"Qadın kişidən aşağıdadır, çünki Allah qadını kişinin qabırğasından yaradıb"
2-07-2018, 00:34
Rövşən İsax 1970-ci ildə avqust ayının 14-də Gəncədə anadan olub. Uşaq yaşlarından Gəncə şəhərinin Xalq Teatrında fəaliyyət göstərib. 1988-ci ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universitetinin) "Dram və Kino aktyorluğu" ixtisasına qəbul olunub. Nəsir Sadıqzadənin kursunu bitirib.
Sputnik Azərbaycan-ın müxbiri ilə həmsöhbət olan Rövşən İsax öz müəllimini belə xatırlayır:
— Bunu hamı bilir ki, Nəsir Sadıqzadə aktyor pedaqogikasında sonuncu mogikan idi. Bu gün nə edə bilirəmsə, hamısını o böyük şəxsiyyətin hesabına edirəm. Hamısı onun öyrətdikləridir.
— Universiteti bitirəndən sonra teatr fəaliyyətiniz oldumu?
— Bəli. Mən təyinatımı Gənclər Teatrına aldım. Hüseynağa Atakişiyev o teatrı yaratmışdı. Amma orda cəmi yeddi ay işlədim. Bir müddət televiziyada çalışdım. Sonra da Pantomima Teatrının yaranmasında kifayət qədər əməyim oldu. Bunu Bəxtiyar Xanızadə bu günə qədər də deyir. Daha sonra isə teatrdan tamamilə uzaqlaşdım.
— Səbəb nə oldu teatrdan uzaqlaşmağınıza?
— 1992-93-cü illər teatrın məşəqqətli dövrü idi. Etiraf edirəm ki, dözmədim buna. Fədailər var ki, buna dözürlər. Onları alqışlayıram. Elə şeylər var ki, onları deməyə utanıram. Mən teatrda işləyəndə başa düşdüm ki, restorana, toya, məclisə getməsəm, teatrda işləməklə yaşaya bilmərəm. Mən də el şənliklərinə getmək istəmədiyim üçün teatrdan uzaqlaşdım. Səbəb bu oldu.
— Pantomima teatrının yaranmasında nə kimi əməyiniz olub?
— Bəxtiyar Xanızadənin dediklərini təkrar edəcəm. Bunu özü də təsdiq edər. Bəxtiyar müəllimin pedaqoji fəaliyyəti dövründə bizim qrupumuz yeganə qrup olub ki, müəllim nə tapşırırdısa, tam hazır olurduq. Biz Bəxtiyar müəllimi belə bir fikrə gətirmişdik ki, bir teatr olsun və orda fəaliyyət göstərək. Beş-altı nəfər idik və Pantomima teatrının təməlləri bizimlə qoyuldu.
— Yəqin ki, bu gün teatra ən azından tamaşaçı kimi gedirsiniz!?
— Əlbəttə. Hətta hər dəfə gedəndə o yaramın qaysağı qopur. Amma… (susur)
— Razısınızmı teatrın bugünkü vəziyyətindən?
— Xeyr. (susur)
— Səbəbi nədə görürsünüz?
— Bilmirəm. Səbəb repertuardırmı, ya aktyor oyunudurmu… Hər nədirsə, bilmirəm.
— Bəs maaş azlığı səbəb ola bilərmi?
— Yox, Orxan bəy. Bilirsiniz necədir? Ya gəlirinə qane olub, bu işi yaxşı görəcəksən. Ya da başqa bütün şeylər bəhanədir.
— Axı özünüz dediniz, teatrda işləyənlər həm də el şənliklərinə getməyə məcburdur. Bu, aktyorların sənətdən, yaradıcılıqdan başqa şeylərə vaxt ayırmasına gətirib çıxarır. Nəticədə, aktyorun fikri qarışır, enerjisi tükənir, ifası zəifləyir. Bu səbəb ola bilməzmi?
— Baxın, biz üç ildir sərasər serial çəkimi ilə məşğul oluruq. 4-5 yaşlı uşağı da çəkirik, 18 yaşdan 60 yaş üstü aktyor və aktrisalarla da çalışırıq. 18 saat çəkiliş etdiyimiz vaxt olub. Arada sadəcə yemək üçün fasilə vermişik. Bunun tamaşaçıya nə dərəcədə dəxli var? Sən tamaşaçıya deyə bilməzsən ki, "məni bağışlayın, mən bu gün yorğunam, zəif oynayacam". Tamaşaçı ortaya çıxarılan işə baxır.
— Söhbətə Mədəniyyət və İncəsənət Universiteti ilə başladıq. Siz bu universitetin bugünkü təhsil sistemi ilə tanışsınız? Sizcə, bu universitet yaxşı aktyor yetirəcək səviyyədədirmi?
— Bəli. Bizim sənət subyektiv sənətdir. Aktyor, rejissor olmaq istəyən şəxs özü dişi-dırnağı ilə bu sənəti ruhuna hopdurmalıdır. İnanıram ki, bu gün də o universitetdən çox yaxşı aktyorlar, aktrisalar çıxacaq. "Vicdan haqqı" serialında çəkilən Azad Şükürov 30 ildir ki, o universitetdə dərs deyir. Azad müəllim bu illər ərzində özü də daha çox öyrənib, pedaqogikanı daha yaxşı mənimsəyib. Mən özüm də bir müddət orda dərs demişəm.
— Neçənci illərdə dərs demisiniz?
— 1992-ci ildə universiteti bitirmişəm, 1993-cü ildən 1996-cı ilə qədər dərs demişəm. Bizim serialın ikinci rejissoru Vüqar Əmirov tələbəm olub. O vaxt ilk dəfə imtahan test üsulu ilə keçirildi. Testlər Türkiyəyə göndərildi, cavab ordan gəldi. Buna görə uşaqlar fevral ayında dərsə başladılar. Nəsir müəllim də yaşlanmışdı. Məni teatrdan apardı və onun asissenti kimi işə başladım. Sonra qismət belə gətirdi ki, o tələbələrin diplom tamaşasını quranda Kamal Xudaverdiyevlə birlikdə çalışdıq. Qəribə bir vəziyyət yarandı ki, Kamal müəllim mənim asissentim oldu. O da çox alicənab insan idi. Təklif elədi ki, "ikinci kurs götürək, sən baş müəllim ol, mən asissent olum". Dedim "yox, vallah, mən utanıram" və daha sonra da sırf maaşa görə ərizə yazıb universitetdən çıxdım.
— İlk və son filminiz hələ ki, "Aktrisa" filmidir. Bundan sonra film çəkmək fikriniz var?
— Əlbəttə, var. Hətta arzumdur. Filmdə daha çox yaradıcı proses var.
— Son filmləri izləyirsiniz yəqin ki. Bunlara münasibətiniz necədir?
— Çox pis. Dördünə dəvət etdilər, gedib baxdım və özümə söz verdim ki, daha yeni filmlərə baxmaram. Zəif olsa dərd yarıdır. Baxanda bilirsən ki, bu adamın kino haqda anlayışı yoxdur. Bəsit ssenari və məntiqsizlik. Mən həm şükran adamam, həm nikbin. Deyə bilmərəm ki, teatr da, kino da ölüb. O pis filmlərin çəkilməsinin də tərəfdarıyam. Yaxşının yaxşı olduğunu bilmək üçün, gərək pis də olsun. Təsadüfən yaxşı film çəkilmir.
Həmişə yazıçılar, rejissorlar və aktyorlar haqqında belə bir bənzətmə edirəm: yazıçılar tanrıdır, rejissorlar peyğəmbər, aktyorlar imam. Yazıçı yaradır, rejissor ötürür, imamlar təqdim edir.
— Bu baxımdan, sizin işinizin də birbaşa ədəbiyyatla bağlı olduğunu düşündüyüm üçün belə bir sual verirəm. Müasir Azərbaycan ədəbiyyatı, teatr və ekran dramaturgiyası sizi qane edirmi?
— Əvvəla, sizin fikrinizi alqışlayıram ki, siz yazıçısınız və öz işinizi bu qədər uca tutursunuz. Mənim də aləmimdə bu sənətin Allahı rejissorlardır. Yəqin ki, aktyorlar da belə fikirləşir. (ümumi gülüşmə) Mən kinonu ədəbiyyat hesab etmirəm. Çox gözəl bir bədii əsər, çox uğursuz ekran taleyi yaşaya bilər. Ədəbiyyat sözsüz keçinə bilməz, amma sözsüz kino olar və çox mükəmməl də sənət nümunəsi olar. Misal üçün, "Gün keçdi" filmi. Səhifə yarımlıq hekayədir: "Gürcü familiyası". Rəhmətlik Arif Babayev oxuyan kimi bilib ki, bu kinodur, ekrana yatır. Kino tədricən kino adlı qəlib tapıb. Sizin sözünüzdə də həqiqət var. Tarixi əsərlərin də gözəl ekran taleyi olur. O ki qaldı sualınıza, son üç ildə işimin gərginliyinə görə heç nə oxuya bilməmişəm. Seriala başlayana qədər isə müasirlərdən İlqar Fəhmini, Elxan Elatlını, Orxan Fikrətoğlunu, Səlim Babullaoğlunu oxumuşam. Müasir Azərbaycan ədəbiyyatının korşaldığı zənnində deyiləm.
— Sizdə bir nüans müşahidə etmişəm. Daimi işlədiyiniz xüsusi aktyor və aktrisalar var. Ramiz Novruz, Hicran Nəsirova, Məlahət Abbas, İlham Hüseynov və s. Bu eynilik yaratmırmı?
— İlham Hüseynov mənim çəkdiyim hər şeydə var və hər şeydə də olacaq. İlham Hüseynovun istedadına və məsuliyyətinə heyranam. O, sağlığında qiyməti veriləcək aktyor deyil. Xeyli vaxt sonra məlum olacaq ki, İlham Hüseynov necə bir aktyor imiş. "Aktrisa" filmində Fuad Puladovla ilk dəfə və təəssüf ki, son dəfə işləmişəm. Hicran Nəsirova və Məlahət Abbasla da ilk dəfə "Aktrisa" filmində işləmişəm. İlham Hüseynov isə neçə-neçə aktyorun sınağından sonra o rola təsdiq olundu. Elxan Yunis – "Vicdan haqqı"nda Kamili oynayan aktyor, ilk dəfə "Pərvanələrin rəqsi" serialında oynadı. Balaca bir rol idi. Sonra gördüm ki, aktyorun potensialına görə ona tələbat yaranır. Ramiz Novruzun çox güclü aktyor olduğunu bilirdim, çox ağıllı aktyor olduğunu isə "Pərvanələrin rəqsi" serialında bildim. "Sonuncu fəsil" serialında tanıdığım aktyorların təkrardan çəkilməsinə səbəb o oldu ki, "Pərvanələrin rəqsi"ndən sonra dərhal "Sonuncu fəsil" serialını çəkməyə başladıq. Hazırlıqsız olduğu üçün həmişəki aktyorlarla işləməli olduq. "Vicdan haqqı" serialında isə, əsasən, tanımadığım aktyorlarla işləmişəm. Azad Şükürov, Elşad Süleyman, Ceyran Qasımova, Kamran Yunis, Murad İsmayıl, Cavidan Novruz və başqaları ilə "Vicdan haqqı"nda ilk dəfə çalışmışam. Təəssüflər olsun ki, bəzi aktyor və aktrisalar qısa zamanda ulduz xəstəliyinə tutulur. İşə məsuliyyətsiz yanaşır. Ssenarini əzbərləmədən gəlir. Vəziyyət qalır bir qıraqda, şalvarının ütüsü, saçının düzümü ilə maraqlanır. Üç serialda yeddi nəfəri çəkilişdən uzaqlaşdırmışam. Onların ikisi çəkiliş meydançasından qovulub. Buna görə tamaşaçı məni qınayır, haqlı sayıram tamaşaçını. Amma mən də insanam, səbrimin həddi var, peyğəmbər deyiləm ki.
— "Vicdan haqqı"nda Dilarə obrazını canlandıran Kəmalə Müzəffərin serialdan uzaqlaşmasına səbəb nə oldu?
— Bir kişinin bir qadın haqqında danışması doğru alınmaz. Mənim təbiətimə yaddır. Səbəb nəticəni dəyişmir. Nəticə budur ki, ikinci mövsümün əvvəlindən Kəmalə Müzəffər serialdan uzaqlaşdırıldı. Səbəbini o bilir, mən bilirəm. Diqqətli tamaşaçılar yəqin ki, onu efirdə gördülər. Mən bu haqda danışmaq istəmirəm.
— Bəs Dilarə obrazını canlandıran indiki aktrisa sizi qane edir?
— Bəli, edir. Tamaşaçıların narazı olmasının səbəbi aktrisaların oyun tərzindəki uyğunsuzluqdur. O fərq tamaşaçıları çaşdırır. Biri od olanda biri su olmalıdır prinsipi olmasa istədiyimiz xoşbəxt sonluq da olmur. Avropada ailələr niyə dağılır? Kişiyə Allah kişi hüququ verib, qadına qadın hüququ. Allahın tərəzisini dağıtmaq olmaz. Kişinin kişi yeri var, qadının qadın yeri var.
— Allahın tərəzisində qadın kişidən aşağıdadırmı?
— Bəli, qadın kişidən aşağıdadır. Çünki Allah qadını kişinin qabırğasından yaradıb. Mən ki demirəm. Quran deyir.
— Və siz də bununla razısız?
— Razıyam. (qətiyyətlə cavab verir)
— Fikrinizi olduğu kimi yayımlayacağam.
— Yayımlayın.
— Qınağa tuş gələ bilərsiniz.
— Gəlim. Əsas odur ki, kişi kimi qınanılacağam. (ümumi gülüşmə)
— "Vicdan haqqı" mövsüm finalına nə vaxt çıxır?
— "Vicdan haqqı" serialı mövsüm finalına çıxmır. İyul ayının 6-da yayımlanacaq 97-ci bölümlə serialın finalı olacaq. Bu serial mənə həddindən artıq çoxlu sayda dost qazandırdı və buna çox sevinirəm. Bizə tort, yemək bişirib gətirənlər olurdu. Aktyorlar xəstələnəndə həkimlər təmənnasız müalicə edirdi. Biz elə bilirdik ki, Azərbaycanda aktyor sənəti ölüb gedib. Bu serialda anladıq ki, xeyr, yaxşı aktyorlarımız var və onlara qiymət verən xalq da var. Tamaşaçılar istədilər ki, serialın sonunu türk serialları kimi etməyək. Onlar serialı çəkirlər, sonda tələsik bir bölümlə bitirirlər. Mən də söz verdim ki, elə olmayacaq, sonuncu bölümə kimi final olduğu bilinməyəcək və tamaşaçıların gözləmədiyi bir final olacaq.