“Ərdoğan ciddi problemlə üzləşəcək” – Müsahibə

5-05-2018, 10:17           

Türkiyədə gözlənilən prezident seçkisi və seçkinin mümkün nəticələrinə dair siyasi şərhçi, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovla müsahibəni təqdim ediikr.

- Oqtay bəy, Türkiyədə prezident seçkilərində iştirak edəcək namizədlər artıq bəllidir. Namizədlərin imkanlarını necə dəyərləndirirsiniz?
- Hələlik beş nəfərin namizədliyi irəli sürülüb. AKP və MHP-nin yaratdığı Cümhuriyyət blokunun namizədi indiki Prezident Rəcəb Təyyub Ərdoğandır. İyi Partiyadan Məral Akşənər, CHP-dən Məhərrəm İncə, Səadət Partiyasından Karamollaoğlu və Vətən Partiyasından Doğu Pərincək, HDP-dən Səlahəddin Dəmirtaş. Bu gündən baxanda namizədlər içərisində ən şanslı və favorit namizəd Ərdoğandır. Amma türk siyasətini dərindən analiz edəndə və indiki reallığı götürəndə müxalifət cəbhəsinin də gücü az deyil. Əgər müxalifət namizədləri tempi və siyasi durumu doğru dəyərləndirsə, seçki kampaniyasını fəal qura bilsələr, seçkilərin ikinci turu baş verə bilər. Bu daha çox müxalifət düşərgəsinin aparacağı siyasətdən və seçki kampaniyasından, Türkiyə seçicisini nə dərəcədə özünə inandırmasından asılı olacaq.

- Demək istəyirsiniz ki, Türkiyə siyasətində zəif həlqələr var və bu, müxalifətin imkanlarını artıra bilər?
- Bəli, bu hallar mövcuddur. Türkiyənin indiki durumu, türk milli valyutasının getdikcə dəyərdən düşməsi, söz azadlığı və demokratik təsisatlarla bağlı problemlərin olması müxalifətin imkanlarını artırır. Bu məqamlar hökumətin zəif həlqələri sayıla bilər. Bu mənada indidən seçkilərin nəticəsinə dair qəti fikir söyləmək olmaz. Fikrimcə, gərgin seçki marafonunun şahidi olacağıq.

- Ancaq görüntü belədir ki, indiki hakim partiya seçkiləri elə birinci turda udacaq, əhalinin mütləq əksəriyyətinin səsini əldə edəcək...
- Gərgin seçki marafonu keçəcəyini deyəndə konkret faktlara istinad edirəm. Bunun ilkin işartıları bir il əvvəl Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumda özünü göstərdi. Həmin referendum zamanı Türkiyənin ən böyük şəhərlərində müxalifətin qələbəsi qeydə alındı. Bu baxımdan mürəkkəb durum var. Hər halda Ərdoğanın qarşısında duran liderlər Türkiyə ictimai-siyasi mühitində kifayət qədər tanınmış, müsbət imicə malik olan şəxslərdir. Məhərrəm İncə və Məral Akşənər natiqliq baxımından Ərdoğandan zəif deyil, onunla eyni səviyyədə olan liderlərdir. Digər tərəfdən, Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu, habelə Vətən Partiyasının namizədi Doğu Pərincək də siyasətdə çəkisi və imkanları olan qüvvələrdir. Amma onların namizədliyi tam dəqiq deyil. Ümumilikdə 6 namizəddən üçü parlamentdəki deputat fraksiyalarından irəli sürüldüyü üçün onların imza toplayaraq, namizədliyini qeydiyyatdan keçirmək problemi yoxdur. Məral Akşənər əslində imza toplamadan da namizəd ola bilər, amma nədənsə bəyan etdi ki, 100 min imza toplayıb namizədliyini qeydə almaqla seçki kampaniyasına başlayacaq. Digər 3 şəxsin namizədliyi üçün hər biri 100 min imza toplamalıdır. Bununla bağlı aydınlaşma mayın 9-da bəlli olacaq. Üstəlik HDP-dən olan namizəd Dəmirtaşın namizədliyi qeydə alınsa, kifayət qədər gərgin seçki kampaniyası yaşanacaq.



- Bu namizədlər içərisində Ərdoğana ən real rəqib kim hesab olunur?
- Siyasi qüvvələrin indiki reytinqi və çəkisi baxımından ikinci yeri CHP namizədi İncə tuta bilər. Bu daha çox onun seçki kampaniyasını necə aparmasından asılıdır. Məral Akşənərin də belə bir imkanı var. Çünki Türkiyə cəmiyyətində Akşənərdən gözləntilər var. O da, kifayət qədər ciddi problem yarada bilər. Nəzərə almaq lazımdır ki, Səlahəddin Dəmirtaş 2014-cü il prezident seçkilərində namizəd olub və 10 faiz səs toplaya bilib. Bu dəfə də aşağı-yuxarı 10 faiz səs qazana bilər. Bu da ciddi məsələdir. Bütün bunları əsas gətirərək deyə bilərik ki, bu gündən baxdıqda seçkilərin ikinci turu baş tuta bilər. Amma siyasi partiyaların cəmiyyətdəki rolu və parlamentdəki yeri baxımından ikinci əsas rəqib Məhərrəm İncədir.

- Deməli seçkidə səslər namizədlər arasında ciddi şəkildə paylaşa bilər?
- Məhərrəm İncənin üstün və zəif tərəfləri var. İncə sosial demokrat yönlü siyasətçidir. Onun mühafizəkar və millətçi kəsimdən səs almaq imkanları məhduddur. Mühafizəkar kəsim deyəndə əsasən, AKP və Səadət Partiyasının elektoratı nəzərdə tutulur. Əslində Səadət Partiyasının müxalifət blokunda mövqe tutması AKP üçün problem deməkdir. Çünki bu iki siyasi qüvvə eyni kökdən gəlir. Məral Akşənərin millətçi, mühafizəkar kəsimdən səs almaq problemi yoxdur. Sosial-demokratlar da ona az da olsa, səs verə bilər. Amma kürd vətəndaşlarının səsləri Məral Akşənərə getməyəcək. Məhərrəm İncə isə kürd seçicisinin səsini ala bilər. Bu baxımdan indi müxalifət cinahında bütün təbəqələrdən olan elektoratın səsini qazanacaq favorit lideri yoxdur. Bu daha çox seçkilərin II turundan asılı olacaq. Əgər II tur olacaqsa, bu zaman seçkilərdə iştirak edən müxalif namizədlərə II tura çıxan namizədə necə dəstək vermək barədə fikirləşmək və seçicinin buna hansı şəkildə rəy ifadə etməsini gözləmək lazım olacaq.

- İlk turun olması hakimiyyət partiyası üçün təhlükəli hesab oluna bilərmi?
- Təbii ki, təhlükəlidir. Bu, 16 ildən çoxdur ki, Türkiyəni idarə edən yeganə qüvvə olaraq, onlar üçün ciddi sarsıntı və problem yarada bilər.
Teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.