Azərbaycanlı ufoloqdan şok sözlər: “Prezidentin 3 mühafizəçisi yadplanetlidir”

8-05-2018, 08:51           

Uçan naməlum obyektlər haqqında yayılan xəbərlər, eləcə də paranormal hadisələr insanların diqqət və marağına səbəb olur.

Dövlət səviyyəsində bir çox ölkədə araşdırmalar aparılsa da, təəssüf ki, Azərbaycan bu prosesdən kənarda qalır. Lakin məşhur ufoloq Elçin Ələkbərzadə dünya miqyasında Azərbaycanı təkbaşına, layiqli təmsil etməyə davam edir.

Minval.info saytı onunla müsahibəni təqdim edir:

– İlk dəfə paranormal hadisələrə, yadplanetlilərə marağınız necə yarandı?

Dörd yaşımdan şahmat oynayıram, altı yaşımda isə artıq 32 hərfdən ibarət kiril əlifbasında yazıb-oxuya bilirdim. Atam savadlı insan olub. Bizim evdə cavabsız sual yox idi, çətinə düşən kimi qaçırdım üstünə. Öyrənmək, öyrətmək bacarığı mənə ondan keçib. Sonralar dünyanın 100-dən çox şəhərinə səyahət etdim. Türkiyə və İranın yarısını, Rusiyanın əksər şəhərlərini gəzmişəm. Hara gedirdimsə, qayıdanda özümlə ona yaxın kitab gətirirdim. Şəxsi kitabxanamda mindən artıq kitab var, oxuduğum kitabların sayını unutmuşam. Səhhətimlə bağlı 2011-ci ildə təqaüdə çıxdım. Yazı-pozu ilə məşğul olmağa, araşdırmağa aldığım kitablardan başladım. Nostradamusdan Vanqaya qədər fenomenal insanlar haqqında beş-altı kitab yazdım. İnsanları 20-ci əsrin ən böyük görücülərindən Edqar Keys ilə tanış etdim. Ona “Yatmış peyğəmbər” deyirdilər. Gipnoz edib transa salır, gələcək haqqında proqnozlarını öyrənirdilər.

– İnsanların yadplanetlilərlə ilk təması necə olub?

– Şəxsən olmayıb, amma bu yaxınlarda Abbasqulu Ağa Bakıxanovun bacısı nəvəsinin yadplanetlilərlə təması haqqında məqalə yazmışdım. Ondan başqa 1947-ci ildə ABŞ-ın Yeni Meksika ştatında uçan naməlum obyekt qəzaya uğrayıb və içindən 3 humanoid cəsədi tapılıb. Əməliyyat edib daxili orqanlarını tədqiq ediblər.

1954-cü ilə ABŞ prezidenti Eyzenhauer yadplanetlilərlə əməkdaşlıq haqqında müqavilə bağlayıb. ABŞ-da məlum olan 20-yə qədər baza var ki, orada alimlər yadplanetlilərlə bərabər işləyirlər. İddiaya görə 51 nömrəli bazada on səkkiz yadplanetli var. Burada insanlarla yadplanetlilər birlikdə hibridlər (insanla yadplanetlinin izdivacından dünyaya gələn uşaq) yaradırlar. Dünyada 4 milyona yaxın hibrid var ki, təkcə iki milyonu Amerikada yaşayır. Hər il yüz minə yaxın insan itkin düşür. Onları öyrənmək və tədqiqat aparmaq məqsədilə yadplanetlilər aparırlar.

Kepler teleskopu vasitəsilə əldə edilən məlumata görə təxmin edilir ki, kainatda yüzə qədər sivilizasiya var. Onu da qeyd edim ki, “Ulduz müharibələri” filmində olduğu kimi onlar da müharibə aparırlar.


– Bəs Yer kürəsini araşdırmaqda əsas məqsədləri nədir?

– Müharibədən dolayı yox olmaq təhlükəsinə qarşı Dünyaya köçüb burada yaşamaq haqqında düşünürlər.

– Yadplanetlilərin köçü insan həyatına necə təsir edəcək ?

– Onlar üç qrupa bölünürlər. Aqressiv, neytral, xeyirxah. Məsələn, aqressivlər insanları aparır, xeyirxahlar bircə toxunuşla xərçəng xəstəliyini müalicə edir, neytrallar isə bizi sadəcə tədqiq edirlər.

– Uçan boşqablar haqqında müxtəlif fərziyyələr var. Bir fərziyyəyə görə də onlar yadplanetli yox, gələcəkdən gəlmiş insanlardır…

– “Min bir gecə” nağılları var, orada 202-ci gecənin nağılı yoxdur. 201-ci gecə bitir, səhifənin aşağısında yazılır ki, “növbəti nağıl 203-cü nağıldır, bu, Mirzənin, yəni yazan şəxsin xarakterik səhvidir”. Amma elə deyil, 202-ci nağıl var, 60-cı illərdə bir nüsxəsini əldə etmişəm. Orada üç yadplanetlidən danışılır, biri qadın, ikisi kişi. Onlar gələcəkdən gəlmişdilər…


– Kitablarınız necə, xaricdə çap olunur?

– Hazırda kitablarımdan birini çap etmək istəyirlər. Bu zamana kimi heç kimə ağız açmamışam, mənə çətindir, amma insanların oxumasını, maariflənməsini çox istəyirəm. Satışda olan kitablarımın əksəriyyəti isə iki manatdan baha deyil. Məqsədim pul qazanmaq yox, insanların, xüsusilə tələbələrin oxumasıdır. Kitabların satışından sadəcə on faizin müəllifə çatdığını nəzərə alsaq, məncə əlavə sözə ehtiyac qalmır.

Yeri gəlmişkən, prezidentin şəxsi kitabxanasında mənim altı kitabım var. Belə götürəndə prezident özü mənim oxucumdur (red – gülür).

– Uçan naməlum obyektlər Xəzər dənizinin üzərində tez-tez müşahidə olunur. Bunun səbəbi nədir?

– Onların Xəzər dənizində sualtı bazaları var. 2014-cü il 12 iyun tarixində Bayraq meydanında uçan naməlum obyekt görülmüşdü. Bir müddət havada qalıb yüksək sürətlə Xəzər dənizi istiqamətində hadisə yerindən uzaqlaşdı. Mərdəkan səmalarında da tez-tez uçan boşqablar müşahidə olunur. Havadan asılı qalan belə obyektlər dənizə tərəf gedirlər. Ümumiyyətlə yadplanetlilər öz bazalarını gözlərdən uzaq, əlçatmaz yerlərdə qururlar. Nümunə üçün Baykal gölünün dibini, Himalay və Alp dağlarını misal göstərmək olar. Bermud üçbucağı isə Yer kürəsində olan məşhur belə altı nöqtədən biridir.

– Hibridlərə qayıdaq, hansı xüsusiyyətlərinə görə adi insanlardan fərqlənirlər?

– Normal insanlarla müqayisədə onların imkanları ağıla gəlməyəcək qədər çox olur. Leonardo Davinçini, Adolf Hitleri onlara misal göstərmək olar. Hibridlər istənilən insanın simasına bürünə bilərlər. Barak Obamanın mühafizəçiləri arasında üç nəfər yadplanetli var idi, onların görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.

– Haqqımda hibrid olduğumu bilsəydiniz, mənim timsalımda hibridlərə hansı mesajı ötürmək istəyərdiniz?

– Bu gün bəşəriyyətdə deqradasiya prosesi gedir. İnsanlar çoxdur, amma insanlıq azalıb. İnsanlara insanlıq öyrədin…

– Sizcə insanlığı yadplanetlilər xilas edəcək?

– Onu ancaq Allah edə bilər. Yadplanetlilər isə yalnız Allahın izni ilə bunu etməyə qadirdirlər. Mən kitablarımda tez-tez Ayətül-Kürsüdən sitat gətirirəm. “Allahın izni olmadan biz onun səltənətindən, elmindən heç nə öyrənə bilmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.