“Müdafiə xərclərini artırmağımız düşmən ölkəyə növbəti mesajımızdır” - Azay Quliyev
14-10-2015, 16:25
“Bu büdcə qlobal iqtisadi böhran ərəfəsində, neftin qiymətinin kəskin düşməsi fonunda hazırlanıb və bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Azay Quliyev deyib. O qeyd edib ki, büdcənin müqayisəli təhlili daha çox əhəmiyyət kəsb edir:
“Hesab edirəm ki, bu, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə etməklə həyata keçirməlidir. Sadə insanlar da büdcənin iqtisadi inkişafımıza hesablandığını və əhalinin sosial rifah halının nəzərə alındığını görməlidir. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan büdcədə, nəhayət qeyri-neft sektorunu tamamilə qabarıq göstərməyi bacarıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır və gələn il büdcəyə daxil olan 2 manatdan biri qeyri-neft sektorunun payına düşəcək. Üçüncü müqayisə ondan ibarətdir ki, büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir. Məsələn, əmək haqqının ödənilməsinə yönəldilən xərclərin faizi 21,7, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 11,2 faiz, ümumi dövlət xərclərinin 21,2 faiz artırılması büdcənin ən uğurlu göstəricilərindən hesab olunur. Nəzərə almalıyıq ki, analoji göstəricilər Macarıstan büdcəsində xeyli aşağıdır, Polşada müdafiə xərcləri 5,4 faiz azalacaq. Gürcüstan büdcəsində artım 0,4 faiz olacaq. Azərbaycanda isə müdafiə xərcləri 4,4 faiz artacaq. Hesab edirəm ki, bizim düşmən ölkəyə olan növbəti mesajımızdır”.
Deputat qeyd edib ki, büdcə gəlirlərinə görə mütləq reytinqi regionda yenə də Azərbaycan saxlayır:
“Məsələn, qonşu ölkələrlə müqayisədə təkcə Cənubi Qafqaz üzrə müqayisə aparsaq görərik ki, Azərbaycanın büdcə gəlirləri Ermənistan və Gürcüstanın hər ikisinin ümumi götürülmüş büdcə gəlirlərindən çoxdur. Real sektorda kənd təsərrüfatının dəstəklənməsinə baxsaq, burada da kifayət qədər artım görürük. Kənd təsərrüfatının bu gün dəstəklənməsi gələcəkdə qeyri-neft sektorunun dayanaqlı inkişafına verilən əsas zəmanətlərdəndir. Gələn il qonşu Rusiyada kənd təsərrüfatı üzrə xərclər 26 faiz azalacaq, bununla belə Azərbaycanda bu xərclər kifayət qədər artır”.
Azay Quliyev 30 min yerinin bağlanmasının ciddi mesaj olduğunu da qeyd edib:
“67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb. Düşünürəm ki, bizim büdcənin diqqət göstərəcəyi əsas məsələlərdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılması da hesab edirəm ki, çox mühüm məsələlər sırasındadır. Şirvan şəhəri ilə bağlı iki məsələni diqqətə çatdırmaq istəyirəm. Orada uşaq bağçası tikilməsinə ehtiyac var. Bu gün Şirvanda 7200 nəfər azyaşlı uşaq var və orada 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. “Kürmost” deyilən ərazidə qəzaya uğrayan məktəbin təmiri çox vacibdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı da var”.