Vəziyyət kritikdir: 600 min insanın lombarda borcu var – Müsahibə

7-05-2018, 19:20           

Sayt Gürcüstan parlamentinin deputatı, Vahid Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanovla müsahibəni təqdim edir:

- Azər müəllim, Mixail Saakaşvili Gürcüstana qayıdaraq ölkəni feodallardan geri alacağını dair video yayımlayıb. Bunu necə qiymətləndirmək olar?

- Harada olmasından asılı olmayaraq, Saakaşvilinin ürəyi Gürcüstanla vurur. Demək olar ki, müasir Gürcüstanda həyata keçirilən bütün layihələr Saakaşvilinin əlindən keçib. İndi Gürcüstan geri düşməyə, dağılmağa başlayıb. Qurucu bir lider kimi Saakaşvili uzaqdan bunları görür və fikirlərini ifadə edir.

İkincisi, Saakaşvili heç vaxt Gürcüstandan imtina etməyib. Hər zaman Gürcüstanın yanında olub. Ukraynada, ABŞ-da, Hollandiyada olsa belə, vaxtının müəyyən saatını Gürcüstanda baş verən proseslərə ayırıb. Əlbəttə, bizim də istəyimiz odur ki, Saakaşvili tezliklə Gürcüstana qayıtsın. Artıq ölkədə inkişaf dayanıb, gələcəyə inam yoxdur. Bir neçə gün əvvəl sosial şəbəkələrdə sorğu keçirilib. İnsanların 70 faizi Saakaşvilini dəstəkləyib. Yəni Saakaşvilinin ölkəyə qayıdışı həm də zamanın tələbidir. Artıq Gürcüstanda turistlərdən başqa kimsə qalmayıb. Rüşvətxorluq başladı, dövləti idarə edənlər oliqarxlardır və yalnız cibləri, qohumları üçün işləyirlər. Konstitusiya imkan versə, vətəndaşlığı bərpa olunsa, insanların 80 faizi Saakaşvilinin arxasınca gedər.

- Saakaşvili Ukraynaya qayıtmaq istəyirdi. İndi o, Ukraynadan imtina edərək, yeni planlarını Gürcüstan üzərindən qurur?

- Ukraynadan imtina etmir. Saakaşvili yeganə siyasətçidir ki, həm Gürcüstanda, həm də Ukraynada partiyası var. Partiyaları da normal fəaliyyət göstərir. Saakaşvilinin özünün isə nə Gürcüstan, nə də Ukrayna pasportu var. Ukrayna xalqına da söz verib ki, ölkəni böhrandan çıxaracaq. Ukrayna xalqının da ona böyük ehtiyacı var. Ukraynada gedən proseslər elə Gürcüstanda da gedir. Hər iki ölkədə hakimiyyəti oliqarxlar idarə edir.

- İndi Saakaşvilinin konkret planı nədən ibarətdir?

- Biz onunla görüşmüşük. Bizim əsas istəyimiz onun Gürcüstana qayıtmasıdır. Payızda bizdə prezident seçkiləri keçiriləcək. Əgər bütövlükdə müxalifətin bir namizədi olsa, ölkədə proseslər tezləşə, dəyişə bilər. Saakaşvilinin planı isə Gürcüstanı böhrandan çıxarmaqdır. Başqa planı yoxdur.

- Saakaşvilinin sizinlə təması var?

- Biz daim internet vasitəsilə, telefonla danışıb müzakirələr aparırıq. Hər həftə partiyanın ofisindən də təmasımız olur, ona suallarımızı veririk, müzakirələr gedir. Bu baxımdan əlaqə problemimiz yoxdur. Gürcüstan saytlarına, sosial şəbəkələrə baxsanız görərsiniz ki, ölkədə Saakaşviliyə nə dərəcədə ehtiyac var. İnsanlar hər yerdə Saakaşvili haqqında danışırlar.



- Hazırda Gürcüstanda siyasi vəziyyət, hakimiyyətin mövqeyi nədən ibarətdir?

- Gürcüstan Prezidenti Georgi Marqvelaşvili çıxışlarının birində qeyd etdi ki, Gürcüstanın inkişafı Saakaşvili deməkdir. Bu reallığı baş nazir də, parlament sədri də gözəl bilir. Onlar 6 il müddətində Gürcüstan üçün heç nə etmədilər. Bu gün 600 mindən çox Gürcüstan vətəndaşının lombardlara borcu var. Gürcüstanda az qala hər bir ailənin banka borcu var, insanlar evlərini itirmək təhlükəsi ilə üz-üzədir.

Hakimiyyətdə isə vəziyyət bir qədər fərqlidir. Düşünün ki, ölkəni idarə edən üç nəfər bir-birilə düşməndir. Baş nazir, spiker və prezidentin bir-birinə olan düşmənçilik münasibəti ölkəni pis vəziyyətə salıb. Təsəvvür edin ki, prezident parlamenti tərk etdi, çıxışını yarımçıq kəsdi. Baş nazir gəlib parlamentin sədri ilə görüşmür. Prezident isə nə baş nazirlə, nə də spikerlə görüşmədi. Bütün bunlar da sıravi insanların başında çatlayır. “Gürcü arzusu” elə bilir ki, dünyanın sonudur və kim nə qədər qamarlaya bilsə, odur. Xalqı talamaqla məşğuldurlar.

- Saakaşvilinin parçalanan Vahid Milli Hərəkat Partiyasının durumu necədir?

- Partiyanın parçalanması normaldır. Həyatda ailələr, cütlüklər belə parçalanır. Saakaşvilinin partiyası güclənir, ölkədə ikinci ana müxalifətdir. Bir neçə gün əvvəl ABŞ təşkilatının sorğusuna əsasən, ikinci mövqedə idik. Regionlarda partiyamız, onun strukturları günü-gündən güclənir. Bəli, bəzi dostlarımız bizdən ayrıldı, amma onlarla normal münasibətlərimiz var. Bizim yeganə fikrimiz odur ki, hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Gürcüstanı irəli aparmalı, inkişaf etdirməliyik. Saakaşvilinin mübarizəsinin mahiyyətində də bu durur.

- Son dövrlər Ermənistanda inqilabi proseslər baş verir. Gürcüstanda bu hadisələrə necə yanaşılır?

- Ermənistanda konkret bir nəticə yoxdur. Oradan böyük ümidlər gözləmirik. Erməni harada olmasından asılı olmayaraq, erməni ideologiyasına sadiq qalır. Biz indi gözləmə mövqeyi tutmuşuq və konkret fikir bildirmək istəmirik. Ümumi fikir budur ki, Qarabağ məsələsi həll edilsin, Ermənistan-Azərbaycan münasibətləri yoluna düşsün. Ermənistanın yeni rəhbərliyi tarixdəki bu qara ləkəyə son versin. Mən, müsahibələrimdə açıq bildirdim ki, Azərbaycan heç vaxt torpaqlarından imtina etməyəcək.

- Gürcüstandakı ermənilər İrəvanda yaşananlara necə baxır?

- Gürcüstan erməniləri Ermənistanda baş verənlərə birmənalı yanaşmır. Mitinqləri dəstəkləyənlər də, onun əleyhinə çıxanlar da var. Rusiya meyllilər dəstəkləmir, Avropa meyllilər dəstəkləyir. Bu gün Ermənistanda hakimiyyətə gələnlər daha çox Avropa və Amerika meyllilər kimi təqdim olunur. Amma Gürcüstanın Cavaxetiya bölgəsində olan millətçi ermənilər rus meyllidir və onlar Paşinyan hərəkatını dəstəkləmir.
Teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.