Avtomobil ustası sirləri açıqlayır - Bakıda aldatma sxemi
10-08-2018, 16:16
Bakıda “Toyota” avtomobilinin sürücüsünün başına maraqlı hadisə gəlib. Motordan səs gəlməsindən şikayətlənən şəxs paytaxtdakı avtoservislərdən birinə müraciət edib.
Diaqnostik yoxlamadan sonra sürücüyə avtomobilindəki çatışmazlıqlarla bağlı siyahı təqdim edilib. “Təmir”lə bağlı ona 3 600 manatlıq qəbz təqdim olunub. Sürücü ustanın “işinə” görə bu məbləği ödəməli olub. Ən təəccüblüsü isə, dələduz-usta motordakı səsin qarşısını ala bilməyib.
Göstərdiyimiz hadisə yeganə hal deyil.
Bununla əlaqədar oxu.az Bakıda avtomobilin təmirinin qiymətini artırmaq üçün dələduz-ustaların əl atdığı əsas üsulları öyrənib.
Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmir və xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur.
Müxbirimizlə söhbətində avto-diaqnostika ilə məşğul olan Əli Cahangirov Bakıdakı bəzi avtoservislərdə sürücülərin aldadılma üsullarını açıqlayıb.
Onun sözlərinə görə, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır.
Bu, necə baş verir?
“Misal üçün, siz hansısa problemlə bağlı texniki mərkəzə gəlirsiniz. Ancaq diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var.
Nəticədə, texniki mərkəzə gedəndə təsəvvür belə etmədiyiniz problemlərin təmirinə razı olursunuz. Əlbəttə, elə ustalar var ki, onlar aldatmır və əlavə işlər görmür. Ancaq, təəssüf ki, bir çox hallarda hər şey əksinə baş verir.
Nəticədə, lazımsız işlərə görə əlavə pul ödəməli olursunuz, müraciət səbəbiniz olan problem isə həll olunmamış qalır”, - usta deyib.
Risk kateqoriyası – “bahalı avtomobillər”
Çox vaxt bu cür problemlər bahalı avtomobil idarə edənlərin başına gəlir.
Bu avtomobil sahiblərinə əyləc sistemində problemlə bağlı “gözəl” əhvalat uydururlar və sonda bunun düzəldilməsini məsləhət görürlər.
Və ya əksinə, sizə benzin-nasosun sıradan çıxdığını və dəyişilməyə ehtiyac olduğunu deyə bilərlər. Həm də filtr və kəmərlərin dəyişdirilməsini “məsləhət” görə bilərlər.
Sonda bir məsləhət
Müsahibimiz məsləhət görür: əgər servisdə sizə hansısa detalların dəyişilməsinin vacibliyi bildirilsə, dərhal razılaşmayın və düşünün.
Əgər ustanın və ya avtoservis işçisinin vicdanlı olmasından şübhələnirsinizsə, başqa avtoservisə müraciət edin və nəticələri müqayisə edin. Bununla siz aldadılmağınızın və əlavə pul ödəməyinizin qarşısını ala bilərsiniz.