Ələkram Hümbətovun diliylə danışan erməni-rus ittifaqı - Separatçıya vətən xainindən dəstək

9-03-2019, 10:24           
Ələkram Hümbətovun diliylə danışan erməni-rus ittifaqı - Separatçıya vətən xainindən dəstək
Separatçı fəaliyyətinə görə həbs olunan Fəxrəddin Abbasovun saxlanılması “həmkarlarının” ciddi narahatlığına səbəb olub.

Belə ki, Hollandiyada yaşayan azərbaycanlı siyasi mühacir, özünü “Talış-Muğan Respublikasının” rəhbəri elan edən Ələkram Hümbətov Fəxrəddin Abbasovun həbsini pisləyən bəyanatla çıxış edib. "Talış Milli Hərəkatının bəyanatı" adlı məktub Ermənistanın Lragir.am saytında dərc olunub. Ələkram Hümbətov yaydığı bəyanatda konkret olaraq Rusiyanın adını çəkməsə də,

Fəxrəddin Abbasovun Kolomna şəhərində istintaq təcridxanasından “oğurlanması” versiyasını qabardıb. Ancaq aydındır ki, bu versiya fərziyyədən başqa bir şey deyil.

Qeyd edək ki, Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər Məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə, bu ölkədə xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.
Ələkram Hümbətovun Fəxrəddin Abbasovu müdafiə edən bəyanatına Azərbaycan siyasilərin mövqeyi isə birmənalıdır. Hər kəs bunu separatizmə dəstək hesab edir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ələkram Hümbətov, Fəxrəddin Abbasov və digər separatçılar bir mərkəzdən idarə olunurlar: “İstər “Talış Muğan” tərəfdarları, istər kürd, istərsə də Qarabağ separatçıları Rusiya tərəfindən Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı istifadə olunur. Ona görə də onların bir-birinə dəstək verməsi, birinin digərinin dili ilə danışması təbiidir. Bunlar o qədər simalarını itiriblər ki, gedib xristianlara pənah aparıb, onların əlində maşaya çevriliblər. Milyon il keçsə də, “Talış-Muğan Respublikası”nın yaranması mümkün deyil, çünki dövlətin yaranması üçün şərtlər var. Dünyada 7 mindən çox millət olsa da, cəmi 150 dövlət var. Təkcə Hindistanda 200 milyon sayı olan millət var ki, onların heç dövlət iddiası yoxdur. İndi 100-200 min sayı olan talışların adından Azərbaycanda dövlət iddiası ilə çıxış etmək müasir dünyanın reallıqlarından uzaqdır. Bu, həm praktik olaraq həyata keçirilməsi mümkün olmayan məsələdir, həm də düşmənlərin əlində maşa olmaq deməkdir. Təbii ki, istər kürd, istər ləzgi, istər erməni, istər talış olsun, separatizmin arxasında bimənalı olaraq Rusiya dayanır. Bunlar təkcə öz millətlərinə qarşı deyil, bütövlükdə islam ümmətinə xəyanət edən insanlardır. Xristianların əlində alətə çevrilmişlərdir. Ona görə də burada təəccüblü heç nə görmürəm. Ələkram Hümbətov da ona görə Ermənistan mətbuatında çıxış edə bilir ki, onunla Dağlıq Qarabağdakı erməni separatçıları arasında heç bir fərq yoxdur. Ermənilər Azərbaycanın şimalında separatçı hərəkat yaradıblar, Ələkram Hümbətov da bunu cənubda etmək istəyirdi. Separatizmə dəstək təkcə bununla da bitmir. Məsələn, Rusiyada separatçı bölgələrin futbol yarışlarını keçirirlər.

Bunlar hamısı Rusiyanın müstəqil dövlətləri təsir altında saxlamaqla, onların diqqətini bu cür mənasız problemlərə yönəltməkdə suverenlikdən məhrum etmək cəhdidir. İnanıram ki, talış xalqının Ələkram Hümbətov və digərləri ilə heç bir əlaqəsi yoxdur. Talışlar özləri yaxşı bilir ki, Azərbaycanda onlar daha üstün hüquqlara, imkanlara malikdirlər. Azərbaycan türklərinin adı belə deyilmir, amma onlar özlərini talış kimi təqdim edə bilirlər. Digər tərəfdən, talışların nümayəndələri dövlətin bir sıra vəzifələrinə təyin olunublar, təmsil olunurlar. Ona görə də hesab edirəm ki, bu cür separatçıların xalqlarla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, separatçılar həm öz xalqlarına, həm də Azərbaycan dövlətinə ziyan vururlar. Bununla da tarixə ləkə kimi düşürlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü Əli Orucov da deyib ki, Ələkram Hümbətov hər zaman erməni ağalarının qollarına sığınaraq Azərbaycan əleyhinə iş aparıb: “Fəxrəddin Abbasov kimi bir təxribatçının, separatçının həbsindən sonra Ələkram Hümbətovun bu cür bəyanatlar yayması başadüşüləndir. Çünki o özü də bilir ki, o və onun kimilər Azərbaycanın ədalət məhkəməsindən kənarda qala bilməyəcəklər. Hansısa dövlətə sığınan bu tip insanların dediklərini onsuz da özündən başqa heç kim eşitmir, eşitməyəcək də.

Əslində, Ələkram Hümbətovun həbsdən sonra xaricə göndərilməsini doğru hesab etmirdim.

Çünki o tipli vətən xainlərini hər zaman nəzarətdə saxlamaq lazımdır. Amma hesab edirəm ki, Ələkram Hümbətov, Fəxrəddin Abbasov kimilərinin fikirləri Azərbaycan xalqının bir parçası olan talışları heç maraqlandırmır, əksinə onları qıcıqlandırır, nifrətlərinə səbəb olur. Ona görə də bu tip separatçılar xalqlar arasında narazılığın yaranmasına nail ola bilmirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.