“Onu heç kim kasıb görməyəcək” - Rüstəm Behrudinin qardaşı

7-05-2018, 10:33           
“Onu heç kim kasıb görməyəcək” - Rüstəm Behrudinin qardaşı
Kulis.az “Qardaşımın üzü köməyim olsun” adlı yeni layihəyə başlayır. Bu layihədə məşhur sənət adamlarının qardaşları onlar haqqında danışacaq.

Layihənin ilk qonağı Rüstəm Behrudinin qardaşı İlham Behrudidir.

- Siz yeddi qardaşsız...

- Yeddi qardaş, iki bacı. Böyüyümüz Rüstəmdi. Ardınca Rəhim gəlib. Rəhim də Rüstəm kimi dəli-dolu adamdı. Ondan sonra rəhmətlik Mehman gəlir. 1996-cı ildə itirmişik onu. Elə bil hadisə bu gün olub. Bizim hamımız qocalmışıq, o cavan qalıb. 35 yaşında... Mehmandan sonra Mərdandı. O da bizimlə yan-yana, çiyin-çiyinə işləyib. Ailənin ortancılı mənəm – İlham. Məndən sonra bacım Adilə, hazırda müəllim işləyir. Rafiq gəlir sonra. O da bizimlə bir yerdə çalışır. Kitab oxumağı, şeiri sevir. Sonra Bəhruz gəlir. Sonbeşiyimiz də Xalidədir.

- Rüstəm Behrudi sizdən neçə yaş böyükdü?

- 8 yaş.

- Rüstəm müəllim bir az mübahisəni sevən biridir. Evdə necəydi? Bir qardaş kimi...

- Rüstəm müəllim kənardan çılğın görünə bilər. Amma qardaşlarının içində yalnızca qardaşdır. Böyük qardaşımızdı. Hərdən çalışdığı qədər qardaşlığını eləməyə çalışır. Öz istedadının halını qardaşlığına qatmır (gülür).

- Uşaqlıqdakı Rüstəmdən danışın. Dalaşqan deyildi ki?

- Bizdə ailəlikcə dalaşqanlıq olmayıb. Rüstəm lap uşaqlığından zəhmətsevər olub. Ailədə 9 uşaq olduğundan onları dolandırmaq çətin idi. Bizim vaxtımızda uşaqlar da ailəni dolandırmaq üçün ata-analarına köməklik edərdilər. Rüstəm gəvə yağı toplayıb satırdı. 4-cü sinifdən o işlə məşğul olurdu. Gəvə kol bitkisidir. İyunun ortalarından başlayaraq dibindən yağ çıxır və camaat o yağı toplayır. Bu iş çox çətin idi. İş vaxtı başına çox iş gələ bilərdi. İlan çıxa bilərdi qabağına...

- Rüstəm müəllimin qabağına ilan çıxmamışdı?

- Olub. İki yaş balaca qardaşı Rəhimlə Cin dağı deyilən yerdə gəvə yağı toplayırmışlar. Onda dayım oğlu Yunis də Rüstəmgillə imiş. Bir də baxıblar, Yunis danışa bilmir, lal adamlar kimi əl hərəkətləri ilə nəyisə izah edir. Rüstəm çönəndə görür ki, bir ilan onun boyunca yuxarı qalxıb. Silahla ona atəş açır. İlan gülləyə qaçar deyə bir misal var axı. Bu ilan özünü güllənin üstünə atır və yaralanır. İlana güllə dəyəndə elə bir səs çıxarır ki, yaxınlıqdakı çoban qaça-qaça ora gəlir. Və gəlib deyir ki, o səs nə səs idi, uşaq çığırtısına oxşayırdı (gülür). İlanı görəndə çoban dəhşətə gəlir. Deyir, neçə ildir bu dağda çobanlıq eləyirəm, hələ belə vəhşi ilana rast gəlməmişəm. O ilan onları öldürə bilərdi. Amma bir təsadüf Rüstəmgili xilas elədi.

- 7 qardaşın böyüyü olmaq yəqin ki, məsuliyyətlidir. Atanın yerinə bəzən idarəçilik Rüstəm müəllimə keçmirdi ki?

- Evin idarəçiliyi sağ olana qədər atamda olub. Rüstəm orta məktəbi bitirəndən sonra Ordubaddakı barama fabrikində işləyib. Sonra instituta qəbul olub, müəllim kimi işləyib. Sonra da üz tutub Bakıya. Yəni kənddə Rüstəm az yaşayıb. Bəzən atamın işlərini görərdi. Amma rəhbərlik hər zaman atamda olardı.

- Hansı qardaşla daha çox ünsiyyətdə olurdu? Ona bir köynək daha yaxın...

- Ən çox rəhmətlik Mehmanla ünsiyyətdə olardı. Onlar hər ikisi ədəbiyyatla məşğul olurdu, söhbətləri tuturdu. Mehman da ədəbiyyatı, şeiri, musiqini sevirdi. Rüstəmlə hər yerə bir gedərdi. Şeir məclislərinə də... Mehman rəhmətə gedəndə Rüstəm ayrı cür sarsıntı keçirdi. Eynən biz də. O ölümdən sonra qardaşlar arasında münasibət daha da sıx oldu.

- Ölüm qardaşları bir-birinə daha yaxın elədi...

- Elədi. Biz bir yerdə olduq həmişə. Bu gün də bir yerdəyik. İşləyirik bir yerdə. Qardaşım Mehmanının ölümündən sonra 2000-lərin başlanğıcından mənimlə yoldaşlığı başlayıb. Xarici ölkələrə səfər etmişik, sanatoriyalara getmişik, rayonları gəzmişik, yol yoldaşlığımız olub. Qısası, bərabər olmuşuq. Amma düşünürəm ki, Rüstəmin qardaşı olaraq onunla paylaşdıqlarım çox deyil. Düzdü, az da deyil. Rüstəm özünə qapanıq biridir. Danışmadan özü ilə danışan adamdı.

- Böyük qardaşa imtiyazlar çox olur və sən də onu qısqanırsan. Hansısa bir iş dalınca ən çox balaca qardaşlar gedir, böyük qardaşın “toxunulmazlığı” olur... Sizdə böyük qardaşa bu mənada paxıllıq olubmu?

- Desəm ki, bir-birimizin arasında söz-söhbətlər olmayıb, yalan olar. Olmasa, anormaldır. Rüstəm müəllim bəzən “ağsaqqalığı” mənə verib ki, bu ay evə İlham baxacaq (gülür). Məsuliyyəti mənim boynuma atıb.

- Sirlərinizi sizə bölüşürdü? Məsələn, qız sevməyini...

- Demirdi. Biz onu görürdük. Uşaq vaxtı kəndimizdən bir qız sevirdi. Allah xoşbəxt eləsin, o qız indi ailəlidir. Bütün kişilər kimi Rüstəm də sevib. Amma bu sevəndə başqa cür olurdu, dəlicəsinə sevirdi sevəndə. Sıradan sevgi onluq deyildi. Şair kimi sevirdi...

- Qarşılıqsız olub deyəsən... Alınmayan...

- Yadda qalan sevgilərin hamısı alınmayan sevgilərdi. Kimsə sevgidən danışırsa, demək onun həyatında sevgi alınmayıb. Alınsaydı, danışmazdı. Rüstəm də alınmayan sevgi yaşamışdı. Gecələr səhərə qədər yatmırdı. Həmən vaxtı otağında nəsə yazırdı. Biz elə bilirdik məktub yazır, sən demə şeir imiş yazdığı. Çox gözəl şeirlər yazırdı.

- Heç çəkindiyiniz olub Rüstəm müəllimdən?

- Yox. Elə sərt biri deyildi ki, ondan çəkinək. O, heç vaxt evdə böyük olduğunu hiss elətdirməyib. Nə bilim, hamı qabağıma qaçmalıdı, təzim etməlidir və s. Bacılarımıza qarşı da elə olub. Heç vaxt onları sıxmayıb. Atam xərçəngdən rəhmətə getmişdi. Ölmədən bir neçə gün əvvəl uşaqları başına yığıb dedi ki, hamınızdan razıyam, amma ən əsası Rüstəmdən.

- Sizi danlamayıb ki?

- Əlbəttə, mən də səhv eləmişəm, danlayıb, oturub müzakirə etmişik. Haqlı tərəfimi də başa düşüb. Məsələdə düz olduğumu biləndə məndən üzr də istəyib. Günlərin birində bir məclisdəydik. Meydan hərəkatında iştirak etmişəm mən. Söhbət düşdü. İndi deməyəcəm nə üstündə. Məclisdəkilər məddahlıq eləməyə başladılar, bu da mənim xoşuma gəlmədi, sözümü dedim. Hamı üstümə töküldü. Onda Rüstəm məni müdafiə elədi. Dedi, birinci qardaşım haqlıdır, ikinci də mən olduğum yerdə qardaşımın üstünə belə gələ bilməzsiniz.

- Rüstəm müəllimin uşaqlıq portreti necə, yadınızda qalıb?

- Onun futbolla uşaqlıqdan arası yox idi. Komanda yaratsın, uşaqları yığsın bir yerə. Elə şey yox idi onda. Rüstəm quzu otara-otara kitab oxuyurdu. Hə, bir də oyunlar oynayırdıq hərdən. Qayış oyunu, qaçdı-tutdu və s.

- Necə oyunçu idi Rüstəm müəllim? Uduzurdu, ya udurdu?

- Rüstəm müəllim heç zaman uduzan tərəf olmayıb.

- Güclü imiş...

- Güclü olmaqdan əlavə... Özünün bir sözü vardı, deyirdi, istedadlı adam hər yerdə, hər şeydə istedadlıdır. Rüstəm ilk başda uduzsa da, sonradan həmişə udurdu.

- Heç Rüstəm müəllimdən şikayətə gələn olmayıb? Uşaq döyüb, ya kiminsə xətrinə dəyib, şuluqluq salıb. Olmayıb belə bir şey?

- Yox. Tək Rüstəm yox, bizim heç birimizdən evə şikayətə gələn olmayıb. Çünki biz sakit təbiətli uşaqlar olmuşuq. Savaşmaqla aramız olmayıb. Bir tərəfdən oxumuş uşaqlar idik. Bizi sadəcə qısqananlar olurdu. Cəmi bir dəfə heç kim yox, atam onu tənbeh eləmişdi.

- Nə üstündə?

- Siqaret çəkməsin deyə. İndi özündən soruşsanız, atanın onu siqaretə görə tənbeh eləməyi hələ də qulaqlarında cingildəyir. Mən də Rüstəm müəllimlə siqaret mövzusunda düz 10 ildi mübarizə aparıram. O mənə dedi ki, sən siqareti at, mən də atacam. Mən artıq uzun müddətdir çəkmirəm, Rüstəm Behrudi isə mənim atmağıma baxmayaraq özü davam elədi.

- Qardaşınızdan küsdüyünüz olub?

- Ən çox ondan küsdüyüm hadisə Meydan hərəkatından əvvələ təsadüf edir. Mən xalq hərəkatı vaxtı heç bir təşkilata qatılmamışdım, tam müstəqil hərəkət etmişdim. O vaxtları müxtəlif cəbhələrdən adamlar Rüstəm müəllimdən məsləhət almağa gələrdilər. Onlar gələndə məni otaqdan qovurdu ki, get, dərsindən məşğul ol. Bir dəfə Rüstəm müəllimə məktub yazdım, dedim ki, əziz qardaşım, mən sənin yanına məsləhətə gələnlərdən elə də gerizəkalı deyiləm. Mənim dünya baxışım, savadım heç də onlardan az deyil. O da dedi, sənin bu işlərə qarışmağını istəmirəm. Bu söhbətdən sonra Rüstəmdən küsdüm. Bu küsmək də uzun çəkdi.

- Nə qədər?

- 1 il-filan. Özü də bu küsmək siz bildiyiniz küsmək deyil ha. Danışıb eləyirdim, sadəcə ürəyimdə küsmüşdüm ondan. Bir dəfə Fəvvarələr bağı tərəfdə Rüstəm Behrudiylə Sabir Rüstəmxanlı məni bir adamla tanış elədilər. Dedilər ki, bu Azərbaycanın gələcək inqilabi hərəkatının lideridir. Onda Meydan hərəkatı başlamamışdı. Kim olduğunu soruşdum. Dedilər, Səttarxan adına zavodun fəhləsidir. Allah şahiddir, Rüstəmlə Sabirə dedim ki, vay sizin halınıza! Əgər Azərbaycan xalq hərəkatına bir fəhlənin liderlik eləməyinə razılıq vermisinizsə, onda sizin gələcəyiniz yoxdur. Və ondan sonra bir daha mən onlarla bir araya gəlmədim. Rüstəm müəllimlə küsülülüyüm bu yöndə oldu. Başqa yerlərdə yenə də danışırdıq, söhbət edirdik. Sadəcə hərəkata görə Rüstəm müəllimlə aramız soyudu. Aradan bir neçə il keçəndən sonra Rüstəm müəllim mənə dedi, yaxşı ki o vaxt aramızda olmamısan, yoxsa ailəmiz ac qalardı. Nə yaxşı sən öz yolunla getmisən. Ac qalmadığımıza görə mənə minnətdarlıq elədi, mən də ona görə qardaşıma təşəkkür etdim ki, məni öz içlərinə yaxın qoymadı.

- Rüstəm müəllimin hansı xüsusiyyətindən xoşunuz gəlmir?

- Onunla ara-sıra sözümüz çəp gələn məqamlar olur. Bəzən şair hərəkətləri edir. Lazım olmayan yerlərdə. Mən də ona deyirəm ki, sən əvvəlki şairlərin taleyindən dərs çıxarmalısan, onlar kimi yaşamağın lazım deyil.

- Şair hərəkətləri nəyə deyirsiniz?

- Rüstəm elə düşünür ki, şairlərin həyatı dəli-dolu keçməlidir. Amma mən hesab edirəm, 60 yaşına çatmış şair özündən əvvəlki şairlərin həyatından ibrət dərsi götürməlidir. Rüstəm isə dəli-dolu yaşamağı üstün hesab edir. Məsələn, maşınının dənizə düşməsi hadisəsi. Öz maşını ilə gedib dənizə düşüb və polislər onu ordan çıxarıb. Bilirsiniz, Rüstəmin elə dəli-dolu yaşamağa nə yaşdan dolayı ixtiyarı var, nə ailə başçısı, nə də tanınmış ictimai xadim olaraq elə dəli-dolu yaşamaq ixtiyarı var. Bəlli bir yaşdan sonra mənə elə gəlir ki, adam başqalarına nümunə kimi yaşamalıdır, nəinki dəli-dolu yaşamağını davam etdirməlidir. İndi yaxşı ki, Rüstəm o cür dəli-doluluq eləmir. Yaş öz sözünü deyir. Əvvəllər spirtli içkilərə münasibəti çox yaxşı idi. Sonra qardaşının ölümündən sonra içkidən uzaqlaşdı. Əvvəllər çox içirdi, indi içə bilmir, o zövqü ala bilmir.

- Adətən, ağrını basdırmaq üçün içirlər. Rüstəm müəllimdə əksi olub...

- Rüstəm Behrudi ağrını daha çox yaşamaq istəyirdi. İçib o ağrını unutmaq istəmirdi. O ağrını yaşadıqca bir də görürdün gözəl bir şeir yazıb ortaya qoydu.

- O ölüm hadisəsi necə olub?

- O vaxtı bizim Ziya Bünyadovda ofisimiz vardı. Ofisimizin yanında valyutadəyişmə məntəqəsi açmışdılar. O məntəqəyə adamlar basqın eləmişdi. Orda olmadığım üçün hadisəni detallarına qədər bilmirəm. Mən ofisdən çıxmışam, onlar ora basqın ediblər, mən gələndə artıq qardaşım vurulmuşdu.

- Niyə öldürmüşdülər?

- Hadisənin günahkarı bir tərəfdən o oğrular idi, digər tərəfdən zərərçəkənin özü. Bəzən güllənin üstünə çıxmaq yox, qaçmaq lazımdı. Bu cinayət işi açıldı, oğrular nə qədər cəza aldı, bu məni maraqlandırmadı, nə də Rüstəm müəllimi. Qardaşımızı itirmişdik. Biz anlaya bilmirdik ki, niyə valyutadəyişmə məntəqəsinə silahlı hücum olsun. Bunu dərk edə bilmirdik. Bizim heç kimlə də konfliktimiz olmayıb. Qardaşımla bağlı hadisənin niyə baş verdiyini indinin özündə də başa düşə bilmirəm. O hadisə olmamalıydı. Niyə oldu? Onu da bilmirəm. Pul üçün idisə, orda çox pul yox idi. Öldürmək istəyirdilərsə, onun üçün başqa yer də var... Bu ölüm bizi çox sarsıtdı.

- İlham bəy, kimsə Rüstəm Behrudini tənqid edəndə necə reaksiya verirsiniz?

- İlk başda kimsə kimisə tənqid edirsə məsləhət görərdim, həmin adam əvvəlcə onun səviyyəsinə çatsın. Bu məşhurlaşmağın bir yoludur. Əgər Rüstəmi tənqid etməklə nəyəsə nail olurlarsa, Allah köməkləri olsun. Yetər ki iftira etməsinlər, olmayan şeyi deməsinlər.

- Olub belə hallar?

- 2005-ci ildə Rüstəmlə mənim gömrükdən pul atmağımız ortaya atılmışdı. Guya ki biz bunu seçki kampaniyasını aparmaq üçün eləmişdik. Sonra bu məsələni aydınlaşdırdıq. Axı bizim kiməsə pul atmağımız anormal bir şeydi. Həmin şayiəni ortaya atan adam da dedi ki, neyləyək, biz də çörək pulu qazanmalıyıq, qəzetimizi çap etməliyik.

- Qardaşlar görüşürsünüz tez-tez?

- Demək olar, iki gündən bir. Mütləq görüşümüz olur. Bəzən 24 saat bir yerdə olduğumuz olur. Hər yerə birlikdə gedirik.

- Rüstəm müəllimə dəstək olursunuz? Maddi, mənəvi...

- Biz elə eləyirik ki, qardaşlar arasında maddi mənada problem olmasın. Maddi sıxıntı da yaşamırıq. Düzdü, hər kəs lüks həyat istəyər. Biz qane olduğumuz qədər istəyirik və onu da əldə etməyi bacarırıq. Qazandığımızı doğru-dürüst xərcləməyi bilən adamlarıq.

- Çoxları düşünür ki, şair ac olmalıdır, kasıb həyat tərzi yaşamalıdır. Rüstəm Behrudini bəzən buna görə də tənqid edənlər olur ki, o yaxşı yaşayır, digər yazarlardakı kimi sosial problemləri yoxdur.

- Bizim cəmiyyət bir şeyi qəbul edə bilmir ki, istedadlı adam varlı yaşamalıdır. Nə təhər olur ki, Facebookun yaradıcısı Mark Zukerberq milyardlara sahibdir, amma Rüstəm Behrudi o pula sahib olmamalıdır? Yaxud da Rüstəm Behrudi şair olaraq ömrünün axırına qədər iztirab çəkməlidir? Bilirsiniz, istedadlı adamlar gözəl yaşamadığı təqdirdə bu cəmiyyətin gözəl yaşamaq şansı yoxdur. Şair kasıb yaşamalıdır düşüncəsi yanlışdır. Biz qardaşlar olaraq Rüstəm Behrudinin maddi mənada sıxıntı çəkməsinə heç vaxt imkan verməmişik. Əlbəttə, çoxları o arzudadır ki, Rüstəm Behrudi səfil həyat keçirsin. Bunu görməyəcəklər. Rüstəm müəllimin bu günə qədər heç bir kitabı satılmayıb. Çap olunub və hədiyyə olunub. Rüstəm Behrudi kimi gözəl yaşamağa həsəd aparanlara məsləhətim odur ki, Rüstəm kimi olsunlar (gülür).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.