Çexiya səfiri: Dünya böhranı Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirdi

7-05-2018, 08:58           

Azərbaycan və Çexiya arasında prioritet olan layihələr də daxil olmaqla, əməkdaşlığın inkişafı üçün böyük potensial var.

Bunu Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Trend-ə müsahibəsində diplomatik nümayəndəliyin rəhbəri kimi fəaliyyətinin yekunlarını şərh edərkən deyib.

Çexiya şirkətləri Azərbaycanda özlərini uğurla tanıda biliblər

Səfir qeyd edib ki, Çexiya qida məhsullarından tutmuş təyyarə istehsalına qədər yüksək inkişaf edən sənaye bazasına, müxtəlif sahələrdə təcrübəyə malikdir. Bu da Azərbaycan üçün faydalı ola bilər:

“Bizim şirkətlərimiz artıq nəqliyyat infrastrukturu sahəsində müxtəlif layihələrdə iştirak etməklə Azərbaycanda özlərini uğurla tanıda biliblər. Çexiya şirkətlərinin iştirak etdiyi layihələrin siyahısına yalnız Azərbaycan üçün deyil, eləcə də bir çox Şərq və Qərb ölkələri üçün strateji əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu da daxildir. Biz böyük məmnuniyyətlə bu sahədə əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, bizim şirkətlərimiz Azərbaycanda digər sahələrin inkişafına öz töhfələrini verməyə hazırdırlar. Mən kənd təsərrüfatı, energetika, kimya sənayesi, elektrotexnika və maşınqayırma sahələrində böyük potensial görürəm”.

Diplomat əlavə edib ki, tezliklə Gəncə Avtomobil Zavodunda TATRA yük maşınlarının istehsalı təşkil edilməlidir:

“Bu gün Çexiya Azərbaycanda mühüm xarici investorların ilk onluğuna daxildir. Son illərdə Çexiya bankları (dövlət və özəl) Azərbaycanda 2,5 milyarddan çox investisiya qoyublar”.

Dünya böhranı Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirdi

V.Pivonka bildirib ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nəticələr əldə edib:

“İlk növbədə qeyd etmək lazımdır ki, həmin vaxt dövlət büdcəsinə daxilolmaların əsas mənbəyi olan neftin qiymətlərinin azalması ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün ciddi sınaq oldu. Lakin fakt budur ki, Azərbaycan nəinki bu sınağa davam gətirdi, üstəlik, qısa zamanda – bir-iki ilə öz iqtisadiyyatını sabitləşdirməyi bacardı. Bu, böyük nailiyyətdir. Antiböhran proqramı çərçivəsində Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması məqsədilə islahatlara başlanıldı. Bu mənada gömrük prosedurlarında islahatlar, ASAN sisteminin inkişafı, Ələtdə azad iqtisadi zona layihəsi və digərləri müsbət nəticə verir”.



Səfir islahatların tam ölçüdə və təxirə salınmadan davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Çexiya ilə strateji tərəfdaşlığı haqqında saziş

Diplomatın fikrincə, 2015-ci ilin sentyabrında Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm nailiyyətdir:



“Hökumətlərarası komissiya da artıq çox gözəl işləyir. Komissiyanın beşinci iclasının bu il Praqada keçiriləcəyi gözlənilir. Biz artıq kənd təsərrüfatı sahəsində qarşılıqlı anlaşma haqqında memorandumu imzalamağa müvəffəq olmuşuq. Gənclər və idman sahəsi üzrə analoji sənəd isə praktiki olaraq hazırdır. Biz, həmçinin energetika, təhsil və müdafiə sahələrində əməkdaşlıq sazişi üzrə də fəal iş aparırıq”.

V.Pivonka xatırladıb ki, bu yaxınlarda Çexiyanın Azərbaycanda səfirliyinin açılmasının 8 illiyi qeyd olundu:

“Mən sizin ölkənizdə çalışmaq şərəfinə nail olan ikinci çexiyalı səfirəm. Bu qısa dövr ərzində mənə və sələfimə ikitərəfli münasibətlərin gələcək inkişafı üçün zəruri əsas yaratmaq nəsib oldu”.

Müxtəliflik Azərbaycanın son dərəcə gözəl xüsusiyyətidir

Səfir bildirib ki, Azərbaycanda onu daha çox ölkənin müxtəlifliyi təəccübləndirib:

“Bakıda qədim və müasir memarlığın ahəngi, Lənkəranda çay plantasiyaları və portağal bağları, Günəşin yandırdığı Qobustan çölləri və sevimli, vüqarlı, zirvələri qarla örtülü Böyük Qafqaz...”



Diplomatın fikrincə, azərbaycanlılar hər zaman başqa xalqların mədəniyyətindən ən yaxşıları əxz etməyi bacarıblar:

“Bu, Azərbaycanın regionlarına da aiddir. Onların hər biri öz tarixi, adət-ənənəsi, məişəti, mətbəxi ilə öyünə bilər. Bütün bunlar çox gözəldir. Azərbaycanın əziz sakinləri, mən sizə ölkənizin gələcəkdə də belə mədəni müxtəlifliyə sahib olmasını arzulayıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.