"Zamanı gələndə Afrin kimi bir əməliyyat Qarabağ uğrunda da həyata keçiriləcək"
6-05-2018, 19:45
“Daha 55 yaşına çatmışam, “artıq içəridə oturman lazımdır”, - dedilər”
CNN Türk-ün rəhbərliyinə gətirilən İrfan Sapmaz Musava.com-a danışdı: “Azərbaycan başda olmaqla, Türk dünyası ilə çox yaxın əlaqəmiz olacaq”
Dünya müharibə jurnalistikasının tanınmış isimlərindən biri, təkcə Türkiyədə deyil, Azərbaycanda da yaxşı tanınan İrfan Sapmaz CNN Türk Haber Koordinatoru təyin edilib. İrfan bəy Qarabağ savaşı barədə yaxından məlumatlı olan, Azərbaycanı kifayət qədər tanıyan bir media mənsubudur. Fakt budur ki, indiyə qədər belə bir praktik jurnalist Türkiyədə bu qədər yüksək mövqedə olmayıb. Bir məqamı da qeyd edək ki, CNN Türk Türkiyə televiziyaları arasında, xəbər televiziyaçılığında bir nömrədir. Odur ki, İrfan Sapmazla bağlı bu təyinat həm də Azərbaycan üçün önəmli hadisədir və kifayət qədər xoş emossiyalar doğurub.
Musavat.com olaraq təbrik etmək, həm də bəzi suallarımıza cavab almaq üçün hörmətli İrfan bəyi aradıq:
-İrfan bəy, CNN Türk telekanalında yeni işə başlamağınız münasibətlə sizi təbrik edir, uğurlar arzulayırıq. Qeyd edim ki, dostlarınız, sizi yaxından izləyənlər üçün bu, çox xoş xəbər oldu. CNN Türk kimi ünlü bir telekanalla bağlı təyinat sizinçün gözlənilməz oldu, yoxsa öncədən müzakirələr gedirdi, təkliflər almışdınız?
- Allah razı olsun! Biz Azərbaycanda ürəyimizi qoyub gəldik. Mən çox təşəkkür edirəm. Təbii ki, bu barədə əvvəlcədən mənə bildirilmişdi. Məlum olduğu kimi, Doğan Media Qrupunda əl dəyişdirildi, media qrupu satıldı, Demir Örən Media Qrupuna keçdi. Burada CNN Türk, “Hürriyyət”, Doğan Xəbər Agentliyi, Kanal D var. Bura Türkiyənin ən böyük media qrupudur. Bundan sonra bütün qruplarda rəhbərlik dəyişdirildi. “Hürriyyət” qəzetinin, “Doğan” Agentliyinin, Kanal D-nin, CNN Türk-ün baş redaktorları dəyişdi. CNN Türk-ün baş redaktoru da mənim yaxın dostum Bora Bayraqdardır. O da Azərbaycanı, Qafqazları yaxından izləyən qardaşımızdır. Mənə də xəbər koordinatorluğu vəzifəsini tapşırdılar. CNN Türk bir xəbər televiziyasıdır, 24 saat ərzində dünyanın hər yerindən bütün dünyaya canlı yayın verir. Allah nəsib edərsə, bundan sonra bizim kanalın xəbər koordinatoru olaraq xəbərlər məsələsinə mən baxacağam. İnşallah cənab Allah başarılı etsin!
-İnşallah! İrfan bəy, biz sizi birinci Qarabağ savaşından tanıyırıq. Onu da bilirik ki, Azərbaycanda yaxşı tanındığınız kimi, siz özünüz də Azərbaycana, Qarabağa yaxından bələd olan media mənsubusunuz. Siz həm də savaş televiziyaçısı, savaş qəzetçisi kimi fərqli birisisiniz. Zəfərlə başa çatan Afrin əməliyyatından yeni dönən İrfan Sapmaza bundan sonra kabinetdə çalışmaq, prosesləri, əməliyyatları iş otağından izləmək çətin olmayacaq ki?
-(gülür) Mən 35 ilin jurnalisti, qəzetçisiyəm. Bunun 12 ili Azərbaycanda keçdi. 1990-cı ildən etibarən 6 il ərzində bütün Qarabağ savaşını izlədim. Bütün işğal olunmuş ərazilərdə oldum. Amma daha 55 yaşına çatmışam, “artıq içəridə oturmaq lazımdır, təcrübəndən istifadə olunması lazımdır”, dedilər. Ona görə artıq içəridəyik, Allah nəsib edərsə. CNN Türk Türkiyənin ən güclü televiziyası, ən güclü xəbər kanalıdır. Onunçün də belə bir yerdən mənə bu təklifin gəlməsi çox önəmlidir. Daha yaxşı çalışacağıma inanıram.
- Televiziya siyasətinizdə Azərbaycana xüsusi yer ayıracağınıza şübhə etmirik. Bundan sonra Azərbaycanla əlaqələrinizi necə quracaqsınız?
-Təbii ki, Azərbaycan başda olmaqla Türk dünyası ilə çox yaxın əlaqəmiz olacaq. Bilirsiniz ki, bizim Türk dünyasına, başda Azərbaycan olmaqla ayrıca məhəbbətimiz var. İnşallah cənab Allah Türk-İslam dünyasına xidmət etməyi nəsib etsin!
-Amin! Bu arada Türkiyənin siyasi həyatında önəmli proses başlayıb...
-Bəli, dünəndən etibarən başladıq, seçim dönəminə girdik. Bundan sonra həftənin 7 günü, hər gün bəlkə də 18-20 saat televiziyada olacağıq. Bu, Türkiyə üçün çox önəmli bir dönəmdir.
-Azərbaycanı CNN Türk-dən tez-tez görə biləcəyikmi? Yaxud Qarabağla bağlı xəbərlərə kanalda geniş yer ayıracaqsınızmı?
-İnşallah, görəcəksiniz. Azərbaycanla ürək bağlılığımız var. Təbii ki, Azərbaycan xəbərlərinə xüsusi yer ayıracağıq, qardaş ölkə diqqət mərkəzimizdə olacaq. Qarabağla bağlı xəbərlərə önəm verəcəyik. Heç mənim deməyimə ehtiyac yoxdur. Türkiyənin Qarabağ məsələsinə münasibəti bəllidir. İnşallah mən ümid edirəm ki, zamanı gələndə Afrin kimi bir əməliyyat Qarabağ uğrunda da həyata keçiriləcək, Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərəkətə keçəcək. Dağlıq Qarabağ problemini bütün dünyaya çatdırmaq üçün mən də əlimdən gələni edəcəyəm. Eyni zamanda həm iqtisadi, həm siyasi anlamda Azərbaycanda nələr baş verir, bütün bunları yaxından izləyəcəyəm, inşallah. Rəbbimiz yardım etsin, bu işi bacara bilək!
-İrfan bəy, Azərbaycanda CNN Türk-ün müxbiri olacaqmı?
-Hələlik bunu bilmirəm. Bizim Doğan Xəbər Agentliyinin bir müxbiri var idi. Hələ bu mövzuda bir şey danışmamışıq, çünki yenicə işə başlamışıq. İnşallah bəlkə Qafqazlar mərkəzi yaradıldı, başda Azərbaycan olmaqla, orda bir müxbirimiz oldu. Ancaq hələ ki, bu, alınar, ya alınmaz, bilmirəm. Çünki yeni bir dəyişim başlayıb.
-Afrin əməliyyatı zamanı erməni ekspertlər də ciddi narahatlıq keçirirdilər ki, Afrin azad olunandan sonra Türkiyə və Azərbaycan orduları Qarabağın terrorçulardan, işğalçılardan təmizlənməsi uğrunda əməliyyat keçirə bilərlər. Siz hər iki savaşın iştirakçısı olaraq bu barədə nə düşünürsünüz, iki qardaş ölkə Qarabağ uğrunda birgə əməliyyat keçirə bilərmi?
-İndiki zamanda, Türkiyənin də daxil olduğu coğrafiya, siyasi proseslər baxımından bunu söyləmək bəlkə bir az tezdir. Amma Ərdoğan da bir neçə gün öncə söylədi, Afrinin azadlığından sonra Minbiçə, İdlibə yönəlik əməliyyatlar olacaq. Artıq Afrinin bütün əraziləri azad olunub və yeni əməliyyatlar gözlənilir. Qarşıda nələr olacaq, bilinimir. Amma bildiyiniz kimi, Türkiyə və Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həllini istəyir. Həm hörmətli cümhurbaşqanı İlham Əliyev, həm də hörmətli Rəcəb Tayyib Ərdoğan dünyaya sülh mesajını verirlər ki, biz barış, sülh istəyirik. Lakin elə bir vəziyyət yarana bilər ki, nə olacağı bilinməz. Çünki iş bəlli olmaz. Necə ki, kimsə Türkiyənin Afrinə girəcəyini təxmin edə bilməzdi. Bəlkə bir gün gələcək, elə bir durum yaranacaq ki, Azərbaycan da qərarını verəcək, bəyan edəcək ki, biz torpaqlarımızın azad olunması üçün bu günə qədər gözlədik, amma illər keçdi, nəticə olmadı. Mən orda olanda 12 il idi problem həllini tapmamışdı, artıq 28 ildir Qarabağ problemi davam edir. Azərbaycan belə bir addım atarsa, heç deməyə də ehtiyac yoxdur, Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanında olacaq. Azərbaycan ordusunun yetişməsində Türkiyənin çox böyük xidmətləri var, bilirsiniz. Türk generallar ora gəldi, hələ bu əlaqələr davam edir. O mənada mən ümidliyəm, ümidimi itirməmişəm. İnanıram ki, Azərbaycan öz torpaqlarını geri alacaq.
-İnşallah! Biz də həmin qələbə xəbərini CNN Türk-dən şəxsən sizin çatdıracağınızı gözləyirik.
-İnşallah! Azərbaycandakı qadaşlara salam və sayğılarımızı çatdırın, lütfən.
-Məmnuniyyətlə. Təşəkkür edirəm. Allah qoysa, bir gün sizi təkrarən Azərbaycanda görmək istərdik.
-İnşallah! Hökmən. Azərbaycan üçün darıxmışam...
Elşad PAŞASOY
Musavat.com