“Küçədəki, blokun qabağında yatan itlər əvvəl insan olublar” - Ramil Əliyev

1-05-2018, 11:24           
“Küçədəki, blokun qabağında yatan itlər əvvəl insan olublar” - Ramil Əliyev
Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Bakı ofisinin rəhbəri Ramil Əliyevdir. Onunla söhbəti təqdim edirik.

- Azərbaycan cəmiyyəti müsəlman cəmiyyətidir. SSRİ dağılana qədər isə ateizm burulğanında boğulub. Bəs necə oldu ki, siz bizim mədəniyyətə yad olan dini inanca meyl etdiniz?


- Mən demək olar ki, Sovet hökuməti dövründə böyümüşəm və təhsil almışam. Əslində incəsənətə güclü marağım olsa da dinlərdən heç biri ilə maraqlanmırdım. Nə İslam, nə xristian, nə buddizm, nə də başqaları ilə. Bunun əksinə elmlə ciddi maraqlanırdım. Orta məktəbdə yaxşı oxuyurdum. Bu səbəbdən hər bir şeyin elmi izahını axtarırdım. Baxmayaraq ki, nənəm həmişə yanımda namaz qılardı və məndən də təkrarlamağımı istəyərdi. İnsanın həyatdan baş çıxarmadığı vaxtda dinə üz tutduğunu düşünürdüm, yanaşmam belə idi. Digər tərəfdən ağlımda həddindən artıq çoxlu suallar var idi. Niyə insanlardan biri gözəldir, biri çirkin, biri rusdur, ermənidir, ingilisdir, biri gürcü, amerikalı və sair kimi suallar. Buna görə də fəlsəfi axtarışlarda olurdum, Nizami Gəncəvini, Məhəmməd Füzulini oxuyurdum. Əslində indi də heç bir dinə marağım yoxdur. Krişna Şüuru Cəmiyyətinə də elm, fəlsəfə ardınca gəlmişəm. Beynəlxalq Krişna Şüuru hərəkatı dünyada 100-ə yaxın dilə tərcümə olunmuş Veda fəlsəfəsidir və bu fəlsəfə insanlara heç bir dini təbliğat aparmır. Bu fəlsəfə insanlara sadəcə akademik bilik verir. Bu baxımdan cəmiyyətimiz içərisində xristian da, müsəlman da, ateist də, buddist də var. Hər kəs öz dinindədir, heç kim öz ənənəsindən kənarda deyil. Mənim bütün ailəm də müsəlmandır.


- Yəni, siz müsəlman olaraq bu təşkilatdasınız?


- Təbii.


- Bu mövzuya qayıdacağıq. Bəs krişnaizmlə tanışlığınız necə oldu?


- Mənə insan həyatının, maddənin, ruhun, cənnət və ya cəhənnəmin, o cümlədən bu kimi şeylərin nə olduğunun fəlsəfi izahını verən elm lazım idi. Buna kimi çoxlu kitablar oxumuşdum. Hətta sonra İncil əlimə düşdü, onu da oxudum. Veda fəlsəfəsi ilə Ukraynada tanış oldum. Əslində mən ixtisasca rəssamam. O vaxtlar Hindistan kinoları, qadınları, onların geyimləri, rəqsləri məni çox heyran edirdi. Bir gün Kiyevdə küçədə üzərində hind elementləri olan kitabların satıldığını gördüm və satıcıya yaxınlaşdım. Ondan məlumat alanda mənə kitablarda dini informasiyaların olduğunu demədi. Bəlkə də desəydi, dinə marağım olmadığı üçün kitabı alan deyildim. Kitablardan birini götürdüm, üzərində rus dilində “Özünü dərketmə” yazılmışdı. Kitabın içində illüstrasiyalar var idi və bu rəssam kimi diqqətimi cəlb etdiyi üçün onu aldım. O zaman tələbə idim, 21-22 yaşlarında olardım. Düzdür, kitabın içindəki rəsmlər diqqətimi çəkmişdi, amma sonra onun içində həm də nələrin yazıldığını öyrənmək istədim və kitabı oxumağa başladım. Axşamüstü saat 4 radələrində başladım və bir də başımı qaldırdım ki, səhər saat 4-dür. Bir cümləni azı 4 dəfə oxudum. Gördüm ki, kitabda təkcə dediyim suallarımın cavabı yox, həm də gələcəkdə yarana biləcək suallarımın da cavabları var.


- Ondan qabaq İncili oxumuşdunuz, bəs orda suallarınızın cavabını tapmadınız?


- Mən Quranı da oxumuşam. Amma onları heç başa düşmürdüm. Yəni bu kitablarda söhbətin nədən getdiyini anlamırdım, izahlar çətin idi. Hətta bir-birinə uyğun gəlməyən, bir-birini tamamlamayan cümlələr görürdüm. Lakin aldığım kitablar çox sadə, qəzet, jurnal dilində yazılmışdı. Bu kitabı oxuyandan sonra sanki kimsə məni sökdü və yenidən yığdı. Səhər durdum, əlimdə olan bütün pullarla həmin satıcının yanına getdim və gördüyüm digər kitabları da aldım. Onda Kiyevdə İqtisadiyyat Universitetində təhsil alırdım. Bir ay ancaq həmin kitabları oxudum. Və sonra qərar verdim ki, bundan sonra yaşadığım müddətdə bu fəlsəfəni insanlara öyrədəcəyəm. Bunu 90-cı illərdə demişəm, artıq üstündən 28 il keçib və mən sözümün üstündəyəm.


- Dediniz ki, müsəlmansınız. Halbuki müsəlman olan kəslər, Qurana əməl edir və onun şərtləri altında ibadət edir. Amma sizin ibadət və ya ayinləriniz İslam şərtlərinə uyğun deyil.


- Burda elə bir şey yoxdur ki, İslam şərtinə uyğun olmasın. Hamısı dinə uyğundur. Mən 28 ildir bununla məşğulam. Quran, İncil, Avesta, Zəbur, Konfutsi təlimi - yəni elə biri qalmayıb ki, onları oxumayım. Dedim axı, bunların hamısına elm kimi yaxınlaşıram. Bu fəlsəfə də insanları sadəcə maarifləndirir. Xristian xristian qalsın, amma maariflənsin, müsəlman müsəlman qalsın, maariflənsin. Burda təzə bir din yaradılmayıb. Beynəlxalq Krişna Şüuru Cəmiyyətində insanın seçdiyi dininin heç bir mənası yoxdur. Mahiyyət etibarilə bütün dinlər eynidir.



- Müsəlmanlar tez-tez Allahın, peyğəmbərlərin adını zikr edir. Amma siz “Hare Krişna” deyirsiniz. Bu mənada istər-istəməz ziddiyyət yaranır. Qəbul etsəniz də, etməsəniz də, bu, İslama əks mövqedir.


- Xeyr. Heç bir ziddiyyət yoxdur. Allahın milyonlarla adı var. İslam dinində bu rəqəm 99-dur. Lakin bizim bilmədiyimiz də milyonlarla ad var. Ağıllı, din fəlsəfəsini yaxşı bilən insan başa düşür ki, onu hansı adla çağırırsan çağır, fərqi yoxdur. Söhbət mahiyyətdən gedir. Yəni mən qaşığa “lojka” deyəndə qulağımın dibini qaşımıram, onunla yenə yemək yeyirəm. Sən Krişnaya Allah deyirsən, ya Allaha Krişna, bu onun şəxsiyyətini dəyişmir.


- Ən nüfuzlu İslam din adamlarından belə soruşsaq, sizin dediklərini qəbul etməyəcək. Onlar dini bilmirlərmi?


- Bilirsiniz, burda söhbət ondan gedir ki, dinin öz fəlsəfəsi var. Və necə ki, ibtidai, orta, ali, akademik təhsil var, eləcə də dində də həmin səviyyələr mövcuddur. Krişnaizm də din fəlsəfəsinin akademik səviyyəsidir. Siz dediyiniz adamların əksəriyyəti ilə ünsiyyətdə olmuşam. Azərbaycanda elə bir din xadimi yoxdur ki, onunla ünsiyyətim olmasın. Təbii ki, bunlar içində qəbul edəni də, etməyəni də olub. Bu da tam biliyin olmamasından irəli gəlir. Dini fəlsəfə ilə bağlı tam biliyin olmalıdır. Tam biliyin də faktorları Allah, ruh, maddiyyat, cisim və bunların arasındakı münasibətdir. Bunların hamısı varsa, deməli tam bilik də var. Müəyyən diskussiya zamanı qarşındakının biliyindən agah olursan. Veda fəlsəfəsi insana tam bilik verir və bu, nə Məhəmməd peyğəmbərin fəlsəfəsinə, nə İsa peyğəmbərin, nə də başqa dini fəlsəfələrə ziddir.


- Qeyd etdiniz ki, dinə indi də marağınız yoxdur. Maraqlıdır, müsəlman qaydaları ilə ibadət edən birisiniz, yoxsa müsəlman inancında olan biri?


- Bütün kütlə necə müsəlmandırsa, mən də eləyəm. Məsələn, siz necə müsəlmansınızsa mən də elə.


- Yəni, statistik müsəlman. Lakin müsəlmanlar ibadət də etməlidir.


- Təbii, mən də ibadət edirəm.


- Sizin ibadət formanız başqadır, İslama uyğun deyil.


- Onlar önəmli deyil, əhəmiyyət kəsb etmir. Əsas mahiyyətdir. Söhbət ondan gedir ki, insanın ibadəti onun mənsubiyyətini müəyyənləşdirmək üçün deyil. Mənsubiyyət üçüncü, dördüncü dərəcəli məsələdir. Dində bəlkə də onuncu dərəcəli məsələ mənsubiyyətdir. Bütün dinlərdə əsas məsələ insanın ürəyinin dəyişməsidir. İnsan ürəyində keyfiyyət dəyişikliyi olmalıdır. Yəni o, qəddarlıqdan yumşaqlığa, kin-küdurətdən sevgiyə dəyişməlidir. Tanrının məqsədi bizim ürəyimizi sevgiyə, məhəbbətə gətirməkdir. Hər bir canlının qəlbində Allaha sevgi var. Bax, onu oyatmaq lazımdır. Bu yola hansı metodla gəldiyin önəmli deyil, əsas nəticədir. Əgər sən ibadət edirsənsə, amma içində qəzəb, kin, aqressivlik varsa, deməli sənin ibadətin ancaq zahiri xarakter daşıyır. Heç bir peyğəmbərə, heç bir Allaha belə ibadət lazım deyil. Ona görə də məsələyə keyfiyyət dəyişikliyi nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri fərqlər ondan ləzzət almağına xidmət edir. Deyirlər təkrar biliyin anasıdır. Həzzin anası rəngarənglikdir. Hər yerə başqa paltarlarda gedəndə sənə ləzzət edir. Ya da gül dəstəsində hərəsindən bir dənə olması qəşəngdir. Yemək yeyəndə stolun üstündə 5-6 çeşidin olması gözəldir. Deməli həzzin anası rəngarənglikdir. Lakin sən o rəngarəngliyin harmoniyası barədə biliyə maliksənsə, o zaman ondan həzz alırsan. Buna görə də Tanrıya ibadətin rəngarəngliyi birinin o birisi ilə müqayisə edilməsi üçün deyil. Bu, ondan ötrüdür ki, sən onların hamısının harmoniyasını bilib həzz alasan.


- Bu, Krişna şüurunda belədir və gözəldir. Amma gəlin, cəmiyyətin də fikirlərini nəzərə alaq. Qeyd etdiniz ki, Krişna Şüuru hərəkatı akademik biliklər verir. İslam aləmində də akademik bilik verən və mənəvi aləmi tənzimləyən yeganə toplu kimi Quran təqdim edilir. Lakin siz Qurandan çox, Krişna şüuru hərəkatına istinad edirsiniz. Belə nəticə çıxarmaq olarmı ki, siz dedikləriniz Quranda tam əhatəli şəkildə yazılmayıb?


- Mən heç bir fərq üstündə dayanmıram. Mən bilik axtarmışam və ona görə burdayam. İnanc üçün burda deyiləm. Bu elmi dərindən öyrənəndə görürsən ki, bunların hamısı bir sistemdir. Qurani-Kərim fəlsəfəsi, İncil fəlsəfəsi, buddizm fəlsəfəsi - hamısı bir məktəbin fəlsəfəsidir. Bütün din kitabları eyni fəlsəfəyə malikdir. Onları bir-birindən fərqləndirmək yenə də insanın biliksizliyindən irəli gəlir.


- Üzr istəyirəm, fərqləndirmək deyərkən biz mühakimə yürütmürük. Sadəcə statistik fərqləndirmə apara bilərik. Məsələn, sizin inancınızda yumurta, balıq, ət yemək olmaz. Amma İslam inancında qurban kəsmək var. Bu, bizim mühakiməmiz deyil və İslamın şərtidir.


- Quran kitabını oxumuşam və çox gözəl bilirəm ki, orda nə var. İslam ənənələrinə yaxşı bələdəm. Yeri gəlsə, hansı tərəfdən istəsəniz, onları xırdalaya da bilərəm.


İslam dinində qurban deyilən şey ildə bir dəfədir. 24 saat heyvanı öldürək, ətini yeyək deyə bir şey yoxdur. İldə bir dəfə kəsilən qurbanın şərtlərindən xəbərin olsa, “yaxşı olar, buna toxunmayım” deyərsən. Amma bilmirik deyə, sadəcə ənənə kimi qəbul etmişik. Yəni söhbət ildə bir dəfə olan qurbandan deyil, sutkada kəsilən heyvanlardan, yeyilən ətlərdən gedir. Əgər ildə bir dəfə İslam qaydasına əməl edib, amma il ərzində yeri gələndə içib, qumar oynayırsansa, bu, təbii ki, düzgün deyil. Birinci müsəlman olmaq lazımdır, ondan sonra İslamın imtiyazlarını həyata keçirmək. Gələk ət yeməməyin Quranda deyilməməsinə. Həmin kitab ət yeməyə böyük imkanlar açmır. Əksinə orda çərçivə qoyulur. Din fəlsəfəsinin belə bir məntiqi var: o şeyin ki, çərçivə daxilində edilməsinə icazə verilir, onu etməmək idealdır. Quranın hər surəsində “düşünən kəslər üçün ayələrimizdə dərin mənalar var” yazılıb. Çərçivə tədricən ondan imtina etmək deməkdir. Bu gün müsəlmanlar çox rahat donuz əti də yeyirlər, içki də içirlər. Buna baxmayaraq “biz müsəlmanıq” deyirlər.


- Deyirsiniz ki, çərçivə daxilində olan şeyi etməmək daha idealdır. Amma Səudiyyə Ərəbistanı İslam dininin beşiyidir və bu gün də İslamın əsas təbliğatçılarından biridir. Onlar gündəlik qida rasionunda kifayət qədər ətdən istifadə edirlər. O zaman sizin dediklərinizdən belə çıxır ki, onlar heç dini bilmirlər?

- Mən orada olmamışam, onlarla ünsiyyətə girməmişəm. Onların hansı faizi nəyə, necə əməl edir, məlumatım yoxdur. Lakin bizim cəmiyyəti də silkələsən, nadir müsəlmanlar ortaya çıxacaq. Ona görə də bu kütləvi proses deyil. Yalnız bir neçə şəxslər Qurandakı ayələrin dərinliyinə getməyi bacarır. Ümumi kütlə çox qaydaları poza bilər. Lakin ilahi elmin dərinliklərinə bələd olanlar özlərindəki kobud vərdişləri, kobud qidaları nəciblərlə əvəz etməyi bilirlər. Dinin insana vermək istədiyi ruhunun kimliyidir. Sən axı ruhsan, ət və sümükdən ibarət deyilsən. Sən birinci ruhunun, Allahın kim olduğunu və aranızdakı sevgini anlamalısan. Bu, nəciblərdən nəcib mövzudur. Ət, yumurta, balıq qidanın ən kobududur. Nəcib qidalar meyvə-tərəvəzlər, süd məhsullarıdır. İnsan bu cür qidaları qəbul edəndə özü də nəcibləşir. Bədənin 9 qapısı var. O qapılardan nə qədər çox nəcib qidalar buraxsan, bədənin də o qədər nəcibləşəcək və ruha, Tanrıya yaxın olacaqsan.



- Ət, balıq yeyənlər aqressiv və kobud olurlar?


- Xeyr. Sadəcə onlar kobud qidalardır. Söhbət nəcib məsələlərdən gedən zaman insan ora nüfuz edə bilmirsə, kobudluğu o zaman görünür. Məhəmməd peyğəmbər deyib ki, Allah meyvəni ağacda yetişdirdiyi kimi ruhu bədəndə yetişdirməklə məşğuldur. Ruh hissdən, ağıldan, dərrakədən nəcibdir. Tanrı da ruhdan nəcibdir. İndi bu nəcibliyə yaxınlaşmaq üçün sən özünü gör nə qədər nəcibləşdirməlisən. Bunun üçün də həmin o 9 qapıdan nəcib qidalar içəri salmaq lazımdır. İnsan nə yeyirsə, odur. Ruhun dini, milliyyəti, mənsubiyyəti yoxdur. Ona görə krişna, xristian, müsəlman, buddist-fərqi yoxdur, bütün kəslərin ruhu eynidir. Fəlsəfə, din də insanın ruhunu tərbiyə etmək üzərində qurulub. Din ruhun mədəniyyətidir. Ruhla cisim bir-birinə 180 dərəcə əks mövqedədirlər. Sən xəstələnirsən, amma xəstələnmək istəmirsən. Sən qocalırsan, amma qocalmaq istəmirsən. Ya da ölürsən, amma ölmək istəmirsən. Çünki ruh əbədidir, amma cisim müvəqqətidir. Sən bu ikisinin birləşməsisən. Dinin də məqsədi sənin özünü ruha aid etməyindir. Cismini də ruhunun dirçəlişi üçün istifadə etməlisən. Bunu İslam, xristian ya başqa bir şey adlandırırsan.


- Azərbaycan cəmiyyətinin sizə reaksiyası necədir?


- Çox gözəl. Bizim Azərbaycan milləti qədər tolerant millət heç bir yerdə görməmişəm. Şükürlər olsun ki, bizim insanlarda fanatizm, sektantizm deyilən şey yoxdur. Camaatımız bir şeyi qəbul etməsə də, ehtiramla yanaşırlar. 90-cı ildən bu yana fəaliyyətim dövründə demək olar ki, bir dəfə də olsa aqressiv münasibət görməmişəm.


- Ət, toyuq, balıq, yumurta kimi qidalardan imtina etmək insan mənəviyyatına, düşüncəsinə nə dərəcədə təsir edir?

- Əslində biz ət, balıq, yumurta yeməməyi təbliğ etmirik. Bu bizim təbliğatımızın tərkib hissəsi deyil. İnsanlara maddi deyil, ruhi varlıq olduğunu başa salırıq. Bunu dərk etmək üçün isə müəyyən qaydalarla yaşamalısan. Bu yolda vegeterian olmaq, bihuşedici maddələrdən uzaqlaşmaq, zinakarlıq etməmək və.s kimi məsələlər var. İnsan Allahın köməyi olmadan pis vərdişdən imtina etmir. Bu kömək də bədən deyil, ruh olduğunu anlamaq, Allahın zikrini qəbul etməkdir. İnsan özbaşına nədənsə uzaqlaşa bilmir. Məsələn, mənim ali təhsilli qohumlarım var. Onlar bir gün öyrəndilər ki, Ramin ət yemir. Və “ət yeməmiş yaşamaq olar?” kimi suallarla üstümə gəldilər. Mən onlara dedim ki, siz universitetə hazırlaşanda özünüzü nə qədər əyləncələrdən məhrum edirdiniz? Gəzməyə, kinoya getməyib dərs oxuyurdunuz. Məqsəd olanda bəzi şeylərdən imtina etmək normaldır. Burda əsas məsələ insan həyatının ali məqsədini ona başa salmaqdır. Həzrət Əli demişkən, insan haradan gəldiyini, sonra hara gedəcəyini bilmirsə, müəyyən şeylərdən məhrumdur.


- Bunu demişkən, sonra hara gedəcəyik?


- Elə indi onu deyəcəyəm. İnsan həyatının ali məqsədini ona başa salırsan, əgər bu səni cəlb edirsə, bu yolda istifadə etməli olduğun vasitələr var. Vegeterian məsələsi bir vasitədir, məqsəd deyil. Məqsədi dərk edirsənsə, ət yeməməyin yeri var.


- Ölümdən sonrakı həyatı nəzərdə tuturdum. Cənnət, cəhənnəm anlayışı varmı sizdə?


- Burda da var, amma o əsas məsələ deyil. Sən dördüncü dərəcəli məsələni birinci yerdə həll etmək istəyirsən. Bu, düzgün deyil. Mənim üç təhsilimdən biri psixologiyadır. Psixologiyaya görə insan öz problemlərini vacibliyinə əsasən düzə bilirsə, onun 50 faizini həll edə bilir. Birinci dərəcəli məsələ odur ki, insan hər dəfə bədənini tərk edəndə yenidən dünyaya gəlir. Görürsən, Günayla mənim eynəyim var, amma siz Aqşinin eynəyi yoxdur. Bu nəyə görə belədir? Kimin toyuğuna daş atmışam? Hər bir insanın əvvəlki həyatında etdikləri növbəti həyatında ona nəticə kimi verilir. Azərbaycan atalar sözündə deyildiyi kimi “Nə tökürsən aşına, o da çıxır qaşığına”. Bizim də qaşığımıza bu çıxıb.


- Sual etdim ki, cənnət, cəhənnəm anlayışları sizdə necədir?


- Cənnət və cəhənnəm insanın hər həyatında baş verə bilər. Məsələn, sən xeyir işlərlə məşğulsansa, ibadət edirsənsə, bədənini tərk edəndən sonra səni Cənnət planetlər sisteminə göndərə bilərlər. Yer Kürəsindən yuxarı 7 mərtəbə planet sistemi var. Bir də Yer Kürəsindən aşağı 7 mərtəbə mövcuddur. Biz ortadayıq. Yaxşı əməllərin olsa, səni bu mərtəbələrlə yuxarı göndərirlər. Veda fəlsəfəsi deyir ki, Günəş və Ay cənnət planetidir. Məhz ona görə də İslam dinində onlar emblem kimi göstərilir. Yer Kürəsindən aşağıdakılar isə cəhənnəm planetləridir. Yer Kürəsində nə ləzzət sayılırsa, yuxarı getdikcə onlar nəcibləşir. Burda nə iztirab sayılırsa, aşağı getdikcə onlar kobudlaşır. Yəni cəhənnəm və cənnət planetləri mövcuddur.


- Bəs bu sistemlərdə mühakimə necə, olurmu?


- Təbii. Türkiyədə “Samanyolu” kanalında “Böyük buluşma” adlı dini mövzulu serial gedirdi. Orda göstərirdilər ki, birini öldürəndə ruhu bədənindən çıxır. Baxın, o, kino deyil, elə reallıqdır. Sənin ruhun bədənində hansı əməlləri görübsə, o analiz edilir və hökm çıxarılır. Sənin Amerikada deyil, Azərbaycanda doğulmağın təsadüfi deyil. Ya da kişi doğulmusan, qadın yox. Sarışın deyilsən, qaraşınsan. Bütün bunların elmi izahı var.


- Bayaq özünüzdən misal çəkdiniz. Sizin eynəyinizin olduğu halda, digərlərində olmamasını dediniz. Və ya digər nümunələr də gətirmək olar. Fikirlərinizdə haradasa etiraz motivləri olduğunu sezdik. Bu mənada, ilahi ədalət varmı?


- Etiraz etmirəm. Allahın adlarından biri Adildir. Bu o deməkdir ki, Allah ədalətlidir. Həm də maksimum dərəcədə ədalətlidir. Allah bu dünyanı 3 enerji ilə idarə edir: ehtiras, xeyirxahlıq və cəhalət. Ehtiras enerjisi ilə dünyanı yaradır, xeyirxahlıqla saxlayır, cəhalətlə isə dağıdır. Diqqətlə baxsan, bu dünyada yaranandan dağılmaq istiqamətində getməyən bir şeyin olmadığını görərsən. Sənin bədənin də dağıla-dağıla gedir. Bunu hansısa enerji həyata keçirir və sadaladığım enerjilərin hamısı Tanrıya məxsusdur. Məsələn, ət, yumurta, balıq özündə cəhalət enerjisi saxlayan məhsullardır. Ət, balıq, yumurta yemək insanda cəhalət yaradır. Süd məhsulları, meyvə-tərəvəzlər insanda xeyirxahlığı gücləndirir. Kəskin- həddən artıq turş, şirin qidalar insanda ehtiras yaradır. Bir var muğama qulaq asasan, bir də var hansısa rok musiqisinə. Səs qulağın qidasıdır. İndi muğam yoxsa rok xeyirxahlıq enerjisi daşıyır? Təbii ki, muğam. Sən bədənindən hansını içəri buraxırsansa, bədənində o üstünlük təşkil edir. Kim gic-gic musiqilərə, gic-gic meyxanalara qulaq asar, sarımsaq-soğandan yeyib iy verər, pivə içər, üstündən siqaret çəkərsə, özünü cəhalətlə doldurmuş olar. Müqəddəs Vedada deyilir ki, insan cəhalətdə olanda ətrafa baxar və ancaq ədalətsizlik görər. Bu o deməkdir ki, onun beyninə cəhalət təsir edir. Ehtiras enerjisi güclü olan insan ərafına baxanda “bu ədalətlidir, bu ədalətsiz və ədaləti bərpa etmək lazımdır” deyər. Xeyirxah təbiətli insan isə ancaq ədalət görür. Allahın tərəzisi qızıl tərəzidən də düz işləyir. İnsanın layiq olmadığını alması mümkün deyil.


- Hazırda cəmiyyətinizin nə qədər üzvünüz var?


- Buranın üç kateqoriya üzvü var. Birincisi, özünü həsr edənlər, ikincisi daim gəlib gedənlər, üçüncüsü isə cəmiyyətimizin dostlarıdır. Bunların hamısını bir yerə yığanda üzvlərimizin sayı 1000-dən çoxdur. Amma özünü həsr edənlərin sayı 300 nəfərə yaxındır.


- Qeyd etdiniz ki, cəmiyyətinizdə ateistlər də var. Onlar bura gələndə portretin qarşısında necə başını yerə qoyub sitayiş edirlər?


- Yox, onlar başını qoymur. Ateist gələndə dümdüz girib, dümdüz də çıxır. Amma o bizdə güclü fəlsəfə, elm gördüyünə görə maraqlanır. Bura gələn insanlara deyirəm ki, nə xoşlarına gəlirsə, onu da etsinlər. Hər hansı məcburiyyət yoxdur. Ateist gəlib ağlında olan suallarını mənə verir. Mənim 6-7 nəfər ateist dostum var. Onlarla hər zaman elm dili ilə danışıram. Nyutonun qanunları, Darvinin təkamül nəzəriyyəsi və sair. Bu səpkidə söhbət edirik.


- Təkamül nəzəriyyəsini qəbul edirsiniz?


- Darvinin dediyi nəzəriyyə cəfəngiyyat və mənasızdır. Təəssüf edirəm ki, bu gün Azərbaycanda da orta məktəbdə, universitetlərdə Darvinin nəzəriyyəsi keçirilir. Lakin onun nəzəriyyəsi qədər absurd bir şey yoxdur. Vedalarda təkamül nəzəriyyəsinin akademik izahı var. Bu sözü elə- belə demirəm, sözümün dalında dururam. Təkamül var, amma Darvinin dediyi kimi yox. Onun boynuna iy dəymişdi, amma bilmirdi ki, söhbət nədən gedir.


- Amma müasir tibb, biologiya, genetika elmi həmin təkamül nəzəriyyəsinin üzərində qurulub.


- Elə ona görə də cəmiyyət bu gündədir. Görmürsən, insanlar baş-başa durub?


- Səbəb təkamül nəzəriyyəsidir? Ona qalsa tarixdə, elə indinin özündə də dinə görə qarşıdurmalar, müharibələr daha çox olur. Məntiqinizi anlamadım.


- Dinə görə söhbəti yoxdur. Dırnaqarası və real din var.


- Bu məntiqdən çıxış etsək deyə bilərik ki, o zaman da dırnaqarası və real təkamül təlimi var.


- Darvinin dediyi elə dırnaqarası təkamüldür. Əgər real təkamül istəyirsənsə, bizdə bu var.


- Sizdə necədir?


- Darvinin təkamül nəzəriyyəsi dünyanı materialist edib. Hamı materializmə qapılıb. Xüsusilə də Avropa, Amerika, Rusiya. Yenə azərbaycanlılar şükürlüdürlər. Darvinin nəzəriyyəsi ancaq cisim üzərində qurulub. Belə təsəvvür edək ki, velosipedi sürürəm tədricən çevrilib motosiklet olur.


- Təkamüldə çevrilmə anlayışı yoxdur, mutasiya nəticəsində bir növün dəyişilməsindən söhbət gedir.


- Eyni şeydir də. Amma Veda fəlsəfəsinə görə təkamül edən insanın şüurudur. Bədənlər maşındır. Veda fəlsəfəsi deyir ki, mən bir maşından düşüb o birinə minə bilirəm. İnsanın şüuru ibtidaidən aliyə təkamül edir. Onda ona ibtidaidən aliyə gedən istiqamətdə maşınlar verilir. Maşınlar içində ən mükəmməli insan bədənidir. Ondan aşağı heyvanlar, quşlar, sürünənlər, suda-quruda yaşayanlar, suda yaşayanlar, bitkilər, həşəratlar, mikroorqanizmlərdir. Bu, maşınların ibtidaiyə tərəf getməsidir. Amma insan şüuru yaşadığı həyatından asılıdır. Sən elə yaşaya bilərsən ki, şüurunu yüksəldərsən, yaxud əksinə. O zaman sən heyvan bədəni də ala bilərsən. Quranda deyilir ki, biz sizi hərdən mənfur meymunlara və donuzlara çeviririk. Veda fəlsəfəsində bu daha güclü yazılıb: İnsan bədənini düzgün istifadə edə bilməyəndə ruh bədəndən çıxıb heyvan bədəni ala bilir.


- Bayaq Allahın son dərəcədə ədalətli olduğunu vurğuladınız. Bu gün dünyada milyonlarla günahsız uşaqlar ölür. Xəstəlikdən, müharibədən və ya digər səbəblərdən. Halbuki uşaqların günahsız olduğunu deyirik. O zaman hansı ilahi ədalətdən söhbət gedə bilər?


- Doğuluş və ölüm Tanrının əlləri altındadır. Səndən doğulanda hansı qadın və kişinin övladı olmaq istədiyini soruşmurlar, ya da öləndə hansı gün ölmək istədiyini. Ona görə də din fəlsəfəsində təsadüf anlayışı yoxdur, hər şey qanunauyğunluq təşkil edir. Mənim məhz bu ata-ananın övladı kimi doğulmağım da qanuna uyğundur. Valideynlərinin filan cür olmağı sənin taleyində yazılıb. Uşağın hər hansı bir ölkədə doğulmağı onun taleyidir. Uşaq doğulandan 15 yaşına qədər əvvəlki həyatında etdiklərinin hamısı formalaşmış şəkildə saxlanılır. Uşaq valideynlərinin taleyi ilə yaşayır. Onların başına gələnlər valideynlərinin yazısıdır. Uşaq 15 yaşına çatanda öz şəxsi taleyi açılır. Bu müddətdə Tanrı valideynə göstəriş verir ki, sən ona elə tərbiyə verməlisən ki, şəxsi taleyi açılanda sənin qoyduqlarınla getsin. Bu da bizə verilən Allahın rəhmidir. Məsələn, ola bilsin ki, mən əvvəlki həyatımda qatil olmuşam. Və bu həyatımda elə bir bədən almalıyam ki, o qatilliyimin cavabını verə bilim. Valideynlər 15 yaşına kimi uşaqlarına ilahi tərbiyə verməlidir. Belə olan halda uşağın öz taleyi açılan zaman verilən tərbiyə ona təsir edir. Bu da dediyim kimi Tanrının xeyir-duasıdır. Uşağın doğuluşu onun günahsızlığından deyil. Bu dünyada günahsız insan yoxdur. Çünki bura Tanrının həbsxanasıdır. Əgər biz övladımızı Tanrıya gedən yolda apara bilməyəcəyiksə, valideyn olmağa haqqımız yoxdur.


- Yəni Suriyada uşaqların öldürülməsinə haqq qazandırırsınızmı? Bu ilahi qanunauyğunluqdur?


- Təbii, Suriyada uşaqların öldürülməsi ilahi qanunauyğunluqdur. Ədalətsiz heç nə yoxdur. Tanrının ədaləti yüz faizdir. Hər kəs layiq olduğunu alır. Kimsə bunun əksini düşünürsə, deməli, Allahın ədalətsiz olduğunu düşünür. Bu da günahdır. Allah adildir və bütün ədalətsizliklərin səbəbi insanlardır.


- Gələk evlənmək və boşanmaq məsələsinə. Krişna inancında evlənmək olar, amma boşanmaq yox. Əgər ər və arvad yola getmirsə və Krişna Şüuru Cəmiyyətinin üzvüdürsə, boşanmaqdan başqa alternativ nə təklif edirsiniz?


- Burda boşanmağa qadağa qoyulmur. Ümumiyyətlə, savadlı insan üçün günah və ya qadağa sözü yoxdur. Bizim yolumuza başqa adla “dərrakə yolu” deyilir. Tanrı insanların nəyi edib-etməməli olduğuna dərrakə yolu ilə kömək edir. Bu baxımdan boşanmağın da pis və yaxşı tərəfləri deyilir və son seçim sənin olur. Bizdə elə bilirlər ki, oğlan qızı sevirsə, qız da oğlanı sevirsə, bu, sevgidir. Xeyr, bu sevgi deyil, şəhvətdir. Heyvanlar da, quşlar da bir-birini cəlb edə bilir. Sevgi elə bir anlayışdır ki, kobud dildə desək, onun üçün gərək tər tökəsən. Sevgi üçün insan ürəyi paxıllıq, təkəbbürlük, azğınlıq, kin, qəzəbdən azad olmalıdır. Ailə qurmağa müəyyən mənada Allah qabağında borc kimi yanaşmalısan. İnsanın ailə qurmağında Tanrının xüsusi marağı var. Nikah Tanrının insanlara güzəştidir.


- Alnınıza ağ maddə sürtmüsünüz. Onun anlamı nədir?


- Bunlar hamısı atributlardır. Onuncu dərəcəli məsələlərdi. Bunu bədənimizin 12 yerinə vururuq. Sən bədənini Tanrıya gedən yolda aparmırsansa, deyə bilərəm ki, sənin bədənin 24 saatda çirk ifraz edən torbadır. Amma çirkin içində oturub gözəllik axtarırsan. Ruhunun qayğısına qalanda isə sənin bədəninin Allahın məbədi olduğunu deyə bilərəm. 12 yerə çəkilən bu işarələr də bədənin Allahın məbədi olduğunu ifadə edir.


- Ramin müəllim, burda bizdəki nəzir qutularına oxşayan qutu gördük. Ondan eyni anlamda istifadə edirsiniz?


- Bəli. Bura gələnlər həmin qutunun içinə pul atırlar. Cəmiyyətimizi elə həmin nəzirlər saxlayır.


- Tanınmışlardan bura gələnlər var? Amma səmimi danışaq.


- Bura çox adam gəlib. Tanınmış şəxslər öz imicinin qayğısına qalır deyə istəmirlər ki, onların Krişna məbədinə getməyi bilinsin.


- Bayaq dediniz ki, insanlar meyxana kimi gic-gic musiqilərə qulaq asırlar. Meyxana bayağı janrdır?


- Mən o mənada gic-gic mahnılar dedim ki, bu janr insanın diqqətini həyatın əsas məsələlərindən yayındırır. Müqəddəs kitabda belə bir cümlə var: Bir şey insanı bu və ya digər formada həyatdakı məqsədindən yayındırırsa, bu zorakılıqdır.


- Meyxana zorakılığı təbliğ edir?


- Xeyr. Sadəcə insanın diqqətini əsas məsələlərdən yayındırır. İnsan həyatı çox qısadır və bu, Allah tərəfindən ona verilmiş hədiyyədir. Tanrı istəyir ki, o həyatı daha faydalı istifadə edəsən. Yoxsa meyxana da bir istedaddır və bunu danmıram.


- Əvvəlki və sonrakı həyatlardan bəhs etdiniz. Ümumiyyətlə insanın neçə həyatı var?


- Təbii ki, biz bu bədəndə doğulmuruq. Bu, ruhun bədən dəyişməsidir. Din fəlsəfəsinin əlifbası deyir ki, insan özünün cisimdən fərqli olduğunu dərk etməlidir. İnsan öz cismini dərk eləməli, araşdırmalıdır. Əgər insan özünü o cismin verdiyi həzzə həsr etsə, o zaman cismini təyinata əks istifadə etmiş olur, onun ruhu kal qalır. Belə olan halda ruh bədəni tərk edəndə ona yenidən bir cisim verilir. O vaxta qədər ki, cismini ruhunun dirçəlişi üçün istifadə etmir. Məhəmməd peyğəmbərin bir sözü var: “Cisminiz üçün nə qədər rahatlıq yaratsanız, ruhunuz bir o qədər iztirab çəkəcək”. Sən cismini düzgün istifadə etməyəndə, cisim dalınca cisim verilir və bunun sayı səndən asılıdır. Quranda da yazılır ki, sonda dərgahımda cəm olacaqsınız. O dərgaha çatana kimi sənə cisim verilir. Yəni dediyim kimi bura Tanrının həbsxanasıdır.


- Belə çıxır ki, hamı axır-əvvəl cənnətə gedəcək?


- Cənnət və cəhənnəm Tanrının dərgahı deyil. Bunlar həvəsləndirici və cəzalandırıcı amillərdir. Cənnətə də, cəhənnəmə də gedənlər sonradan Yer kürəsinə qayıdır. Tanrının dərgahı bizim əbədi mövcud olduğumuz yerdir.


- Evliliyə qədər cinsi münasibətdə olmağa necə baxırsınız?


- Krişna Şüuru Cəmiyyətinin 4 prinsipi var: vegeterianlıq, bihuşedici heç nəyin qəbul edilməməsi, heç bir qumar oyunlarında iştirak etməmək, zinakarlığın olmaması. Qadın və kişi münasibətlərində Tanrının nikah deyilən güzəşti var. İnsan bu dünyanın hər şeyinə - malına, dövlətinə, mülkünə, həzzinə çox bağlıdır. Ona görə də ölümdən qorxuruq. Bağlılığın ən güclüsü cinsi əlaqədir, yerdə qalanlar ondan zəifdir. Bu baxımdan Tanrı deyir ki, sizi düyünün ən güclüsündən qorumağa çalışıram və güzəştə gedirəm. İsa peyğəmbər İncildə deyir: “Nə ərə get, nə evlən. Allaha xidmət et və qayıt onun yanına. Sizin ailə həyatınız ona lazım deyil. Amma görsəniz ki, dözmürsünüz, ondan birini alın, ya da birinə ərə gedin”. Bu da güzəştdir. Bunu güzəşt deyil, qayda kimi qəbul edəndə ifrata çevirirlər. Vətəndaş nikahı, dostluq və sair olur. Avropada görürsünüz, cəngəllikdir sanki. Üzr istəyirəm, itlər küçədə cinsi əlaqədə olanda kimlərin gəlib getdiyinə baxmırlar. İnsanların da qadın və kişi münasibətlərində buna meyl etməsi, onun heyvanilik etməyidir. Bu, insanın müasirliyinə və ya sivil olmasına işarə deyil. Məhz heyvanların cəmiyyətində heç bir nikah yoxdur. Heyvanlar heç nədən utanmır, çəkinmir. İnsan əgər münasibətlərdə heç nədən utanmırsa və nikahsız da buna gedə bilirsə, bu o deməkdir ki, o özünü heyvan bədəninə hazırlayır. İnsan elədiyi üç şeyə görə məsuliyyət daşıyır: danışığına, düşüncəsinə və əməlinə görə. Əgər sən azərbaycanlıların sevdiyi “əşi” sözünü desən, o zaman kainata mesaj göndərirsən ki, mənə məsuliyyət daşımayan cisim ver. Məsuliyyət daşımayan cisim isə heyvanlardır. Onda növbəti həyatında heyvan bədənində dünyaya gəlirsən. Hindistanın məşhur mistikləri deyir ki, Cəvahirləl Nehru Skandinaviya ölkəsində bir centlmenin evində it bədənindədir. Bakının küçələrindəki itlər, pişiklər blokun qabağında yatırlar. Onlar hamısı köhnə həyatlarında orda yaşayan insanlardır.


- Simvolik mənada yoxsa həqiqi mənada? Yəni onlar insan olub?


- Həqiqi mənada. Onlar əvvəlki həyatlarında insan olublar. Amma indi itdirlər. Görürsünüz, insanlardan da aralanmırlar. Elə bilirsən ki, bu saat səninlə danışacaqlar.


- İslam qaydalarına görə insanlar dünyasını dəyişəndə bədəni torpağa basdırılır. Amma Krişna adətlərində yandırılma ənənəsi var. Azərbaycanda bu ənənə necədir? Məsələn, Krişna Şüuru Cəmiyyətinin üzvləri hansı qayda ilə dəfn edilir?


- Düzdür, yandırılma adəti indi də var. Amma bunun fəlsəfəsi belədir ki, insan bədəni 4 elementdən yaranıb : od, su, hava, torpaq. Müxtəlif ənənələrdə bədəni yenidən bu 4 elementdən birinə qaytarırlar. Kimi torpağa basdırır, kimi oda verir və sair. İslam ənənəsində bədəni torpağa tapşırırlar.


Siz dediyiniz ənənə hələ Azərbaycanda o dərəcə təkmilləşməyib. Bu baxımdan biz də yerli ənənəyə sadiq qalaraq bədəni torpağa basdırırıq. Eyni zamanda Krişna Şüuru Cəmiyyətinin üzvləri arasında da dünyasını dəyişəndə yandırılan olmur.


- Sizin inanca görə, Tanrı şəxsiyyətdir. Şəxsiyyətdirsə, hansı forma və obrazdadır?


- Bütün formalar ona məxsusdur. Bu formaların içərisində ən mükəmməli insandır. Allah insana yox, insan Allaha bənzəyir. Tanrının ən mükəmməl forması insandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.