Düşmən ölkə daha bir fürsəti qaçırır... - GƏLİŞMƏ

8-05-2019, 09:54           
Düşmən ölkə daha bir fürsəti qaçırır... - GƏLİŞMƏ
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda baş tutacağı anons edilsə də, hələ ki görüşün vaxtı dəqiq bilinmir. Dəqiq olan odur ki, erməni tərəfi vaxtı uzatmaq üçün danışıqları təzədən əvvəlki mərhələyə qaytarmağa, sülh prosesini öz əsas mahiyyətindən yayındırmağa səy edir. Belə olan surətdə isə məntiqli sual ortaya çıxır ki, iki ölkə XİN başçıları səviyyəsində müzakirələri davam etdirməyə, yaxud Azərbaycan və Ermənistan rəhbərlərinin daha bir görüşünü təşkil etməyə dəyərmi?

Sözsüz ki, Qarabağ konfliktinin həlli üçün Rusiya və ABŞ, ələlxüsus da Rusiya çox şey edə bilər. Təəssüf ki, 25-ci ildönümü yaxınlaşan (12 may 1994) atəşkəs dönəmində bu yöndə real təşəbbüslərin şahidi olmadıq. Münaqişə tərəfləri arasında hər hansı ilkin anlaşma sənədinin imzalanması baş vermədi. Yalnız ABŞ tərəfindən bu dövrdə bəzi cəhdlər oldu ki, onların da qarşısını konfliktin həllində hələ ki maraqlı olmayan Rusiya aldı.

*****

“Biz hələ də danışıqların erkən mərhələsindəyik”. Bu sözləri Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol Qarabağ danışıqlarında son durumu şərh edərkən deyib.

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də liderləri arasında keçirilən görüşlər müsbət addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ”yeni nikbinliyə" əsas yaradıb. Buna dinamikanın dəyişməsi kimi baxıla bilər. Ancaq biz hələ də danışıqların erkən mərhələsindəyik. Tərəqqi hələ də dialoqun konkret addımlara çevrilməsi üzrə hər iki tərəfin siyasi iradəsindən asılıdır", - ekspert bildirib.

Analitik daha sonra haqlı olaraq vurğulayıb ki, bundan sonrakı danışıqlar prosesinin gedişi Ermənistanın yeni rəhbəri, baş nazir Nikol Paşinyanın məsələyə yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılı olacaq. Qarabağ münaqişəsinin həlli üçün qlobal qüvvələrinin səyləri və təsirləri barədə danışan analitik qeyd edib ki, hazırda həlledici söz Moskvadadır: “Donald Tramp (ABŞ prezidenti - red.) bu regionu unudub. O, başqa şeylərlə maraqlanır, məsələn, İranla mübarizə aparır. Rusiya üçün isə Cənubi Qafqaz regionu əsas prioritetdir”.

*****

Böyük güclərin bölgədə öz maraqları olduğu çoxdan bəllidir. Ancaq o da var ki, işğalçı Ermənistan, onun yeni rəhbərliyi bu amilə fikir vermədən, siyasi iradə göstərib qonşu Azərbaycanla birbaşa dil tapa, anlaşa bilər. Bununla da ən əvvəl özünə yaxşılıq eləmiş olar. Ona görə ki, konfliktin uzanması ən çox erməni xalqını məhrumiyyətlərə tuş edir.

İnqilab nəticəsində iqtidara gəlmiş Nikol Paşinyan keçən bir ildə bunu fərq etməyə bilməz. Onu da anlamaya bilməz ki, Ermənistanda hakimiyyətdə kim olur-olsun, Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına razı olmayacaq. Paşinyan həm də tələsməlidir, çünki zaman onun əleyhinə işləməyə başlayıb.

Məsələn, bu arada Paşinyan iqtidarının ən təhlükəli rəqibi olan Qarabağ klanının faktiki başçısı, eks-prezident Serj Sərkisyanın “müdafiə səngərindən”, “qılafından” çıxaraq, yavaş-yavaş öz siyasi fəallığını artırdığı müşahidə edilir. Xəbər verdiyimiz kimi, bu günlərdə o, hazırkı prezident Aram Sərkisyanla görüşüb, hətta ona Paşinyanın dəst-xəttini müdafiə etdiyi üçün irad da bildirib. Bu günlərdə isə S.Sərksiyanın Dağlıq Qarabağa səfəri planlaşdırılır. Bunu onun təmsil olunduğu Respublikaçılar Partiyasından bildiriblər.

Sonuncu dəfə S.Sərkisyan işğal altındakı Qarabağda bu ilin martında olub. O vaxt eks-prezident Ermənistan silahlı qüvvələrinin əsasını qoyanlardan biri - Vazgen Sərkisyanın 60 illiyi ilə bağlı tədbirlərdə iştirak etmişdi. Bu, 2018-ci ilin aprelində baş nazir vəzifəsindən istefa verdikdən sonra Sərkisyanın göründüyü ilk kütləvi tədbir olmuşdu.

*****

Bu kimi səfərlər və gəlişmələr, Sərkisyanın fəallaşması şübhə yox ki, öncəliklə baş nazir Nikol Paşinyanı narahat etməlidir. Çünki Qarabağ klanının ilk fürsətdəcə siyasi revanş götürməyə səy edəcəyi şəksizdir. Təbii ki, bu zaman Qarabağ məsələsi ən çox diqqətdə olacaq mövzulardan olacaq.

Paşinyan isə əfsus ki, inqilabdan ötən bir ildə konfliktin həlli ilə bağlı konstruktivlik göstərə bilmədi. Hətta bəzi məqamlarda Serj Sərkisyan hakimiyyətindən də radikal mövqe nümayiş etdirməklə sülh prosesini bir az da qeyri-müəyyən duruma gətirdi. Halbuki onun öz xalqından aldığı mandat var və legitimliyi şübhə doğurmur. Hələ ki doğurmur. Ancaq zaman ötdükcə, Nikol Paşinyan verdiyi vədləri tutmadıqca onun da hakimiyyət dayaqları sələfləri kimi ciddi şəkildə laxlaya, müxalifət isə bundan dərhal yararlana bilər.

Söhbət ondan gedir ki, daxildə sosial-iqtisadi durumu yaxışılaşdırmaq, yoxsulluğu, ölkədən kütləvi köçü azaltmaq üçün Ermənistan hər şeydən öncə Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmalıdır. Hakimiyyətə anti-Rusiya şüarları ilə gələn Nikol Paşinyan, nəhayət, anlamalıdır ki, onun xalqının nicatı Ermənistanla quru sərhədi olmayan Rusiya ilə ittifaqda, daha dəqiqi, vassal Kremlə vassal tabeçiliyində deyil, iki ən böyük qonşusu - Türkiyə və Azərbaycanla dinc-yanaşı yaşamaqda, hətta Bakı və Ankara ilə ittifaqdadır.

Məhz varlı və inkişafda olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər nəticəsində kasıb Ermənistan iqtisadi-siyasi, sosial bataqlıqdan çıxa, hər il erməni xalqının boğazından kəsilərək hərbiyə ayrılan vəsait sosial ehtiyaclara yönələ bilər. Nəhayət, Ermənistan təhlükəsiz şəraitdə mövcud ola bilər. Yeri gəlmişkən, eyni fikir bu ilin yanvarında ABŞ prezidenti Donald Trampın Paşinyana ünvanladığı təbrik məktubunda əksini tapmışdı. Tramp açıq şəkildə bildirmişdi ki, qonşuları ilə anlaşmayan, sərhədləri bağlı qalan Ermənistanın təhlükəsiz şəraitdə mövcudluğu mümkün deyil.

Bu mənada Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyanı ağır seçim gözləyir. Ya öz xalqını sonu görünməyən və yeni-yeni məhrumiyyətlər vəd edən indiki üzücü durumdan çıxarmağa çalışmaq, ya da Azərbaycanla gec-tez böyük müharibəyə gətirəcək sonluğa hazırlaşmaq. Hansı müharibə ki, əksər siyasi və hərbi təhlilçilərə görə, işğalçı Ermənistana yeni və böyük dağıntılar, iflas vəd edir. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.