Yeni media qrupu yaradılır – Həziquliyev

11-03-2019, 18:17           
Yeni media qrupu yaradılır – Həziquliyev
Media qrupu yaratmaq fikrimiz var. Bu sahədə işlər gedir. Hələlik hansı saytların alınacağı məlum deyil. Ancaq məqsədimiz bir media qrupu yaratmaqdır.

Bu sözləri Axar.az-a uzun ilər "Elçi" qəzetinin rəhbəri olan və bu yaxınlarda Aktual.az saytını alan tanınmış jurnalist Əli Həziquliyev bildirib.

Ə.Həziquliyev deyib ki, alınacaq saytlar hələlik məlum deyil, ancaq müzakirələr gedir:

“Bir neçə saytın alınması barədə müzakirələr aparırıq. Layihələrimiz var, işlərimizi hələ davam etdiririk. Saytlar məlum olandan sonra media qrupu kimi fəaliyyət göstərəcəyik. Planlarımız arasında internet televiziyası yaratmaq məqsədi də dayanır. Ancaq bilirsiniz ki, bu, o qədər də asan deyil. Bunun üçün bina, yer müəyyən edilməlidir. İnternet televiziyasının texniki avadanlıqları, xüsusi qurğuları var. İnternet TV daha çox fəaliyyət, diqqət və maliyyə tələb edir. Bu səbəbdən internet televiziyası ilə bağlı hələ uzun müddət işlər gedəcək”.

Ə.Həziquliyev bildirib ki, yeni əməkdaşlar cəlb ediləcək:

“Artıq bizimlə işləyəcək əməkdaşları müəyyənləşdirmişik. Media qrupumuza daxil olacaq saytların hər birinin əməkdaşları işlərini davam etdirəcəklər. Ola bilər, yeni əməkdaşlar da işə cəlb edilsin. Belə deyək, saytlarımız üçün komandamız var. İnternet televiziyasında çalışacaq əməkdaşlar isə hələ tam bəlli deyil. Düzdür, bu işə kimləri cəlb edəcəyimiz, kimlərlə əməkdaşlıq edəcəyimiz məlumdur. Ancaq hələlik televiziya komandamız formalaşmayıb”.

Xatırladaq ki, 2014-cü ilin mart ayından fəaliyyət göstərən Aktual.az saytını Əli Həziquliyev bir neçə gün öncə alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.