Nobel mükafatı alacaqdı, 100 qram qanla öldü – Alimin ölümünün böyük sirri -Nazir atası danışır (EKSKLÜZİV MÜSAHİBƏ)
25-09-2018, 20:51
“Həkimlərə özü deyib ki, mənə qan vurmayın. Gecə növbəsində isə ona 100 qram qan vurublar. Yarım saat sonra vəfat etdi”.
“Üç erməni generalının fitvası ilə Y. Məmmədəliyev Nobel mükafatı ala bilmədi”.
“Bu onlara nə verə bilərdi axı?! Topçubaşovu tutub, türməyə salacaqdılar!?”
Yusif Məmmədəliyev – Kimyaçı alim, Elmlər Akademiyasının (EA) akademiki və prezidenti, Azərbaycan SSR Ali Sovetinin deputatı. Azərbaycanda EA-nı yaradanlardan biri olub. Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri olub, neft kimyasının əsasını qoyub, müharibənin ağır dövründə yüksək oktanlı benzin ixtira edib. Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin böyük əhəmiyyəti olub, məhvedici “kokteylin” müəllifidir. SSRİ alimlərinin çoxu onun Nobel mükafatına namizədliyini təklif ediblər. 1957-ci il dekabrın 29-da Siyasi Büronun iclasında müzakirəyə çıxarılıb.Baş katib N.S.Xruşşov, büro üzvləri sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəliblər. Qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxıb. Sovet Ordusunda xidmət edən erməni marşal Baqramyan, erməni general Babacanyan dövlət sirri, hərbi sirr olduğu üçün bu məlumatın Stokholma göndərilməsini məsləhət görməyiblər. SSRİ NS-nin sədrinin birinci müavini erməni Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərini dəstəkləyib. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Y. Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb. O, 15 dekabr 1961-ci ildə Bakıda xəstəxanada əməliyyat olunduqdan sonra müəmmalı şəkildə vəfat edib.
Kimya elmləri doktoru, AMEA həqiqi üzvü Məhərrəm Məmmədyarov uzun illər Y.Məmmədəliyevlə birlikdə çalışıb. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri olan M.Məmmədyarov Hafiztimes.com – a müsahibəsinə xalqımızın fəxr etdiyi bu alimin həyatı və ölümünün sirli qalan tərəfləri ilə bağlı maraqlı faktlar açıqlayıb. Qeyd edək ki, M. Məmmədyarov Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.
-Yusif müəllimi yada salmağınız məni fərhləndirir. Çünki mən Yusif Məmmədəliyevin mühitində yetişmiş bir mütəxəssisəm. Həyatın ən böyük, dəyərli xidmətlərindən biri də budur ki, dahilər təkrar olunmur. İkinci Yusif Məmmədəliyev yoxdur və ola da bilməz.
Mənim Yusif Məmmədəliyevlə tanışlığım 1960-cı ildə olub. O vaxt mən Moskvada EA-nın Üzvü-Kimya İnstitutunda, Akademiyanın müxbir üzvü M.F.Şestakoviçin laboratoriyasında Bakıdan göndərilmiş uzun müddətli ezamiyyət çərçivəsində elmi işlər aparırdım.
Günlərin birində mənə zəng edib dedilər ki, Akademiyanın prezidenti Y.Məmmədəliyev sizi görmək istəyir. Etiraf edim ki, Leninqradda aspiranturanı bitirdikdən sonra orada qal bilmədim. O vaxt səni işlə təmin etmələri üçün, orada qeydiyyatın olmalı idi. Həmin qeydiyyatı almaq isə çox çətin idi. İş tapa bilmirdim.
Leninqradda azərbaycanlı bir tanışım mənə məsləhət verdi ki, Bakıda Kimya İnstitutu var, əlaqə yaradım və ora gedim. Həmin vaxt Bakıdakı Kimya İnstitutunun direktoruna məktub yazdım. O zamanlar nə direktorun adını, nə də soyadını bilirdim. Məktubda qeyd etdim ki, Leninqradda İnstitut bitirmişəm, iş tapa bilmirəm. Cavab gəldi: “Sizə İnstitutun elmi katibi vəzifəsi təklif olunur”. Bu mənim üçün həqiqətən də göydən düşmə bir təklif oldu. Tez cavab göndərdim ki, təklifinizlə razıyam və Bakıya qayıdıram.
Həmin vaxt Y. Məmmədəliyev Azərbaycanda Akademiyanın prezidenti idi. Müharibə yeni qurtarmışdı. Buna görə də idarələrdə kadr çatışmazlığı vardı. Nəticədə ixtisaslı şəxsləri Moskvaya uzun müddətli ezamiyyətə göndərirdilər. Həmin İnstitutun direktoru Heydər Əfəndiyev də mənə belə bir təklif etdi. Mən də razılıq verdim. Beləliklə məni Akademiyanın Kimya İnstitutuna uzun müddətli ezamiyyətə göndərdilər.
Bir müddət sonra mənə xəbər gəldi ki, Azərbaycanda Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev mənimlə görüşmək istəyir. Söhbətimiz zamanı Yusif Məmmədəliyev mənə dedi ki, artıq Bakıya qayıt . O vaxt Sovet hökuməti Bakını Neft emalı məkəzi kimi təyin etmişdi. Buna görə də ora kadrlar tələb olunurdu. Mənim kimi Moskvada və digər şəhərlərdə çalışan azərbaycanlıların bir çoxu Bakıya qayıtdılar. Məni İnstitutun elmi katibi vəzifəsinə təyin etdilər. Nəhayət bir neçə institut birləşdirilərək Neft Kimya Prossesləri İnstitutu yaradıldı. Mən də Yusif Məmmədəliyevin Laboratoriyasında baş elmi işçi vəzifəsinə təyin olundum.
Yusif Məmmədəliyev bilirdi ki, mən Moskvada Şestakoviçin yanında başladığım işlərin çox hissəsini yarımçıq qoyub, Bakıya qayıtmışam. Mənə dedi ki, həmin işlərlə Azərbaycandakı planlar üst-üstə düşmür. Belə başa düşdüm ki, Moskvadakı işlərimi bir kənara qoymalıyam. O, mənə diplomatik formada sual verdi ki, “bəlkə Moskvaya qayıtmaq istəyirsən?” Başa düşdüm ki, bu mövzunu artıq bağlamalıyıq…
Yusif Məmmədəliyev mənə dedi ki, burada neft kimyası prosesləri inkişaf etməlidir. Mövzunu da mənə izah etdi. Məmnuniyyətlə bu mözvu üzrə işləməyə başladım. Bir il sonra mən kitab yazdım. İşlədiyimiz sahə üzrə bütün dünya ədabiyyatından faydalanmışdım. Kitabın üz qabığına birinci Yusif Məmmədəliyevin adını yazdım. Sonra isə öz adımı yazdım. Kitabı gətirib onun stolunun üstünə qoydum. Dedi ki, qoy kitab orda qalsın. Səhər işə gələndə gördüm ki, Yusif Məmmədəliyev kitabdan öz ad və soyadını pozub. Etiraz edərək dedim ki, Yusif Məmmədəliyev axı bu sizin ideanızdır. Yusif Məmmədəliyev mənə cavab verdi ki, bu kitabı sən yazmısan, buna görə də kitabda da sənin adın qeyd olunmalıdır.
-Yusif Məmmədəliyev necə bir xarakterə sahib idi? İşçilərinə qarşı münasibəti necə idi?
-Hər şeydən öncə Yusif Məmmədəliyev çox mülayim insan idi. O, səninlə elə danışırdı ki, sıxıntı, tərəddüd hiss etmirdin. Buna görə də onunla söhbət həmişə öz istədiyi istiqamətdə gedirdi. O, cazibəli bir xasiyyətə sahib idi. Sən onun yanına öz idealarınla gedirsən, amma söhbət zamanı öz ideanı unudub, onun fikirləri haqqında danışırsan.
Onun ikinci ən yaxşı xüsusiyyətlərindən biri onda yekəxanalıq deyilən bir şey yox idi. Böyüklə böyük, kiçiklə kiçik kimi danışırdı. Çox ürəyi yumşaq idi.
-Bu illər əzində onunla bağlı heç vaxt yaddan çıxarmadığınız hansısa xatirələriniz varmı?
-Bir məsələni xüsusilə qeyd edim ki, Yusif Məmmədəliyev həm sadə insan idi, həm də məsafəni saxlamağı bacarırdı. Biz bir yerə yığışıb, söhbət edərdik. Çox zarafatcıl idi. Bizim hansımızınsa günahı olardısa o, dediyini edərdi. Amma bir müddət sonra elə bil heç aramızda elə söhbət olmayıb. Yəni tamamilə başqa cür danışırdı. Buna görə də ondan küsmək, arada inciklik saxlamaq halları heç vaxt olmayıb. O vaxt onun laboratoriyasında beş nəfər işləyirdik. Hamımız elmlər namizədi idik. Aramızda heç vaxt paxıllıq kimi hisslər olmayıb. Çünki bu da Yusif Məmmədəliyevin bir üslubu idi. Yəni hamımıza eyni gözlə baxırdı.
Bir məqamı da xüsusi ilə qeyd etmək istərdim ki, Yusif Məmmədəliyev bu dünyadan çox tez köçüb getdi. Ölüm hadisəsi də çox qəribə oldu…
– Yusif Məmmədəliyevin vəfatındakı müəmmalı məqamlar nələr idi? Kimlər onun ölümünü istəyirdilər?
-O vaxt belə bir söhbət var idi ki, onun prostat xəstəliyi var. Həkimə özü deyib ki, “mənim qanım çox tez laxtalanır”. Əməliyyatdan sonra ona əlavə qan vurmaq olmazdı. Qan vurulduqdan sonra laxtalanma baş verdi. Bununla da Yusif Məmmədəliyev rəhmətə getdi.
-Bəlkə kimlərinsə onun ölümündə əli var?
-O vaxt prostat əməliyyatları çox geniş yayılmışdı. Adi bir əməliyyat idi. Gərək həkimlər məsuliyyətli olardı. Onun yaşını da nəzərə alardılar. Yusif Məmmədəliyev həkimlərə deyəndə ki, mənim qanım tez laxtalanır, həkimlər də onun sözlərini nəzərə almalı idilər. Həkimlər onun sözlərini fikir verməyib deyiblər ki, “100 qram qan vurmaqla, sizə heç nə olmaz”. Həmin vurulan qandan sonra Məmmədəliyev dünyasını dəyişdi.
-Bu hadisədən sonra heç maraqlanmadınız ki, Yusif Məmmədəliyevə 100 qram qan vurub, onu öldürənlər kimdir? Bəlkə onu gözü götürməyən ermənilərdir? Yoxsa “özümüzünkülərdir”?
-Həmin əməliyyatı həyata keçirən həkimlərin hamısı adlı-sanlı həkimlər idi.
-Mustafa Topçubaşov idi?
-Mən adını çəkmək istəmirəm. Həmin əməliyyat adi bir əməliyyat idi. Yusif Məmmədəliyev həmin həkimlərə deyib ki, “mən Soçidə istirahət edən zaman həkimlər mənə dedilər ki, sənin qanın çox tez laxtalanır”. Həkimlər bunu nəzərə alsaydılar bəlkə də belə hadisə baş verməzdi.
-Y. Məmmədəliyevi Akademiyanın prezidentliyindən kimlər və niyə uzaqlaşdırmışdılar? İkinci prezidentlik iddialarına aydınlıq gətirərdiniz…
– Bir məqamı xüsusi ilə qeyd edim ki, Yusif Məmmədəliyev mütləq şəkildə öz ideası üzərində dururdu. Bu da o vaxtkı partiya təşkilatlarının çoxunu qane etmirdi. Yusif Məmmədəliyev vətənpərvər idi. Sözün əsl mənasında azərbaycanlı idi. O vaxtlar Yusif Məmmədəliyevin bəzi təklifləri burdakı bəzi alimlərin çoxunu qane etmirdi. Ona görə Yusif Məmmədəliyev haqqından burdan yuxarıya çox yazı-pozu, şikayətlər gedirdi. Buna görə Yusif Məmmədəliyev çox əziyyət çəkirdi.
Hələ o vaxt Yusif Məmmədəliyevə deyiblər ki, get Moskvada əməliyyat olun. O, isə deyib ki, “mən Topçubaşovu burada qoyub, əməliyyat üçün Moskvaya getmərəm”. Bəlkə də Yusif Məmmədəliyev Moskvada əməliyyat olunsa idi, bu hadisə də baş verməzdi.
– Onun belə müəmmalı ölümündə o vaxt Bakıda çalışan ermənilərin əli var?
-Mən bildiyimə görə bu hadisə təsadüfən baş verib. Sadəcə olaraq ona qan vurulmamalı idi.
-Niyə axı o böyüklükdə şəxsiyyət, alim öz dili ilə həkimlərə deyir ki, “mənə qan vurmayın, laxtanma yüksəkdir. Bunu Soçidə həkimlər mənə deyiblər”. Amma Azərbaycanda həkimlər Akademikin bu fikirlərinə məhəl qoymurlar və öz istədiklərini edirlər?
-“Gecə məni xəstəxanaya çağırmasınlar”. Bəlkə də həkim belə fikirləşib: “Mən həkiməm. Dərmanı verirəm ki, xəstə sakit olsun”. Bəlkə də o qan vuran həkimin başqa məqsədi olmayıb, sadəcə yaxşı niyyəti olub. Guya həmin vurulan qan onun öz qanı ilə birləşən vaxt xəstənin vəziyyəti daha da yaxşı olacaqmış.
-Bəs Yusif Məmmədəliyev özü həkimə deyib kim qan vurmayın!?
-Həkim professionaldır. Yusif Məmmədəliyev isə həkim deyil. Həkim isə inanıb ki, yüz faiz hər şey yaxşı olacaq. Yüzlərlə belə əməliyyatlar edib.
-Siz onun vəfat xəbərini necə öyrəndiniz?
-Mən ora gedəndə həyat yoldaşı Bella xanım məni görüb bərkdən dedi ki, “Məhərrəm, onu öldürüblər”. Amma mən onun öldürülməsini təsdiq edə bilmərəm. Sadəcə bu adi bir əməliyyat idi. Qan vurulmamalı idi. Səhv burasındadır ki, bunlar sadəcə sözlə deməməli idilər ki, “Soçidə olan zaman , həkimlər belə deyiblər və s.” Onlar həkimlərə analiz kağızı təqdim etməli idilər. Həkimlərin isə səhvi burada olub ki, onlar da əməliyyat etməmişdən öncə xəstənin qanını yoxlamalı idilər. Yenə deyirəm ki, o adi bir əməliyyat idi. Kişilərin 60 faizini prostatdan əməliyyat olub. Nəticə də müsbət olub.
-Bəs Yusif Məmmədəliyevin ailə üzvləri bu ölümün səbəbini, günahkarları araşdırmadılar?
-Bu onlara nə verə bilərdi axı?! Topçubaşovu tutub, türməyə salacaqdılar!? Ya da həmin əməliyyatı edən həkim Abdullayevi həbs edəcəkdilər? Yüzdən bir əməliyyata zamanı belə bir hadisə baş verə bilir. Ola bilsin ki, həkimlər diqqətsizlik, məsuliyyətsizlik ediblər. Fakt budur ki, o, insan vəfat edib. Onu yenidən diriltməyəcəkdilər ki!
-SSRİ-də, rəhbərlikdə oturanların bu əməliyyat haqqında xəbərləri vardı?
-Bu adi bir əməliyyat idi. Buna görə də yuxarıdakı rəhbərlərin bundan heç xəbərləri də yox idi. Həmin əməliyyatdan iki gün sonra o, evə qayıtmalı idi.Amma heç vaxt evə qayıtmadı.
– Bildiyimiz qədər ilə Yusif Məmmədəliyevin uğurlu fəaliyyəti ermənilərdə də xof yaradırmış…
-Ermənilər ermənidir. İndi də biz ermənilərin hərəkətlərini yaxşı görürük. “Dayday”ları olmasaydı ermənilər elə hərkətlər etməzdilər. Bu bir tarixdir. Ermənilər xüsusi ilə Qafqaza gətiriliblər ki, onlar ağalarına qulluq etsinlər.
Ermənilər tapşırıq yerinə yetirirdilər. Məsələn: 37-ci illərdə erməniyə deyirdilər ki, sənin qonşun filankəsdir və o “belə” hərəkətlər edib. Onlar aldıqları göstərişlərə uyğun hərəkət edirdilər. O vaxt Bakıda KKP-də ermənilər çox idilər. Rəhbər vəzifələr də ermənilər çalışırdı. Həmişə Moskvaya xəbər ötürülürdü ki, filankəs özünü necə aparır və s.
-O zamanlar sizin də ətrafınızda çoxlu erməni işçilər çalışırdı?
-Erməni işçilər vardı. Biz azərbaycanılarda alicənablıq hissləri üstündür. Bu bizim həm xoşbəxtliymiz, həm də bədbəxtliyimizdir. Bizi həmişə yaxın dostlarımız satır.
-Yusif Məmmədəliyevin Nobel mükafatı ala bilməməsində də ermənilərin böyük rolu olub?
– Ermənilər elə də sadə adamlar deyillər. Onlar sadəcə “zakaz”yerinə yetirirlər. Erməni heç vaxt öz başına gedib Azərbaycanı kiməsə satmır. Erməniyə deyirlər ki, filankəsləri izlə və məqamları mənə çatdır. Başqası oyun oynayır. Bu oyunu isə erməniyə oynadır.
– “Molotov Kokteyli”ni kim kəşf edib?
– Onu ilk dəfə Bakıda hazırlayıblar. Benzinin içərisinə həmin maddəni vurublar. Butulkanı atırsan, sınır, hava ilə həmin maddə təmas keçir və benzinə od düşür. Onun mexanizmi budur. Bütün bunları Yusif Məmmədəliyev kəşf edib.
-İndi həmin maddənin kəşfini niyə başqa adamın adına çıxırlar?
-Əlbəttə başqa adamın adına çıxacaqlar…! Amma o, Bakıda yaradılıb. Özü də ki, hərbi sifariş idi.
-Bir müddət öncə onun adını, soyadını daşıyan nəvəsi dövlət rəhbərliyi tərəfindən yüksək vəzifələrdən birinə təyin olunudu. Siz həmin adı illər sonra eşidəndə hansı hissələri keçirdiniz?
-Birinci qeyd edim ki, Yusif Məmmədəliyev təkrar olunmaz bir şəxsiyyət idi. Bu qeyri-mümkündür. Adı da, soyadı da eyni olsun. Amma o, şəxs təkrar olunmazdır. Haşiyəyə çıxmaq istəyirəm. Atanın oğlu olur. O atanı tanıyanlar həmin oğlanı görən kimi deyirlər ki, “Allah atana rəhmət eləsin”. Amma oğlan yaşa dolandan sonra o atanın yerini vermir. Bu həyatın qanunudur. Elə-belə oxşayırlar. Amma heç kəs atasını əvəz edə bilməz. İnsan quşa baxıb təyyarə düzəldib, balığa baxıb gəmi düzəldib. Amma insan özünü təkar edə bilməz.
-Bu günkü Azərbaycan gəncliyinə nə demək istərdiniz?
-İndiki gənclərə nəsə demək bir az xətalı bir şeydir. Bizim gəncliyimizlə sizin gəncliyiniz arasında fərq var. Adətlərimiz də, mühitlərimiz də fərqlidir. İndi sizə söz deməkdə çox çətinlik çəkirəm. İndiki gənclər intellektual cəhətdən çox irəlidədirlər. Bəzən mən nəvələrimə baxıram və onlardan öyrənirəm. Siz biz qocaları çətin başa düşürsünüz.
Yusif Məmmədəliyev də bəklə də indi yaşasayda o vaxtkı işləri görə bilməzdi. Zaman fərqlidir. Həyat təkərdir, fırlanır. Amma Yusif Məmmədəliyev şəxsiyyət kimi Azərbaycan tarixində yaşayır!
-Bəs Yusif Məmmədəliyevi 100 qram qan vurmaqla qətlə yetirən şəxs kimdir?!
Mövzunu davam etdirir: Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, Respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan mərhum Mustafa Topçubaşovun oğlu, Azərbaycan Respublikasının əməkdar həkimi Ceyhun Topçubaşov:
-Yusif Məmmədəliyevin məlum əməliyyatı ilə bağlı atanızı ittiham etmirdilər ki?
-Həmin vaxt mən orta məktəbdə oxuyurdum. Xatırlaya bilmirəm. Atam Yusif Məmmədəliyevi bir qardaş kimi sevirdi. Yusif Məmmədəliyev də dəfələrlə bizim bağ evimizdə qonaq olurdu. Onlar çox yaxın dostlar idilər. Bir-birlərinə böyük hörmətlə yanaşırdılar. Həmin vaxt uşaq olmağıma baxmayaraq bütün bunları öz gözümlə görürdüm. Yusif Məmmədədliyev ailəsi ilə birlikdə bizim bağa qonaq gələrdilər. Mən də, onun qızları da o vaxtlar hələ uşaq idik. Ailəvi dost idik. Atamgil uzun illər bir yerdə çalışıblar.
-Bəs indi bu dostluq münasibətəriniz davam edir? Yoxsa həmin hadisədən sonra münasibətiniz kəsildi?
-Xeyr. Davam etmir. Böyüklərimiz dünyalarını dəyişdikdən sonra əlaqələrimiz də kəsildi.
-Yusif Məmmədəliyevin ölümünə kim səbəb ola bilər: həkim atanız, yoxsa başqa kimsə?
– Bu suala atam sağ olsaydı cavab verə bilərdi. Mən heç nə deyə bilmərəm. Bilirəm ki, onu atam əməliyyat edib. Bilirəm ki, əməliyyatdan bir neçə gün sonra rəhmətə gedib. Amma bilmirəm ki, bu ölüm hadisəsi qan köçürmədən yoxsa hansısa səbəbdən baş verib.
-Bu hadisədən sonra heç atanız evdə nələrsə deyirdimi?
-Bu barədə evdə söhbət olmayıb. Axı o alim adam idi gəlib uşaqla bu hadisə barədə necə danışa bilərdi?
-Siz bir həkim kimi bu ölüm hadisəsi ilə bağlı nə düşünürsünüz?
-Cərrahın əlində hər şey ola bilər. Mən özüm də o vaxtlar cərrah işləmişəm. O vaxt bizimlə bir həkim işləyirdi. Deyirdi ki, mənim əlimdə heç vaxt xəstələr ölməz. Biz də ona baxıb gülərdik. Çünki elə şey ola bilməz. Ağır xəstələrin əməliyyatları bəzən saatlarla davam edir. Bu rəsm deyil ki, çəkdin, xoşun gəlmədi, cırıb atdın və yenidən çəkdin. Bu insan taleyidi. Ona görə də bunu demək çətindir. Hər bir həkimin işi çətindir. Cərrahın işi isə sözsüz ki, daha ağırdır.
-Bəs Yusif Məmmədəliyevin əməliyyatı necə keçmişdi?
-Mən bildiyimə görə, o əməliyyatdan bir neçə gün sonra vəfat edib. O gün yadımadır. Evimizdə hamının qanı qaralmışdı. Təəssüf ki, belə bir hadisə artıq baş vermişdi.
-Yəqin Mustafa həkim çox stress keçirərdi? Axı dostunu itirmişdi?
-Sözsüz ki, atam da çox pis olmuşdu!
– Atanız bu hadisəyə görə özünü günahkar hiss etmirdi?
-Heç vaxt! Mən atamın ağızında bu barədə heç nə eşitməmişəm ki, o desin ki, günahkar mənəm! O vaxt həmin əməliyyatın baş tutduğu xətəxanada çox az adam çalışırdı. İndi hamsı dünyasını dəyişiblər.
-Bəlkə günahkar başqası olub?
-Hesab edirəm ki, ümumiyyətlə günahkar olmasın. Çünki bu bir əməliyyatdır. Sadəcə bir şeylə xəstəni itirmək olur. Köhnə uroloqlar bu xəstəlik barədə yaxşı bilirlər. İndiki uroloqlar isə bu əməliyyatı endoskopik edirlər. Buna da baxmayraq deyərəm ki, yenə də belə əməliyyatlar zamanı qanaxmalar olur. O vaxt isə belə əməliyyat açıq şəkildə olurdu. Buna görə də qanaxmalar çox ola bilirdi. Əgər ölüm hadisəsi əməliyyatdan 5-6 saat sonra olsaydı deyərdim ki, qanaxmadan dünyasını dəyişib. Əgər əməliyyatdan bir-iki gün sonra xəstə vəfat edibsə demək ki, o qanaxmadan ölə bilməzdi..!
hafiztimes.com