Vahid Əhmədov: “Bakının icra başçısı olmaq istəyən çoxdur”
7-05-2018, 08:32
“Manat bu səviyyədə qorunub saxlanılacaq”
Xəbər verildiyi kimi, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bir müddət öncə ürəyindən əməliyyat olunub. Ağır əməliyyatdan sonra deputat mətbuatda da az görünməkdədir. V.Əhmədovla səhhəti, prezident seçkilərindən sonra ölkə daxilində baş verən son proseslərlə bağlı söhbət etdik.
- Vahid bəy, hazırda özünüzü necə hiss edirsiniz?
- Özümü yaxşı hiss edirəm. Normal şəkildə işə gedib-gəlirəm. Heç bir problem yoxdur.
- Ölkədə gedən prosesləri izləyirsiniz?
- Həm xaricdə, həm də Azərbaycanda gedən proseslərin hamısını izləyirəm.
- Yarım ay öncə təsdiq edilən yeni hökumət barədə nə deyə bilərsiniz?
- Hazırda islahatlar gedir. Bu islahatların davamlı olacağı görünür. Cənab prezident seçkilərdə qalib gələndən sonra hökuməti buraxdı və yeni hökumət formalaşdırmağa başladı. Bu hökumətdə də gənc kadrlara daha çox üstünlük verilir. İndi onların bu etimadı doğruldub-doğrultmayacağını zaman göstərəcək. Amma onların əksəriyyətini tanıyıram, savadlı kadrlardır. Yəqin ki, öz üzərlərində işləsələr, hökuməti yüksək səviyyədə təmsil etmək imkanları var. Həmçinin, yeni hökumətdə köhnə kadrlardan qalanlar var - Nazirlər Kabineti və onun müavinləri səviyyəsində. Onlar da öz təcrübələrindən istifadə edib, töhfələrini verməlidirlər. Hökumətdə gəncləşmə getməlidir, bu olduqca vacibdir. Çünki uzun müddət idi ki, hökumətdə uzun zamandan qalan məmurlar var idi. Əhali bunlara öyrəşmişdi. Amma indi iqtisadi islahatlar da gedir. Aparılan islahatlarda yeni kadrlara üstünlük verilməyə başlayıb. Bunu bir sıra nazirliklərdə gördük. Əsas olan odur ki, cənab prezidentin etimadını doğrultsunlar, Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsirlərini göstərsinlər.
- İslahatlar bununla bitəcəkmi?
- Bu islahatları davam etdirmək həddindən artıq vacibdir. Bir sıra struktur islahatları həyata keçirilməlidir. Kadr islahatları hələ də bitməyib. Müəyyən problemlər ola bilər. Bəzi qurumlarda birləşmələr, ayrılmalar olacaq. Həyat davam edir, tələbat günü-gündən artır, Azərbaycanın beynəlxalq aləmdə imici günü-gündən yüksəlir. Müəyyən sahələrdə iqtisadi inkişaf nəzərə çarpır. Bunu çoxsaylı etmək üçün islahatlara ehtiyac var.
- Bu təyinatların içərisində ən çox müzakirə edilən baş nazir təyinatı oldu...
- Bu seçim prezidentindir. Açığı deyək ki, baş nazir postuna göz dikənlər həddən artıq çox idi. Çox adamların adları hallanırdı. Baş nazir postu son zamanlar bəzi ölkələrdə daha çox siyasi lider kimi qəbul olunur. İqtisadi məsələlərə onun müavinləri baxır. Novruz Məmmədov kifayət qədər təcrübəli şəxsdir. Uzun müddət beynəlxalq əlaqələrlə məşğul olub, cənab prezidentin köməkçisidir. Mənə elə gəlir ki, Dağlıq Qarabağ məsələsində, eləcə də, Azərbaycanın beynəlxalq aləmlə əlaqələrində Novruz Məmmədovun müsbət rolu olacaq.
- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu hələ də boş qalır. Bu da bəzi söz-söhbətlərə yol açıb...
- Bakı Şəhər İcra Hakimiyyəti boşdur, ya doludur, bilinmir. İşlər öz axarında gedir. Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub. Yəqin ki, götür-qoy edirlər. Bakının icra başçısı olmaq istəyənlər çoxdur. Cənab prezident öz seçimini edəcək və qərarını verəcək.
“Gənc kadrların etimadı doğruldub-doğrultmayacağını zaman göstərəcək”
- 11 aprel seçkilərindən sonra əsas müzakirə mövzularından biri də parlamentin buraxılacağı yönündədir. Sizcə, yaxın zamanlarda növbədənkənar qanunverici orqana seçkilər keçirilə bilərmi?
- Bu barədə bir söz deyə bilmərəm. Çünki bu səlahiyyət cənab prezidentə aiddir. Amma deyim ki, parlamentin buraxılmasına elə bir ehtiyac da yoxdur. Çünki Milli Məclis normal şəkildə fəaliyyət göstərir. Parlamentin səlahiyyətləri də o qədər geniş deyil. Səlahiyyətləri çərçivəsində Milli Məclis fəaliyyət göstərir. Bu baxımdan parlamentin buraxılıb növbədənkənar seçkilərə gedilməsinə ehtiyac yoxdur.
- 6 deputat yeri boşdur...
- Bu dairələr üzrə seçkilər keçirilə bilər. 6 deputat yeri üçün mütləq seçkilər olmalıdır. Çünki uzun müddət bu yerlər boş qala bilməz. Mərkəzi Seçki Komissiyası həmin yerlərə seçkilərə müəyyən etməlidir.
- Deputatlarla bağlı son günlərdə onların maaşlarının 10% artırılması ciddi gündəm olub. Tənqidlər daha çox səslənir. İradlarda əsaslar varmı?
- Dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşlar bu səviyyədə qaldırıldı. Bu, o qədər böyük artım deyil. Belə bir qərar qəbul etdilər, parlament də təsdiqlədi. Ümumi götürəndə burada təkcə Milli Məclisdən söhbət getmir. Büdcə təşkilatlarında çalışanların maaşları artırılmalıdır. May ayında ola bilər ki, dövlət büdcəsinə yenidən baxılsın. Bunlara baxılan zaman həkimlərin, müəllimlərin də digər sahələrdə çalışanların maaşlarına baxılmasına böyük ehtiyac var. Mütəmadi olaraq cənab prezident bu məsələlərə baxır, müəyyən qədər maaşları artırır. İndi imkanlar, gəlirlər var, neftin qiyməti yüksəkdir. Ona görə də maaşlara baxmaq olar.
- Qarşıdakı zamanda ölkə iqtisadiyyatını nələr gözləyir?
- Azərbaycan iqtisadiyyatını ciddi problemlər gözləmir. Hesab edirəm ki, manat bu səviyyədə qorunub saxlanılacaq. Çünki manatın arxasında dayanan neftin qiyməti çox yüksəkdir. Neftin qiyməti 70-75 dollar olduğu sürəcdə ciddi problemlər gözlənilmir. 2018-ci ildə həm iqtisadi islahatları həyata keçirmək, həm də prezidentin 2016-ci ildə qəbul etdiyi Strateji “Yol Xəritəsi”ndəki planları həyata keçirmək üçün manatın məzənnəsi bu səviyyədə qorunacaq. Manatla bağlı ciddi problemlər gözlənilmir. Kənd təsərrüfatına diqqəti artırmaq lazımdır. Bu, bizim üçün əlavə gəlir gətirən sahədir. Turizmə diqqəti artırmaq vacibdir. Bu sahədə keyfiyyəti müəyyən qədər qaldırmaq lazımdır. Çünki Azərbaycana axın çoxalıb. Bu sahədən gələn gəlirlərlə bağlı elə etmək lazımdır ki, dövlət büdcəsində yeri olsun.
- Kənd Təsərrüfatı demişkən, bu nazirliyə yeni təyinat oldu. “ASAN Xidmət”də uğur qazanan İnam Kərimov nazir oldu...
- Köhnə nazirlə də təmasda olmuşam. Deyə bilmərəm ki, o şəxs pis işləyirdi. Çünki onun dövründə çox işlər görüldü. Hətta 30-35% ixrac artdı. İndiki nazir gəncdir. Kənd təsərrüfatı əlaqəsinin nə dərəcədə olduğunu deyə bilmərəm. Amma savadlı şəxsdir. Ola bilsin ki, bu sahədə də müəyyən uğurlar qazansın.