“Gömrük rüsumlarının artımı qiymətləri bahalaşdıracaq” – Vahid Əhmədov
7-08-2018, 15:42
Xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib. Nəticədə sentyabrın 6-dan etibarən Azərbaycanda gömrük yığımlarının məbləğləri artırılıb.
Bu və ya digər məsələlərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Unikal.org-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
-Vahid müəllim, Azərbaycanda gömrük yığımlarının məbləğləri 50 faiz artırılıb. Bu, daxili bazarda qiymətlərə necə təsir göstərəcək?
-Ümumi götürdükdə, buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək. Düzdür, Azərbaycanda idxal-ixrac əməliyyatlarında, ixrac idxalı üstələyir. Hardasa, ölkəmizdə istehsal da var. Bütün bunlara baxmayaraq, xaricdən Azərbaycana kifayət qədər məhsul idxal edirik. Ona görə də, gömrük rüsumları artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Yəni, bunun hansı səviyyədə olacağını bazar göstərəcək. Ümumi götürəndə, əlbəttə, Azərbaycanın daxili bazarındakı qiymətlərinə təsiri qaçılmazdır.
-Bildirilir ki, yığımların artırılması manatın dəyərinin dollara kursuna uyğun qorunub saxlanılması ilə əlaqədardır. Bu fikirlər nə qədər realdır?
-Gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur. Birincisi, bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Bu məbləğin dövlət büdcəsinə yığılıb, köçürülməsi üçün gömrük tərəfindən mənbəyi axtarılır və nəticədə tapıldı.
-Bu gecə beynəlxalq maliyyə bazarlarında Türkiyənin milli valyutası lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,42-yə çatıb. Lirənin dollara nisbətən bu qədər ucuzlaşması bizə nə kimi təsiri olacaq?
-Ümumiyyətlə, bölgədə baş verən hadisələri diqqətlə izləsək, görərik ki, Türkiyə ilə yanaşı, İranda da iqtisadi vəziyyət eyni səviyyədədir. İran milli valyutası da faktiki olaraq dollara nisbətdə 50 faizdən çox ucuzlaşıb. Bütün bunlar dövlətlərə qarşı olan siyasətin nəticəsidir. Bu ölkələr də bizə qonşu dövlətlərdir və təbii ki, cüzi də olsa, təsiri qaçılmazdır. Bizim İran, Türkiyə ilə də ticarət əlaqələrimiz var. Türkiyə ilə daha çox ticarət əlaqələrimiz mövcuddur. Bunun illik dəyəri təxminən 2.5 milyardan artıqdır. Düzdür, Türkiyədə lirə ucuzlaşır və biz qardaş ölkədən dollarla məhsul aldığımız üçün buradan daha ucuz məhsul alıb, ölkəyə gətirə bilərik. Amma bunu da dəqiq söyləmək olmaz. Ümumiyyətlə, Türkiyədə dolların kəskin bahalaşması iki ölkə arasındakı ticarət balansına təsir göstərəcək.
-Türkiyədən sonra, Azərbaycanda da dolların bahalaşması gözlənilirmi?
-Xeyr. Azərbaycanda bu ilin sonuna qədər hər hansı artımı gözləmirəm. Çünki bir neçə dəfə demişəm. Ölkəmizdə dolların indiki səviyyədə qalması üçün Mərkəzi Bank tərəfindən ciddi işlər aparılır. Bu qurum tərəfindən dolların kursu hazırkı vəziyyət üçün qorunub saxlanılır. Buna müəyyən qədər vəsait xərclənilir. Mərkəzi Bank tərəfindən tam üzən deyil, idarəolunan məzənnə siyasəti aparılır. Ölkəmizdə tam üzən məzənnə siyasətinə keçmək üçün şərait olmalıdır. Çünki, Azərbaycanda Banklararası Valyuta Birjası (BVB) sərbəst işləməlidir ki, bu da hələlik yoxdur. Bu gün həmçinin, ölkəmizdə valyuta satan yalnız Neft Fondudur. Başqa təşkilat valyuta satmır axı!
-Yəni, manatın dəyərdən düşməsi ilə bağlı narahat olamağa dəyməz?
- Bu gün dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 70-75 dollar arasında dəyişir. Bu da kiçik rəqəm deyil. Digər tərəfdən, 6 ayın yekunlarına baxsaq, idxal-ixrac əməliyyatların da müsbət saldo müşahidə edilir. Ticarət balansımız müsbətdir. Burada da problem yoxdur. Üçüncüsü, Mərkəzi Bank pul siyasətini düzgün aparır və ciddi nəzarətdə saxlayır ki, Azərbaycanda xaricə pul axını mümkün qədər az olsun. Bu da möhkəm bir siyasətir. Ona görə də, dolların kursunun bahalaşmaması üçün bu üç əsas amilin göstəricisi müsbət olmalıdır. Əgər bu üç amildə problem olarsa, o zaman manat müəyyən qədər devalvasiyaya uğraya bilər. Bir sözlə, bu ilin sonuna qədər manatın ucuzlaşmasını gözləmirəm. Digər tərəfdən hazırda valyuta ehtiyatlarımız 45 milyard dollardır. Fikrimcə, uzun zaman manatın kursunda problem olmayacaq.
-Vahid müəllim, 200 manatlıq əskinaslar dövriyyəyə buraxılsa da, vətəndaşlara gəlib çatmayıb. Bu nə ilə bağlıdır?
-Mən o vaxt da demişdim ki, 200 manatlıq əskinas dövriyyəyə buraxılması Ulu Öndər Heydər Əliyevin yubileyi ilə bağlıdır. İkincisi də dövriyyədə bu əskinaslar o qədər də yoxdur. 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına ehtiyac görülmədi.
-Bu gün ölkəmizdə müəyyən qədər qiymət artımı müşahidə edilir. Gələcəkdə qəpiklərin dövriyyədən çıxarılması gözlənilirmi?
- Qəpiyin dövriyyədən çıxarılmasının arzusunda olmamışam. Çünki, bazar iqtisadiyyatında qəpiklər hər zaman dövriyyədə olmalıdır. Əks halda, qəpiyin olmaması müəyyən qədər korrupsiyaya, xırda rüşvətxorluğa gətirib çıxara bilər. Bu da bazarda ciddi problem yarada bilər. Ona görə də qəpiklərin dövriyyədən çıxarılmasının tərəfdarı deyiləm. Bir sözlə, bazar iqtisadiyyatımızda qəpiklər olmalıdır.