"Neftçi"nin əfsanəsi: Bəlkə geri qayıtdım

31-07-2018, 08:01           
"Neftçi"nin əfsanəsi: Bəlkə geri qayıtdım
"Neftçi"nin sabiq futbolçusu Flavio Aleks Valensiya (Flavinyo) Qol.az-a müsahibə verib.

Teref.az xəbər verir ki, artıq futbolla vidalaşdığını söyləyən braziliyalı ölkəmizdəki karyerasını xatırlayıb.

- Hazırda nə işlə məşğul olursunuz?

- Hazırda işsizəm. Çünki 1 ilə yaxındır ki, futbol oynamıram. Karyeramı başa vurmuşam. İndi daha çox ailəmə vaxt ayırıram, onların qayğısına qalıram.

- 2010-2015-ci illərdə "Neftçi"nin formasını geyinmisiniz. Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?

- Həmin illər karyeramnın ən gözəl dövrü idi. "Neftçi" ilə çempionluqlar yaşadım. hətta Avroliqanın qrup mərhələsində çıxış etdik. Dünyanın tanınmış klublarına qarşı oynadıq. Hərdən o illər yadıma düşür, həm "Neftçi", həm də Azərbaycan üçün çox darıxıram.

- "Neftçi"dən ayrılarkən demişdiniz ki, gedişiniz zədə ilə bağlıdır. Məsələ yalnız zədəli olmağınızda idi, yoxsa başqa səbəblər də var idi?

- Öncə "Neftçi"yə gəlişimdən danışım. Uzun illər Braziliyada oynadığımdan, bəxtimi ölkədən kənarda sınamaq istəyirdim. Həmin ərəfələrdə "Neftçi"dən təklif gəldi və bir qədər araşdırma apardıqdan sonra bunu qəbul etdim. Bu komandada 5 gözəl il keçirdim. O ki qaldı ayrılığa, səbəb təkcə zədə ilə bağlı deyildi. Həmin vaxt klubun prezidenti Sadıq Sadıqov da istefa vermişdi. Onun gedişindən sonra mən də komandadan ayrılmağa qərar verdim.

- "Neftçi"nin oyunlarını izləmək imkanınız olurmu?

- Xeyr, belə bir imkanım olmur.

- Bəs nəticələrlə, ümumiyyətlə, klubla necə, maraqlanırsınız?

- Bunun üçün o qədər də vaxtım olmur. Çünki indi yalnız ailəmlə maraqlanıram. Digər məsələləri ikinci plana atmışam.

- Sadıq Sadıqovun gedişindən sonra "Neftçi" özünə bənzəmir. Sizcə, sabiq komandanızın uğursuzluğu nə ilə bağlı ola bilər?

- Komandanın içində olmadığımdan nəsə demək çətindir. Amma onu bilirəm ki, biz gedəndən sonra "Neftçi" heç bir uğur qazanmayıb. Bizim vaxtımızda "Neftçi" çox yaxşı təsir bağışlayırdı, komanda güclü idi. Görünür, indiki məqamda nəyisə düzgün etmirlər.

- Azərbaycanda oynadığınız dövrlərdə rəqib komandaların azarkeşləri sizi simulyasiyaya meylli futbolçu kimi tanıyırdılar. Onların haqqınızda belə düşünməsi sizə necə təsir edirdi?

- Hə, yadımdadır. Hərdən simulyasiya edirdim (gülür). Ancaq bəzən həqiqətən kobudluq olanda belə azarkeşlər mənə inanmırdılar, yerə yıxıldığım üçün fitə basırdılar. Bunlar futbolun içində olan şeylərdir.

- Nə vaxtsa yenidən "Neftçi"yə qayıtmaq istərdiniz?

- Təbii ki, istərdim. Amma artıq 35 yaşım var, futbol oynaya bilmərəm (gülür). Bəlkə məşqçi kimi nə vaxtsa qayıdaram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.