“Nəsir Ağayev bütün ruhu ilə Bakı və kəndlərinə bağlı bir insandır” - Mehriban Sadıqova

7-05-2019, 22:42           
“Nəsir Ağayev bütün ruhu ilə Bakı və kəndlərinə bağlı bir insandır” - Mehriban Sadıqova
Bakı və Kəndlər Birliyi ətrafında yeni qalmaqal yaranıb.

Cebhe.info saytında "Bakıda tarixi məkan məhv edilir" başlıqlı xəbərdə çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, tarixçi alim Nəsir Ağayevin "Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri” kimi təqdim olunmasını həmin qurumun hazırkı rəhbərliyinin xoşuna gəlməyib. Təşkilatın MNTK-nın sədri Məlahət Babayeva bildirib ki, Nəsir Ağayev BKB-nin qurucusu və ilk sədri yox, Ali Məclisin sədri olub.

Milli Azadlıq Hərəkatının fəallarından biri, Bakı və Kəndlər Birliyinin sabiq üzvü Mehriban Sadıqova Cebhe.info-ya açıqlamasında deyib ki, Bakı və Kəndlər Birliyi deyəndə ilk yada düşən şəxs Nəsir Ağayevdir:

“Gəncliyimiz hərəkatda keçib, özüm də əslən bakılıyam. Nəsir Ağayevi daim Bakı və Kəndlər Birliyinin yaradıcısı kimi tanımışıq. Hazırda bu qurumun fəaliyyət göstərib-göstərmədiyini bilmirəm. Daim düşünmüşük ki, Nəsir Ağayev xəstə olduğu üçün Bakı və Kəndlər Birliyinin fəaliyyəti dayanıb. İndi oxuyuram ki, Bakı və Kəndlər Birliyi fəaliyyət göstərirmiş. Əgər belə bir qurum varsa, hər zaman xalqın içində olan, Bakının problemlərini dilə gətirən məni və mənim kimi digər vətənpərvərləri niyə dəvət etməyiblər?”.

M.Sadıqova deyib ki, Nəsir Ağayev milli azadlıq hərəkatında özünə məxsu dəst-xətti və hörməti olan bir insan olub:

“Titulu insan özü qazanır. Ömrünü milli hərəkatının güclənməsinə, xalqın azadlıq mübarizəsinə həsr edən, hər sözü, hər kəlməsi insanlar üçün nəsihət olan Nəsir Ağayev Bakı kəndlərinin ağsaqqalı statusunu hələ çox illər bundan qabaq qazanmışdı. O, tələbəlik illərimizin qəhrəmanı idi. Bu insan öz canı və qanı ilə ədalət və azadlıq uğrunda mübarizə aparırdı. O dövrün tələbələrində torpaq və Vətən məhəbbətinin daha da möhkəmlənməsində çox böyük rol oynamışdı. Nəsir Ağayev öz fəaliyyəti ilə, davranışı ilə gənclərə örnək idi. Biz ondan vətənpərvərliyi, mübarizə əzmini öyrəndik. Bakı və kəndlərinin çox hörmət etdiyi, hələ gəncliyində ağsaqqal statusunu qazanmış bir tarixçi alim barəsində deyilən sözlər məni çox sarsıtdı. Nəsir Ağayev bütün ruhu ilə xalq hərəkatına, Bakı və kəndlərinə bağlı bir insandır. Sağ ikən dəyərlilərimizə qiymət verməyi bacarmalıyıq. Sağlamlığını və bütün həyatını azadlıq hərəkatına qurban vermiş bir insan haqqında deyilən sözləri qəbul etmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.