Xalqın qorxduğu “şura” - Tarif Şurası...

8-03-2019, 10:38           
Xalqın qorxduğu “şura” - Tarif Şurası...
Ekspert deyir ki, dünya təcrübəsində kommunal xidmətlər sahəsində dövlət inhisarçılığı az olduğundan bu cür qurumlara ehtiyac olmur
Bir müddət öncə mətbuatda Tarif Şurasının ləğv edilməsi haqqında məlumatlar yayıldı. Məlumat belə idi ki, Tarif Şurasının Katibliyi 2019-cu il 14 yanvar tarixindən ləğv edilib. Katibliyin debitor və kreditorlarına bu barədə xəbərdarlıq edildi. Qeyd edək ki, prezident İlham Əliyev “Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdı. Bu qurumun da adı həmin siyahıda idi. Bu dəyişiklik əhali tərəfindən Tarif Şurasının ləğvi kimi anlaşıldı. Daha sonra daha bir rəsmi açıqlama verildi ki, Azərbaycanda Tarif Şurası ləğv olunmayıb. İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, sadəcə, prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək: “Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək və s. Tarif Şurası fəaliyyət göstərir. Dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri tənzimlənəcək”.

Bəs görəsən, qiymətləri tənzimləyən belə bir quruma ehtiyac varmı? Dünya təcrübəsində Tarif Şurası tipli qurumlar varmı?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, dünya təcrübəsində kommunal xidmətlər sahəsində dövlət inhisarçılığı az olduğundan bu cür qurumlara ehtiyac yaranmır: “Xarici ölkələrdə əsasən özəl şirkətlər bu sektorda fəaliyyət göstərir və ciddi rəqabətli mühit olduğundan qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac qalmır. Adətən hökumətlə həmin şirkətlərin birgə komissiyası yaradılır. Əgər inflyasiya ilə bağlı dəyişikliklər olarsa, müəyyən məzənnə dəyişiklikləri varsa, onlar toplanıb qiymətlərdə dəyişiklik etməklə bağlı birgə razılığa gəlirlər. Tez-tez eşidirik ki, ”Türkiyədə benzinin qiyməti 5 quruş artdı və ya 10 quruş düşdü". Orada dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqədar komissiya toplanır və qiymətləri tənzimləyir. Öncədən də elan edilir ki, sabah axşam 12-dən sonra benzində, dizel yanacağında dəyişiklik olacaq. Bu komissiyanın rəyi olmadan qiymətlərin artırılması mümkün deyil".

Ekspertin sözlərinə görə, bizdə Tarif Şurasının mövcudluğunun səbəbi odur ki, bəzi sahələr sırf dövlət inhisarındadır: “Dövlət burada sırf inhisarçı mövqedədir, dövlətin təbii inhisarları qiymətləri tənzimləyir. Ona görə də Tarif Şurası kimi olmasa da, bu istiqamətdə fəaliyyət göstərən bir qurumun olmasına ehtiyac var. Ancaq bu qurumda ictimaiyyət nümayəndələri, QHT sektoru təmsil olunmalıdır. Burada həm də qiymətlərin azalması müzakirə olunmalıdır. Tarif Şurası yarandığı gündən bu günə qədər əslində funksiyası təkcə qiymətlərin artırılması deyil, tənzimlənməsidir. Yəni qiymətlərin ucuzlaşması ilə bağlı da müəyyən işlər görülməli idi. Ancaq bu günə qədər Tarif Şurası heç vaxt qiymətləri endirməyib, yəni tənzimləyici funksiya daşımır. Ancaq qiymətlərin artırılması ilə bağlı qərarlar verir. Burada ictimai funksiyanı yerinə yetirən, əhalinin tələbini səsləndirən təmsilçi yoxdur. Ancaq dövlətin müxtəlif qurumlarının, inhisarçı şirkətlərin və ya nazirliklərin nümayəndələri toplaşır. Bu qurum hökumətin siyasətinə uyğun olaraq öncədən hazırlanmış qərarların təsdiqi ilə məşğuldur”.

N.Cəfərli bütün bu problemlərin aradan qalxması üçün dövlətin kommunal sektordan çəkilməsini təklif etdi: “Ən yaxşı variant isə odur ki, dövlət bu sektordan çəkilsin, özünün ədalətli nəzarətçi funksiyasını yerinə yetirsin. Bu sahələr özəl sektora verilsin. Kommunal xidmətlər və yanacağın qiymətləri ilə bağlı vətəndaşla özəl şirkətlər arasında xüsusi bir mədəniyyət formalaşsın. Bizdə elektrik enerjisi və qaz təchizatı ilə bağlı müqavilələrə baxdıqda görünür ki, sanki bu müqabilə işğalçı bir şirkət tərəfindən bağlanıb. Bütün məsuliyyət vətəndaşın çiynindədir, şirkətlərin çiynində heç bir məsuliyyət yoxdur. Bütün fors-major hallarda vətəndaş günahkar çıxarılır. Ancaq özəl şirkətlər olsa, yeni tip müqavilə bağlamaq mədəniyyəti də formalaşacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.