Ərdoğan üçün böyük tələ: Türkiyəni kim idarə edəcək?

25-04-2018, 09:58           
Ərdoğan üçün böyük tələ: Türkiyəni kim idarə edəcək?
Türkiyədə 24 iyunda keçiriləcək erkən seçkilərlə bağlı politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:

- İlqar müəllim, Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK – Yüksək Seçim Qurumu) İYİ Partiyasının seçkilərdə iştirak edə biləcəyini açıqlayıb. Üstəlik, 15 CHP üzvünün istefa verərək, İYİ Partiyasına keçməsi Türkiyə gündəmini zəbt edib. Nə baş verir?

- Hazırda Türkiyə siyasi səhnəsində AKP-yə real rəqib yoxdur. Düzdür, Maral Akşənərin reytinqi son aylar kifayət qədər yüksəlib. Ancaq bir məsələ var ki, erkən seçkilər həm parlament, həm prezident seçkilərini əhatə edir. İYİ Partiyası erkən seçkilərin keçirilməsi nəticəsində parlament seçkilərində iştirak edə bilməyəcək. Çünki bunun üçün sözügedən partiya ən azı 1 il fəaliyyət göstərməlidir. Hətta Maral Akşənər erkən seçki qərarını İYİ-nin parlament seçkilərinə buraxılmaması ilə əlaqələndirmiş və bununla bağlı proqnozları hələ dekabrdan vermişdi. Bu proqnozlar özünü doğrultdu. Təşəbbüskarın MHP lideri Dövlət Baxçalının olması əslində çox maraqlıdır. Baxçalı Akşənəri istəməyənlərdən biridir. Çünki kifayət qədər nüfuz sahibi olan Akşənərin MHP-dən getməsi ilə partiya demək olar ki, parçalandı. Baxçalı da məhz buna görə indi AKP ilə razılığa gələrək koalisiya yaratmağa qərar verib.

- Ümumiyyətlə, İYİ Partiyasının seçkilərdə qalib olmaq şansı varmı?

- İYİ Partiyası prezident seçkilərinə təkcə partiya adından deyil, eyni zamanda, daha geniş platforma ilə qatılacaq. Yəni partiya tərəfindən müəyyən təşəbbüs qrupu yaradılır və o, seçkilərə namizəd kimi təqdim edilir. Əlbəttə, həmin qrupu partiya real olaraq dəstəkləyəcək. Ancaq bu qrup partiya deyil, daha çox, müstəqil oyunçu kimi çıxış edəcək. Müstəqil oyunçu kimi isə İYİ Partiyası daha çox səs qazana biləcək. Çünki burada bitərəflər də var və əsas məhz onların səsini toplamaqdır, yaxud da öz mövqelərində qərar tutmamış insanları birləşdirməkdir. Düzdür, İYİ AKP-nin real rəqibi sayıla bilər, ancaq qalib olması sual altındadır. Çünki bunun üçün təkcə reytinq çoxluğu kifayət etmir, siyasi təcrübə, regionlarda siyasi dayaqlar, partiyanın təşkilatlanma səviyyəsi də çox önəmlidir. Bu mənada İYİ Partiyası AKP-yə uduzur.

- İlqar müəllim, Türkiyədə keçiriləcək prezident seçkilərində Abdullah Gül namizəd qismində iştirak edəcək. Gülün CHP, İYİ və Səadət siyasi partiyalarının ortaq namizədi olaraq seçkiyə qoşulması və MHP-AKP blokuna qarşı blok yaradaraq prezident seçkilərini ikinci mərhələyə daşımaq istədiyi qeyd olunur. Bu barədə nə deyə bilərsiniz?

- Abdullah Gül bitərəf kimi namizədliyini versə belə, o, çox səs toplaya bilməyəcək. Belə vəziyyətdə onun şansı azdır. Düzdür, Ərdoğan qarşısında çıxış edən Gül müəyyən reytinq qazandı. Ancaq iş orasındadır ki, Gül bu kampaniyanın keçirilməsində müəyyən strukturlara, təşkilatlara, dayaqlara arxalanmalıdır. Gülün isə dayaqları kifayət qədər güclü deyil. Bu, sadəcə, müəyyən məntəqələrdə və ya şəhərlərdə ola bilər. Ancaq söhbət ümumtürkiyə miqyasından gedir. Güllə müqayisədə Akşənər daha fəal siyasətçidir. Gül isə indiyə qədər fəal siyasətlə məşğul olmayıb. Hətta 2-3 aya bu siyasi kampaniyaya qoşulsa belə, istədiyi qədər səs toplaya bilməyəcək. AKP-nin reytinqi bir qədər aşağı düşsə də, onun nüfuzu kifayət qədər böyükdür. Çox güman ki, Türkiyə siyasi səhnəsində hakim partiya üstünlüyünü qoruyub saxlayacaq.

- CHP sədrinin rezonans doğuran millət vəkili transferi məsələsinin Qərbdən idarə edildiyi və bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı planının bir parçası olduğu deyilir. Bütün bunlar nə dərəcədə realdır?

- CHP-nin Qərblə, xüsusilə də daha çox Avropa İttifaqının siyasi qurumları ilə əlaqələri həmişə kifayət qədər möhkəm olub. Ancaq bu əlaqələr hələ o səviyyədə deyil ki, Avropanın siyasi dairələri sözügedən məsələdə CHP-yə təzyiq göstərsinlər. Kılıçdaroğlu onların sözü ilə oturub durmaz. Burada bir başqa məsələ var. Türkiyədə daxili proseslər son vaxtlar çox mürəkkəbləşib və sanki qardaş ölkənin daxili siyasi səhnəsi yenidən formalaşır. Fikir verin, təkcə Türkiyənin siyasi partiyalarının sayı təxminən 90-a çatdığını demək kifayətdir ki, mənzərə aydın olsun. Son 1 ildə təxminən 10-a yaxın partiya qeydiyyatdan keçib. Bu o deməkdir ki, Türkiyədə çox nüfuzlu siyasi qruplar və müxtəlif cərəyanlar var ki, onlar hazırkı siyasi kursdan narazıdırlar. Ancaq Türkiyədə siyasi mühit elədir ki, yeni yaranan formatlar sərbəst şəkildə partiya yarada bilərlər. Bu isə CHP, MHP kimi ənənəvi partiyaların nüfuzlarını itirməsinə səbəb olur. Çünki yeni partiyalar meydana daha kəskin proqramlarla, populist şüarlarla çıxırlar və sürətlə reytinq toplayırlar. Ənənəvi partiyalarda kifayət qədər fəal siyasətçilər var və onlar da təmsil etdikləri qurumların getdikcə öz nüfuzlarını itirdiyini yaxşı görürlər. CHP-çilər başa düşürlər ki, bu partiyada qalsalar, heç bir siyasi gələcəkləri olmayacaq. Ona görə də yeni siyasi platformalarda iştiraka can atırlar ki, ən azından öz nüfuzlarını saxlasınlar və fəaliyyətlərini yeni yaranmış siyasət konfiqurasiyasında davam etdirsinlər. O üzdən hesab etmirəm ki, CHP-nin yeni taktikası Qərbin sifarişidir. Çünki Türkiyədaxili siyasi proseslər öz köklərinə söykənir. Türkiyədə sırf Qərbin sifarişi ilə fəaliyyət göstərən partiya yoxdur. Yeganə HDP idi ki, Türkiyədə Qərbin sifarişlərini yerinə yetirərək nüfuz qazanmağa çalışırdı, ancaq bu partiyanın da sonu ortadadır. İnanmıram ki, digər partiyalar bu aqibəti yaşamaq istəsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.