdə də, yaxşıda da... Yaxşı nümunələr göstərir ki, ümid yerləri çoxdur. Biz potensialımızı işə salmaq yollarını aramalıyıq. Bir az da acgözlüyü azaltmaq lazımdır. Həm böyük, həm kiçik mənada. Nəfsinin qulu olan millətin inkişafı yoxdur – o, başqa millətlərin qulluqçusu olacaq. İnsan özünə “yox” deməyi bacarmalıdır. Çoxa da yox deyə bilməlidir, yoxa da. İnsanın düşüncəsində “yox” sözü yoxdursa, onun faciəsi başlayıb. Bir də minnətdarlıq hissini itirmək olmaz.

- Doktor, Azərbaycanda özəl tibb müəssisələrinin sayı artsa da, vətəndaşın etimadını qazanan klinikalar azdır. Sizcə, niyə vətəndaşlar özəl klinikaları pul tələsi sayır?

- Baxın, həmin o tibb müəssisələrini kimlər açır? Əsasən məmur oliqarxlar. Naşı, intellektual potensialı tibb xidmətinin təşkili üçün tamamilə uyğun olmayan neçə klinika sahibi var bu gün. Hər kəs də çevrəsinə öz düşüncəsinə yaxın insanları yığır. Klinika açanların çoxu dərk etmir ki, normal tibb personalı olamasa, üzərində “klinika” yazılan bahalı daş-divar heç nəyi ehtiva etmir. İş adamı dərk eləməlidir ki, klinikanın maliyyə mənbəyi həkimlərdir. Avadanlığı da personal işlədəcək, pasientləri də onlar cəlb edəcək. İnanın, Azərbaycanda yaxşı həkimlərin bir çoxu bu naşı klinika rəhbərlərinə görə xaricə üz tutdular. Çünki bu adamların intellekti qiymətli kadrda normal ünsiyyətə imkan vermir.

- Amma gen-bol reklam edilirlər. Belə çıxır, digər sahələrdəki kimi tibbdə də reklam satılmayan preparatın, həkimin üzərində qurulur...

- Bizdə reklam mədəniyyəti də mədəniyyətsizlik səviyyəsindədir. Nəyinsə qarşılığında həkimləri efirə çıxarırlar. İnanın bəzən “həkimlər” danışanda biz ekranın bu tərəfində heyrətimizi ifadə eləməyə söz tapmırıq. Hansı keyfiyyətdən söhbət gedə bilər? Nə zaman efirə baxırsan, eyni müğənnilər, eyni həkimlər. Tibbi də şoulaşdırıblar...

- Amma tibbdə də şou elementləri var. Məsələn, ağır xəstə gəlir, ona pozitivlik yükləməlisən. Xüsusən, əməliyyat öncəsi...

- Həkim psixoloq olmalıdır. Hər xəstə həkimə bir az çəkinərək, amma sağalmaq ümidi ilə gəlir. Həkimlə xəstə arasında kontakt yaranmasa, müalicə çətin olar. Xəstə orqanizmini və ruhunu həkimə təslim edəndə nəticə gözəl olur. Bu da həkimin intellektual səviyyəsi və davranış mədəniyyətindən asılıdır.

- Heç hansısa xəstəni müalicədən imtina etmisiniz?

- Problem mənim ixtisasıma uyğun olmayanda, başqa həkimə yönləndirmişəm. Hüquqi olaraq mənim hansısa xəstəni müalicədən imtina haqqım var, ancaq tibbin əxlaqı ilə yaşayan həkim heç zaman xəstəni sağaltmaqdan imtina edə bilməz. Gənc olanda elə bilirdim məndən savadlı, bacarıqlı həkim yoxdur. İllər sübut elədi ki, düz fikirləşmirəm. Zaman insanı müdrikləşdirir. Kimisə nədəsə qınaya bilərsən, praktikada o olay sənin qarşına çıxa bilər. İndi buyur çıxış yolu tap... Cərrahın işi ona görə çətindir ki, anidən gözlənilməz durum yaranır və sən düzgün qərar qəbul etmək məcburiyyətindəsən. Çünki, yanlış qərar insan həyatı bahasına başa gələ bilər.

- Burada nə köməyə qəlir? Yalnız bilik, yoxsa, bilik və fəhm?

- 6-cı hiss... Cərrahlıq gerçəkdən də Allah vergisidir.

- Əməliyyat zamanı musiqi dinləyirsiz?

- Musiqi sədası altında əməliyyat etməyi sevirəm. Xüsusən də klassik musiqinin... Allah rəhmət eləsin, Azərbaycanda bunun əsasını İbrahim Topçubaşov qoyub. Musiqi cərrahlara çox kömək edir.

- Dincəlirsiz?

- Çox... Cərrah olmayanlar düşünür ki, fikir yayınacaq, ancaq musiqi doktoru sakitləşdirir, sanki səni kənardan meh vurur.


- Xəstələr də eşidir? Heç narkozdan ayılandan sonra bunu sizə deyən olub?

- Bilmədən çox provakativ sual verdiniz...

- Hə, anasteziya dozası əskik olub, yəni?

- Bəli. Yəni xəstə oyaq qalıb... (gülür) Əvvəlki anasteziya preparatlarında yüksək doza fəsad yarada bilərdi deyə, az dozaya meyllilik vardı. Hərdən olurdu ki, xəstələr ayılanda bizim danışdıqlarımızı təkrar edirdilər. İndiki preparatların riski daha azdır, ona görə xəstələr heç nə hiss eləmirlər.

- Siz döyüş bölgəsində də onlarla cərrahiyyə əməliyyatları etmisiniz. Ekstremal şəraitdə işləmək yəqin ki, həkimə xüsusi vərdişlər qazandırır.

- Sözsüz... Beyin minimum imkankarda maksimum nəticələr əldə etmək üçün səfərbər olur. Qarabağda, Sədərəkdə yaralılara xidmət etmişik. O zaman Türkiyədən yardım üçün həkim briqadaları gəlirdi. Biz Sədərəkdə və Naxçıvan muxtar respublika xəstəxanasında əməliyyatlar edirdik. Çox yüksək səviyyəli anastezioloq, neyrocərrah, digər sahələrin həkimləri vardı Türkiyə briqadasında. Ancaq nə anastezioloq 1 dəfə də olsun narkoz verdi, nə də həkimlər əməliyyata girdilər. Yalnız bizi müşayiət edirdilər...

- Niyə?

- Deyirdilər, bu şəraitdə ancaq siz işləyə bilərsiniz..15 gün ərzində yaralı və xəstə əməliyyat elədik, heç birində məsuliyyəti üzərlərinə götürmədilər. Açıq deyirdilər ki, bu təchizatla siz işləyirsinizsə, əsl qəhramansınız.

- Həkim nə zaman köməksiz olur?

- Bilirsən ki, xəstə öləcək və əlində heç nə gəlmir, onda... 40 ildə 3 belə hadisəm olub. İndiyə kimi xəstələr də, adları da yadımdadı. Həkim heç zaman xəstə yiyəsinə söz verməməlidir. Çünki, elə nadir ağırlaşmalar olur ki... 10 milyonda bir baş verən olayla qarşılaşırsan. Əməliyyata girməmişdən qabaq bunu necə proqnozlaşdırmaq olar ki?

- Özünüz Azərbaycanda müalicə olunursunuz?

- Azərbaycanda da həkimim var. Bəzi məsələləri də özüm nəzarətdə saxlayıram. Sahə həkimini dinləyirəm, analizləri təhlil edirəm. Yer üzündə iki pərəstiş etdiyim varlıq var. Biri qızıl balıqdır. Kürü tökür - nəslini artırır və ölür. Biri də qartal... Zəiflədiklərini hiss edəndə ən uca zirvəyə qalxır, qıy vurub uça bildiyi yüksəkliyə uçur, orada qanadlarını bağlayır və yerə çırpılır. Həkim yaşamağı necə bacarırsa, həyatı tamamlamağı da o şəkildə bacarmalıdır. Əyilmədən, əskilmədən.

- Bir az da ağırdır, həkim olmaq... Orqanizmində nə baş verirsə, bilirsən...

- Bunları adi qarşılamaq lazımdır. Mən mənəvi cəhətdən rahatam. Yaxşı ailəm, məni hər zaman sevindirən övladlarım. Bu yaxında kiçik oğlum Babək Birləşmiş Ştatlarda doktorluq dissertasiyasını müdafiə etdi, savaş dönəmində mənə harada ehtiyac olubsa, orada olmuşam, müəllimlik etmişəm, neçə cərrahlar yetişdirmişəm. İctimai-siyasi fəaliyyətimi də illər uzunu davam etdirmişəm. Həyatı olduğu kimi yaşamaq lazımdır. Həkimlər ölüm və həyat məsələsinə çox bəsit yanaşır, sıradan bir olay kimi baxır. Bir məsələni də unutmamış deyim, harda şirindil həkim gördüz, ondan qaçın. Mədəni olmaq başqadır, şirindil olmaq başda... Şirindilin umacağı var – o, həkim deyil, həkim işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.