"Sabah" komandasının qapıçısı Saşa Stamenkoviç: "Biz autsayder olmadığımızı meydanda göstərdik"
13-08-2018, 07:13
"Azərbaycana qayıtmaq və dərhal qələbə qazanmaq mənim üçün çox xoş oldu. Ölkəniz üçün çox darıxmışdım. 3-4 ildən sonra yenidən Azərbaycan himni eşitdim".
"Report" xəbər verir ki, bunu "Sabah" komandasının qapıçısı Saşa Stamenkoviç səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra keçirdiyi brifinqdə deyib. Əvvəllər Azərbaycanda "Neftçi"nin şərəfini qorumuş serbiyalı qolkiper jurnalistlərin suallarını cavablandırıb...
- "Qələbə necə alındı: Çətinliklə, yoxsa buna layiq idiniz?
- Bu gün heç bir komanda asan qələbə qazana bilməz. Bunu son dünya çempionatı da sübut edir. Nə zəif, nə də favorit var idi. Favoritlər yalnız kağız üzərində olur. Biz isə autsayder olmadığımızı meydanda göstərdik. Çempionatda vəzifəmiz daha yaxşı nəticələr göstərmək və yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
- "Neftçi"nin "Sumqayıt"la keçirdiyi açılış oyununu izləyə bildiniz?
- Əlbəttə. Bunu bir neçə dəfə demişəm və yenə gizlədəsi deyiləm: Mən "Neftçi"yə azarkeşlik edir, həm zaman bu komandanı izləyirəm və flaqmanın qələbəsinə öz qələbəm kimi sevinəcəyəm.
- "Neftçi" azarkeşləri də sizi məşqlərdə izləyirdilər və "Keşlə" üzərində qələbə münasibətilə təbrik etdilər...
- Onlara təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox vacibdir və kiçik motivasiyadır. Belə davam etməli və çalışmalıyam. Məhz belə məqamlar üzündən Azərbaycana qayıtmışam. Burada yalnız pula görə deyiləm, belə məmnunluqları yaşamaqdan ötrüyəm. Bir daha təşəkkürlər! Onlar Azərbaycanın ən yaxşı azarkeşləri olduqlarını göstərdilər.
- Amma bu, idmandır və "Neftçi"yə qarşı da oynamalı olacaqsınız...
- Əlbəttə. Qarşıda bizi "Neftçi"yədək çoxlu oyun gözləyir. Əsas məsələ odur ki, bu görüşdə iki komandamdan biri qələbə qazansın. Bundan yalnız zövq alaram. Məğlubiyyət gözləyə biləcəyim bir komandadan söhbət gedəcəksə, qoy, bu, "Neftçi" olsun. Sonda siz jurnalistlərə də çempionatın yüksək səviyyəyə qalxmasındakı rolunuza görə təşəkkürümü bildirirəm. Serbiya və Qazaxıstanda çıxış etdiyim vaxt Azərbaycan futbolu barədə məlumatları sizin vasitənizlə alırdım.