Türkiyəli deputatdan Qarabağ mesajı: - Başımızdan keçərik...
31-07-2018, 09:16
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Malatya millət vəkili Öznur Çalıkın Axar.az-a müsahibəsi:
- İyunun 24-də Türkiyədə keçirilən seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?
- 24 iyun seçkilərinin qalibi Türkiyənin demokratiyasıdır. Bütün dünya iyunun 24-də keçirilən seçkiləri izlədi. Bir dünya lideri olan Rəcəb Tayyib Ərdoğanın varlığı çoxunu sevindirsə də, bundan narahat olanlardan da xəbərdarıq. Prezidentimiz ən yaxın rəqibini 20% geridə qoydu. Prezident üsul-idarəsi ilə demokratik bir inqilab etdik. 24 iyun seçkisi parlament sisteminə son qoyduğumuz tarixi bir dönüş nöqtəsidir.
- Türkiyə prezident üsul-idarəsinə keçdi. Bu yeni sistem ilə nələr dəyişəcək? Keçid dövründə dollarla bağlı ciddi dalğalanma yaşandı. Hətta iqtisadi böhrana doğru gedildiyi iddia edilir. Bunu necə qiymətləndirirsiniz, həqiqətən, bir böhran ehtimalı varmı?
- Türkiyə iqtisadiyyatının böhrana girməsini istəyən, hətta daxildə və xaricdə bunun üçün çabalayan Türkiyə düşməni qrupların olduğunu bilirik. 16 ildir mövcuddurlar. Hər zaman da belə gözlənti və səyləri olub. Ölkəmiz hərbi, bürokratik sahədə qanunsuz, anti-demokratik zərbə cəhdlərinə, müdaxilələrə məruz qaldı. Lakin şükür ki, niyyətləri heç vaxt reallaşmadı.
Əgər bu 16 ildə yaşadığımız xaos və zərbə cəhdləri AKP-dən əvvəlki dövrdə olsaydı, Türkiyə ən azı 10 dəfə böhrana girmişdi. Ancaq biz hər bir alçaq hücumu millətimiz sayəsində sovuşdurmağı bacardıq.
Növbəti mərhələdə dollar və faizin düşəcəyini görəcəyik. Valyuta təzyiqi yalnız Türkiyə üçün deyil, hər yer üçün keçərlidir. Valyuta təzyiqinin yalnız beynəlxalq platformada milli pullarla ticarət etməklə qarşısı alına bilər. Rusiya və İranla danışaraq, milli valyuta ilə ticarətə qismən başladıq. Çin ilə də danışıqlar davam edir. Alış-verişi milli valyuta ilə etdikdə, məzənnəyə təzyiqin azalacağını düşünürük.
- Cənab Ərdoğan yenə də ilk səfərini Azərbaycana etdi. Bu ziyarət ilə hansı mesaj verildi?
- Biz Azərbaycan ilə iki dövlət, tək millətik. Hörmətli Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin bütün dünyaya sərgilədiyi qardaşlıq görüntüsüylə birliyimiz daha da gücləndi. Hörmətli Əliyev də qalib gəldiyi seçkidən sonra ilk xarici ziyarətini ölkəmizə edir.
Türkiyə və Azərbaycan yaxşı və pis gündə birlikdə addımlamaq mesajını bir daha dünyaya verdi. İnşallah, yeni mərhələdə Türkiyə önəmli bir qlobal güc halına gələcək və bu nöqtədə Azərbaycan bizim ən yaxın yol yoldaşımız olacaq.
İqtisadiyyat başda olmaqla, enerji, xarici siyasət, müdafiə sənayesi kimi sahələrdə Türkiyənin şahlanış dövründə Azərbaycanla olan razılaşmaların da rolu böyük olacaq. İslahat sahəsindəki hər bir sərmayə iki ölkə üçün də bu şahlanışı taclandıracaq. Məsələn, TANAP-a bu dövrün ən vacib layihəsi deyə bilərik.
- Azərbaycan qazını Avropaya daşıyan TANAP layihəsi açıldı. TANAP təkcə Türkiyə və Azərbaycan deyil, bölgə və Avropa üçün nə ifadə edir?
- TANAP ölkəmizin çox əhəmiyyət verdiyi bir məsələdir. TANAP yalnız enerji təchizatının güvənliyi baxımından deyil, sosial-iqtisadi təsir, siyasi və iqtisadi sabitlik və beynəlxalq münasibətlər baxımından da bir dönüş nöqtəsidir. Açıq deyim, TANAP “dost və qardaş Azərbaycan xalqının yanındayıq” sözüdür. TANAP Gürcüstan, Ukrayna və Azərbaycanda sülh və sabitliyin Türkiyə etibarı ilə vurulan möhürüdür. İnanıram ki, TANAP-dan sonra bölgədə hər şey çox fərqli olacaq.
- Türkiyə-Azərbaycan münasibətləri daha irəliyə aparmaq üçün nələr edilməlidir?
- Azərbaycan və Türkiyə münasibətləri sadəcə ortaq tarix, mədəniyyət və dəyərlərə sahib olmasına görə deyil, eyni zamanda, ortaq layihələr və coğrafi mövqeyinə görə önəm daşıyır. Bizim üçün Azərbaycanla strateji ittifaqımızın qüvvətlənməsi xarici siyasətimizin bir prioritetidir.
Hörmətli Ərdoğan və hörmətli Əliyev vətəndaşları tərəfindən sevilən, dəstəklənən güclü liderlərdir. Ərdoğan ilə Əliyev dövründə Türkiyə-Azərbaycan münasibətləri sabit bir şəkildə yüksəldi və bugünkü vəziyyətə gəldi. İstər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də enerji sahəsində çox önəmli irəliləyişlər nəzərə çarpdı.
Hörmətli Əliyev hər zaman “Türkiyə harada, Azərbaycan orada” deyən bir liderdir. Hörmətli Prezidentimiz də Azərbaycan haqqındakı fikirlərini “Azərbaycanın varlığı bizim varlığımız, Azərbaycanın xoşbəxtliyi bizim xoşbəxtliyimizdir” kimi ifadə edir.
Eləcə də hörmətli Ərdoğan ilə hörmətli Əliyev bir-birinə hər zaman “qardaşım” deyə müraciət edirlər. Bizim qardaşlığımız sonacan davam edəcək. Biz Azərbaycanı Türkiyədən ayrı tutmuruq, Türkiyədən fərqli görmürük.
Müdafiə sahəsində əhəmiyyətli irəliləyişlər edirik. Xüsusilə Naxçıvan nöqtəsində əhəmiyyətli layihələrimiz var. Mən bu irəliləyişlərin daha sürətli şəkildə davam edəcəyinə inanıram. Qarşıdakı illər Azərbaycan və Türkiyə birliyinin illəri olacaq. Qardaşlığımızla ölkələrimizi daha da gücləndirəcək addımlar atacağıq.
- Yeni dönəmdə Türkiyənin Ermənistanla münasibətlərin düzəlməsi üçün qoyduğu “Dağlıq Qarabağdan çəkilmək” şərti davam edəcəkmi? Ermənistandan yeni addımlar gözləyirsinizmi?
- Əvvəla, hamının bildiyi kimi, Xocalı haqqında danışdığımız bölgədə yerləşir. Mən bu vəsilə ilə öz qəsəbələrində uşaq, qadın, yaşlı demədən qətliama uğradılan, insanlıqdan kənar, vəhşicəsinə şəhid edilən qardaşlarımızı rəhmətlə anıram. Rəbbimin azərbaycanlı qardaşlarımıza bir daha belə acılar yaşatmamasını arzu edirəm.
Dağlıq Qarabağ mövzusunun qardaş ölkə Azərbaycan ilə aramızdakı ən önəmli mövzulardan biri olduğunu vurğulamaq istəyirəm. Türkiyə–Azərbaycan münasibətlərində, demək olar ki, hər görüşdə Dağlıq Qarabağ gündəmin əsas maddəsi olub. Hər dəfəsində alınan qərar isə bu mövzuda atılacaq hər addımda Azərbaycan ilə birlikdə yol getmək olub. Hörmətli Rəcəb Tayyib Ərdoğan bir çox beynəlxalq platformada da Dağlıq Qarabağ problemini görməzdən gələ bilməyəcəyimizin mesajlarını verib. Biz verdiyimiz sözlərin arxasında duran bir ölkəyik. Xüsusilə, “qardaş” dediyimiz bir ölkənin içində yer aldığı bir mövzuda həmrəyliyimizi bir kənara qoymarıq.
Dağlıq Qarabağ mövzusu bizim öz məsələmizdir. Türkiyə dosta, düşmənə qarşı bu məsələdəki mövqeyini dəqiq bir dillə ifadə edir. Ermənistanın bu mövzudakı münasibətinin dəyişməsi hüququn, insan haqlarının, vicdanın, ədalətin ehtiyacıdır. Ermənistan əsassız soyqırım iddialarıyla öz etdiyi bu vəhşicə işğalın üstünü ört-basdır edə bilməyəcəyini anlamalıdır.
- Hazırda Türkiyə Yaxın Şərqdə problemlərin həllində bir lider, vasitəçidir. Türkiyə Qafqazda da eyni mövqeyi sərgiləyə bilərmi?
- Problemlərin həlli güclü olmaqdan keçir. Ölkələr gücləndikcə sözü keçən, etibar edilən ölkələr halına gəlirlər. Türkiyə Qafqazda Yaxın Şərqdə olduğu kimi bir vasitəçi lider ola bilər. Hətta olacaq da.
Qafqaz çətin bir coğrafiyadır. Azərbaycan bu bölgənin parlayan bir ulduzu olaraq böyük bir sıçrayış reallaşdırır. İnkişaf edən və böyüyən iqtisadiyyatı ilə bölgədə bariz bir şəkildə önə çıxır. Türkiyə də hər zaman olduğu kimi, Azərbaycanın bu istiqamətdə ən böyük dəstəkçisi olacaq.
- Bir müddət əvvəl Ermənistanda rəhbərlik dəyişdi. Sərkisyanın yerinə Paşinyan gəldi. Ancaq Ermənistan idarəçiliyinin təhdidkar münasibəti dəyişmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Türkiyə olaraq Ermənistanın dost və qardaş Azərbaycanımıza qarşı təhdidkar münasibətini qınayırıq. Bunu açıq şəkildə ifadə etmək lazımdır: Ermənistan Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarındakı işğalına son vermədiyi halda, problem həll olunmayacaq. Ermənistan artıq bunu anlamalıdır: Dünya əvvəlki deyil. Başqa ölkələrin canına, malına, ismətinə göz dikmək bugünün dünyasında sonu olmayan bir siyasətdir. Ermənistan artıq sülhdən, haqsızlıqlara son qoymaqdan, beynəlxalq hüquqa hörmət göstərməkdən başqa bir yolu olmadığını qəbul etməlidir.
Ermənistanın Sərkisyan dövründə həyata keçirdiyi təhdidkar rəftarı, Paşinyan dövründə bu mövzuda yaxşılığa doğru siqnalların gəlməməsi Türkiyəmizdə böyük narahatlıq yaratmaqdadır. Fakt budur ki, Ermənistan liderləri bu hərəkətləri ilə öz xalqını iqtisadi böhrana, yoxsulluğa məhkum edirlər.
Ancaq azərbaycanlı qardaşlarımız bilsin və əmin olsun: Bütün dünya qarşınızda dursa, Türkiyə Can Azərbaycanı yalnız buraxmaz! Azərbaycan türkləri Türkiyə üçün qırmızı xətdir. Başımızdan keçərik, Can Azərbaycandan keçmərik.