Zibilyığan kişinin kədərli hekayəsi: “Atam mənə nifrət edirdi, təpiklə döyürdü”

2-05-2018, 11:20           
Zibilyığan kişinin kədərli hekayəsi: “Atam mənə nifrət edirdi, təpiklə döyürdü”
Ruzisini Bakının zibil yeşiklərindən çıxaran Zahir: “Qızım pul lazım olanda yanıma gəlir. Oğullarım isə mənimlə heç maraqlanmır”

Eyvanda həyəti seyr edirdim ki, gözüm zibil qutusunda eşələnən adama sataşır. Görəsən, yemək axtarır? Görünüşündən səfil adama oxşamır. Saç-saqqalının dağınıqlığını nəzərə almasaq, üst-başı da səliqəlidir. Maraq üstün gəlir və zibil qabındakı torbanı götürüb həyətə düşürəm.

Yaxınlaşdığımı görüb, soruşur: “İçində butulka, plastik qab varsa, atmayın, mənə verin”.

“Ancaq yemək artıqlarıdır”, – deyərək başımı yelləyirəm. Ayağının dibində dayanan zibillikdən topladığı boş qutulara işarə edərək soruşuram:

– Neynəyirsiniz ki, bunları?

– Dostum üçün toplayıram. Bunları satıb, 3-5 manat çörək pulu qazanır. Sumqayıtda polietilin hazırlayan zavod var. Onlara satır. Mən gecələr işləyirəm. Maşın düzəldirəm. Şükür Allaha, dolanışığım da yaxşıdır. Gündüzlər bekar qalmayım deyə dostuma yardım edirəm.

“Zibilliyin qoxusuna görə ağzına maska taxmısan?”, – incik halda soruşur.



– Soyuqlamışam. Niyyətim sizi mikroblardan qorumaqdır.

Gülür. Sinəsi dolu adama oxşayır. Danışması üçün dilə tuturam. Dərindən köks ötürüb özü haqda danışmağa başlayır. Adının Zahir olduğunu öyrənirəm. Zahir Vəliyev. 58 yaşı var. Deyir, əslən Cəlilabad rayonundandır. Orada doğulub boya-başa çatıb. Doğma el-obasını hərbi xidmətə görə tərk edib.

– Mənimki əvvəldən gətirmədi. Nə uşaqlığım xoş keçdi, nə də sonram. Ailədə yeddi qardaş idik. Mən ikinci oğul idim. Böyük qardaşımı erkən itirəndən sonra evin böyük oğlu mən oldum. Atam-anam nə deyirdisə edirdim. Rəhmətlik anam məni çox sevərdi. Daim əzizləyərdi. Atam məni döyəndə həmişə anamın qucağında təsəlli tapırdım.

– Atanız tez-tez döyərdi?

– Hə. Atam məni heç sevməzdi. Hətta nifrət edirdi. Niyəsini bu gün də bilmirəm. Digər qardaşlarıma qarşı çox mehriban idi, mənimlə düşmən kimi. Özümü sevdirə bilmədim ona. Baxmayaraq ki, məni təpiyinin altına salırdı, yenə də onun üzünə qayıtmırdım. Səhv desə də sözündən çıxmazdım.

Bu vaxt bizə köhnə “07” yaxınlaşır. İçindən yaşlı bir kişi, bir də balaca uşaq düşür. Zahirlə salamlaşandan sonra zibil qabındakı sellofan torbaların içindəki zibili qutuya töküb, torbaları maşına atır. Yanındakı uşaq da kömək edir. Ətrafa səpələnmiş sellofanları toplayır. Sonra zibil qutularının ətrafına tökülmüş göyərti dəstələrini qucağına yığıb maşının ön oturacağına yığır. Daha sonra cibindən su qabı çıxarıb, başına çəkir. Onlar gedir, biz söhbətimizə qaldığımız yerdən davam edirik.

– Atanız haqqında danışırdınız.

– Hə, atam mənə qarşı çox qəddar olub. Qəddarcasına da öldürüldü.

– Küçədə tanımadığı insan tərəfindən bərk döyülmüşdü. Evə güclə gəlib çıxmışdı. Nəvələri ilə bir az oynadı, bir də gördük keçindi. Həkimlər infarktdan öldüyünü dedilər. Mənə çox zülm versə də, mən ona rəhmət oxuyuram. Allah günahlarını bağışlasın. Atam o qədər bezdirdi ki, əsgərlik yaşım çatan kimi başımı götürüb evdən getdim. Heç qayıtmaq istəmirdim. Anamın xətrinə döndüm. Anamı çox sevirdim. O da rəhmətə gedib.– Necə?

– Ailəniz yoxdur?

– Niyə ki? Var! Amma görüşmürük. 3 oğlum, bir qızım var. Qızım ancaq pul lazım olanda yanıma gəlir. Oğullarım heç maraqlanmırlar.

– Görüşmürsünüz?

– Yox… Məni görmək istəmirlər. Ata kimi qəbul etmirlər. İndi ki, onlar məni qəbul etmirlər, mən də onları qəbul etmirəm. Onların anası ilə yola gedə bilmədik, ayrılmışam. Bəlkə də ona görədir…



Zahirin ilk evliliyi Pərvin adında xanımla olub. Bir-birini dəlicəsinə sevməsələr də isti münasibətləri olub. Pərvinlə evliliyi 9 il sürüb. Yola getmədiklərini anlayıb, məhkəməyə üz tutublar. Yaşadıqları evi keçmiş həyat yoldaşı və 3 balasına verib, tək pencəklə evdən çıxıb.

– Ev Ceyranbatanda yerləşir. Bu dəqiqə də o ev mənim adımadır. İstəsəm, polisə verib, onları evdən çıxararam. Amma etmirəm. Mən mərd və qürurlu insanam. Sınmaram!

Qabar bağlamış əllərini uzadır.

– Nə qədər bu əllərim var, kimsəyə möhtac qalmaram. İşləyib, çörək pulumu qazanaram. Ac qalaram, kimsədən 1 qəpik götürmərəm. Düşmən belə düşməninə siqaret üçün ağız açar. Mən açmaram! Özümdən də 1-2 dəfə istəyən olanda deyirəm, siqaret çəkirsən, al cibinə qoy.

Bu dəfə zibilliyə orta yaşlı bir nəfər yaxınlaşır. Zibil qutularına asılmış çörək artıqlarını götürüb gedir.

Zahirin ikinci evliliyi də uğursuz alınır. Deyir, onunku əvvəldən gətirməyib.

– İkinci həyat yoldaşımın adı Xurşuddur. Bizi bir-birimizə çox təriflədilər, evləndik. Evləndik deyəndə, rəsmi nikaha girmədik. Mən onun evində qalmağa başladım. Onun da ikinci evliliyi idi. Birinci ərindən bir oğlu vardı. Məndən də qızımız oldu.

Cibindən şəxsiyyət vəsiqəsini çıxarıb göstərir.

– Burada evli yazılıb, amma subayam. Müraciət etdim ki, bunu subay edin. Dedilər, boşandığın haqda sənəd təqdim elə, düzəliş edək. Baş qarışdı, yaddan çıxdı.

Bir neçə ildir, dostu ilə Bakıda kirayə evdə yaşayır. Paltarlarını özü yuyub-ütüləyir. Dediyinə görə, əlinin duzu da var. Dadlı yeməklər də bişirir.

– Hər nə desən, bişirə bilirəm. Plov, dolma, kabab, basdırma filan. Xurşudla evli olanda çox vaxt yeməyi mən bişirirdim. Axşam işdən gəlirdim ki, uşaqlar acdı. Soruşurdum, niyə acsınız? Ananız yemək hazırlamayıb? Deyirdilər, hazırlayıb, amma yemək istəmirik. Sən bişir (gülür). İndi otaq yoldaşım da məəttəl qalıb. Deyir, indiyə qədər kimsə sənin kimi dadlı bişirməyib.

Mavi gözlü bir kişi yaxınlaşıb Zahirə nəsə deyir.

“Getməliyəm. Bayaqdan fikir verirəm, eyni salfetdən istifadə edirsən. Belə sağalmazsan ki?! Al, məndə biri də var”, -deyərək cibindən çıxartdığı ütülü dəsmalı mənə uzadır.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.