“Skripal işi”ndə son gəlişmə - Rusiya dirənib

21-04-2018, 10:17           
“Skripal işi”ndə son gəlişmə - Rusiya dirənib
Elxan Şahinoğlu: “Skripal və Litvinenko cinayətləri illər sonra da müzakirə predmeti olacaq”
Rusiya və İngiltərə arasında bir aydan çoxdur davam edən “Skripal olayı” səngimək bilmir. Rusiya ölkədəki 18 mart prezident seçkiləri öncəsi belə bir hadisənin Böyük Britaniya başda olmaqla, Qərb ölkələri tərəfindən qəsdən təşkil olunduğunu iddia edir. Kreml hesab edir ki, Rusiyanı daha da küncə sıxmaq və bu yolla seçkilərə təsir etmək üçün Sergey Skripal və qızı Yulyanı zəhərləyiblər.

“Qərb ölkələrini ”Skripal işi" üzrə həqiqət maraqlandırmır". Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. “Bəzi həmkarlarımı dinləyəndə, mənə elə gəlir ki, ”Alisa artıq möcüzələr adasında yox, uydurulmuş ölkədədir". Bizim Qərb tərəfdaşlarımızı həqiqət maraqlandırmır və həm də təkcə bu məsələdə deyil", - deyə o BMT Təhlükəsizlik Şurasının iclasında deyib. “Rus dilində buna ”sən onlara Foma, onlarsa sənə Yeryoma haqqında danışırlar", - deyə, diplomat əlavə edib.

Göründüyü kimi, Rusiya ittihamların heç birini qəbul etmir. Əksinə, Kreml Skripal cinayəti ilə bağlı aparılan istintaqda Rusiya tərəfin də iştirakını tələb edir. Lakin onların tələbi keçməyib. Burada Rusiyanı müdafiə edən ölkələrdən biri də Azərbaycan olub. Rəsmi Bakının mövqeyi ciddi müzakirə doğurmaqla yanaşı, Rusiya tərəfindən rəğbətlə qarşılanıb.

“Şadıq ki, Azərbaycanda Skripal məsələsi ilə bağlı obyektiv baxış var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Sizin dediyiniz mövqe, təxribat haqqında sözlər tamamilə Rusiyanın mövqeyini əks etdirir. Biz çox şadıq ki, məsələlərə müasir dünyada, o cümlədən Azərbaycanda obyektiv baxış mövcuddur”, - deyə, Zaxarova jurnalistin Azərbaycandan olan deputatların Skripal məsələsi ilə əlaqədar mövqeyinə dair sualına cavabında bildirib.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Rusiyanın digər ölkələrdə adam öldürmək təcrübəsinin olduğunu deyir: “Rusiya Skripalın müəmmalı zəhərlənməsi ilə bağlı ona qarşı yönələn ittihamlardan yaxa qurtarmaq üçün əks-hücuma keçib. Rusiyalı rəsmilər deyirlər ki, bu və bundan əvvəlki Litveninekonun qətlini də elə Böyük Britaniyanın kəşfiyyat orqanları təşkil edib. Hətta Moskva daha uzağa gedərək Londonda yaşamış oliqarx Boris Berezovskinin qətlini də Böyük Britaniyanın kəşfiyyatının təşkil etdiyini iddia edib. Guya Berezovski Litvinenkonun qətlini sifariş etdikdən sonra oyundan çıxmaq və Rusiyaya geri qayıtmaq istəyib, bunu bilən Böyük Britaniyanın kəşfiyyat xidməti onu öldürüb. Nəsə bu nağıla bənzəyir. Moskvanı anlamaq olar, çox sərt ittihamlarla üz-üzədir və bu ittihamlardan qurtulmaq üçün qarşılıqlı ittihamlar səsləndirir. Skripal və Litvinenko cinayətləri illər sonra da müzakirə predmeti olacaq. Çünki bunlar elə cinayətlərdəndir ki, illər sonra kimin həyata keçirdiyi bəlli olmayacaq, London Moskvanı, Moskva da Londonu ittiham edəcək. Məsələ burasındadır ki, Qərb ölkələri bu qovğada Moskvaya yox, Londona inanır. Çünki Rusiyanın başqa ölkələrdə insanları öldürmək kimi təcrübəsi var. Məsələn, son 15 ildə İstanbulda keçmiş çeçen döyüşçülərin mütləq əksəriyyəti rus kəşfiyyatçıları tərəfindən qətlə yetirilib. Türkiyə bunu Rusiyaya qarşı ittiham kimi irəli sürməsə də, qətllərin kimin həyata keçirdiyi bəllidir. Və ya Qətərdə keçmiş çeçen liderlərdən Zəlimxan Yandarbiyevin maşını partladıldı. Bu qətlin arxasında da Rusiya xəfiyyəsi çıxdı. Mariya Zaxarovanın Skripal olayına görə Azərbaycana minnətdar olması anlaşılan deyil. Əlbəttə, bəzi millət vəkillərimiz yanlış olaraq bu məsələdə Rusiyanın mövqeyini dəstəklədilər. Halbuki, bu məsələnin bizə dəxli yoxdur. Ancaq böyük ölçüdə rəsmi Bakı bu məsələyə qarışmır. Azərbaycan Xarici İşlər Nazirliyinin də Skripal olayı ilə bağlı xüsusi açıqlaması yoxdur. Ancaq görünür bəzi deputatlarımız rusiyapərəstliyini biruzə verib, Mariya Zaxarova da məhz onlara minnətdardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.